Bu günlərdə yenidən Sabirabada getmişdim. Məqsədim burada əhalinin qış qayğıları haqqında məqalə hazırlamaq idi. Ürəymdə tutmuşdum ki, Sabirabad Rayon İcra Hakimiyyətinə, müvafiq idarə və təşkilatlara getməzdən əvvəl rayonda sadə, sıravi sakinlərlə görüşüm, onların qış qayğıları ilə yaxından tanış olum. Belə də etdim. Rayon mərkəzində oldum, bir neçə kəndə baş çəkdim. Adamlardan qış mövsümü ilə bağlı qayğı və çətinliklərini soruşdum. Razılıq edirdilər. Deyirdilər ki, mənzilləridə su, işıq, təbii qaz sarıdan korluqları yoxdur, iş yerlərində, çalışdıqları idarə və müəssisələrsə də istilik var, işıq, su təminatı əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşıb.
Sabirabad RİH-ə gələndə artıq xeyli təəssüratım yaranmışdı. Burada öyrəndim ki, RİH başçısı yanında idarə və müəssisələrin, əhalinin qış mövsümündəki problemlərinin operativ həlli üçün xüsusi komissiya fəaliyyət göstəririr. Komissiya meydana çıxan çətinlikləri dərhal həll etməyə çalışır. İndi əhalidə haqlı olaraq belə bir ümumi fikir formalaşıb ki, həqiqətən hələ ötən ilin yay-payız aylarında rayonun əksər idarə və müəssisələrində qışa daha yaxşı hazırlaşdıqları üçün, “qışın oğlan çağında” - kiçik çillədə belə elə ciddi çətinliklər meydana çıxmır. Lakin Sabirabad RİH-də düşünürlər ki, arxayınlaşmaq, sayıqlığı əldən vermək olmaz, çünki qış ölkəmizin hər yerində olduğu kimi, Muğanda da sərt üzünü hər an göstərə bilər.
Rayonun bir sıra iri idarə və müəssisələrində də olarkən bu kollektivlərdə qışa hazırlıq və hazırkı vəziyyətlə bağlı görülən işlər barədə qeydləri oxucuların diqqətinə çatdırmaq istəyirəm.
Elman Bünyadov, Sabirabad Rayon Təhsil Şöbəsinin müdiri:
- Rayon təhsil müəssisələrində qışa vaxtında hazırlaşmağın çox məsuliyyətli bir vəzifə olduğunu biz dərindən dərk edərək bu mühüm məsələyə ciddi yanaşmışıq. Belə ki, 2012-ci ildə rayonun təhsil müəssisələrinin əsaslı təmir və tikinti işlərinə xüsusi diqqət yetirilmişdir. Dövlət vəsaiti hesabına E.Nadirov adına 8 saylı şəhər və Nərimankənd tam orta məktəbləri üçün hər biri 480 yerlik yeni məktəb binaları inşa edilərək istifadəyə verilmişdir.
Ötən il həmçinin rayon mərkəzindəki N.Gəncəvi adına 5 saylı şəhər tam orta məktəbinin və 2 saylı şəhər uşaq bağçasının binaları əsaslı təmir edilmişdir. Fövqəladə Hallar Nazirliyi tərəfindən Yuxarı Axtaçı kənd tam orta məktəbində 250 yerlik yeni məktəb binası da əsaslı təmir edilmişdir. Burada hazırda əlavə olaraq 200 şagird yerlik 10 sinif otağı tikilməkdədir.
Heydər Əliyev Fondunun vəsaiti hesabına rayon mərkəzində M.Ə.Sabir adına 1 saylı şəhər tam orta saylı məktəbin binası sökülərək yerində müasir standartlara cavab verən 1200 şagird yerlik məktəb binası inşa edilməkdədir.
2010-cu ilin may-iyun aylarında təbii fəlakət nəticəsində su altında qalmış təhsil müəssisələrinin binaları Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyi tərəfindən təmir edilməkdədir.
Hələ qış mövsümü ərəfəsində rayonun bir sıra ümumtəhsil məktəblərində elektrik şəbəkələrinə baxış keçirilmiş, köhnə elektrik naqillərinin xeyli hissəsi yeniləri ilə əvəz olunmuşdur.
Qış mövsümünün ən vacib məsələlərindən biri təhsil müəssisələrinin binalarının qızdırılmasıdır. Hazırda şəhər məktəblərinin binalarında fasiləsiz təbii qaz təchizatı hesabına istilik sistemləri normal işləyir. Kənd məktəblərinin əksəriyyəti isə odun və solyarka peçləri vasitəsilə qızdırılır. Bu məqsədlə 873 ədəd solyarka peçi və 83 odyn peçi alınıb məktəblərə verilmişdir. Rayon Meşə Mühafizəsi və Bərpası İdarəsindən 250 kubmetr odun yanacağı alınıb məktəblərə verilmişdir.
Yeni müasir tipdə tikilən binalarda normalara uyğun yanğın xəbərverici siqnal qurğuları quraşdırılır. Rayon Təhsil Şöbəsinin inzibati binasında və Balahəşimxanlı kənd orta məktəbində xəbərverici siqnal qurğuları artıq quraşdırılmışdır.
Rayonun təhsil müəssisələrinin qış qayğıları Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun daim diqqət və qayğısındadır. Biz də öz növbəmizdə çalışırıq ki, bu diqqət və qayğıya öz səmərəli işimizlə, yəni təhsilin keyfiyyətini yüksəltnəklə cavab verək.
Əziz Mikayılov, Sabirabad Mərkəzi Rayon Xəstəxanasının baş həkimi:
- Bir anlığa təsəvvür edin ki, qış aylarında səhiyyə ocaqlarında lazımı şərait olmasa, bizə müraciət edən əhali, xüsusilə stasionarda müalicə olunanlar nə qədər böyük çətinliklərlə üzləşə bilərlər. Bunu nəzərə alaraq, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının (MRX) kollektivi bu ilin qış mövsümünə ciddi hazırlıq işləri görmüşdür.
MRX-nin bütün şöbələrində mövsümə hazırlıqla bağlı cari və əsaslı təmir işləri aparılmış, bir sıra otaq və palataların qapıları ya təmir olunmuş, ya dəyişdirilmiş, sınıq pəncərələr yeniləri ilə əvəz olunmuşdur. Bundan başqa, binadaxili və xarici kommunikasiya xətləri yenidən təmir edilərək, işlək hala gətirilmişdir.
MRX-nin əksər şöbələrində elektrik cərəyanı ilə işləyən xüsusi qurğular mövsümə hazırlıq üçün yoxlama sınağından keçirilmişdir. Pediatriya şöbəsində təmirə ehtiyacı olan qapı və pəncərələr yeniləri ilə əvəz olunmuşdur. Əlavə olaraq xəstəxananın otaq və palatalarını qızdırmaqdan ötrü duru yanacaqla işləyən 15 ədəd soba təmizlənərək işlək vəziyyətə gətirilmişdir.
MRX-nin poliklinika şöbəsində, eləcə də Ağciyər Xəstəlikləri Xəstəxanasında da qapı və pəncərələr təmir olunmuşdur. Otaq və palatalarda lazım olan istiliyi almaqdan ötrü duru yanacaqla işləyən soba gurğuları təmizlənərək saz vəziyyətə salınmışdır. Ümumiyyətlə, işıq, qaz və bütün kommunikasiya xətləri tamamilə mövsüm üçün hazır vəziyyətə gətirilmişdir.
2012-ci ildə Qəzli kənd sahə xəstəxanası, Qasımbəyli kənd həkim məntəqəsi yenidən tikilərək lazımı tibbi avadanlıq və cihazlarla təmin edilmişdir. Hər iki tibb müəssisəsi daimi istilik sistemi ilə təchiz edilimişdir.
MRX-nin kənd sahə xəstəxanalarında, həkim və tibb məntəqələrində payız-qış mövsümü ərzində lazımi istilik əldə etməkdən ötrü qapı və pəncərələrdə müvafiq təmir işləri aparılmışdır. 174 duru yanacaq peçi və 44 ədəd neftlə işləyən yanacaq sobası alınıb tibb müəssisələrinə verilmişdir.
Hazırda rayonda 205 çarpayılıq Mərkəzi Rayon Xəstəxana Kompleksinin tikintisinə başlanılmışdır. Yeri gəlmişkən, dövlət vəsaiti hesabına ucaldılan bu səhiyyə ocağında, şübhəsiz, ən müasir tələblərə uyğun şərait yaradılacaqdır.
Əhməd Ramazanov,
Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri:
-Rayon Mədəniyyət və Turizm Şöbəsinin (RMTŞ) balansında həm rayon mərkəzində, həm də rayonun demək olar ki, bütün yaşayış məntəqələrində klub və kitabxanalar mövcuddur. Təbii ki, qış aylarında bu müəssisələrdə lazımi şərait yaradılmasa, əhaliyə yüksək mədəni xidmətdən söhbət gedə bilməz. Qış mövsümünə hazırlıq kampaniyası çərçivəsində RMTŞ-nin rəhbərliyi çalışıb ki, bu sahədə öz üzərinə düşən vəzifələri vaxtında yerinə yetirsin ki, qış aylarında əhalinin haqlı irad və gileyləri ilə üzləşməsin.
Büdcədən ayrılmış vəsait hesabına Sabirabad Rayon Mərkəzi Kitabxanasında, Heydər Əliyev Mərkəzində, kənd mədəniyyət evləri və kənd kitabxanalarının yerləşdikləri binalarda hələ ötən ilin yay və payız aylarında əsaslı və cari təmir işləri aparılmışdır. Həmin binaların dam örtüklərində, qapı və pəncərələrində, döşəmə və tavan hissələrində müxtəlif dərəcəli təmir işləri görülmüşdür. Hazırda Heydər Əliyev Sarayında əsaslı təmir işləri aparılır.
Sabirabad Uşaq Musiqi Məktəbi təbii qazla və elektrik enerjisi ilə, Heydər Əliyev Mərkəzi elektrik enerjisi ilə ilə işləyən istilik sistemi vasitəsilə isidilir.
Heydər Əliyev adına Rayon Mədəniyyət Evində 5 ədəd, Tarix-Diyarşünaslıq Muzeyində 2 ədəd, Rayon Mərkəzi Kitabxanasında 1 ədəd qazla işləyən sobalardan və müxtəlif markalı neft sobalarından istifadə olunur.
Bütün kənd mədəniyyət evlərinə və kənd kitabxanalarına neft ilə işləyən sobalar, yanacaq daşınması üçün bidonlar verilmişdir. Binadaxili elektrik naqillərinin texniki vəziyyəti yoxlanılmış, soba və digər qızdırıcı vasitələrin istifadəsi zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi işçilərə tövsiyə edilmişdir. Bütün kənd mədəniyyət evləri və kənd kitabxanaları yanğınsöndürən balonlarla təchiz edilmiş, onlardan istifadə qaydaları praktik olaraq işçilərə göstərilmişdir.
Etibar Rəsulov, Sabirabad Peşə Liseyinin direktor əvəzi:
-Qeyd edim ki, Sabirabad Peşə Liseyi tədris korpusu yataqxanası ilə birlikdə sovet dövründə respublikada tikilən 4 iri kompleksdən biridir. Tədris korpusu 480 şagird üçün nəzərdə tutulmuşdur.
Liseydə təhsilin keyfiyyətinin yüksəldilməsinə ciddi fikir verilir. Hazırda liseydə 14 istehsalat təlim ustası və 23 müəllim şagirdlərin təlim - tərbiyəsi ilə məşğuldur. 4 metodkomissiya uğurla fəaliyyət göstərir. Liseydə geniş profilli traktorçu, maşinist, təmirçi-çilingər, mexanikləşdirilimiş heyvandarlıq komplekslərində işləmək üçün mantyor, qaynaqçı, radiotelemexanik, dərzi və sair peşələr üzrə kadrlar hazırlanır.
Burada 266 şagird təhsil alır. Liseyin sinif otaqları, fənn kabinetlərində təmir işləri aparılıb. Lisey kompleksinə daxil olan binaların dam örtükləri, qapı və pəncərələri saz vəziyyətə gətirilib. Binanın su xətlərində də təmir işləri görülüb.
Yeri gəlmişkən, Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində də qışa məsuliyyətlə hazırlaşıblar. Buradakı 25 auditoriya, kitabxana, müəllimlər otaqları, idman zalının qapı və pəncərələri təmir edilmiş, bəziləri yeniləri ilə əvəz olunmuşdur.
Kollecdə məlumat verdilər ki, qışa hazırlıq işlərinin vaxtında başa çatdırılması üçün işçi komissiya yaradılmışdır. Binanın dam örtüyü, pəncərələrin şüşələri, elektrik xətləri və işıqlandırma sistemi, qızdırıcı soba, qurğu və avadanlıqların işə yararlığı ayrı-ayrılıqda müəyyən edilmiş, lazımi təmir-bərpa işləri görülərək tam yararlı vəziyyətə gətirilimişdir.
Sabirabad rayonundakı idarə və müəssisələrin qış aylarında duru yanacaqla təchiz olunması “SOCAR PETROLEUM” QSC-nin 3 nömrəli Sabirabad Neft Terminalı kollektivinin öhdəsinə düşür. Terminalın direktoru Bayram Bağırov dedi ki, müəssisə rayon təhsil şöbəsi, texniki peşə məktəbləri, səhiyyə şöbəsi, rayon ərazisində məskunlaşmış məcburi köçkünlərin qış mövsümündə yanacaqla təmin edilməsi üçün nəzərdə tutulan vəzifələrin öhdəsindən uğurla gəlir. Neftbazanın işçiləri xüsusi geyim, ayaqqabı və digər müvafiq ləvazimatlarla təchiz edilmişlər. Neftbazanın yanğın təhlükəsizliyini təmin etmək üçün 500 metr uzunluğunda olan su borusu xəttinin sıradan çıxmış hissələri təmir edilib qaydaya salınmışdır.
Neftbazanın ərazisinin mühafizəsini gücləndirmək məqsədilə iki ədəd projektor yenisi ilə əvəz edilmişdir. İşıqlandırma sistemi, eləcə də yanğın təhlükəsizliyinə nəzarət edən siqnalizasiya sistemində yanğın xəbərverici qurğuları saz vəziyyətdə saxlanılır.
Sabirabadda qışa vaxtında və yaxşı hazırlığın müsbət nəticələri hazırda özünü aşkar surətdə göstərməkdədir.
Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.