Əkrəm Əylislini xalqımız bağışlamayacaq, cəzasını isə Allah verəcək

 

 

 “Sapı özümüzdən olan baltalar” ifadəsi xalqımıza yaxşı tanışdır. Çünki Azərbaycanın başına  bəlaların çoxu içimizdən olan manqurtların ağılsızlığı ucbatından gəlib. Əkrəmin hərəkəti isə daha ağlasığmazdır. Bunu Vətəndən uzaqda yaşayıb soydaşlarının başına açılan fəlakətlərdən xəbərsiz olan və ya bədnam qonşularımızla qohum ailədə yaşayan birisi söyləsəydi, onu satqınlığa vadar edən səbəblər aydın olardı. Bunu Azərbaycanın ünlü ziyalıları ilə bir sırada duran, fəxri titulları mənimsəyən yazıçının deməsi insanı özündən çıxarır.

Əkrəm Əylisli, yəqin, çox arxayın idi ki, onun dəfələrlə etdiyi səhvlər kimi bu da bağışlanacaq. Ötən əsrin 80-ci illərində əsərində bakılı qızlara həqarət edən, 90- cı illərdə yenə “Drujba narodov” jurnalında “Mən uşaqlıqdan qeyri millətlərə daha çox inanmışam” yazan, üstü açılandan sonra onu “Uşaqlıqdan qeyri millətlərə də inanmışam” cümləsinin tərcümə zamanı təhrif olunduğunu isbata çalışan və humanist xalqımız tərəfindən bağışlanan bir yazıçının bu gün atdığı addımın təsadüfliyini fikirləşmək belə absurddur. O yaxşı bilir ki, kimin dəyirmanına su tökür. Yoxsa xalqın qarşısına çıxıb əsərini müdafiə etməzdi. O anlamırmı ki, əsərini bir-iki yazar yox, bütün xalq ifşa edir. İnsanlar dəhşətə gəlir ki, sənin soydaşlarını məhv edələr, ev-eşiyindən didərgin salalar,  sən bu işi görənləri humanist, məzlum adlandırasan, əzilib fəlakətə düçar olanlara isə vəhşi, barbar, səviyyəsiz qaniçən deyəsən. Azərbaycan sənin Vətənindirsə, onun hər bir ailəsini özününkü bilməlisən, sevinci ilə yaşayıb kədərinə şərik olmalısan. Bu, bineyi-qədimdən belə olub və damarlarından təmiz azərbaycanlı qanı axan insan üçün həmişə belə olacaq.

Biz Dağlıq Qarabağdan nə qədər aralıyıq. Amma bilirsənmi, bu elan edilməyən müharibədə sənin “əzizlərin” öz sərhədlərimizdə bizim nə qədər tovuzlu cavanımızın canına qıydı? Bizim onlarla nə işimiz vardı? Bütün sərhədboyu ərazilərdə hücüma keçən erməni təkcə Qarabağımı istəyirdi? Yox,“Böyük Ermənistan” xülyasına düşənlərin gözü daha böyük ərazilərimizə dikilmişdi. Dəmir borulara doldurulub od vurulanların ah-naləsi nə tez Əkrəmin qulağından getdi? Qışın oğlan çağında isti ev-eşiyindən qovulanların köçünü o, nə tez unutdu? Yoxsa, respublikanın bütün bölgələrinə səpələnən qaçqın-köçkünlərimizi görməmişdi? Dəhşətlə xatırlanan misallardan daha nə qədər desən çəkmək olar. Sadəcə, qəlbim ağrıyır. Azərbaycanda elə bir ailə çətin olar ki, onun ya ailə üzvlərindən, ya qohumlarından kimsə bu Vətən savaşında şəhid verməsin.

Doğulduğu, çörəyini yeyib buz bulaqlarından su içdiyi Əylisini erməni kəndi, orda yaşayanların hamısını qətlə yetirilən erməni evlərində yaşadıqlarına görə Allahın qəzəbinə düçar olan psix, dəli, şikəst kimi qələmə verən dönükdən bundan artıq nə gözləyəsən?

Bilirik ki, tarix boyu xəyanətkarlar olub, olacaq da. Əkrəm kimi  birinin xəyanəti isə düşməni qızışdırıb, nə etsəniz haqqınız var, deməkdir. Unutma, Əkrəm,  ən böyük cəzanı insan özü-özünə verir. Bunu bacarmadınsa, qiyaməti gözlə, Allahın qəzəbi səbri və mərhəməti qədər böyükdür! Millətinə dönük çıxanın, onun qınağına və nifrətinə tuş gələnin sonu yoxdur...

Əsmət NAMAZOVA,
Tovuz şəhəri, Peşə liseyinin müəllimi 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında