Əkrəm Əylisli, düşmən mövqe tutduğunu etiraf et!

 

 

Son günlər yazıçı Əkrəm Əylislinin “Drujba narodov” jurnalında dərc edilmiş “Daş yuxular” əsəri və orada millətimizin təhqir olunması biz Naftalan ziyalılarını da hiddətləndirib. Üzdəniraq əsər haqqında gedən müzakirələri ürəkağrısı ilə dinləyir və oxuyuruq.

Mən bir azərbaycanlı kimi özümü, ailəmi təhqir olunmuş hesab edirəm. Çünki mən şəhid anasıyam və mənim kimi nə qədər nakam oğul itirən analar var. Bir ədəbiyyat müəlliməsi olaraq ədəbi prosesləri daim izləyirəm. Neçə gündən bəri beynimdə bir fikir dolaşır: Əkrəm Əylislinin xalqımızı bu qədər alçaldan əsər yazması kimə lazım idi?  Onu nə vadar edirdi ki, məlum hadisələrdən neçə il  keçəndən sonra belə bir əsər yazsın və orada ev-eşiyindən didərgin düşən qaçqın-köçkünlərimizin acınacaqlı köçünü yox, qarda-boranda meşələrdə soyuqdan donan körpələrimizin naləsini yox, qanları qar üstünə çilənib onu lalə rənginə boyayan şəhidlərimizin qəhrəmanlığını yox, qatillərimizin – erməni cəlladlarının təəssübünü çəksin? Biz şəhid anaları qəbiristan yolunu su yoluna döndərəndə ermənilər şərab içib kef məclisləri qururdular. Biz neçə illər atəş səsləri altında yaşamışıq. Çinarboylu oğullarımız var ki, qolunu, qıçını amansız müharibədə qoyub gəlib. Müharibə təzə başlayanda mənim 19 yaşlı Vüqar balam kimi könüllü vətən savaşına çıxanlar çox olub. Onda Əkrəmin oğlu harada idi?

Düşünürəm ki, görəsən o, hansı xam xəyallara uyub və öz-özlüyündə bəşəri bir mövzunu işıqlandırdığını güman edərək bu kitabı ortaya çıxarıb? Necə ola bilər ki, Əkrəm bir ədib olaraq azərbaycanlıların başına açılan faciələrdən xəbərsiz olsun və ya unutsun? Axı bu mümkün deyil. O bir yazıçı kimi o dönəmdə – həmin meydan hadisələri zamanı və qızğın müharibə gedən illərdə yəqin ki, vəziyyətdən çıxış yolu axtaran yazıçı və şairlərimizlə bir sırada idi. Hansı ağılla indi əsərində həmin ədəbiyyat xadimlərini təhqir edir, millətimi vəhşi, qaniçən adlandırır, sonra da özünümüdafiə məqsədilə “bunu mən demirəm, Saday deyir” deyərək sudan quru çıxmaq istəyir.

Əkrəm Əylisliyə demək istəyirəm ki, mənim anladığıma görə bədii əsərdə personajın dilində dialekt sözlərinə toxunulmur. Ürəyindən keçənləri yaz, milləti aşağıla, onu qaniçən adlandır, qansoranları isə məzlum kimi göstər, sonra da de ki, bunu personaj deyir. Xeyr, Əkrəm Əylisli, xalqımız nə qədər humanist, nə qədər rəhimli olsa da, söhbət milli qürurdan gedəndə ona güzəşt etməz. Necə ki, etmir də. Hələ sevin ki, səni daşqalaq eləmirlər.

 Neçə gündən bəri qəzetlərdə dərc olunan və respulikanın müxtəlif bölgələrindən ünvanına göndərilən məktublar bunu sübut etdi ki, Azərbaycan xalqının nifrətinə tuş gəlmisən. Sən hansısa əlin çatmayan bir mükafat eşqinə düşdüyün halda, xalq haqlı olaraq bir yazıçı kimi Azərbaycan dövlətinin sənə verdiyi titullardan məhrum olunmanı istəyirdi. Oldun da! “Xalq yazıçısı” adından və Prezidentin fərdi təqaüdündən məhrum edildin. Bunumu arzulayırdın?  Gördünmü ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev həmişə olduğu kimi bu dəfə də xalqla bir yerdə olduğunu göstərdi. Cənab Prezident bu addımı ilə bir daha sübut etdi ki, millətimizi heç bir qüvvə əzə bilməz, onun qüruru ilə oynaya bilməz və buna cəhd etmək istəyən layiq olduğu cəzanı alar. Sənin “Daş yuxular”ın isə sayıqlamadan başqa bir şey deyil. Ayıl, özünümüdafiədənsə etiraf et: millətə düşmən mövqe tutduğunu, ermənilərin təəssübünü çəkdiyini, xalqımıza həqarət etdiyini və şəhidlərimizin ruhunu tapdaladığını. Unutma ki, şəhid qanı ilə suvarılan bu torpaqda gəzmək haqqını belə itirdin. Çox təəssüf...

Tərlan NAMAZOVA,
Naftalan şəhəri, 1saylı orta məktəbin dil-ədəbiyyat müəlliməsi,
şəhid anası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında