Əkrəm Əylislinin “Drujba narodov” jurnalında dərc etdirdiyi, düşmən dəyirmanına su tökən romanı ətrafında gedən müzakirələri, çıxışları diqqətlə izləyən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti bu gün toplantı keçirərək “Daş yuxular” romanı və onun müəllifi Əkrəm Əylisliyə vətəndaşlıq mövqeyindən münasibət bildirmişdir.
Sənət adamları qeyd etmişlər ki, müəllif Azərbaycan xalqına, bütövlükdə türk dünyasına şər, böhtan yağdırmaq, Azərbaycan tarixini təhrif etmək, minlərlə şəhidin ruhunu incitmək, müqəddəs dinimizi lağa qoymaq yolunu tutmuş, bu da haqlı olaraq, cəmiyyətin bütün təbəqələri kimi, biz yaradıcı insanların da nifrət və qəzəbinə səbəb olmuşdur.
Azərbaycan xalqının zalım, qaniçən, qəddar kimi qələmə verildiyi, “yerazlar elədi, doktor, yerazlar. 5-6 yeraz gədəsi. Heç kimi hərləmirlər. Nə şair bilirlər, nə aktyor, nə yazıçı... Denən filankəs ermənidi, vəssalam. O dəqiqə ayaqlarının altına salıb vəhşi kimi təpikləyəcəklər. Tikə-parça eləyəcəklər, heç kimin də hünəri çatmayacaq yaxın getsin” kimi nifrət dolu ifadələrin işləndiyi “əsər”in müəllifi görən Azərbaycan türklərini çalalara doldurub diri-diri basdıran, qadınların kürəklərinə qaynar samovar bağlayıb işgəncə verən, hamilə qadınların qarnına süngü taxaraq onları körpəsi ilə birlikdə öldürən, körpə uşaqları analarının əlindən alıb havaya ataraq süngüyə keçirən, kəndin camaatını məscidə doldurub yandıran ermənilərin bu vandallıqlarından bixəbərdirmi? İllər boyu ermənilərin dünyaya car çəkərək türklərin soyqırımı törətdiklərini utanmadan və həyasızcasına, dönə-dönə vurğulamalarını da müəllifin unutqanlığınamı yazaq? Tarixdən yaxşı məlumdur ki, 1918-ci ildə ermənilər tərəfindən Bakıda həyata keçirilən soyqırımı zamanı 18 minə qədər Azərbaycan türkü qətlə yetirilmişdir. Bəs Qarabağ uğrunda gedən savaşlarda, Xocalı soyqırımında qətlə yetirilən soydaşlarımız? Bəs bu faktları hara yazaq? Unudaqmı?
Müəllifin “yeraz” kimi qələmə verdiyi “qaniçən vandallar”ın reaksiyaları başqa nə cür ola bilərdi, axı? İsti yurd-yuvasından didərgin salınmış, valideynlərini və ya ailə üzvlərindən hər hansı birini itirən, min bir işgəncəyə məruz qalan insan başqa cür nə etməli idi, görəsən? Düşmənini gül-çiçək çələngləri ilə qarşılamalı idimi?! “Əsər”də isə elə göstərilib ki, sən demə, “yeraz”lar tolerantlıq nümayiş etdirməli imişlər.
Açıqlamalarında “mən ermənilərə mesaj atmışam ki, biz suçumuzu etiraf edirik, siz də edin”, — deyən müəllif ermənilərin: “Hə, Qarabağ sizin əzəli-əbədi torpaqlarınızdır, onu sizə geri qaytarırıq, biz azərbaycanlılara qarşı həmişə düşmən mövqedə olmuşuq, bizi əfv edin” sözlərini deyəcəklərinimi gözləyir, əcaba? Əgər belədirsə, onda müəllif ermənilərin uzunillik “zəhmət”lərinin bir sifarişli “əsər”ə qurban verməyəcəkləri həqiqətini nəzərə almayıb yəqin.
Ədəbiyyatımızda “Atalar və atasızlar”, “Dağlara çən düşəndə”, “Gilas ağacı”, “Mənim nəğməkar bibim” kimi əsərləri ilə tanınan Əkrəm Əylisli üçün bu əsəri çap etdirmək məqsədi nəyə xidmət edir?
Yazdığı əsəri ilə ermənilər tərəfindən seviləcəyini, rəğbətlə qarşılanacağını güman edən müəllif, görəsən, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin qarşısında vicdanını necə təmizə çıxaracaq?
Müəllifin prototipi Saday Sadıxlıya gəlincə, məgər başqa peşə sahibi tapılmadı ki, “qəhrəman” bu “istedadlı” aktyor seçildi. Azərbaycançılığı bu dərəcədə aşağılayan Əkrəm Əylislinin 140 illik teatr tariximizin ümumi qəhrəmanına müraciət etməsi də yəqin düşünülmüş siyasətin tərkib hissəsidir.
Bu gün bəşəri hisslərdən məhrum olan erməni xislətli Ə.Əylisli Azərbaycanda gedən nəhəng quruculuq işlərindən, onun dünya miqyasında getdikcə artan nüfuzundan, Azərbaycan xalqının əldə etdiyi yüksək nailiyyətlərdən, Qarabağ həqiqələrini dünya ictimaiyyətinə çatdırmaq və mühüm layihələrin həyata keçirilməsi istiqamətində görülən işlərdən yaza bilməzdi?
Çox təəssüf hissi ilə bildiririk ki, xalqımızın, dövlətimizin ona olan ehtiramından, etibarından sui-istifadə edib, “sərbəst düşüncəli yazıçı” pərdəsi altında əsl xislətini üzə çıxaran Ə.Əylisli bundan sonra bu ölkənin havasını necə udacaq, bu torpaq üstündə necə gəzəcək?
Teatrımızın yaradıcı heyəti belə hesab edir ki, Ə.Əylisli kimi satqın, simasız, xəyanətkar yazıçıya cəmiyyətimizdə yer yoxdur. O, bu xalqdan və dövlətdən aldıqları nə varsa, hamısına sahib olmaq haqqını itirmişdir. Bu, ümumxalq rəyidir.
Respublika Prezidenti cənab İlham Əliyev Ə.Əylislinin “xalq yazıçı”sı və Prezident təqaüdündən məhrum edilməsi haqqında sərəncamlarını böyük məmnuniyyət hissi ilə qarşıladığımızı bildirir və hesab edirik ki, o, Azərbaycan vətəndaşı adını daşımağa da layiq deyildir.
Əkrəm Əylislinin “Daş yuxular” romanı ilə bağlı toplantıda iştirak edən və sözügedən “əsər” haqqında münasibət bildirən teatr əməkdaşları:
Mübariz Həmidov - əməkdar artist,
Bəhram Osmanov - əməkdar incəsənət xadimi, Yasin Qarayev - xalq artisti,
Səriyyə İsmayılova - əməkdar mədəniyyət işçisi, Şövqi Hüseynov - əməkdar artist,
Naibə Allahverdiyeva - əməkdar artist,
Nübar Novruz - əməkdar artist,
Nofəl Vəliyev - əməkdar artist,
Kəmalə Hüseynova - əməkdar artist,
Atabala Səfərov - əməkdar artist,
Elşən Rüstəmov - əməkdar artist,
Elnur Kərimov, Elşən Çarhanlı,
Sərvər Əliyev, Almaz Mustafayeva,
Şəfəq Əliyeva, Vüsal Mehrəliyev
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.