Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya “Komissiyanın illik hesabatı və dövlət qulluqçularının etik davranış məsələləri üzrə illik hesabat” mövzusunda “dəyirmi masa” təşkil etmişdir.
AzərTAc xəbər verir ki, “dəyirmi masa”da Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri və müstəqil ekspertlər iştirak etmişlər.
Tədbirin keçirilməsində məqsəd Komissiyanın 2012-ci il üçün illik hesabatı və dövlət qulluqçularının etik davranışı barədə illik məlumatı ilə QHT-ləri və müstəqil ekspertləri tanış etmək, dövlət qulluqçularının etik davranış məsələləri üzrə ictimai rəyi öyrənməkdən ibarətdir.
Tədbiri açan DQMK-nın dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli qurumun illik hesabatını təqdim etmişdir. “Azərbaycan Respublikasının dövlət orqanlarında kadr siyasətinin inkişafı Strategiyası”nın layihəsinin DQMK tərəfindən hazırlandığını qeyd edən R.Məcidbəyli ötən il Komissiya tərəfindən dövlət qulluğuna qəbulla bağlı 6 müsabiqə və 10 müsahibənin elan edildiyini vurğulamışdır. Bildirilmişdir ki, müsabiqələrə ümumilikdə 101 dövlət orqanı üzrə 1227 vakant dövlət qulluğu vəzifəsi çıxarılmışdır. Müsabiqələrdə 7593 namizəd iştirak etmiş, 1744-ü test imtahanlarından müvəffəqiyyətlə keçmişdir. Namizədlərdən indiyədək 250-si müsahibədən uğurla keçmişdir. Elan edilmiş müsahibələr üzrə 113 nəfər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmişlər. Müsabiqənin müsahibə mərhələsi hazırda davam etdirilir. Bu müddət ərzində Komissiyanın ehtiyat kadr bankına 426 nəfər daxil olmuşdur ki, onların da 230-u vakant dövlət qulluğu vəzifələrinə təyin edilmişlər.
R.Məcidbəyli bildirmişdir ki, Komissiyanın 7 illik fəaliyyəti ərzində ümumilikdə 147 dövlət orqanı inzibati vəzifələrin tutulması kampaniyalarında iştirak etmişdir. Mərkəzi icra hakimiyyəti orqanları və onların yerli bölmələri, o cümlədən məhkəmə hakimiyyəti orqanlarının hamısı bu müsabiqələrdə artıq iştirak edirlər. Ümumilikdə bu dövrdə 8019 vakant dövlət qulluğu vəzifəsi müxtəlif müsabiqə və ümumi müsahibələrə təqdim edilmişdir. Bu vəzifələrin tutulması ilə bağlı 30 minə yaxın namizəd bu prosesdə iştirak etmişdir ki, onlardan 8740-ı test mərhələsində uğur qazanmış, bunun da 3055 nəfər nəticədə vəzifələrə uyğun hesab olunmuşlar. Bu insanlardan 2573 nəfəri vakant vəzifələrə təyin edilmişlər. Xatırladaq ki, Azərbaycanda ümumiyyətlə dövlət qulluqçularının sayı 28,5 min nəfərdir.
Dövlət qulluğuna qəbulla bağlı test imtahanları, müsahibələr və onların nəticələri, eləcə də müraciət və şikayətlər, onlara baxılması qaydaları ilə bağlı məlumat verən R.Məcidbəyli müsahibə mərhələsində namizədin potensialının dəqiq qiymətləndirilməsi üçün müsahibə qrupunun peşəkarlığının əhəmiyyətini yüksək qiymətləndirmişdir. Bildirilmişdir ki, müsahibə prosesinin keyfiyyətinin artırılması üçün mütəxəssislərin cəlb olunması məqsədilə 21 elm və təhsil mərkəzinə, o cümlədən ali məktəblərə müraciət edilmişdir. Bu qurumlar tərəfindən müvafiq sahə üzrə təklif edilmiş 157 mütəxəssisə təlimlər keçirilmişdir. Təlimlər nəticəsində onlardan 108-i müsahibə mərhələsində iştirak üçün məqbul hesab olunmuşdur ki, indiyədək bu insanlardan 64-ü ekspert qismində müsahibə qrupunun işində iştirak etmişdir.
Diqqətə çatdırılmışdır ki, dövlət qulluğunun inkişafı istiqamətində ölkəmizdə aparılan islahatlar barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübəni öyrənmək, bu sahədə mövcud problemləri müzakirə etmək məqsədilə ötən il Komissiya “Xidməti fəaliyyətin qiymətləndirilməsi vasitəsilə dövlət qulluğunda səmərəliliyin artırılması” mövzusunda beynəlxalq konfrans keçirmişdir. Konfransda 20-dək ölkənin müvafiq qurumları və bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.
R.Məcidbəyli həmçinin il ərzində Komissiyanın dövlət qulluqçularının peşəkarlığının artırılması, dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi və tətbiqinin təmin olunması, Dövlət Qulluğu Məcəlləsinin hazırlanması, vətəndaşların müraciətlərinin cavablandırılması, dövlət qulluğu ilə bağlı beynəlxalq əməkdaşlıq, potensiallı gənclərin dövlət qulluğuna cəlb edilməsi sahəsində gördüyü işlərdən danışmışdır.
Komissiyanın hüquq sektorunun müdiri Vüqar Əsgərov dövlət qulluqçularının etik davranış qaydalarına nəzarət və etik məsələlər üzrə maarifləndirmə sahəsində DQMK-nın gördüyü işlərdən danışmışdır. Bildirilmişdir ki, DQMK ötən il etik davranış məsələləri üzrə treninqlər təşkil etmiş, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulması ilə bağlı Komissiyaya daxil olan 20 şikayəti araşdırmış, etik davranışla bağlı dövlət orqanları tərəfindən quruma təqdim edilən məlumatları ümumiləşdirmişdir. Ötən il “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun müddəalarının tələblərini pozan dövlət orqanları tərəfindən 339 dövlət qulluqçusu barədə intizam-tənbeh tədbiri tətbiq edilmişdir ki, bunun da 263-ü mərkəzi, 76-sı isə yerli icra hakimiyyəti orqanlarının payına düşür.
Qeyd olunmuşdur ki, Komissiya vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin genişləndirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və 8 QHT-nin iştirakı ilə əməkdaşlıq şəbəkəsi yaradır.
Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılmış, təkliflər səsləndirilmişdir.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.