“Əkrəm Əylisli yazıçı kimi, boyu uca görünsün deyə xalqını ayağının altına qoydu” kimi düşünmək olarmı?! “Daş yuxular”romanı deyir ki, olar.
Əkrəm Əylisli bu vaxtadək gördüyü bütün işlərə, xidmətlərə, bunların müqabilində qazandıqlarına, üstəlik, xalqın mental dəyərlərinə qarşı gedə bildi. Bu gedişi ilə faciəvi missiyanı üzərinə götürdü.
Bu gün daş divara dirənir Əkrəm Əylislinin yazıçı eposu və göydən başına daş kimi xalq qınağı yağır. O, ruhundakı, düşüncəsindəki, ictimai əxlaqındakı, bədii yaradıcılığındakı və təfəkküründəki ziddiyyətin məngənəsinə düşüb.
Əsərdə erməni Qretanın özünü ataraq intihar etdiyini və yazıb qoyduğu məktubda ermənilərin azərbaycanlılara qarşı törətdiklərinə dözə bilmədiyini, xəcalət çəkdiyindən ölüm variantını seçdiyini yazan yazıçının, erməni terrorundan rəsm etdiyi yeganə ştrix budur. Onun da dərhal üstünə rəng tökür. Qeyd edir ki, Nuvariş bilirdi ki, Qretanın evini ələ keçirmək üçün onu şuşalı qaçqın Şahqacar aradan götürüb. Qreta öz xoşu ilə intihar etməyib. Bütün hadisələrin mərkəz oyunçusu Sadayın Əylisi Aqulis kimi anması, guya azərbaycanlıların ermənilərə divan tutmasını xatırlaması, kilsələrin adlarını dönə-dönə qeyd etməsi, erməni Anuşkanın “humanizmini”, Haykanuşun “təmizkarlığını” yada salması epizodları Əkrəm Əylislinin gizli məramına və yalnız özünün dərk etdiyi “həqiqət”ə xidmət edir. Hətta əsərdəki obrazların nitqlərini, dialoqlarını, yaşantılarını, dünyaya və hadisələrə baxışlarını, analizlərini həyatdakı hansı həqiqətə mücər edəsən? Bəs əsərin ümumi energetikasındakı şəri, məkri, yazıçının zərərli mövqe tutmasını, kompozisiya quruluşunda, hadisələrin inkişafında, müəllif mətninin altında- təhtəlşüurda sızdırdığı zəhəri ona necə bağışlayasan?!
Məsələ burasındadır ki, yazıçı adi oxucunun oxuyub dərk etdiyi, necə deyərlər “göz görüb, qulaq eşidən” məqamlardan əlavə, sırf professional məqamlarda-mətnin müəllifə aid qatında da millətə ironiya etməkdən çəkinmir. Kiçik bir misal: əsərin finalında şair Uluruh Turanməkan (Xəlil Rza Ulutürkün prototipi) bir dəstə qız başında şüarlar qışqıra-qışqıra “Parapet” bağında mitinq keçirir (Bədii əsərdəsə bağın adını da başqa cür qoya bilərdi). Bakının düz mərkəzində bağın adını möhürləmək məqsədi daşıyan Əkrəm Əylisli tarixi göstərməkdən belə çəkinmir: 1990-cı il 13 yanvar!... Demək, 20 yanvar günündən bir həftə əvvəl. Ötən əsrin sonunda Azərbaycan xalqının tarixində bu mühüm hadisə də belə çıxır ki, müəllifin ironiya hədəfindədir. Müəllif əsəri 2007-ci ildə yazdığını söyləsə də, bədii materialda qeyri-mükəmməllik, hətta tələsiklik hiss olunur. Yazılması ilə çapı arasındakı beş il müəllifə tam redaktə imkanları verərdi. Hadisələrin qurulması – süjet, kompozisiya var, mətnin daxili struktur quruluşu isə zəifdir. Əsər mükəmməl bədii nəsr nümunəsi yox, ideoloji təxribat məqsədilə yazılmış material təsiri bağışlayır.
Sovet dövründə bir məclisdə erməni qadın nəvəsini göstərib mənə dedi: “Nəvəmdən xoşun gəldimi? Heç soruşmursan adı nədi?” Qızcığaz söylədi: “Mənim adıma qoyulan Ani Türkiyədə kənd adıdır. Tarixi erməni kəndi olub. Sonra türklər erməniləri qırıblar. Mən bilirəm ki, Ani tarixi erməni torpağıdır”. Qadınla mübahisə etdim ki, sizin tarixi faktlarınız varmı ki, uşağa belə şeylər öyrədirsiniz? İndi mənim xalqımın yazıçısının “Ani qədim erməni kəndidir” deməyini necə anlayasan? Heç kəs xalqımızı ermənilərə qarşı aqressiv mövqedə günahlandıra bilməz. Bir xalqın yazarının digər bir millətə nifrəti isə zərərli bir hissdir. Azərbaycan xalqının nifrəti məhəbbətindən, qəzəbi mərhəmətindən, zülmü şəfqətindən həmişə qat-qat az olub. Bunu bizi nəinki sevənlər, hətta sevməyənlər də bilir. Əkrəm Əylisli də şübhəsiz ki, bilir.
Xalq yazıçısı, “Şöhrət” ordeni, “İstiqlal” ordeni almaq, Prezident təqaüdü xərcləmək, ölkənin baş qanunverici orqanında – Milli Məclisdə oturmaq Əkrəm Əylisliyə nəsib olub. Görünür o, bütün bunlarla ədəbiyyat tarixində qala biləcəyinə şübhə ilə yanaşıb, bu əbədi addımı atıb. Əkrəm Əylisli nəğməkar bibisi ilə, gilanar ağacına dedikləri ilə ədəbiyyat tarixində qala biləcəyinə inanmayıb, “Daş yuxular” ilə özünü ədəbiyyat tarixinin divarına hörmək istəyib. Bununla da belə bir əməl törətdi: “Bir dəli quyuya bir daş atdı, min ağıllı yığıldı çıxara bilmədi”.
Bir türkiyəli tələbəm “Xocam, bu Naxçıvan həqiqətən Azərbaycanındırsa onda niyə Naxçıvanla Azərbaycanın torpaq əlaqəsi yoxdur, xəritədə bir nazik xəttlə birləşdirilib?”– deyə soruşdu. Cavabında “ Həmin ərazidən Zəngəzur bolşeviklərin əli ilə ermənilərə verilib. Ona görə, quru əlaqəmiz Naxçıvanla kəsilib”— dedim. Əylisli Əkrəm isə öz kəndini Aqulis adlandırıb ermənilərə peşkəş edir...
Əkrəm Əylisli müsahibələrində əsərin çapından sonra bu qədər hay-küyün olacağını gözləmədiyini deyir. Demək, əsər “Drujba narodov” jurnalında çıxacaqdı, bunu beş yazıçı, üç tənqidçi oxuyacaqdı və ürəklərində Əkrəm Əylisliyə, guya, həqiqəti yazdığına görə həsəd aparacaqdı. Demək, çayxana söhbətləri səviyyəsində reaksiya gözləyirmiş Əkrəm Əylisli, ya da xalqı avam, yatmış sayırmış.
Əsər primitiv obrazlarla yüklənib, mətnin üstü açıqdır. Nə bədiilik parametrindədir, nə də tarixi həqiqəti verə bilən tarixi əsərdir. Bəs nə var əsərdə? Zərərli ideologiya. Bədii ədəbiyyatın nifrət etdiyi bir məfhum. Yazıçı deyir ki, iki xalq arasında körpü yaratmaq istəmişəm. Demək, ideologiya ilə məşğul olub. Dediyi şəkildə yox, yazdığı şəkildə.
Bununla da o təkcə tarixi həqiqətlərin deyil, həm də yazıçılığının üstündən xətt çəkib. Elə isə nə haqla xalq yazıçısı adını bundan sonra da daşımalıdır? Zamanın fövqünə xəyanətlə deyil, həqiqətlə yüksəlmək mümkündür. Əkrəm xalqına xəyanətlə zamanın təkərləri altına düşdü...
Natəvan DƏMİRÇİOĞLU,
yazıçı, filologiya elmləri üzrə fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.