“Daş yuxular” əsərində yazılanlarla xalq yazıçısı adı bir araya sığmır
Müstəqil Azərbaycan dövlətinin sürətlə inkişaf etməsindən narahat olan qara qüvvələr ölkəmizə və xalqımıza qarşı obyektiv olmayan münasibətlərini, tariximizi saxtalaşdırmaq niyyətlərini gizlədə bilmirlər. Belə bir məsuliyyətli məqamda dövlət müstəqilliyimizi, tariximizi, real gerçəkliyimizi ikili standartlara əsaslanan qərəzli, uydurma bəyanatlardan, yad nəzərlərdən qorumaq statusundan və siyasi mövqeyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının borcudur. Bütün bunların əksinə olan Əkrəm Əylislinin “Daş yuxular” romanı ölkəmizin uzaq və yaxın tarixinin qəsdən saxtalaşdırılması üzərində qurulmuşdur.
Bu “əsər” Azərbaycan vətəndaşı olan və “xalq yazıçı”sı adını daşıyan yazıçıya heç cür yaraşmayan, milli mövqedən uzaq uydurma fikirləri ifadə edən, nəticə etibarilə mənsub olduğu xalqa öz içindən xain zərbəsi vuran bir kitablıq söz yığınıdır. Qırx ildən çoxdur ki, Əylisdəki Azərbaycan ruhundan yazan Əkrəm Əylisli birdən-birə Əylisdən Buzbulaqdan saxta erməni mənbələrinə əsaslanan mövqeyə keçməklə özünü və buna qədərki bütün yaradıcılığını inkar etmişdir. Əkrəmin yazdıqları çar Rusiyasının və Sovet dövlətinin çirkin oyunlarının icraçıları olan ermənilərin Bakıda, Sumqayıtda və ... Əylisdə törətdikləri məqsədli qətliamları ört-basdır etməyə yönəldilmişdir.
“Daş yuxular”da istinad olunan tarixi mənbələr də erməni müəlliflərinin, ermənipərəst uydurmaçıların formalaşdırdıqları saxta qaynaqlardır. Bu mənbələrdəki fikirlərin və Əkrəmin baxışlarının nə qədər yanlış olduğunu, ermənilərin hansı dərəcədə qəddar olduqlarını dəqiq və aydın şəkildə təsəvvür etmək üçün Məmməd Səid Ordubadinin 1906-cı ildə Ordubadda yazıb, 1911-ci ildə Bakıda nəşr etdirdiyi “Qanlı sənələr” əsərindəki qədim Azərbaycan şəhəri İrəvandan başlamış Naxçıvanı, Cəbrayıl, Şuşa və Cavanşir qəzalarını, Gəncəbasarı və nəhayət, Bakını əhatə edən geniş ərazilərdə törətdikləri qanlı əhvalatların təsvirinə nəzər salmaq kifayətdir.
Böyük ədib İrəvandan təlimat almış Ağuliş erməni ordu komandanı Aşotun başçılığı ilə regionda törədilən və insanlığa sığmayan vəhşilikləri, özünün də müşahidələrinə əsasən olduğu kimi təqdim etmişdir. Əkrəm Əylislinin müdafiə etdiyi, “günahsız və yazıq” kimi qələmə verdiyi ermənilərin Ordubad — Zəngəzur ətrafında törətdikləri yüzlərlə hadisələrdən biri “Qanlı sənələr”də aşağıdakı kimi öz əksini tapmışdır:
“Saqqarsuyun ətrafında bir qan çanağı göründü... daşın bir tərəfindən damcı-damcı qan sızırdı. Daşların arasında isə 62 nəfər övrət və uşaq cənazəsi bir-biri üstə qalaq-qalaq tökülmüşdü... qadın cəsədlərinin arasından bir şırıltı eşidildi. İki qıçlarından yaralanıb bihuş düşmüş bir övrətin həyat ilə ölüm arasındakı ahuzarı meydana çıxdı. Zavallı bu sözləri söylədi: - Molla Həsən Əfəndinin yanında olan biz övrət tayfaları o mərhumun doğrandığını görüb qaçaraq bu daşların arasına pənah gətirdik. Bir dəstə erməni gəlib bu qətl olmuşları bu hala qoydu... Həsən Əfəndinin qətl yerindən bir az şimala qarşı bir palaz parçası göründüsə də, camaatı büsbütün ağlatdı. Zira, palazı kənar etdikdə 15 nəfər üzündə çiçək, yəni abilə əlaməti sönməmiş körpə çocuqların kəsilmiş başları və bir para bir-birilə qarışmış başlar və bədənlər göründü. Cənub səmtdə həddən artıq övrət-uşaq bədənləri tökülmüşdü”.
Məmməd Səid Ordubadinin qələmə aldığı bu dəhşətli qanlı hadisələr başabəla “daş yuxuların” görüntüləri deyil, tarixin daş yaddaşına həkk olunmuş reallıqlardır. Bu qəbildən olan yüzlərlə fakt və çoxsaylı tutarlı mənbələr ola-ola Əkrəmin “Daş yuxular” əsərindəki “ermənilər yox, bir özümüz pisik”, “ermənilər tərəfdən müsəlmanlardakı qədər qəddarlıq heç vaxt görünməmişdir” kimi əsassız böhtançı iddiaları Azərbaycan ədəbiyyatında bu günədək misli olmayan xəyanət və şərəfsizlik nümunəsidir.
“Daş yuxular” heç bir tənqidə dözmür. O, ictimai-siyasi cəhətdən zərərli, zəhərli və bədii cəhətdən zəif əsərdir. Bu əsərdə hər şeydən əvvəl qərəzli publisist yanaşmalar aparıcıdır. Müəllifin içindəki kin və qəzəb ruhu onun hadisələrə bədiilik səviyyəsində yazıçı olaraq yanaşmasına imkan verməmişdir. “Daş yuxular” birtərəfli qaydada ermənilərin haqsız mövqelərinin müdafiəsinə xidmət edir. Burada ortaq mövqe düşüncəsi də yoxdur.
Romandakı Saday Sadıqlı obrazı da Əkrəmin “Adamlar və ağaclar” silsiləsindəki Buzbulaqlı Sadıqdan fərqli olaraq kilsələrin dərin xiffətini çəkən, zahiri obyektivlik pərdəsi altında ermənilərin mövqeyində dayanan surətdir. Saday Sadıqlıdakı güclü ermənipərəstlik ruhu, aşırı həddə çatan kilsə təəssübkeşliyi, müəllif bunu gizlətməyə çalışsa da, bu surətin ən azı azərbaycanlı tərəfi ağır gəlməyən, qarışıq soy-köklü obraz olduğunu düşünməyə əsas verir.
Əkrəm Əylisinin ermənipərəst mövqeyinin nəyə əsaslandığı, hansı hədəflərə hesablandığı anlaşılmazdır və qəbuledilməzdir. Buna görə də “Daş yuxular” əsəri Azərbaycandakı mövcud ictimai-siyasi sabitliyi pozmağa, qarışıqlıq salmağa ədəbiyyat cinahından yönəldilmiş xəyanət və xalqa arxadan zərbədir.
Bu, Azərbaycan tarixinə və ümumiyyətlə tarixə, o cümlədən müasir gerçəkliyə zidd olan, xalqa xəyanətə hesablanmış hərəkətdir. Fəaliyyəti Azərbaycan dövləti tərəfindən kifayət qədər yüksək dəyərləndirilən Əkrəm Əylislinin “Daş yuxular” əsəri ilə uzaqlarda daha nələrə iddia etməsinin arxasında xalqının inamını və etimadını itirmək kimi faciəli bir aqibət dayanır. Əsl ədəbiyyat adamı üçün bundan ağır heç bir cəza ola bilməz.
Əkrəm Əylisli bu ədəbi sayıqlamanı ortaya atmaqla dünəni ilə bağlı bütün körpüləri yandırdı. “Tənha narın nağılı”, “Mənim nəğməkar bibim”, “Quşu uçan budaqlar”, “Gilas ağacı”, “Güllü paltar mövsümü”, “Ürək yaman şeydir”, “Gilənar çiçəyinə dediklərim” artıq qaldı çayın o biri tərəfində. Belə bir aqibətlə bundan sonra xalqın yazıçısı adını daşımaq, sinəsində “İstiqlal” ordeni gəzdirmək və hər ay iri məbləğdə Prezident təqaüdü almaq bir araya sığmır. Əkrəm köklü maraqlarını qurban verdiyi xalqının içinə hansı üzlə çıxa bilər?
Azərbaycan xalqının tarixi, taleyi və müasir həyatı ilə heç cür uyğun gəlməyən, reallığı əks etdirməyən mövqeyinin və baxışlarının müqabilində xalq qarşısında da, tarix və ədəbiyyat qarşısında da cavabdehlik və məsuliyyət Əkrəm Əylislinin özünün üzərində qalır. “Daş yuxular” əsərində yazılanlarla xalq yazıçısı adı bir araya sığmır. Bu haqda hamıdan çox Əkrəm Əylisli özü fikirləşməli, xalqa xəyanətin aqibətini düşünməlidir.
İSA HƏBİBBƏYLİ,
Naxçıvan Dövlət Universitetinin rektoru, akademik
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.