Əkrəm ermənilərdən gözlədiyi qiyməti dərhal aldı

 

 

“Daş yuxular”ın Azərbaycancasından əvvəl ruscasını oxuduq. Bəlkə  müəllifin özü də güman edib ki, bu dərəcədə rəzilliklə dolu olan kitabı  Azərbaycanın heç bir nəşriyyatı  nəşr etməzdi. Görünür, bundan sonra mütləq elə olacaq. Bir də onun üçün  nə fərqi var?  Bilir ki,  ermənilər həmin kitabı tezliklə, böyük tirajla, öz hesablarına ərsəyə gətirib bütün dünyaya yayacaqlar.

Erməni yüz illərdi belə fürsət axtarır, tapa bilmirdi. İndi də tapmadı. Sadəcə Əkrəm onlara elə bir xidmət göstərdi ki, ermənilər onun qızıldan heykəlini qoysalar da, yenə Əkrəmin qarşısında borclu qalacaqlar. Odur ki,  bizim yazıçı erməninin dilində düşündüyü  “Daş yuxular”ı  illərdən bəri nifrət etdiyi xalqın dilində nəşr etdirməyə cəhd belə göstərməyib.

İrəvanda çıxan “Yerkramas” qəzeti özünün 31 yanvar tarixli sayında romanın az qala yarısını oxuculara təqdim etməklə bayram əhval-ruhiyyəsi yaradır. “Azərbaycan yazıçısı insanlığı  haqqa çağırır”, “Əkrəm Əylisli türklərin yüz ilə, azərbaycanlıların isə iki onilliyə görə bilmədiyi işi reallaşdıraraq  ermənilərin haqqını tanıdı”, “Bu roman-rekviyem görkəmli azərbaycanlının tövbəsidir” kimi ifadələrlə oxucularının könlünü açan “Yerkramas”əsərdən elə seçmələr verir ki, adam oxuduqca  yerə girmək istəyir.

Levon Məlik- Şahnazaryanın  adı çəkilən əsərdən seçdiyi məqamlardan biri  təkcə biz türklər və azərbaycanlılar üçün deyil, bütövlükdə müsəlmanların hamısı üçün təhqiredici, alçaldıcıdır. Çünki Əkrəm əsərin həmin yerində dağılmış köhnə kilsəni “ermənilərin Məkkəsi adlandırır”. Yeri gəlmişkən, “Yerkramas”da həmin məqamı görəndə elə bildim ki, Levon müəllifin fikirlərini təhrif edib. Ancaq əsərin özünü oxuyanda məlum oldu ki,  biz mənəvi dəyərlərimizi hansısa Levondan deyil, hansısa Əkrəmdən qorumalıyıq. Yada salmaq istədiyimiz məqama diqqət yetirək:   “ Doktor Abasəliyevin dediyinə görə  Əylisdə vaxtilə 12   kilsə olub. Saday Sadıqlı onların səkkizinin yerini bilirdi. Qalan dörd kilsənin xarabalıqlarının yeri isə doktor Abasəliyevə də məlum deyildi. Əslində həmin səkkiz kilsəyə də  tam mənada kilsə demək olmaz. Çünki indi onların ancaq ürəkağrıdan xarabalıqları qalıb.

 Kənd camaatı Əylis kilsələrinin ən qədimini İsmazın adlandırır.  Hətta, bu gün Əylisdə heç kəsi inandırmaq mümkün deyil ki, bu kilsənin  həqiqi adı İsmazın yox, Astvatsadundur. Bu söz isə erməni dilində “Allahın evi” deməkdir. Bu dağılmış, cəmi iki divarı və bir zirzəmisi qalmış kilsə nə zamansa ermənilər üçün Məkkə və Mədinə olub. “Erməni Məkkəsi”nin bütöv qalmış zirzəmisi kənddən xeyli aralıda, çılpaq dağların ətəyində yerləşir...”

Əslində  biz  bu yazını  bir qədər sonra qələmə almaq istəyirdik. Ancaq kütləvi informasiya vasitələrindən birində belə ifadəyə rast gəldik ki, guya Əkrəm Əylislinin bu romanı ermənilərlə barışa, regionda sülhə xidmət edir. Çox cəfəng bir məntiqdir. “Türklər gəlib erməniləri qırdılar”, “kənd arxı ilə erməni qanı axırdı”,  “Bakıdakı və Sumqayıtdakı erməni qırğınlarını azərbaycanlılar törətmişdilər” kimi ifadələr adamı sözün həqiqi mənasında çox narahat edir. Biz belə ifadələri ermənilərdən və ermənipərəst əcnəbilərdən çox eşitmişdik. Ancaq öz çörəyimizlə böyüyüb , öz ölkəmizdə yaşayan bir adamın bu şəkildə dönüklük etməsini heç zaman görməmişdik. Əkrəm sözün həqiqi mənasında Rüstəm İbrahimbəyov məsələsini yalan elədi. Sanki o, “Mən respublikanı başdan-başa silkələyən bir yalan uydura bilərəm” – deyə kiminləsə mərc edibmiş. Bunu deməsə də, elədi.

İndi müxtəlif ünvanlardan müxtəlif səslər eşidirik.  Əkrəmin  fəxri adının əlindən alınmasını, təltiflərinin ləğv edilməsini, kitablarının yandırılmasını,  onun ölkədən çıxarılmasını tələb edənlər və bu kimi bir çox təklifləri irəli sürənlər gündən- günə artır.  Ancaq naxçıvanlı Ramazan kişinin təklifi yoxdur, təəssüfü isə çox  böyükdür:  “Türk dünyasının  bir çox  görkəmli dövlət xadimlərinin, sərkərdələrinin, yaradıcı ziyalılarının ərsəyə gəldiyi Naxçıvandan Əkrəm kimi insanın da ortaya çıxması və onun təkcə Əylisə və ya Naxçıvana deyil, bütövlükdə Azərbaycana üzqaralığı gətirən cəfəngiyyatları dünyaya yayması heç zaman yaddan çıxmayacaq həqarətdir. Əminəm ki, xalq bu həqarəti  lazımınca “qiymətləndirəcək”.

 Hər halda hər kəsin  istənilən addımı atanda öz məqsədi olur.  Əkrəm də öz məqsədinin birinci hissəsinə çatdı. Ermənilər artıq onun əməllərini vətəndaş qəhrəmanlığı adlandırdılar.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında