Ölkə başçısının bu tələbinə ciddi əməl edilməsi yönündə son 2 ildə Füzuli Rayon İcra Hakimiyyətində əsaslı işlər görülmüşdür. Əldə edilmiş müsbət təcrübəni daha da təkmilləşdirmək, vətəndaşların hər bir müraciətinə maksimum həssaslıqla yanaşmaq üçün yeni üsul və vasitələr tapılması, rəhbər və vəzifəli şəxslərə tələbkarlığın artırılması bu günlərdə rayon icra hakimiyyətində keçirilən müşavirədə bir daha gündəmə gətirildi, geniş müzakirə olundu.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev toplantını giriş sözü ilə açaraq bildirdi ki, ölkəmizin sosial-iqtisadi inkişafında əldə olunmuş uğurlar hər bir vətəndaşın probleminin həllinə yeni imkanlar yaradır. Cəmiyyətin inkişafında insan amilini fəallaşdırmağın mühüm bir vasitəsi kimi onun ehtiyac və çətinliklərinin həllinə dövlət orqanlarının köməyi olduqca vacibdir. Bu baxımdan işdə ciddi dönüş yaratmaq üçün 2011-ci ildə olduğu kimi, 2012-ci ildə də Füzuli Rayon İcra Hakimiyyəti Başçısı Aparatı fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyasının, “Dövlət qulluğu haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” qanunların, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin və digər qanunvericilik aktlarının tələblərinə uyğun qurmağa çalışmış və qarşıya qoyulan məqsədə əsasən nail ola bilmişdir. Dövlətin düzgün idarə olunmasında digər sahələrlə yanaşı, vətəndaşların müraciətlərinə vaxtında və qanuni əsaslarla baxılması ən mühüm məsələlərdən biridir.
İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi, rəhbər qurumların isə borcudur.
Başçı daha sonra bildirdi ki, Füzuli Rayon İcra Hakimiyyəti Başçısı Aparatına daxil olan müraciətlərlə aidiyyəti üzrə rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və digər işçilər məşğul olurlar. Onlar bundan sonra da vəzifə başçılarına məsuliyyətlə yanaşmalıdırlar.
Sonra RİH hüquq şöbəsinin müdiri Qənimət Əliyev ötən 1 ildə müzakirə olunan məsələ ilə bağlı görülmüş işlər barədə məruzə ilə çıxış etdi. Bildirildi ki, aparatda işlərin düzgün təşkilinin, vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasının nəticəsidir ki, 2011-ci ildə rayon icra hakimiyyətinə 1549 müraciət daxil olduğu halda, 2012-ci ildə cəmi 984 müraciət gəlmişdir. Bunun 372-si Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 53-ü Milli Məclisdən, 91-i Nazirlər Kabinetindən, 141-i müxtəlif respublika təşkilatlarından, 327-si isə rayon əhalisindən daxil olmuşdur. Müraciətlərdən 85-i nəzarətə götürülmüş və vaxtında cavab verilmişdir.
Təhlil göstərir ki, müraciətlərdən 17-si sahibkarlığın inkişafı, 15-i kredit və bank məsələləri ilə, 2-si tikinti üçün torpaq sahəsi ayrılması ilə bağlıdır. 4 müraciət özəlləşdirmə ilə, 4-ü isə bələdiyyələrlə bağlı olmuşdur. Kənd təsərrüfatı məsələləri ilə bağlı 241 müraciət daxil olmuşdur ki, onlardan 220-si torpaq sahəsi, 1-i texnika, 2-si kompensasiya və subsidiya verilməsi, 17-si heyvandarlıq, quşçuluq və baytarlıq məsələləri ilə, 1-i subartezian quyusunun qazılması ilə əlaqədardır.
Səhiyyə məsələləri ilə bağlı 21 müraciətdən 3-ü müalicə - profilaktika, 4-ü cərrahiyyə əməliyyatı, 14-ü dərman preparatları ilə təmin olunma barədədir. Müraciət müəllifləri imtiyazlı xəstələrdir və rayon icra hakimiyyətinin başçısı bu məsələni daim diqqət mərkəzində saxlayır. 14 müraciət təhsillə bağlıdır. Mədəniyyət məsələləri üzrə 9, əmək və sosial müdafiə məsələlərinə dair 292 müraciət daxil olmuşdur. Əhalinin yoxsul təbəqəsinə ünvanlı sosial yardım verilməsinə rayon icra hakimiyyəti rəhbərliyi daim diqqət yetirir. Ailə və məişət məsələləri üzrə 26, mənzil məsələləri üzrə 310 müraciət daxil olmuşdur. Ondan 140-ı mənzillə təminolunma, 165-i fərdi ev tikintisinə köməklik göstərilməsi, 5-i həyətyanı torpaq sahəsi verilməsi ilə əlaqədardır. Aparatın tikinti və memarlıq şöbəsi, inzibati ərazi nümayəndəlikləri, bələdiyyələr bu məsələdə hüquqi maarifləndirmə işlərinə diqqət artırmaqla hər bir müraciət müəllifi ilə fərdi qaydada görüşüb söhbət aparır, qanunvericiliyin tələblərini vətəndaşlara dürüst izah edirlər.
Enerji və istilik təchizatı ilə bağlı 16 müraciətə baxılmışdır. Bundan 11-i elektrik xəttinin, 5-i qaz xəttinin çəkilməsinə dair olmuşdur. Su təchizatı ilə bağlı 18, nəqliyyat məsələləri ilə bağlı 12 müraciət daxil olmuşdur. İl ərzində 984 müraciətdən 864-ü müsbət həll olunmuş, 99-u qismən həll olunmuşdur. 17 müraciətlə bağlı müvafiq izahat işləri aparılmış, 151 müraciət aidiyyəti üzrə göndərilmişdir.
Bütün bunlarla yanaşı, 2012-ci il ərzində Füzuli Rayon İcra Hakimiyyətində və yerlərdə 6995 vətəndaş qəbul edilmişdir ki, onlardan 3768 nəfərini rayon icra hakimiyyətinin başçısı qəbul etmişdir. Ötən il rayon icra hakimiyyətinin başçısı xidmət təşkilatlarının, idarə, müəssisə və hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə yaşayış məntəqələrində 43 dəfə səyyar qəbul - görüşlər keçirmişdir. Vətəndaş müraciətlərinə vaxtında və ədalətli baxılması ilə yanaşı, təəssüf ki, bu sahədə hələ də bəzi nöqsanlar mövcuddur. Aparata daxil olmuş müraciətlər bəzi hallarda tam dolğunluğu ilə araşdırılmamışdır. Ərizə sahiblərinə qanuni və əsaslandırılmış cavab verilmədiyi üçün onlar narazı qalaraq təkrar müraciət etmişlər.
Aşağı Yağlıvənd kənd sakini Xələfova Afət Adışirin qızı 9 dəfə müraciət etmişdir. Tələbi işlə təmin olunmaqdan ibarət olmuşdur. Nəhayət, ixtisasına uyğun işlə təmin olunmuşdur. Araz Dilağarda kənd sakini Xəlilov Şamxal Bayram oğlu isə 3 dəfə müraciət etmişdir. O, bildirirdi ki, şəkər xəstəsidir, ancaq pensiyaya çıxa bilmir. Həmçinin, kənd qəbiristanlığında boş olan ərazinin onun istifadəsinə verilməsini tələb edirdi. Onunla söhbət aparılmış, hüquqları izah olunmuşdur. 5 dəfə müraciət edən Aşağı Seyidəhmədli kəndindən məcburi köçkün Quliyev Mamed Nurəddin oğlunun tələbi də işlə təmin olunmaq idi. Ona Rayon Suvarma Sistemləri İdarəsində iş tapılmışdır.
Bəzən əsassız tələblər də olur. Məsələn, Böyük Bəhmənli kənd sakini Məmmədov Səməd Əlif oğlu nə az, nə çox — düz 14 dəfə müraciət etmişdir. Şəhid atası tikinti və əkin üçün əlavə bir pay torpaq sahəsi istəmişdir. Məsələ özünün iştirakı ilə araşdırılmış, müəyyən edilmişdir ki, o, şəhid varisi deyildir. Belə sadə bir məsələ niyə bu qədər uzanmışdır? Çünki kənd icra nümayəndəsi Sirac İsmayılov və bələdiyyə sədri Elşən Məmmədov bu tələbin əsassız olduğunu vaxtında və düzgün izah etməmişlər.
Ədalətli və qanuni tələblər imkan daxilində ödənilir. Yuxarı Seyidəhmədli kəndindən məcburi köçkün, hazırda 10 nömrəli Qayıdış qəsəbəsində məskunlaşan Məmmədov Rəfayət Misir oğlu işlə təmin olunmasına köməklik göstərilməsini xahiş etmişdi. O, 10 nömrəli Qayıdış qəsəbəsində Mənzil İstismar Departamentində işlə təmin olunmuşdur.
Qaraxanbəyli kəndindən məcburi köçkün Əliyev Seymur Əjdər oğlu icarəyə torpaq sahəsi verilməsini xahiş etmişdi, istəyi təmin olunmuşdur. Füzuli şəhərindən məcburi köçkün, Üçüncü Zobucuq qəsəbəsində məskunlaşan Orucov Elçin Oruc oğlu qəsəbə sakinlərinin mal-qarası üçün örüş-otlaq sahəsi ayrılmasını xahiş etmişdi. Bütün qəsəbələr örüş-otlaq sahələri ilə təmin olunmuşdur. Müzakirələrdə çıxış edən rayon prokuroru Rəfail Zeynalov, Təhsil Şöbəsinin müdiri Almaz Həşimova, Sosial Müdafiə Mərkəzinin müdiri Zəfər Hətəmov, Müalicə-Diaqnostika Mərkəzinin baş həkimi Cümşüd Məmmədov vətəndaşların ərizə və şikayətlərinə baxılması ilə bağlı rəhbərlik etdikləri qurumların fəaliyyətindən danışdılar, təklif və mülahizələrini söylədilər.
Müzakirələrə yekun vuran RİH başçısı Alı Alıyev bildirdi ki, ölkə başçısı İlham Əliyev elə bir tədbir olmur ki, rəhbər və məsul qurumlara vətəndaş müraciətlərinə həssas münasibət bəslənilməsi barədə tapşırıqlar verməsin. Prezidentin bu tələbi sözsüz və vicdanla yerinə yetirilməlidir.
Yığıncaqda bir daha bildirildi ki, qayda-qanuna əməl etmək, insanların ehtiyaclarının ödənilməsinə kömək etmək rayonun 46 inzibati ərazi nümayəndəsinin, 31 bələdiyyə sədrinin, məktəb direktorlarının, uşaq bağçası rəhbərlərinin, vəzifəli şəxslərin hamısının gündəlik qayğısına çevrilməlidir.
Əminliklə deyildi ki, vətəndaşların müraciətlərinə baxılması, onların qəbul edilib cavablandırılması ilə bağlı son 2 ildə Füzuli rayonunda yaranmış dönüş və həssaslıq 2013-cü ildə də davam edəcək, bu sahədə işlər daha da yaxşılaşacaqdır.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.