Bu günlərdə yazıçı Əkrəm Əylislinin “ Daş yuxular” əsəri Azərbaycan mühitində böyük narazılıq yaradıb. Səbəb odur ki, Azərbaycanın xalq yazıçısı öz xalqına, millətinə, torpağına xəyanət edərək “Daş yuxular” adlı cızma-qarası ilə Azərbaycana arxadan zərbə vurdu.
Qabaqcadan onu deyim ki, mənim heç vaxt bir yazıçı kimi Əkrəm Əylisliyə rəğbətim olmayıb. Əvvəla onun tərifli əsərlərində milli ruh, milli düşüncə, dəyərlərimizə hörmət görməmişəm. Əslində onun simasında Çingiz Aytmatovu təqlid etmək istəyində olan, lakin buna istedadı və qabiliyyəti çatmayan bir cızma-qaraçı görmüşəm. Məlum həqiqətdir ki, təqlidçilər nə qədər özlərini təbliğ etməli olsalar da, bəşəri fikir arenasına çıxa bilməyiblər. Daha doğrusu, öz dəst-xətləri olmadığına görə durduqları yerdə saymışlar. Böyük Səməd Vurğunun dediyi kimi: “Yerində sayandan sənətkar olmaz”. Bir də, sənət adamının əqidəsi ilə sözü üst-üstə düşmürsə onun yazdıqları kimə lazımdı...
Əkrəm Əylislinin qalmaqalları ədəbi mühitdə nifrət doğurur. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevə qarşı atdığı çirkablara da şahid olmuşuq. Bu gün isə bu adamın iç üzü tamamilə açılıb. Yazdığı “Daş yuxular” adlı cızma-qara ilə tarixi düşmənimiz olan ermənilərin mövqeyində olduğunu açıq-aşkar təsdiqləyir. Azərbaycan xalqının başına gətirilən fəlakətlərə göz yumaraq utanıb-ölmədən ermənilərə qahmar çıxır. Məgər Sumqayıt hadisələrini ermənilərin özlərinin törətdiyindən, Xocalı qətliamından Əkrəm Əylislinin xəbəri yoxdur? Var, ancaq ermənilərin əməllərinə göz yumaraq məqsədli şəkildə Azərbaycan xalqını suçlu göstərməyə çalışır.
Azərbaycanın xalq yazıçısı adını, vətənin ən ali mükafatı olan “İstiqlal” ordenini daşıyan və millət vəkili kimi şərəfli bir statusa sahib olmuş bu adam əcəba xalqı necə aldadıb?! Ürəyində xalqa qarşı kin-küdurət gəzdirən, xalqın düşməninə sevgi bəsləyən bir adam da xalq yazıçısı, millət vəkili ola bilərmi? Sən demə, cildini, qiyafəsini, simasını dəyişən insandan hər nə desən gözləmək olarmış.
“Daş yuxular”ın müəllifi nədən ermənilərin Azərbaycan xalqının başına gətirdiyi fəlakətdən yazmır, torpaqları əlindən getmiş, əhalisi didərgin düşmüş, haqqı tapdanmış millətin suçlu olduğunu göstərir. Çünki əsil həqiqəti göstərməyə erməni ürəyi ilə qoşa vuran Əkrəm ürəyi ona yol vermir, belələri düşməndən daha təhlükəlidir.
Bu gün ermənilərə yarınan, onların qoltuq ağacına çevrilənlər hələ də aramızda vardır. Etiraf eləyək ki, bu da bizim birliyimizin zəif olmasından irəli gəlir. Bölgələrə bölünməyimizdən irəli gəlir. Mən bir şeirimdə yazmışam: “Bizi bölgələrə bölənə lənət”.
Əkrəm Əylislini incidən nədir? O, nədən qahmar çıxdığı ermənilərin təhqiramiz “yeraz” adı verdiyi soydaşlarımıza qarşı bu qədər qəzəblidir? Hətta təhqirə keçməkdən də vaz keçə bilmir. Onların ermənini amansızlıqla döydüyünü ürək ağrısı ilə təsvir edir... Belə bir adamın bu millətin içində yaşamağa haqqı varmı? Əgər bir erməni yazıçısı təmsil etdiyi xalqı bu qədər kiçildərsə ermənilər onu daş-qalaq eləyərlər. Biz isə belələrinə məhəl qoymadığımıza görə başımıza hər oyun gəlir...
Mənə elə gəlir ki, qanı təmiz adam bu qədər nadürüst işə yer verməz. Aşağıdakı cümlələrin müəllifinə azərbaycanlı demək mümkündürmü?
“Hamısını eləyən bu ”yerazlardı, doktor, yerazlar. 5-6 yeraz gədəsi. Bu köpək uşağı qaçqınlar heç adamlara hörmət qoymurlar, doktor, əziz doktor. Nə artist sayırlar, nə şair, nə yazıçı bilirlər. Birinə erməni de, işi bitdi. O dəqiqə vəhşi heyvan kimi ayaqlarının altına salıb tapdalayacaqlar. Parçalayacaqlar, qorxudan heç kim yaxın da gedə bilməyəcək..."
Çox ehtimal ki, Əkrəm Əylislinin bu kitabını ermənilər Nobel mükafatına təqdim edəcəklər. Bu Orxan Pamuk yoludur. Onu da belə mükafatlandırdılar.
Biz Qərbi azərbaycanlıları Əkrəm Əylislinin bu yaramazlığı çox hiddətləndirib, üzgün hala gətirib. Azərbaycan Respublikasının rəhbərliyindən xahiş edirik ki, Əkrəm Əylisli kimi yaramaz bir yazıçını daşıdığı yüksək titullardan, dövlət təltiflərindən məhrum etsin. Azərbaycan hökuməti ermənilərə qoşulub bizə böhtan və çamur atanların cəzasını verməlidir...
Eldar İSMAYILOV,
şair, əməkdar jurnalist, “Təbib” qəzetinin baş redaktoru,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Araz” ali ədəbi mükafatı laureatı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.