Yay istirahəti

{nl}

Masallı İstisuyu - ilk "qaranquş"lardan biri

{nl}

 On ilə yaxındır ki, Azərbaycan Ümumdünya Turizm Təşkilatının üzvlüyünə qəbul edilib. Paytaxt Bakıda və bölgələrdə geniş turizm bazası formalaşıb və bu sahədə beynəlxalq standartların tətbiqi sürətlənib. Milli turizm kompleksimizin rəqabətə davamlılığı yüksəlir. Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nda bu gəlirli sahənin tərəqqisi məqsədilə qarşıya mühüm vəzifələr qoyulub. Turizmin mədəni, ekoloji, idman və digər istiqamətlərinin genişləndirilməsi nəzərdə tutulub.
Ölkəmiz müstəqillik qazandıqdan sonra inkişafına start verilən turizm sektorunun ilk "qaranquş"larından biri Masallıdakı İstisu sanatoriyasıdır. Tanınmış sahibkar Hacı İldırım Allahyarov 12 il öncə buranı özəlləşdirəndən sonra abad, gözəl bir istirahət və müalicə məkanına çevirib və adını da əkiz qız balalarının şərəfinə "Fatimeyi-Zəhra" Şəfa Sanatoriyası qoyub.
Zirək iş adamı o vaxtları xatırlayaraq deyir ki, baxımsızlıq üzündən bərbad hala düşmüş sanatoriyanın ərazisini təmizləyib buradan at arabaları ilə, maşınla xeyli tullantı daşıdıq. Gecə-gündüz çalışıb yolu-rizi qaydaya saldıq, bulaqların gözünü açdıq. Vannaları müasir üslubda yenidən qurduq. Sahəni genişləndirdik, kotteclər tikdik. Ətraf gülüstana çevrildi. Bundan sonra sanatoriyamıza turistlərin axını başlandı.
O gün-bu gün, Masallı İstisuyu ölkəmizin öncül turizm və istirahət ocaqlarından biri sayılır. İndiyədək sanatoriyada on minlərlə adam dincəlib və sağlamlığını bərpa eləyib. Bu sətirlərin müəllifi də dağlar qoynunda, sıx meşəlik ərazidə qərar tutmuş İstisu sanatoriyasında dəfələrlə qonaq olub. Təbiətin ecazkar gözəllikləri, minbir dərdin dərmanı sayılan bulaqların möcüzəli suyu, xidmət heyətinin mehriban rəftarı Qəriblər kəndinin yaxınlığındakı İstisuda dincələnlərin özlərini burada qərib kimi hiss etmələri ehtimalını heçə endirir.
Masallı İstisuyunu ilk dəfə ötən əsrin 60-cı illərində əslən bu rayondan olan tibb alimi, şair-bəstəkar Mirkazım Aslanlı-Sarəng dəyərləndirib. Keçmiş sovetlər birliyi hökumətinin Masallıya göndərdiyi 12 nəfərlik tədqiqat dəstəsi soydaşımızın kəşfini təsdiqləyib və 1971-ci ildə Masallı İstisuyu ümumittifaq əhəmiyyətli müalicəvi kurort sanatoriyası adını alıb.
Sanatoriya rəhbərliyinin Azərbaycan, ingilis və rus dillərində hazırlatdığı xüsusi bukletdə də göstərildiyi kimi, Mirkazım Aslanlı Qəriblər ərazisində, Dəmbəlov dağının döşündən çıxan müalicəvi isti suyun revmatizm, oynaq ağrıları, artiroz kimi fəsadların, pisarioz, germatit, neyrodermit, göbələk, ekzema, böyrək və sidik yolları xəstəliklərinin, habelə radikulit, prostatit və sair kimi çeşidli dərdlərin dərmanı olduğunu sübut edib.
Masallı şəhərindən 13 kilometr aralıda,Yardımlı yolunun üstündə, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə, Viləş çayının sahilində çağlayan müalicəvi sular yerin dərin qatlarından 60 dərəcə isti halda çıxır. Tərkibində hidrogen-sulfid, natrium-xlor, kalsium, maqnezium-hidrokarbonat və hər litrində 30 milliqram yod var. Bu məhlulla xəstəliklərin qarşısı dava-dərmansız alınır, ağrılar səngiyir.
Masallı İstisu "Fatimeyi-Zəhra" Şəfa Sanatoriyası cənub bölgəsində Mədəniyyət və Turizm Nazirliyindən rəsmi lisenziya almış ilk istirahət ocaqlarındandır. Eyni vaxtda 200-dən artıq qonağı qəbul edə bilən şəfa ocağı böyük bir şəhərciyə bənzəyir. Havalar bir az qızdımı, sanatoriyada böyük qələbəlik olur. Yurdumuzun müxtəlif guşələrindən, hətta xarici ölkələrdən adamlar buraya həvəslə dincəlməyə və sağlamlıqlarını möhkəmləndirməyə gəlirlər. Tələbat elə böyükdür ki, Bakıdakı müvafiq turizm şirkətləri Masallı İstisuyuna getmək istəyənlərin heç də hamısını yollayışla təmin edə bilmir. Buna görə də sanatoriyanın rəhbərliyi dövlətin maddi yardımı ilə onu daha da genişləndirməyə çalışır. Müalicəvi su vannalarından ibarət korpuslar, müayinə kabinələri, çeşidli massaj otaqları, sosial-məişət obyektləri gecə-gündüz turistlərin xidmətindədir. Burada onadək yeni VİP hovuzu da fəaliyyətə başlayıb. Lyuks massaj masaları, hovuzlarda hidromassaj sistemi, iynə terapiyası sanatoriyanın işgüzar nüfuzunu daha da artırır.
Sanatoriyanın yeməkxanasında dadlı qazan xörəkləri, arzu edənlər üçün pəhriz yeməkləri hazırlanır. Buradakı südün, camış qatığının, ayranın, ovduğun yerini heç nə verməz. Palıd közü ilə qalanan samovarlar daim qaynayır. Saf bulaq suyunun, xüsusi qaydada dəmlənən yerli çayın ləzzəti, necə deyərlər, damaqda qalır. Buradakı kababxanalarda hər cür kabab sifariş vermək mümkündür: aşpazların fantaziyası sərhəd tanımır. İstisnasız olaraq, bütün qida məhsulları təptəzə və müasir dillə desək, ekoloji cəhətdən tam təmizdir. İdman meydançaları, atla və dəvə belində gəzintilər turistlərə, xüsusən də uşaqlara unudulmaz təsir bağışlayır. Marşrutlar üzrə ekskursiyalar təşkil olunur. Rayonun qədim tarixi abidələri ilə tanışlıq zəngin təəssürat yaradır. Foto və videoçəkilişlər yüksək peşəkar səviyyədə həyata keçirilir.
Yay mövsümü ərzində sanatoriyada işləyənlərin sayı 150-ni ötür. Onların əksəriyyəti illərdir ki, burada çalışır. Hər kəs işinə can yandırır. Bir dostum onları xeyli müşahidə etdikdən sonra dedi ki, bax, əsl işlək arılara bənzəyirlər. Məncə, bu, ən böyük tərifdir. Amma buna baxmayaraq, sanatoriyanın direktoru Hacı İldırım Allahyarov təmizlik işlərini, təchizatı və servis mədəniyyətini daim şəxsi nəzarətində saxlayır. İşləri operativ əlaqələndirir, yaranan hər hansı problemin anındaca həllinə nail olur. Ötən yazılarımdan birində qeyd etmişdim ki, sadə, səmimi, diqqətcil, xeyirxah insan olan dostum Hacı İldırım gün ərzində yorulmaq bilmədən bəlkə də 20-30 kilometr eniş-yoxuş qət eləyir, hər bir qonağı şirin dillə dindirir, hər soruşana İstisuyun üstünlüklərini şövqlə, yüksək inandırıcı tərzdə izah edir. Göz dəyməsin, çox qıvraq adamdır.
Sanatoriyanın vannalar korpusunun qarşısında, yaşıllıqlar qoynunda, gül-çiçək arasında gördüyümüz "Bir kurs müalicə ən azı bir il ağrısız yaşamaq deməkdir" şüarı şəfa ocağının imkanlarının yığcam və təvazökar ifadəsi kimi diqqət çəkir. Bir qədər aşağıda, hovuzların qarşısında isə daha bir şüar asılıb:"Allah nemətinin qədrini bilək!" Bu da bir şükranlıq duyğusudur
"Fatimeyi-Zəhra"da işləyənlər arasında direktorun yaxın qohumları da var. Amma bu, onların heç birinə hər hansı bir üstünlük və ya imtiyaz vermir. Əksinə, yaxınların məsuliyyəti daha böyükdür. Heç kəs qohumluğa arxayın ola bilməz. Çünki Hacı İldırım turistlərə xidmətdə ən kiçik nöqsanı belə bağışlamaz, çox ciddi tənbeh və tənqid edər. Bu barədə söz düşəndə o deyir ki, turist məsələsi çox incə məsələdir. Əgər kurs ərzində bircə dəfə qonağın könlünə dəysən və ya hansısa istəyinə soyuq yanaşsan, bil ki, bir də heç zaman onu buralarda görməyəcəksən. Hacı İldırımın qəti qənaəti belədir ki, hər bir halda qonaq haqlı sayılmalıdır. Xidmətçi qonağın narahatlığına səbəb ola biləcək heç bir yanlışlığa yol verməməlidir.
Zakir Məmmədov, Bakı sakini:
-Doğrudan da, fəxr eləməli yerdir. Təbiət buradan səxavətini əsirgəməyib. Elə sanatoriyanın kollektivi də bu yerlərin şöhrətini aləmə yaydığına görə sağ olsun! Xidmətçilər anbaan qayğımıza qalır, bizdən ötrü lap əldən-ayaqdan gedirlər. Mən oynaq ağrılarından əziyyət çəkirdim. Müalicəvi vannalar, masaj ağrılarımı indi tam götürüb desəm, inanın. Sağlıq olsun, gələn il də dincəlmək üçün buranı seçəcəyəm.
Rafiq Əliyev, Sumqayıt sakini:
-Mən əslən bu rayonun Türkoba kəndindənəm. Masallının hər uğuruna qəlbən sevinirəm. Bu yaxınlarda Rusiyanın Nijni-Novqorod şəhərindən gəlmiş qonaqlarımı rayonumuza aparmışdım. İstisuyu da gəzdik. Ruslar gördüklərinə heyrət elədilər. Vanna qəbul edib dağları, meşələri gəzdik, restoranda cənub mətbəxinin təamlarını daddıq. Qonaqlarım Masallıda aparılan abadlıq-quruculuq işləri ilə də yaxından tanış olub bəyəndilər. Heyranlıqlarını gizlətmədilər.
İlknur Baştürk, İstanbul sakini:
- Xarika! Xoşuma gələn odur ki, buradakı istirahət mərkəzlərində hər şey bizdə olduğu kimi, tam sığallı, ütülü deyil. Yəni təbii şərait bir çox hallarda olduğu kimi saxlanıb. Axı, vəhşi təbiətin də öz cazibəsi var. İstisuyun havası gündüzlər isti olsa da, axşamlar sərin olur. Mənzərələrə baxanda adamın üzündə güllər açır. Hizmət (xidmət) könlümüzcədir. Canına hər türlü baxmaq istəyənlər, qoy, buraya təşrif gətirsinlər.
Mənimlə birlikdə söylənilənlərdən fərəh duyan Hacı İldırım xoş sözlərə görə təşəkkürünü bildirdi. Sonra isə o, sanatoriyada son vaxtlar görülən bəzi işlərdən danışdı:
- Möhtərəm Prezidentimiz İlham Əliyev bu ili "Ekologiya ili" elan edib. Bu, hər şeydən əvvəl dünyanı təhdid edən qlobal istiləşməyə qarşı həyata keçirilən bir proqramdır. Bu təşəbbüsün məhz Prezident tərəfindən irəli sürülməsi sevindiricidir. Bizim sanatoriyamız bilavasitə təbiətin qoynunda yerləşir. Deməli, "Ekologiya ili" birbaşa bizə də aiddir. Sərvətimiz olan meşələri qorumaq, yaşıllıqları artırmaq vəzifə borcumuzdur. Ona görə də bu il sanatoriyanın ərazisində çoxlu heyva, armud, gilas, şaftalı, nar, tut, hətta banan ağacları əkmişik. Palma, dəfnə, şabalıd əkinini də artırmışıq. Əkib-becərdiyimiz müxtəlif güllərin isə sayı-hesabı yoxdur. Gül gözəllikdir, xoş rayihədir. Hər kəsdə xoş duyğular yaradır, xəstələrin belə ovqatını yaxşılaşdırır. Sanatoriyamıza gələn turistlər, hətta vəzifə sahibləri güllərin qarşısında diz çöküb ətrini ciyərlərinə çəkəndə mən özümü xoşbəxt sayıram. Sanatoriyamızda müasir kotteclər, vannalar, fizioterapiya, iynə terapiyası, gündə üç dəfə yemək və sair xidmətlər göstərilir. Marşrutlar üzrə Lənkəranın Palıdlığına, Lerikin "Təbəssüm"ünə, Yardımlının şəlaləsinə gəzintilər təşkil edirik.
Azərbaycanda turizmə böyük önəm verilməsi bizim ürəyimizdəndir. Bu sahədə sahibkarlığa yaşıl işıq yandırılıb. Nazirimiz Əbülfəs Qarayevin rəhbərliyi ilə ölkəmizdə hər il beynəlxalq turizm sərgiləri keçirilir və biz də dəvət olunuruq. Məqsəd dayanıqlı və davamlı inkişaf yolunda olan Azərbaycan turizmini dünyaya tanıtmaqdır. Bu tədbirlərin sayəsində ölkədə turizmin əhəmiyyəti artır, potensialı təbliğ edilir, yerli adət-ənənələr, milli mətbəx, mədəni və tarixi irs tanıdılır.
Rayonumuzda da sahibkarlığın və turizmin inkişafında aşkar bir canlanma var. İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev bizə hər cür köməklik edir, yol göstərir. Rayonumuzun hərtərəfli abadlaşdırılması qayğısına qalır. Daha qonaqlarımıza haranı göstərməyin fikrini çəkmirik-hər tərəf gözəldir. Bütün bunlardan ruhlanırıq, qürur duyuruq...
Yay istirahətini harada keçirmək, dincəlmək və sağlamlığını möhkəmləndirmək barədə düşünənlər turizmin ilk "qaranquş"larından olan Masallı İstisuyunu seçsələr, yanılmazlar.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında