Bu gün dünyamızı narahat edən, insanları təbii fəlakətlərlə üz-üzə qoyan problemlərdən biri də qlobal istiləşmədir. Artıq bütün dünya dövlətləri bu məsələ ilə bağlı öz narahatlığını bildirir, cəmiyyətin gələcək taleyi barədə ciddi götür-qoy edirlər. Nüfuzlu beynəlxalq təşkilatlar da öz hesabatlarında məsələnin ciddi olduğunu konkret faktlarla göstərirlər. BMT dəfələrlə iqlim dəyişmələri ilə mübarizə məsələsinin vacibliyini göstərən bəyanatlar vermişdir. Bu təşkilatın hesabatında göstərilir ki, 2100-cü ilə qədər dünyada temperatur 6 dərəcəyə qədər yüksələcək. Bu çox təhlükəli faktdır. Üstəlik belə iqlim dəyişmələri şəraitində 2050-ci ilə qədər 200 milyon insanın doğma ocağını tərk etmək məcburiyyəti qarşısında qalacağı ehtimal olunur. Bir sözlə, cəmiyyət bu gün çox təhlükəli bir ekoloji durumla üz-üzədir.
İndi insanlar bu təhlükəni mümkün qədər aradan qaldırmaq yollarının axtarışındadırlar.
Çox təəssüf ki, Azərbaycan da qlobal iqlim dəyişikliyinin təsiri altındadır, ondan çıxış yolları bizim dövlətimizi də ciddi narahat edir. Azərbaycanda 2010-cu ilin "Ekologiya ili" elan edilməsi də məhz bu zərurətdən yaranmışdır. Ekoloqların fikrinə görə, qlobal iqlim dəyişikliyi nəticəsində ölkəmizdə daşqınların baş verməsi, quraqlıq və yaxud digər təbii fəlakət halları mümkündür və biz artıq bunun ilk nümunələrinin şahidi olmaqdayıq.
Məhz buna görədir ki, ölkə rəhbəri ekoloji problemləri daim diqqət mərkəzində saxlayır. Cənab İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı" Dövlət Proqramı bu istiqamətdə həyata keçirilən uğurlu tədbirlərə start vermişdir. Eyni zamanda son illər respublikamız bir çox beynəlxalq və regional ekoloji tədbirlərin də mərkəzinə çevrilmişdir. Bu tədbirlərdə ölkədə və regionda qlobal iqlim dəyişmələrinin törədə biləcəyi fəsadlarla bağlı müzakirələr aparılmış və qabaqlayıcı tədbirlərin görülməsi üçün vəzifələr müəyyənləşdirilmişdir. Belə tədbirlərdən biri də 2008-ci il iyun ayının 10-da "Mədəniyyətlərarası dialoqa qadınların rolunun genişləndirilməsi" mövzusunda keçirilən Beynəlxalq Bakı Forumu olmuşdur. Forumda çıxış edən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da qlobal iqlim dəyişikliyi məsələsinə toxunmuş və problemin tezliklə aradan qaldırılmasının zəruriliyini bildirmişdir.
Qlobal istiləşmə ilə bağlı Azərbaycanda həyata keçirilən tədbirlər öz miqyasına görə çox genişdir. Bu gün iqlim dəyişmələri nəticəsində meşələrimizə, kənd təsərrüfatına ciddi ziyan dəyir. Daşqınlar ölkəmizdə çox ciddi fəsadlar törədir. Bu gün Kür və Araz çaylarının daşması nəticəsində Sabirabad, İmişli, Hacıqabul rayonlarında, Şirvan şəhəri ərazilərində su basmaları nəticəsində minlərlə hektar torpaqlarımız yararsız vəziyyətə düşmüş, əhali ciddi problemlərlə qarşılaşmışdır. Ötən ilin sentyabr ayında Hacıqabulda, Salyanda, Şəkidə və Masallıda leysan yağışları nəticəsində sel və daşqınlar ciddi dağıntılara səbəb olmuş, təsərrüfatlara böyük ziyan vurmuşdur. Bu gün baş verən daşqınlar, torpaq sürüşmələri və digər təbii fəlakətlər məhz iqlim dəyişmələrinin törətdiyi fəsadlardır.
Alimlərin fikrinə görə, qlobal iqlim dəyişmələrinin təsiri nəticəsində hidrometroloji proseslərlə bağlı yaranan fəlakətlər daha təhlükəlidir.
Akademik V.Vernadski qeyd edir ki, Yerin səthinə, yerin qabığına ancaq maddi bir oblast kimi baxmaq düzgün deyil, bu oblast eyni zamanda enerji oblastıdır. Doğrudan da, Yer səthində, xüsusən bu səthlə atmosfer təbəqəsinin təmas zonasında olduqca mürəkkəb fiziki, fiziki-kimyəvi, biokimyəvi proseslər gedir. Bunun da nəticəsində burada müxtəlif enerji mübadiləsi, enerji ayrılmaları və s.proseslər baş verir. Yerin özünün və onda baş verən bütün hadisələrin təkamülü Yerdə baş verən müxtəlif növ təbii fəlakətlər məhz bu enerjilərin qarşılıqlı təsirinin məhsuludur.
Müasir elmi-texniki tərəqqi, insan amili Yerdə baş verən təbii fəlakətlərin qarşısını almaqda acizdirsə, belə təbii fəlakətlərin baş vermə səbəblərini öyrənməklə onların düzgün proqnozlarını verməyə qadirdir. Bu isə belə təbii fəlakətlərdən istər dünya iqtisadiyyatına, istərsə də ayrı-ayrı regionların iqtisadiyyatına dəyən zərərləri minimuma endirməklə çoxlu sayda insan tələfatının qarşısını almağa imkan verir.
Belə bir məlumata diqqət yetirək. Ümumdünya Meteorologiya Təşkilatının məlumatına əsasən dünyada baş verən təbii fəlakətlərin 80-85 faizi məhz hidrometeoroloji proseslərlə bağlıdır.
Bu gün Azərbaycanda iqlim dəyişmələrinin öyrənilməsi əsas məsələlərdən biridir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunda bu istiqamətdə məqsədyönlü iş aparılır. Burada aparılan tədqiqatların nəticəsində iqlim dəyişmələrinin həm dünyada, həm də Azərbaycanda yaradacağı problemlər müəyyənləşdirilir və gələcək fəaliyyət üçün əsas yaradılır.
Belə tədqiqatlar dünyanın bir sıra ölkələrində davamlı olaraq aparılmaqdadır.
Ümumdünya Meteorologiya Təşkilatının Baş katibi M.Jarqo "Ümumdünya Meteorologiya Günü" münasibətilə dünya ölkələrinə müraciətində (23 mart 2004-cü il) göstərirdi ki, "bu gün dünya həmişə olduğundan daha sürətlə dəyişir. Hidrometeoroloji proseslərlə bağlı təbii fəlakətlərin artması, dünya iqtisadiyyatının iqlimə, havaya, su problemlərinə həssaslığı artmaqla onlardan asılılığı həmişəkindən daha çoxdur".
Dünyada baş verən təbii fəlakətlər bunu bir daha təsdiq edir ki, qlobal istiləşmə cəmiyyət üçün böyük təhlükədir. Bu təhlükəyə qarşı bütün cəmiyyət səfərbər olmalıdır. Əks təqdirdə fəlakətlər qapı ağzındadır.
Hörmətli Prezidentimiz cənab İlham Əliyev bu il fevralın 18-də ekoloji problemlərə həsr olunmuş müşavirədəki çıxışında bu barədə Azərbaycan dövlətinin mövqeyini çox aydın şəkildə diqqətə çatdırmışdır. "Biz bütün il ərzində və ondan sonrakı illərdə ekoloji məsələlərin həllinə böyük diqqət göstərməliyik" - deyən cənab İlham Əliyev ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılmasının prioritet məsələ olduğunu bildirmişdir. Cənab Prezidentin çıxışında bir məqama diqqət yetirək: "Bu gün ekologiya məsələlərinin həlli vacib məsələlərdən biridir. Ona görə yox ki, bütün dünyada bu məsələlərə böyük diqqət göstərilir. Ona görə ki, bu gün Azərbaycan qarşısında həllini gözləyən əsas məsələlərdən biri ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır".
Qlobal istiləşmənin Azərbaycana təsiri nəticəsində yaranan ekoloji problemlər öz həllini gözləyir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu təsirin azalması üçün həyata keçirdiyi tədbirlər bu gün sürətlə davam etməkdədir. İnanırıq ki, qlobal iqlim dəyişməsi ölkəmizin inkişafına o qədər də mənfi təsir göstərməyəcək, Azərbaycan Respublikası günü-gündən inkişaf edərək qabaqcıl ölkələr sırasında özünə daha möhkəm yer qazanacaq.
{nl}
M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.