Yola saldığımız hər il bir sıra əlamətdar hadisələrlə uzun müddət xalqımızın yaddaşında qalır. Son illər belə hadisələrin sayı xeyli artıb. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş daxili və xarici siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində bu gün Azərbaycanın adı dünyanın inkişaf etmiş dövlətləri ilə bir cərgədə çəkilir. Son doqquz ildə ölkəmizdə bir milyondan artıq iş yeri açılıb, dünya standartlarına cavab verən yeni istehsal və sənaye müəssisələri yaradılıb. Əhalinin əmək haqları, pensiyalar, sosial müavinətlər ildən-ilə artır.
Heç şübhəsiz, 2013-cü il də xalqımız üçün əlamətdar hadisələrlə zəngin olacaq. Bunu ölkəmizin malik olduğu valyuta ehtiyatı, dövlət büdcəsinin hər il artması və ən əsası isə düzgün müəyyənləşdirilmiş strategiya təsdiqləyir. Bu il yaddaşlarda həm də seçkilər ili kimi qalacaq. Ölkəmizdə bütün seçkilər qanunla tənzimlənir və şəffaf keçirilir. Beynəlxalq təşkiatlar da son illər Azərbaycanda seçkilərin ədalətli və obyektiv keçirildiyini bəyan edirlər.
Son hadisələr göstərir ki, hələ seçkilərə hazırlıq kampaniyasına start verilməsə də bəziləri yaman tələsir. İndidən özlərini ortalığa ataraq yenə də yalan vədlər verir, xalq arasında çaşqınlıq yaratmaq və xalqın iradəsinə qarşı çıxmaq istəyirlər. Onların bəziləri 1992-1993-cü illərdə hakimiyyətdə olan insanlardır. İsa Qəmbərin, Əli Kərimlinin və onların ərtafında olan 5-10 nəfərin yenidən hakimiyyət iddiasına düşməsi bizi təəccübləndirir. Axı, onlar hakimiyyətdə olduqları qısa vaxt ərzində bu xalqın başına olmazın oyunlar gətirdilər. Onların hakimiyyəti dövründə Azərbaycan dünya xəritəsindən silinmək həddinə çatmışdı. Mən elə o vaxt da bunların yerlərdəki nümayəndələrinə deyirdim ki, siz hələ uşaqsınız. Ölkəyə rəhbərlik edə bilməzsiniz. İgid övladlarımızın qanı hesabına qazanılmış müstəqilliyimizi məhv etməyin, gedin ulu öndər Heydər Əliyevə yalvarın-yaxarın qoy hakimiyyətə gəlib həm sizi, həm də bu xalqı düçar olduğu bəladan xilas etsin.
Mənim 50 ildən çox əmək stajım var. Müxtəlif sahələrdə çalışmışam. Həyat təcrübəmdən də yaxşı bilirdim ki, AXC-Müsavat hakimiyyətinin uçuruma apardığı ölkəni yalnız Heydər Əliyev xilas edə bilər. Nə İsa Qəmbər, nə Əli Kərimli, nə də onlara himayədarlıq edən xarici qüvvələr Azərbaycanın müstəqilliyini möhkəmləndirə bilərlər. Onlar biz ağsaqqalları eşitmədilər. Bir qədər sonra aralarına nifaq düşdü. Nə üstə? Azərbaycanın sərvəti, mal-dövləti üstündə. Axırda qardaş qardaşla üz-üzə dayandı. Silahlı münaqişə baş verdi və həm cəbhəçilər, həm də müsavatçılar xalqı atıb hərəsi bir yerə qaçdı. Yenə son ümidimiz ulu öndər Heydər Əliyevə qaldı. Xalqın təkidli tələbi ilə ulu öndər Azərbaycanda hakimiyyətə qayıtdı. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə yeni mərhələnin başlanğıcı qoyuldu.
1993-cü ilin 15 iyunu Azərbaycanın müasir tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Heydər Əliyevin böyük səyləri nəticəsində xalqımız başının üstünü almış bütün bəlalardan xilas olaraq öz nicatını tapdı. Məhz ümummilli liderimizin hadisələrin məcrasına salınması, qanunsuzluqların aradan qaldırılması, insanların sabaha olan inamının qaytarılması istiqamətində apardığı məqsədyönlü işlər ölkə daxilində vəziyyəti normallaşdırdı. Belə bir məqamda vətəndaş həmrəyliyinin bərqərar olunmasının vacibliyi hamı üçün aydın idi. Bunu nəzərə alan ümummilli liderimiz Heydər Əliyev həmin sahəyə çox böyük diqqət və əhəmiyyət yetirdi. Müdrik şəxsiyyət Azərbaycanın demokratik və hüquqi cəmiyyət quruculuğu yolunda irəliləməsi üçün insan hüquqlarının qorunmasını, çoxpartiyalılıq prinsiplərinin bərqərar edilməsini özünün başlıca fəaliyyət istiqamətlərindən biri kimi qarşıya qoydu.
Xalqımızın milli sərvəti olan ana dilimizin inkişafına daim qayğı göstərilməsi haqlı olaraq Heydər Əliyevin böyük tarixi xidmətlərindən sayılır. Azərbaycan dilinə qayğı ilə yanaşan ümummilli liderimizin öz xalqı və milləti qarşısında göstərdiyi ən mühüm xidmətlərdən biri də bilavasitə onun təşəbbüsü ilə Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsinə nail olmasıdır. Bununla da dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diasporlarımızın təşkilatlanmasına, birgə fəaliyyət göstərməsinə rəvac verildi.
Bu böyük tarixi şəxsiyyət həyatı boyu azərbaycanlı adını uca tutmuş, bununla qürur hissi keçirmiş, başqalarına da bu hissi aşılamağa çalışmışdır. Ömrünü xalqın həmrəyliyinin və bütövlüyünün qorunub saxlanmasına xidmətə həsr etmişdir. Birmənalı şəkildə deyə bilərik ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 34 il ərzində təkcə müstəqil Azərbaycanın dövlət quruculuğunun möhkəmləndirilməsinə, onun beynəlxalq imicinin, dünya dövlətləri arasında nüfuzunun yüksəlməsinə nail olmadı, eyni zamanda, o, bütün dünya azərbaycanlılarının milli birliyinin yaradılmasına da əvəzsiz töhfələr verdi.
Heydər Əliyev müasir hüquqi və dünyəvi prinsiplərin bərqərar olması, müstəqil dövlətin möhkəmləndirilməsi yolunda əsas amillərdən biri olan qanunçuluğun və hüquq normalarının qorunması insan hüquq və azadlıqlarının müdafiəsi, ədalət mühakiməsinin müstəqilliyinin təmin edilməsi yolunda mühüm addımlar atdı. O, yeni demokratik və dünyəvi cəmiyyət quruculuğu haqqında, doğma Azərbaycanı məhz belə bir sistemdə görmək barəsində bütün ömrü boyu düşünmüşdür. Hələ 1969-cu ildə ilk dəfə siyasi hakimiyyətə gələndən dərhal sonra Heydər Əliyev Azərbaycanın inkişaf etmiş respublikaya çevrilməsi istiqamətində ciddi fəaliyyətə başladı. O, 1993-cü ilin oktyabr ayında ölkə prezidenti seçildikdən sonra bu sahədə daha cəsarətli tədbirlərə başladı, gərgin səylərlə müstəqil Azərbaycanı yaratdı.
1994-1995-ci illərdə bəd niyyətli qüvvələr iki dəfə dövlət çevrilişinə cəhd göstərsələr də Heydər Əliyev bunun qarşısını qətiyyətlə aldı.
1995-ci ildə ulu öndərimizin bilavasitə rəhbərliyi ilə qəbul olunmuş milli Kostitusiyamız demokratik dəyərlərə tam uyğun bir tarixi sənəd, hüquqi islahatların gerçəkləşdirilməsi yolunda misilsiz bir addım oldu. Unudulmaz rəhbərimizin təşəbbüsü ilə 21 fevral 1996-cı ildə yaradılmış Hüquq İslahat Komissiyası tərəfindən hazırlanan “Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlar respublikamızın müstəqil bir dövlət kimi çiçəklənməsində misilsiz rola malikdir.
Heydər Əliyevin gördüyü möhtəşəm tədbirlərdən biri də ölüm cəzasının ləğv edilməsidir. Müdrik rəhbərimizin bu humanist addımı bütün dünya ictimaiyyəti tərəfindən razılıqla qarşılandı. Ulu öndərimiz 1995-2003-cü illərdə 32 əfv fərmanı imzaladı, yüzlərlə ailəyə xoşbəxtlik bəxş etdi, minlərlə adamı fəal cəmiyyət həyatına qaytardı. Onun təşəbbüsləri nəticəsində cəzaçəkmə yerlərinin Avropa standartlarına uyğunlaşdırılması, cəzaçəkmə müəssisələrinin müasir beynəlxalq tələblər səviyyəsində qurulması istiqamətində mühüm tədbirlər həyata keçirildi. Bu gün əldə edilən nailiyyətlər, ölkəmizdəki dinamik yüksəliş, uğurlu göstəricilər məqsədyönlü şəkildə aparılan islahatların nəticəsidir. Aqrar-sənaye kompleksinin görünməmiş sıçrayışı, genişmiqyaslı quruculuq-abadlıq işləri, əzəmətli infrastruktur layihələrinin həyata keçirilməsi, yeni texnologiyaların tətbiqi ilə paralel olaraq sosial proqramlar ardıcıl olaraq reallaşır, insanların daha firavan yaşaması üçün islahatlar davam etdirilir. Bu uğurları bəzi müxalifət partiyaları da dəstəkləyərək ulu öndərin siyasi xətti ilə həmrəy olduqlarını bəyan etdilər.
Güclü iqtisadiyyat, daimi iş yerlərinin açılması, sahibkarlığın inkişaf etdirilməsinə diqqətin artırılması indi hər birimizin başlıca məqsədidir. Bu məqsədə çatmaqdan ötrü möhtərəm Prezidentimiz İlham Əliyev çox uğurlu iş aparır. Eyni zamanda, hər sahədə, bütün həyatımızda insan amilinin oynadığı rol, bununla əlaqədar yerinə yetirilən vəzifələr çox mühüm əhəmiyyət kəsb edir. Razılıqla qeyd etmək olar ki, dövlət başçısı hüquqi islahatlar sahəsində Heydər Əliyevin yürütdüyü siyasi kursu uğurla davam etdirir. Bu möhkəm təməl üzərində ardıcıl tədbirlər həyata keçirir, demokratikləşmə və insan hüquqlarının qorunmasına olduqca böyük önəm verir.
Təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət quruculuğu prosesinin Prezident İlham Əliyev tərəfindən yüksək dinamizm, əzmkarlıqla davam etdirilməsi xalqımızın sabaha inamını daha da artırır. Cənab İlham Əliyevin həyata keçirdiyi strateji inkişaf kursunun uğurları sayəsində müstəqil dövlətimiz iqtisadi inkişaf potensialına görə bütün dünyada liderə çevrilmiş, beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqeyi möhkəmlənmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həll edilməsi üçün ölkə rəhbərliyinin tutduğu mövqe, yürütdüyü siyasət xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bütün bunlar ulu öndərimizin mənəvi irsinin layiqincə davam etdirildiyini, Azərbaycan xalqının öz seçimində yanılmadığını, müstəqil dövlətimizin taleyinin etibarlı əllərdə olduğunu təsdiqləyir. Əminəm ki, xalqımız bu il keçirilən prezident seçkilərində də siyasi iradə nümayiş etdirərək Heydər Əliyev siyasi xəttinə alternativ olmadığını bir daha sübut edəcək.
Son vaxtlar özlərini ortalığa atan, adlarını müxalifət qoyan İsa Qəmbər, Əli Kərimli, onlara qoşulmuş Rüstəm İbrahimbəyov, bir vaxtlar yüksək vəzifədə olarkən ona böyük etimad göstərənlərə xəyanət edən Eldar Namazov kimilərinin yalan vədləri heç kimi öz əqidəsindən döndərə bilməz. Bu günlərdə bir qrup Lənkəran ziyalısının Müsavat Partiyasının rəhbəri İsa Qəmbərə ünvanladığı müraciəti oxudum və mən də özümü həmin ziyalılar sırasında görürəm. İnanın ki, Saatlı rayonunun ziyalıları da lənkəranlı həmkarları ilə bir yerdədir. Biz də üzümüzü isalara, əlilərə, rüstəmlərə, eldarlara və vəzifə hərisliyi xəstəliyinə mübtəla olmuşlara tutub deyirik ki, əl çəkin bu xislətinizdən. Xalq sizi qəbul etmir. Heç olmasa, özünüzə hörmər edin. Nə vaxta qədər rayonlardan qovulacaqsınız? Sonra da utanıb - qızarmadan xarici havadarlarınıza ciblərinizdə gəzdirdiyiniz daşları göstərib deyirsiniz ki, bunu bizə hakimiyyət nümayəndələri atıb. Qorxaq uşaqlar küçədə həmyaşıdları ilə savaşan kimi tez analarının yanına qaçıb ağlaya-ağlaya deyirlər ki, məni filankəsin uşağı döydü. İndi siz onlardan da betər olmusunuz. Sizi rayonlardan qovan hakimiyyət nümayəndələri yox, ziyalılardır, xalqını, Vətənini, elini, obasını sevənlərdir.
İndi regionlarda insanlar çox yaxşı yaşayırlar. İş yerləri var, dolanışıq üçün şərait yaradılıb, sabitlik, əmin - amanlıqdır. Bu gün özlərini ortalığa atıb xalqın adından danışan isalar, əlilər, rüstəmlər, eldarlar danışdıqca daha çox nifrət qazanırlar. Televiziya ekranlarında kinorejissor Rüstəm İbrahimbəyovun var - dövlətini gördükdə, bundan gözləri doymayaraq dövlət malını mənimsəməsini eşitdikdə dəhşətə gəlirik. İndi də yaşının ahıl çağında kimlərəsə vəkillik edir, ağsaqqal adına ləkə gətirərək yalan danışır, ara qarışdırır və xalq arasında çaşqınlıq yaratmaq istəyir. Bütün bunlar keçməyəcək. Xalq möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşib və onunla həmrəydir. Bir ağsaqqal kimi üzümü vəzifə hərisliyi olanlara tutub deyirəm ki, nə qədər gec deyil, siz də möhtərm Prezidentimiz İlham Əliyevin ətrafında birləşin. Sonrakı peşmançılığınız heç bir fayda verməyəcək.
Hacı Afris ƏLİYEV,
Saatlı Rayon Ağsaqqalar Şurasının üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.