Mart ayının 12-də yeni istifadəyə verilmiş Bakı Biznes Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ilk ilinin yekunlarına həsr edilmiş konfransda çıxış edənlərdən biri də Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov idi. Həmin mötəbər məclisdə, dövlət başçısının qarşısında görülmüş işlərə dair hesabat xarakterli çıxışında o bildirdi ki, 2004-2008-ci illəri əhatə edən birinci regional inkişaf proqramının icrası nəticəsində insanları narahat edən problemlərin əsas hissəsi aradan qalxmışdır.
Bunun nəticəsində bütün bölgələr kimi, Neftçala da böyük tərəqqi yoluna çıxmışdır. Vacib sosial obyektlərin, təhsil müəssisələrinin tikintisinə, müasir infrastrukturun yaradılmasına dövlət qayğısından konkret faktlarla bəhs edən natiq inamla bildirdi ki, möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş ikinci Dövlət Proqramı üzrə rayonda daha qlobal məsələlər həllini tapacaqdır.
Neftçalaya tez-tez yolu düşən bir adam kimi deyə bilərəm ki, burada abadlıq-quruculuq işləri qış-yay səngimək bilmir. Son illərdə rayonda o qədər fərəhli işlər görülüb ki, sadalamaqla qurtaran deyil. Elə buna görə də nailiyyətlər barəsində yüksək kürsüdən danışmaq şərəfi bir neçə rayon rəhbəri ilə bərabər məhz Neftçala Rayon İcra Hakimiyyətinin başçısına nəsib olmuşdur.
Müsahibim dedi ki, birinci Dövlət Proqramı təsdiq olunarkən rayonun sənaye, tikinti, aqrar sahələrində ciddi problemlər mövcud idi. Abadlıq-quruculuq sahəsində də köklü işlərin görülməsi mümkün deyildi. Elektrik, qaz və içməli su təchizatında ciddi çatışmazlıqlar var idi. Bu gün isə Neftçala rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin müvəffəqiyyətlə yerinə yetirilməsi sayəsində mühüm problemlər əsasən aradan qaldırılmış, aqrar sahədə, sənaye sektorunda, tikintidə, eləcə də əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində bir çox məsələlər həllini tapmışdır.
- Neftçalada 10 il əvvəl insanları narahat edən problemlərin xüsusi çəkisi bu gün tamamilə yox dərəcəsinə enmişdir. Vaxtilə "neft çalası" kimi tanınan, müasirlikdən uzaq, yaşayış səviyyəsi aşağı olan bu rayon indi özünün çiçəklənmə mərhələsinə qədəm qoymuşdur. Sözün həqiqi mənasında, Neftçala bu gün böyük tərəqqi yolundadır.
Misal gətirilən fakt və rəqəmlər bu barədə hər şeyi deyir. 2003-cü ildən sonrakı dövrdə rayonda ümumi məhsul istehsalının həcmi 5,6 dəfə, əhalinin gəlirləri 4,3 dəfə artmışdır. Ötən dövrdə 100-dən artıq yeni müəssisə yaradılmış, 1817 fiziki şəxs sahibkarlıq fəaliyyətinə başlamış, 10235 yeni iş yeri açılmışdır ki, bunun da 6682-si daimi xarakterlidir.
Qazanılmış uğurların daha ahəngdar və davamlı olmasını təmin etmək məqsədilə neftçalalıların da təkliflərinin əksini tapdığı ikinci Dövlət Proqramında nəzərdə tutulan tədbirlər rayonda ardıcıl icra edilir. Ötən il sənaye istehsalına sərmayə qoyuluşu 2003-cü illə müqayisədə 5,7 dəfə artaraq 25 milyon manat təşkil etmişdir. Əgər altı il öncə sənaye istehsalının həcmi ümumi daxili məhsulun cəmi 5,2 faizini təşkil edirdisə, keçən il dörd dəfə artaraq 23,4 faizə yüksəlmişdir.
Prezident İlham Əliyevin xeyir-duası ilə 2007-ci il avqustun 23-də Neftçalada istifadəyə verilmiş "Azəryod" zavodunun 2-ci bloku artıq işə düşmüş, istehsal olunan yod məhsulunun həcmi iki dəfədən çox artmışdır. Hazırda 3-cü blokda işlər davam etdirilir. Sovetlər dönəmində bu məhsulun yeganə istehsalçısı olan və uzun illər fəaliyyətsiz qalmış müəssisənin məhsulları bu gün bir çox xarici ölkələrə ixrac edilir. Xıllı nərə balıqartırma zavodu da fəaliyyətini genişləndirmiş, ötən il inşasına başlanmış "Dizayn qlas" şüşə istehsalı və "Azərpamservis" dərinlik dalma nasoslarını təmir edən müəssisələrdə yeni istehsal sahələri yaradılmışdır.
Dövlət Proqramında nəzərdə tutulan və bütün yaşayış məntəqələrinin qazlaşdırılmasını əhatə edən irimiqyaslı layihənin icrasına başlanmışdır və hazırda bu işlər davam etdirilir. Bu layihənin reallaşdırılması nəticəsində Neftçala şəhərinin qaz təçhizatı tamamilə yenidən qurulacaq, həmçinin rayonun 48 kəndinin qazlaşdırılması təmin ediləcək ki, bu da əhalinin həyat şəraitinin yüksəlməsi baxımından əhəmiyyətlidir.
Ötən il Neftçalada 104 min ton taxıl istehsal edilməsi məhz Dövlət Proqramının böyük potensial imkanları üzə çıxarmasının nəticəsi kimi dəyərləndirilir. Hər bir kənd əməkçisi gündəlik həyatında dövlətin diqqət və qayğısını hiss edir. Suvarma suyu ilə təminatda çətinliyi nəzərə alaraq Prezidentin tapşırığı ilə ötən ildən 18 min hektar əkin sahəsi olan Xol zonasına 31 milyon manat dəyərində 25 kilometrlik magistral su kanalının çəkilməsinə başlanmışdır. Bu kanal tam işə salınandan sonra ərazidə kənd təsərrüfatı məhsullarının istehsalı sürətlə artacaq və 24 min nəfərlik əhalinin güzəranı durmadan yaxşılaşacaqdır.
Dövlət qayğısı ilə yanaşı, Heydər Əliyev Fondunun rayonlara dəstəyini də xüsusi qeyd edən icra başçısı bildirdi ki, Prezidentin və ölkənin birinci xanımı, millət vəkili Mehriban Əliyevanın diqqəti sayəsində təkcə ötən il Neftçalada beş orta məktəb binası, Qarabağ əlilləri və şəhid ailələri üçün 48 mənzilli yaşayış evi tikilib istifadəyə verilmişdir. Rayon Mədəniyyət və İncəsənət Sarayı, Şahmat Məktəbi və bir çox səhiyyə, təhsil, mədəniyyət obyektləri və yaşayış binaları müasir memarlıq üslubunda təmir edilmişdir.
Son illərdə rayonda genişmiqyaslı abadlıq-quruculuq tədbirləri reallaşdırılıb: parklar, yaşıllıqlar salınıb, müasir işıqlandırma sistemləri və fəvvarələr quraşdırılıb, küçə və meydanların siması dəyişdirilib. Şəhər göz önündəcə böyüyür və gözəlləşir. Hazırda 16 mənzilli yaşayış evi tikilir. Bankə qəsəbəsində suötürücü qurğunun inşası davam etdirilir. Küçə və yollara on minlərlə kvadratmetr asfalt döşənib.Yeni ticarət obyektləri açılıb. Avtovağzal binası təmir olunub.Heydər Əliyev parkı yenidən qurulur.
Fevralın əvvəlində Neftçalada əsən güclü küləklər böyük fəsadlar törədərək dağıntılara səbəb olmuş, binalara ziyan vurmuşdu. Təbii fəlakətin nəticələri qısa vaxtda aradan qaldırılmış, enerji təsərrüfatı bərpa edilmiş, Kürdə suyun səviyyəsinin qalxması ilə Bankə qəsəbəsində yaranan çətinliklər dəf olunmuşdur. Artıq yaz gəlmiş və Neftçalada işlər bir qədər də canlanmışdır. İməciliklər, ağacəkmə kampaniyaları, evlərin, hasarların rənglənməsi və sair bu kimi işlər genişlənmişdir. Bir sözlə, rayonda həyat qaynayır.
Dövlət Proqramının işığında Neftçalanın üfüqləri daha aydın görünür. Mavi Xəzərin aynasında cilvələnən bu "gözəl" adi bir rayon mərkəzindən müasir şəhərə çevrilir.
{nl}
Əli NƏCƏFXANLI, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.