Leyla Yunus Azərbaycan xalqına hər zaman nifrət bəsləyib

 

 

 

Bü gün Azərbaycan Respublikası müstəqillik tarixinin ən sürətli inkişaf dövrünü yaşayır. Cənubi Qafqazın lider dövlətinə çevrilən respublikamızın regional güc mərkəzi kimi beynəlxalq aləmdə  böyük nüfuz qazanması, hərbi qüdrətini xeyli artırması dünyadakı erməni lobbisini və ermənipərəst dairələri təşvişə salıb. Buna görə də ermənilər çalışırlar ki, nə yolla olursa-olsun Azərbaycanın taleyüklü milli maraqlarına,  demokratik dövlət imicinə zərbə vursunlar. Bunun mümkün olmadığını gördükdə isə Leyla Yunus kimi qulbeçələri vasitəsiylə daha hiyləgər planlar həyata keçirməyə cəhd göstərirlər.

Son günlər ermənilərin bu planı daha çox Azərbaycanın daxilinə hesablanıb. Məqsəd hərbi-siyasi cəhətdən Ermənistanı çox geridə qoymuş Azərbaycanın ictimaiyyətini müxtəlif vasitələrlə təslimçi sülhə vadar etməkdir. Ermənistanın “Region” Araşdırma Mərkəzi ilə ermənipərəst Leyla Yunusun rəhbəri olduğu Azərbaycandakı Sülh və Demokratiya İnstitutu tərəfindən həyata keçirilməyə başlanan yeni layihə çərçivəsində yaradılan  www.publicdialogues.info adlı sayt da həmin məqsədə xidmət edir. Təsadüfi deyil ki, bu saytda Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi tamamilə diqqətdən kənarda saxlanılaraq Ermənistandakı mövcud vəziyyət müzakirə edilir. Dağlıq Qarabağ isə “yaxşı halda” Azərbaycan ictimaiyyətinə qondarma “respublika” kimi təqdim olunur. Məsələnin pərdəarxası məqamlarına aydınlıq gətirən  Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı açıqlamasında bildirir ki, xeyli müddətdir, dilənçi vəziyyətinə düşmüş Ermənistan tərəfi Azərbaycan ilə erməni cəmiyyəti arasında bir körpü yaratmağa çalışır. Burada başlıca məqsəd isə ondan ibarətdir ki, işğal faktı unudulsun. Bu dövlət Azərbaycan cəmiyyəti ilə erməni cəmiyyəti arasında “xalq diplomatiyası” adı altında gediş-gəliş, fikir, mətbuat mübadiləsi, internet layihələri kimi məsələləri həyata keçirməklə belə təəssürat yaradır ki, guya Azərbaycan cəmiyyəti Ermənistanın işğalçı siyasətinə o qədər də mənfi münasibət bəsləmir.

Mübariz Qurbanlı hesab edir ki,    www.publicdialogues.info adlı saytın yaradılmasının arxasında bu cür niyyətlər dayanır. Dəfələrlə Ermənistan tərəfi və erməni lobbisi çalışıb ki, bu münaqişə ilə bağlı danışıqların Ermənistan ilə Azərbaycan arasında deyil, Dağlıq Qarabağla Azərbaycan arasında aparılmasına nail olsun. Amma rəsmi Bakı qətiyyətlə buna etiraz edərək, rədd cavabı verib.  Bu mənada, ermənilərin bu niyyətlərini Leyla Yunus kimi ölkəmizin milli maraqlarına zidd hərəkətlər edən xəyanətkarlar vasitəsilə həyata keçirməyə çalışmaları qəbuledilməzdir: “Leyla Yunus və bunun kimi digərləri hansısa beynəlxalq təşkilatların, qurumların çağırışlarına və istəklərinə istinad edərək, barış yolunda mübarizə apardıqlarını bizə nümayiş etdirmək istəyirlərsə böyük yanlışlığa yol verirlər. Biz də çox gözəl dərk edirik ki, bütün bunların arxasında nə dayanır. L.Yunus, bir şəxs olaraq, Azərbaycanın ictimai-siyasi həyatında həmişə ölkəmizin maraqlarına zidd hərəkətlər edib. Təbii ki, sonda o, ictimai qınağa məruz qalıb. Hesab edirəm ki, bu ictimai qınağın özü bir etiraz formasıdır. Amma yenə də bütün bu hərəkətlərə baxmayaraq, cəmiyyət bu fikirdə olan insanları qəbul etmir və etməyəcək də”.

Ermənilərin bu addımı, hiyləgər planları Azərbaycan gəncliyinin nəzərindən yayınmır.  Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi  “hüquq müdafiəçisi” Leyla Yunusun ermənilərlə müştərək sayt yaratmasına qəti şəkildə etirazını bildirdi. Gənclər Birliyinin sədri Seymur Orucov  qeyd etdi ki, biz Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşan ermənipərəst saytın fəaliyyətini qəti şəkildə pisləyirik. Həmin saytın yaradılmasında  məhz erməni lobbisinin maraqlarından çıxış edən Leyla Yunusdan vasitə kimi istifadə olunması isə, birmənalı şəkildə bunun Azərbaycana heç bir fayda verməyəcəyi mənasına gəlir: “Bu şəxs hər dəfə Azərbaycan dövlətinə və xalqına qarşı çox böyük hörmətsizlik edib. L.Yunus Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqla nə özünə tərəfdaş toplaya biləcək, nə də cəmiyyət bu cür şəxsləri qəbul edəcək. Bizim xalqımız hər şeyi özü ayırd etməyi bacarır və nəyin düz, nəyin səhv olduğunu çox gözəl başa düşür”.

Uzun müddətdir ki, Leyla Yunus Azərbaycanın çörəyini yeyərək, Ermənistanın maraqlarını müdafiə edir. Onun indiyədək həyata keçirdiyi taktika ölkəmizi beynəlxalq aləmdə nüfuzdan salmağa xidmət edir. Bu fikirlərlərlə çıxış edən Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının sözlərinə görə, L.Yunus Azərbaycanda demokratiyanın, plüralizmin, vətəndaş cəmiyyətinin qurulması ilə bağlı gedən prosesləri həmişə mənfi tendensiya kimi göstərməyə çalışıb: “Bu insan daha çox siyasi məhbuslar ətrafında öz absurd missiyasını hazırlayaraq, beynəlxalq təşkilatlara göndərir və erməni diasporu vasitəsilə beynəlxalq aləmdə rolunu artırır. L.Yunusun indiyədək sülh və demokratiya uğrunda həyata keçirmək istədiyi missiya da məhz elə budur. Beləcə, bu missiya da Azərbaycanın mənafeyinə və milli maraqlarına xəyanət kimi qələmə verilməlidir. L.Yunus Azərbaycan dövlətinə və xalqına qarşı hər zaman nifrət bəsləyib. Bu insan xarici havadarlarından aldığı mənfəət hesabına öz imkanlarını daha da genişləndirir. Əgər söhbət bu layihə çərçivəsində dialoqdan gedirsə, görəsən, burada hansı dialoq müzakirə predmeti ola bilər? Əgər ölkə prezidentləri, xarici işlər nazirləri, ATƏT-in Minsk qrupu həmsədrləri səviyyəsində bu dialoq konkret olaraq heç bir nəticə vermirsə, axı nədən söhbət açıla bilər? Bu sadəcə olaraq köhnə bir bayatıdır”.

Ölkəmizin ərazi bütövlüyünün bərpasını istəyən,  dövlətçiliyimizin güclənməsini, sağlam vətəndaş cəmiyyətinin möhkəmlənməsini arzulayan hər bir ictimai xadim  Leyla Yunusun ermənipərəst əməllərinə öz etirazını bildirir . Milli QHT forumunun prezidenti Rauf Zeyni bu barədə danışarkən deyib: “Mən o sayta baxdım və gördüm ki, orada Azərbaycanın lehinə heç nə yoxdur, yəni, Azərbaycanla bağlı heç bir obyektiv məlumat, heç bir yazı yoxdur. Orada ilkin fikir bundan ibarətdir ki, o sayt Azərbaycana qarşı yaradılmış bir saytdır. Mən həm bir vətəndaş, həm də Milli QHT forumunun prezidenti kimi o mövqe ilə heç cür razılaşa bilmərəm”.

Hər kəsə məlum olduğu kimi, Leyla Yunus Azərbaycan əleyhinə olan daxili və xarici qüvvələrlə əlbirdir. Onun qohumlarının erməni olması da bu addımların atılmasına ciddi təsir edir.  Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov belə hesab edir ki,  Leyla Yunusun qohumları “Erməni Ümummili Hərəkatı”nın fəallarından olub. Vəziyyət belədirsə, onda L. Yunusun Azərbaycan xalqının və  dövlətçiliyinin xeyrinə hansısa addımlar atmasını gözləmək absurddur. Belə insanlar xaricdən aldıqları qrantları ört basdır etmək üçün müxtəlif variantlara əl atırlar. Bu da həmin variantlardan biridir. Leyla Yunus erməni lobbisinin istifadə etdiyi və  onların çaldığı havaya oynayan “kukla”dır. İnsan Hüquqları — XXI əsr Azərbaycan Fondunun rəhbəri Şahin Camalov isə  Leyla Yunusun bu əməlinin hüquq müdafiəçisi üçün ciddi bir nöqsan olduğunu diqqətə çatdırıb. O deyib ki, Leyla Yunusun ümumiyyətlə, dövlətçilik əleyhinə fəaliyyəti, hüquq müdafiəçisi adından istifadə edib öz maraqları naminə fəaliyyət göstərməsi, dövlətin gördüyü işlərə qara yaxması onun hansı münasibətdə, kimlərlə əlaqədə olduğunu göstərir. Bu baxımdan da onun ermənilərlə müştərək sayt yaratmasında elə bir təəccüblü şey görmürəm. Leyla Yunusun Azərbaycanla bağlı informasiyaları ermənilərə ötürməsi və ya hər hansı bir məsələni Azərbaycan torpaqlarını işğal edən ermənilərlə birgə saytda müzakirə etməsi özü çox ciddi narahatverici məqamdır. Onun erməni lobbisinin tapşırığı ilə hərəkət etməsini göstərən digər bir məqam isə yenə bugünlərdə ortaya çıxdı. Müxalifətin ruporu olan mətbuat orqanlarında yayılan məlumatlara görə L. Yunus ölkəmizdəki bir qrup  ermənipərəst QHT rəhbərlərləri ilə birgə və xaricdəki erməni lobbisinin təsir dairəsində olan beynəlxalq təşkilatların nümayəndələri  ilə birlikdə ölkəmizə qarşı anti-təbliğat kampaniyası aparmaq üçün Strasburqdadır. Məqsəd AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin islamafobiyadan “bəhrələnən” və heç bir əsası olmadan hazırlanan məruzəsinə dəstək verməkdir. Görün, Leyla Yunusda Vətəninə, xalqına, dövlətinə qarşı nə qədər dərin bir  nifrət hissi vardır ki, belə çirkin işlərlə məşğul olmaq üçün bu qədər yolu qət edib Strasburqa gedir. Bəlkə də onu ora aparan ermənilərin yağlı vədləridir. Yəqin söz veriblər ki, Azərbaycan əleyhinə nə qədər çox təbliğat aparsa, o qədər də çox “ənam” alacaq. Bu da real görünür. Çünki L. Yunus “xidmətlərinin” müqabilində aldığı külli miqdarda vəsait hesabına,  müxtəlif xarici ölkələrdə mülklər və s. obyektlər əldə etməyə nail olub və bundan belə də erməni lobbisinin sifarişlərini yerinə yetirməlidir ki, həmin obyektləri əldə saxlaya, varidatını daha da artıra bilsin.

 

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında