Rüstəm İbrahimbəyovun biznes fəaliyyəti çirkli, qeyri-qanuni əməlləri isə olduqca “zəngin”dir

 

Hərdən insanlar biri-birinə sual verirlər ki, nə baş verir, bu adam nə üçün özünü hər gün  daha pis vəziyyətə salmaqda davam edir? Cavab aydındır.  İbrahimbəyov, rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqının fəaliyyətində o qədər əyriliklərə yol verib, o qədər saxta əməllərə imza atıb ki, indi həmin faktların ortaya qoyulmasından vahimələnir və “qara məni basınca...” variantından ədibcəsinə istifadə etməyə çalışır.

Bu zaman cəmiyyətdən eşitdiyimiz başqa bir sual öz cavabını axtarır: O, Kinematoqrafçılar İttifaqında hansı əyri yollara imza ata bilərdi ki? Əgər sual səslənirsə, onun cavabı da ortada olmalıdır. Elə Rüstəm müəllimi əndişələndirən də məhz həmin ortaya qoyulmalı məqamlardır. Kimin nə dərəcədə narahat olmasının bizim üçün elə bir əhəmiyyəti olmadığına görə həmin cavabı hörmətli oxuculara təqdim edirik.

Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi ittifaqın xəzinəsindən  ayrı-ayrı vaxtlarda Kinematoqrafçılar İttifaqları Konfederasiyası tərəfindən ayrılmış 83 min dollar pul “itmişdir”.  İbrahimbəyovun sözlərinə görə, bu pullar banka faizlə yatırılmış, lakin sonradan müəmmalı şəkildə yoxa çıxmışdır.  Necə yəni, müəmmalı şəkildə? Məgər bu proseslərə ittifaqın rəhbərliyi nəzarət etmirmi? Əlbəttə edir. Əgər etməsəydi, katibliyin iclasında kinorejissor Oqtay Mirqasımov bu məsələni qaldıranda Rüstəm İbrahimbəyovun hücumlarına məruz qalmazdı və tezliklə də  ittifaqı tərk etmək məcburiyyəti ilə üzləşməzdi.

İndi artıq hamıya məlumdur ki, Kinematoqrafçılar İttifaqının balansında  vaxtilə İbrahimbəyov tərəfindən satılmış, lakin  hələ də sənədlərdə qeyd olunan bir çox avtomaşın vardır. İttifaqın qonaqlar üçün nəzərdə tutulan “Çayka” avtomaşını hal-hazırda da yeni ailə quranların ixtiyarına verilir, sənədlərdə isə bu maşın guya ki,  İttifaqın qonaqlarına xidmət edir. Heç olmazsa, bu rüsvayçılıqların üstü açılandan  sonra İbrahimbəyov hansısa addım atmağa çalışmadı.  Yaxud, başqa bir fakt. 2007-ci ildə ittifaqa məxsus olan və 28 may küçəsində (Dəmir Yol idarəsinin yaxınlığında) yerləşən “Şərq-Qərb” restoranı sökülmüşdür. Binanın söküntüsü ilə bağlı alınan pulların Rüstəm İbrahimbəyov tərəfindən mənimsənildiyini və ittifaqın Şəkidəki  sanatoriyasının bir hissəsinin bilavasitə İbrahimbəyov tərəfindən satıldığını hamı çoxdan bilir. İttifaqın katibliyində isə ərazinin Kiş çayının sel suları ilə dağıdıldığı bildirilmişdir.

İbrahimbəyov öz həmkarlarını belə aldadaraq  məlumat vermişdi ki, Kinematoqrafçılar İttifaqının Mingəçevirdəki  sanatoriyasının   bir hissəsi Qarabağ qaçqınlarına verilib. Halbuki, həmin ərazi bilavasitə  Rüstəm İbrahimbəyov tərəfindən satılmışdı. Kinematoqrafçılar üçün Həsən Seyidbəyli küçəsində  tikildiyi söylənilən yaşayış binası isə bilavasitə iş yerində, yəni Rüstəm İbrahimbəyov və podratçı tərəfindən satılmışdır. Hazırda həmin binada kinematoqrafçılar yaşamır. Onlara mənzillər qəsdən yüksək qiymətə təklif olunmuşdur ki,  bu da sənət adamlarını qane etməmişdi. Nəticədə isə  İbrahimbəyov adıçəkilən binada altı mənzilə sahib olaraq, dördünü icarəyə verir. Bu binanın birinci mərtəbəsində “İbrus” teatrı yerləşir, onun ərazisi də icarəyə verilir, halbuki kinoteatr hökumətin balansındadır.  İçərişəhərdə"Şərq-Qərb" festivalı üçün qonaq evi kimi tikilmiş bina da məhz ədib İbrahimbəyov tərəfindən özəlləşdirilmişdir və hazırda İbrahimbəyov həmin evdə yaşayır.

 Əyri yolu daha da uzatmaq məqsədi güdən   İbrahimbəyov tərəfindən “Şərq-Qərb” festivalı üçün xüsusi firma yaradılmışdır.  Hökumət tərəfindən festivala ayrılan pullar bu firmaya köçürülərək, sonradan böyük məbləğdə oğurlanmışdır.  Bütün bu maliyyə əməliyyatlarını,  bu firmadan savayı bir neçə firmaya da sahib olan Lalə Əfəndiyeva və mühasib Şükür həyata keçirirmiş. Bu firmalar arasında “İbrus Teatrı”, “İbrus Kinokompaniyası”, həmçinin İttifaqın əməkdaşı olan Zemfira Babayevaya məxsus “Ayan” firması da var.  Bu firmalara ittifaqın ödəniş hesabından pullar köçürülərək, mənimsənilirmiş.   İndi hərəni bir neçə məsələdə suçlu görən Rüstəm İbrahimbəyov Kinematoqrafçılar İttifaqına rəhbərliyi dövrdə nəinki  təşkilatın mülkiyyətini talan etmiş, quruma ayrılan vəsaitləri mənimsəmiş, həmçinin vergidən də yayınmışdır. Vergilər Nazirliyinin yoxlaması nəticəsində müəyyən edilmişdir ki, Kinematoqrafçılar İttifaqı 12 373 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməmiş, həmçinin 2009-cu ildə XI “Şərq-Qərb” Bakı Beynəlxalq kinofestivalının keçirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ayrılmış vəsaitin 22 min manatı mənimsənilmişdir. Bu pullar hara getmişdir? İndi Rüstəm İbrahimbəyovu bərk narahat edən məsələlərdən biri  də məhz həmin suala cavab verməli olmaq  məsuliyyətidir.

 “Görkəmli ədib” öz əyri yollarının dalınca düşüb fırıldaqlarını şəhərdən  kəndə aparmaq imkanı da qazanmışdır. O, özünə məxsus olan “İbrus” şərabçılıq firmasında bir çox maliyyə fırıldaqları və vergidən yayınma hallarına yol  vermişdir.  Belə ki, Şamaxı rayonundakı təsərrüfatın torpaqlarının  İbrahimbəyov tərəfindən mənimsənilməsi faktı hamıya məlumdur. Həmin ərazidə  İbrahimbəyovun üzüm plantasiyaları da var. Əgər bir az əvvəl onun öz fırıldaqlarını şəhərdən kəndə apardığını yazmışdıqsa, indi onun Moskva macəralarını yada salaq.  Bu yazıçı Moskvada iş adamlarından külli miqdarda vəsait toplamış, onlara Bakıda Şəhidlər Xiyabanı yaxınlığında əyləncə mərkəzi tikəcəyini bildirmiş və həmin adamları bu layihəyə şərik etməyə söz veribmiş. Lakin bu layihə baş tutmamışdır. Ona görə də  hazırda Rüstəm İbrahimbəyov pullarını aldığı iş adamlarından qaçır.

Bir sözlə, özünün ədəbi-bədii yaradıcılığı ilə bərabər genişmiqyaslı korrupsiya, rüşvətxorluq və maliyyə fırıldaqları ilə də özünəməxsus nümunələr formalaşdıran Rüstəm İbrahimbəyov özünü bərk ilişdirib. Xalqın ona bu qədər sual verəcəyini qətiyyən gözləmirmiş.  Gözləməsə də üzləşməli oldu. Xalq ona çoxsaylı suallar verir və verəcək.

 İldırım İSMAYIL


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında