Ucarda abadlıq və quruculuq işləri yeni vüsət alır

Son zamanlar tez-tez müxtəlif yerlərdə belə bir sual eşidirəm: Görəsən necə olur ki, gənc müstəqil Azərbaycan dövləti qısa müddətdə bu qədər böyük uğurlar əldə edə bilir? Həmişə də həmin sualın cavabını ulu öndərimiz Heydər Əliyevin fikirləri əsasında verirəm. Ümummilli liderimiz deyirdi ki, cəmiyyət və dövlət o zaman böyük uğurlar əldə edə bilər ki, hər kəs öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirsin. Dahi rəhbərimizin özü bu sahədə mükəmməl nümunələr göstərir, tabeçiliyində olan şəxslərdən də həmin keyfiyyətləri tələb edirdi.
Biz bu gün məmnunuq ki, Ucar Rayon İcra Hakimiyyətinin rəhbərliyi də, Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi də öz fəaliyyətlərində məhz ulu öndərin idarəçilik prinsiplərinə əsaslanırlar. Məhz o səbəbdən də Ucar Rayon Mədəniyyət və turizm şöbəsinin kollektivi ildən-ilə daha böyük nailiyyətlər əldə edir, daha çox uğurlar qazanır.
Ötən il ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələr mədəniyyət və turizm şöbəsinin diqqət mərkəzində olmuş və rayonun mədəniyyət işçiləri öz işlərini mövcud tələblərə uyğun qurmağa çalışmışlar. Rayon mədəniyyət və turizm şöbəsinin tabeçiliyində fəaliyyət göstərən mədəni-maarif müəssisələrinin xətti ilə rayonda bir sıra kütləvi tədbirlər hazırlanıb həyata keçirilmişdir. Bu tədbirlər ilk növbədə sakinlərin asudə vaxtının səmərəli təşkilinə və yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına xidmət etmişdir.
Rayonda 2009-cu ildə bədii özfəaliyyətin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmışdır. Yeni istedadları axtarıb üzə çıxarmaq məqsədilə iyul-avqust aylarında bədii özfəaliyyət kollektivlərinə ümumrayon baxış müsabiqəsi keçirilmişdir. Bu müsabiqədə rayonun mədəniyyət müəssisələrini əhatə edən 88 özfəaliyyət kollektivi iştirak etmişdir ki, bu kollektivlər öz ətrafında 844 nəfər özfəaliyyət həvəskarını birləşdirmişdir. Ümumrayon baxış müsabiqəsinin qalibi olmuş 7 özfəaliyyət kollektivi və 24 özfəaliyyət həvəskarı rayon mədəniyyət və turizm şöbəsinin, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Rayon Komitəsinin və Qızıl Aypara Cəmiyyəti Rayon Komitəsinin Diplom və Fəxri Fərmanları ilə təltif edilmiş, qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. Şöbəmiz Turizm Nazirliyi tərəfindən təşkil edilmiş bir sıra müsabiqə və baxışlarda iştirak etmişdir. Uşaq İncəsənət məktəbinin xor kollektivi aprel ayında Ağcabədi rayonunda keçirilən Uşaq Xor kollektivlərinin VI Respublika müsabiqəsində müvəffəqiyyətlə çıxış edərək Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif edilmişdir.
2009-cu il may ayının 15-dən iyun ayının 15-dək Şəki şəhərində dekorativ tətbiqi sənət ustalarının əl işlərindən ibarət Respublika sərgisi təşkil olunmuş və sərgidə Ucar Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən təsdiq edilmiş 5 əl işi müvəffəqiyyətlə nümayiş etdirilmişdir. Eyni zamanda, may ayında Milli musiqi alətləri ifaçılarının Mingəçevir şəhərində keçirilən simli alətlər və Yevlax şəhərində keçirilən zərb alətləri üzrə müsabiqəsində iştirak edilmişdir. Sentyabr ayında Lənkəran şəhərində keçirilən C.Cabbarlının anadan olmasının 110 illiyinə həsr olunmuş IV Respublika müsabiqəsində iştirakçımız müsabiqənin birinci turunda qalib çıxmışdır.
Ötən ilin oktyabr ayında Bərdə şəhərində bədii özfəaliyyət müsabiqələrinin qaliblərinin Respublika üzrə yekun konsertində rayon üzrə qalib olmuş Salmanova Sevinc Fərhad qızı müvəffəqiyyətlə çıxış edərək Mədəniyyət və Turizm nazirinin fəxri fərmanı və qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır.
Kitabxanaların xətti ilə kitabxana xidməti sahəsində xeyli iş görülmüşdür. Tarixi və əlamətdar günlərin qeyd edilməsi ilə yanaşı, təqvim planına uyğun olaraq görkəmli şair və yazıçılarımızın yaradıcılıqlarına həsr edilmiş kitab müzakirələri, kitab sərgiləri və sair tədbirlər hazırlanıb həyata keçirilmişdir. İl ərzində kitabxanaların xidmətindən 31279 nəfər oxucu istifadə etmişdir ki, onların ixtiyarında 318420 nüsxə kitab olmuşdur. 2009-cu ildə Respublika Prezidentinin Administrasiyası tərəfindən 1544 nüsxə, cəmi 46140 nüsxə latın qrafikası ilə çap olunmuş, kitab gətirilərək oxucuların istifadəsinə verilmiş, kitabxanalara ulu öndər Heydər Əliyevin "Müstəqilliyimiz əbədidir" adlı 60 nüsxə kitab alınaraq paylanılmışdır.
Rayon əhalisinə 2539 ədəd eksponatı olan Tarix-Diyarşünaslıq muzeyi mədəni xidmət göstərmişdir. Muzeydə 18 bölmə fəaliyyət göstərir. Ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətini, eləcə də erməni işğalçılarına qarşı aparılan müharibədə və milli azadlıq mübarizəsində şəhid olmuş həmyerlilərimizin döyüş yollarını əks etdirən bölmə daima diqqət mərkəzində olmuşdur. İl ərzində muzeyə 77 ədəd eksponat əlavə edilmişdir.
2007-ci ildən fəaliyyətə başlayan Heydər Əliyev muzeyində 172 ədəd eksponat saxlanılır. İl ərzində muzeydə 27 tədbir həyata keçirilmiş, muzeyə gələnlərin sayı 3150 nəfər olmuşdur. Son 3 il ərzindəki fəaliyyətini nəzərə alaraq mədəniyyət və turizm nazirinin əmri ilə 2010-cu ilin yanvar ayında Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Tarix-Diyarşünaslıq muzeyinin yaxşı fəaliyyəti nəzərə alınıb 4-cü qrupdan 3-cü qrupa endirilmiş, bu da işçilərin əmək haqqının artırılmasına gətirib çıxarmışdır.
"Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Respublika Prezidentinin 14 aprel 2009-cu il tarixli fərmanının icrasını təmin etmək məqsədi ilə rayon mədəniyyət və turizm şöbəsi tərəfindən 2009-cu ildə rayonun mədəniyyət müəssisələrində bir sıra işlər görülmüşdür.
İl ərzində Rayon Mədəniyyət evində 3779 manatlıq, Mərkəzi rayon kitabxanasında 9500 manatlıq, Tarix-Diyarşünaslıq muzeyində 2500 manatlıq, İncəsənət məktəbində 1600 manatlıq, Mərkəzləşdirilmiş mühasibatlıqda 275 manatlıq əsaslı və cari təmir işləri aparılmış, Quləbənd kənd Mədəniyyət evində 11221 manatlıq təmir işləri aparılmış və aparılması davam etdirilir. Ümumilikdə il ərzində rayonun mədəniyyət müəssisələrində 28875 manatlıq əsaslı və cari təmir işləri aparılmışdır. Lakin bu işin tam həlli demək deyil. Bütün bunlarla yanaşı Alpout, Bərgüşad, Müsüslü, Bağman, Lək, Küçəkənd kənd Mədəniyyət evlərinin və Uşaq İncəsənət məktəbinin əsaslı təmirinə böyük ehtiyac var.
Ancaq təəssüflə qeyd edim ki, 2009-cu ildə nöqsan və problemlərimiz də az olmamışdır. Kənd yerlərində fəaliyyət göstərən müəssisələrdə keçirilmiş bir sıra tədbirlərin səviyyəsi aşağı olmuşdur.
Rayon icra hakimiyyəti başçısı Arzu Qafurovun hesabat məruzəsində ünvanımıza söylədiyi nöqsanları tam səmimiliyi ilə qəbul edirik və çalışacağıq ki, ötən ilki nöqsanlarımızı bu il təkrar etməyək. Ümumiyyətlə, rayon mədəniyyət və turizm şöbəsi bundan sonra işini günün tələbləri səviyyəsində qurmaq üçün bütün mövcud imkanlardan bacarıqla istifadə edəcəkdir. Bu isə bizim kollektivin ölkəmizin ümumi inkişafına töhfəsi olacaqdır. Çünki biz mədəniyyətimizi təbliğ və inkişaf etdirməklə bərabər xalqımıza və dövlətimizə xidmət edirik.

{nl}

Qiyas RƏHİMOV, Ucar Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında