Nərimanov rayonunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anıldı

Xalqımızın qan yaddaşına əbədi həkk olunmuş qanlı yanvar hadisəsindən 23 il ötür. Bu günlərdə ölkəmizin hər yerində sovet imperiya rəhbərlərinin xalqımıza qarşı törətdikləri bəşəri cinayət lənətlənir, Vətən uğrunda canlarından keçmiş istiqlal mücahidlərinin ruhları ehtiramla yad olunur.

Dünən paytaxtın Nərimanov rayonundakı 45 saylı orta məktəbdə qanlı Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı anım mərasimi keçirildi. Nərimanov rayonunda yaşayan 20 Yanvar şəhid ailələrinin, rayon rəhbərliyi və məktəbin müəllim-şagird kollektivinin iştirak etdikləri mərasim dövlət himninin səsləndirilməsi ilə başlandı. Sonra 20 Yanvar hadisələri zamanı lentə alınmış videokadrlardan hazırlanmış sənədli film nümayiş etdirildi.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tədbiri giriş sözü ilə açaraq 20 Yanvar faciəsinin baş verməsinin siyasi səbəbləri, eləcə də ağır mənəvi, psixoloji və sosial nəticələri barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, keçmiş sovet imperiyasının sonuncu rəhbərliyinin Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik və düşmənçilik siyasətindən başlıca məqsəd Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının gerçəkləşməsinə münbit şərait yaratmaqdan ibarət olmuşdur. A. Fərzəliyev daha sonra bildirdi ki, 23 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun zirehli texnikası və müasir silahlarla təchiz olunmuş əsgərləri dinc insanlara qarşı ağlasığmaz vəhşiliklər törətmişlər. Bu vəhşi aksiya nəticəsində çoxsaylı ölən və yaralananların olmasına baxmayaraq, imperiya cinayətkarları xalqımızın mübarizə əzmini qıra bilmədilər. O vaxt xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək 20 Yanvar faciəsini törədənləri kəskin ittiham etmiş və regionda baş verən siyasi proseslərin əsl mahiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Uzun illər bu hadisəyə siyasi qiymət verilmədiyini, bəzi maraqlı qüvvələrin qanlı cinayətin unudulmasına çalışdıqlarını diqqətə çatdıran natiq bildirdi ki, yalnız ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra 20 Yanvar faciəsinə əsl siyasi-hüquqi qiymət verilmişdir. A. Fərzəliyev onu da qeyd etdi ki, zaman etibarilə o müdhiş gecədə baş vermiş qanlı olaylardan uzaqlaşsaq da, xalqımız Vətən şəhidlərini heç vaxt unutmur, ruhlarını həmişə yad edir. Xalqımızın milli-azadlıq hərəkatının ən parlaq səhifələrindən birini yazmış 20 Yanvar şəhidlərinin misilsiz qəhrəmanlıqlarının yetişməkdə olan gənc nəslimiz üçün örnək rolunu oynadığını diqqətə çatdıran A. Fərzəliyev faciəyə məruz qalmış ailələrə göstərilən dövlət qayğısından bəhs etdi.

Azərbaycan xalqına, 20 Yanvar faciəsinin günahsız qurbanlarının yaxınlarına dərin hüznlə başsağlığı verən 20 Yanvar Şəhid Ailələri Cəmiyyəti Nərimanov rayon şöbəsinin müdiri Müxəstə Həsənova çıxış edərək bildirdi ki, Vətən və torpaq uğrunda həlak olanlar şəhidlik zirvəsini fəth edib öz xalqının qəlbində əbədi yaşayırlar. 20 Yanvar Azərbaycan xalqı üçün qanlı faciə olmaqla yanaşı, müstəqillik uğrunda mübarizə tarixinin şərəfli salnaməsidir. O, dövlətimiz tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirdi.

Sonda məktəb şagirdlərinin ifasında qanlı yanvar faciəsinin dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

Mərasimdə, həmçinin 20 Yanvar şəhidlərinin ailələrinə maddi yardım göstərildi.

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında