Leyla Yunus dünya erməniləri ilə əmakdaşlığı daha da genişləndirir

 

Böyük Azərbaycan şairi Abbas Səhət “Vətəni sevməyən insan olmaz, olsa da o şəxsdə vicdan olmaz” – deyib. Böyük həqiqətlərin ifadə olunduğu bu misralardan çıxış edərək deyə bilərik ki, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus kimilər də nə insanlıqdan əsər-əlamət qalıb, nə də ən müqəddəs bəşəri duyğu olan vicdandan. İnsan doğulub boya-başa çatdığı Vətənini, doğma xalqını, millətini, dövlətini satırsa, ona çirkin əməlləriylə xəyanət edirsə, bu, dəhşətlidir.

Leyla Yunus hər kəlməsində Bakıda doğulduğunu, azərbaycanlı olduğunu və guya, bu Vətəni çox sevdiyini söyləyir. Amma elə əməllərə qol qoyur ki, insanlar nifrət edirlər. Hər birimizin şahidi olduğu son “hadisə” də dediklərimizi təsdiqləyir. Belə ki, ötən ilin sonunda Ermənistanın “Yerkramas” qəzeti L.Yunusun bir açıqlamasını yaymışdı. Həmin açıqlamada L.Yunus demişdi ki, 2013-cü ilin yanvar ayında Bakıda və İrəvanda ilk erməni-Azərbaycan birgə internet veb-saytının rəsmi təqdimatı olacaq. Onun sözlərinə görə, “İctimai müzakirələr” adlanan bu internet resursu iki ölkənin iki QHT-sinin — Sülh və Demokratiya İnstitutunun və Ermənistanın “Region” Araşdırmalar Mərkəzinin uzun illər davam edən əməkdaşlığının nəticəsi olaraq ortaya çıxır. Doğrusu, bu xəbəri oxuyanda inanmadım və düşündüm ki, hər halda bu, ermənilərin növbəti dezinformasiyasıdır. Çünki nədənsə, məndə belə bir əminlik vardı ki, L.Yunus azərbaycanlıdır və hər bir azərbaycanlının, Azərbaycan vətəndaşının ən birinci vəzifəsi öz xalqının, dövlətinin marağını qorumaqdır. Özümə təsəlli verərək düşündüm ki, əvvəllər bu xanım nə qədər xəyanət xarakterli əməllərə qol qoysa da, xəyanətin ən iyrənc və şərəfsiz “həddinədək irəliləməz”. L. Yunus bunu da etdi...

Böyuk Britaniyanın Azərbaycan və Ermənistandakı səfirliklərinin dəstəyi ilə yeni birgə sayt yaradıldı. Ötən günlərdə www.rublicdialogues.info saytının İrəvanda təqdimat mərasimi keçirildi. Yanvarın 18-də saytın Bakıda da təqdim olunması planlaşdırılıbmış. Layihə guya, erməni və Azərbaycan ictimaiyyəti arasında qarşılıqlı inamın bərpa edilməsinə xidmət edəcək. Bu saytın hansı məqsədə xidmət edəcəyi və kimlərin dəyirmanına su tökdüyü isə yaydığı ilk müsahibədən bəlli oldu. Ermənilərin təbliğat maşını işə düşən kimi “azərbaycanlı” və erməni jurnalistlər Ermənistanın “İrs” partiyasının sədri Raffi Ovannisyandan müsahibə alıblar. Partiya lideri əvvəldən müəyyənləşdirildiyi kimi, müsahibədə Azərbaycanın işğal altındakı ərazilərini dərhal “Dağlıq Qarabağ Respublikası” kimi təqdim etməklə ilk təbliğat və təxribat xarakterli açıqlamasını verib.

Görünür, Raffi Ovannisyan ermənilər üçün göydəndüşmə olan bu “elektron vasitədən” faydalanmaq üçün, hətta xəyallarından, sayıqlamalarından belə danışmağa başlayıb. O, Azərbaycan və Dağlıq Qarabağ arasında sərhədlərin demarkasiyasından, mehriban qonşuluq münasibətlərindən “ürəkdolusu” dəm vurub. Maraqlı burasıdır ki, bu dığadan müsahibə alanların içərisində olan “azərbaycanlı” jurnalist Raffi Ovannisyana münaqişə ilə bağlı bir dənə də olsun sual verməyib, ancaq Ermənistandakı siyasi vəziyyət və prezident seçkiləri ilə bağlı suallar ünvanlayıb. Bəlkə, istəsəydi də verə bilməzdi, çünki ehtimal ki, onun və bu sayt üçün çalışan digərlərinin qarşısına bir şərt qoyulub: erməni təbliğat maşınının diktə etdiyi istiqamətlərdən kənara çıxmamaq.

Buradan bir daha açıq görünür ki, Leyla Yunusun ermənilərlə müttəfiqliyi, dostluğu sırf Azərbaycan Respublikasına, onun taleyüklü milli maraqlarına qarşı yönəlib. Bu kimi ünsürlər və onların məlum himayəçiləri unudurlar ki, Azərbaycan xalqı bu səviyyədə ucuz və şərəfsiz təbliğatın məqsəd və məramını onlardan da yaxşı bilir və erməni lobbisinin, eyni zamanda, lobbinin təsir dairəsində olan anti-türk dairələrin cəhdləri yenə də iflasa uğrayacaqdır. Leyla yunuslar və tərəfdaşları o qədər kiçik, cılız və acizdirlər ki, nə dedikləri, nə düşündükləri, hansı mövqedə olmaları Azərbaycan ictimaiyyəti üçün heç bir maraq kəsb etmir. Azərbaycan xalqı hər bir nüansı, hər bir addımı dəyərləndirə bilən bir cəmiyyətdir və xalqımız düşmən dəyirmanına su tökən istər xarici maraqlı dairələri, istərsə də daxilimzdəki ləyaqətsizləri yaxşı tanıyır, bunların çirkin əməllərini düzgün qiymətləndirə bilir. Ona görə də əminik ki, cəmiyyət, ictimaiyyət nümayəndələri L.Yunus kimi antimilli ünsürlərin xəyanətkar fəaliyyətinə son qoyulmasını tələb edəcək və onlara layiq olduğu münasibəti göstərəcəkdir.

Reallıq budur ki, “hüquq müdafiəçisi” adı ilə maskalanmış L.Yunus həmişə Azərbaycan dövlətçiliyinə qarşı mübarizə aparıb, bu işdə xarici düşmən qüvvələrlə, o cümlədən ermənilərlə də işbirliyindən çəkinməyib. Əslində, özü də etiraf edib ki, onun ermənilərlə işbirliyinin tarixi “qədimdir”. Demək ki, hər dəfə Azərbaycan xalqının, dövlətinin əleyhinə aparılan kampaniyaların mənbəyi də elə ermənilərə və ya ermənipərəst anti-Azərbaycan dairələrə gedib çıxır. Bu zaman sual meydana çıxır, görəsən, L.Yunus bütün bu illər ərzində ermənilərlə dostluq, müttəfiqlik etdiyi müddətdə Azərbaycan vətəndaşı olduğunu xatırlayıbmı? Bu ölkədə yaşadığını, öz xalqını satdığını anlayıbmı? Yoxsa, pul, mal-dövlət, erməni lobbisinin onun üçün xarici ölkələrdə yaratdığı şərait, anti-Azərbaycan dairələrindən aldığı qrantlar gözünü o qədər bağlayıb ki, artıq heç nəyi görmür?

L.Yunus bir azərbaycanlı olaraq Xocalı soyqırımını törədənlərlə, Azərbaycan torpağını işğal edib xalqımızı öz yurdundan, evindən didərgin salanlarla, illərdir ki, bu işğalı davam etdirənlərlə tərəfdaşlığı, əməkdaşlığı hər hansı bir arqumentlə əsaslandıra, necə deyərlər, özünü süddən çıxmış ağ qaşıq kimi göstərə bilməz. Çünki reallıq ortadadır: bu layihəni həyata keçirənlərin əsas məqsədi məhz Azərbaycan ictimaiyyəti arasında erməni təbliğatını aparmaq və bizim cəmiyyətimizə təslimçiliyi aşılayan arqumentlər sırımaq, Dağlıq Qarabağın “müstəqil respublika” olması yalanını həqiqət kimi qəbul etdirməkdir.

Faktdır ki, L.Yunus erməni lobbisinin etibarlı tərəfdaşı kimi, Azərbaycanda baş verən hər hansı hadisəni qərəzli şəkildə qabardaraq beynəlxalq təşkilatların və xarici medianın diqqətini buna cəlb etmək və ölkəmizi qara rəngdə göstərmək üçün əlindən gələni edib. Biz dəfələrlə bunun şahidi olmuşuq. Nə vaxt ki, ölkəmiz beynəlxalq aləmdə böyük uğur qazanıb və erməni lobbisinin “ayağı titrəyib” dərhal Leyla yunus kimilər meydana atılıb, Azərbaycanın dünyadakı imicinə zərbə vurmağa çalışıb. Heç uzağa getməyə ehtiyac yoxdur. Keçən ilin may ayında baş tutan “Eurovision-2012” musiqi yarışmasından öncə və tədbir davam etdiyi müddət ərzində L.Yunus və erməni lobbisinin Azərbaycandakı digər əlaltıları minbir cildə girərək ölkəmizə ləkə yaxmağa çalışdılar. “Beşinci kolon”un digər elementi olan bir neçə QHT-dən ibarət şəbəkə “Demokratiya naminə musiqi” kampaniyası adı altında müxtəlif tədbirlər təşkil edərək beynəlxalq ictimaiyyətdə, guya, Azərbaycanda insan haqlarının pozulduğu, söz və məlumat azadlığının məhdudlaşdırıldığı haqda rəy formalaşdırmağa çalışdılar. Leyla Yunus, Emin Hüseynov və digər antimilli ünsürlər aldıqları qrantların müqabilində Azərbaycana düşmən xarici qüvvələrin vassalı rolunda çıxış etdilər.

Leyla Yunus o qəbil insanlardandır ki, siyasi məhbuslardan da pul qazanmağa çalışır. O, heç bir əsas olmadan 2007-ci ildə dövlət çevrilişinə cəhddə ittiham olunan Səid Dadaşbəylinin dəstəsini siyasi məhbus elan etmişdi. Maraqlı məqam budur ki, Leyla Yunus və əri Yunus Arif “siyasi məhbus” siyahısını ayrı-ayrılıqda tərtib edirlər, özü də bir-birindən tam fərqli. Qeyd edək ki, 2003-cü ildə 15-16 oktyabr iğtişaşlarından sonra Leyla Yunusun siyasi məhbus alveri bir qədər zəifləmişdi. 2005-ci il parlamet seçkilərindən istifadə edən Leyla Yunus və həyat yoldaşı Yunus Arif siyasətə aidiyyatı olmayan insanların da xarici ölkələrdən siyasi sığınacaq alınmasında rol oynamışdı. Son dövrlər ölkədə normal siyasi proseslər bu ailənin “bazarına” böyük problemlər yaradıb. Ona görə də, daha fərqli istiqamətlərə yönələrək, “daşdan da pul çıxarmağın” yollarını axtarırlar və görünən odur ki, tapıblar.

Bir məqaləsində politoloq Zərdüşt Əlizadə yazmışdı ki, Leyla Yunusun həyat yoldaşı ermənidir. Leyla Yunus isə ötən il daha maraqlı açıqlama verərək özünün necə xəyanət timsalı olduğunu bir daha sübut etmişdi: “20 ildir ki, deyirlər biz erməniyik. Mən bu ilin sonuna qədər elə şeylər yazacam ki, bizə nəinki erməni deyəcəklər, hətta başqa ittihamlar da səsləndirəcəklər”. Bəli, “hüquq müdafiəçisi” dediyini edir. Ermənilərlə növbəti işbirliyi layihəsini həyata keçirir. Yəqin ki, erməni lobbisi – Leyla Yunus əməkdaşlığının yeni-yeni nümunələrini önümüzdəki günlərdə də görə biləcəyik.

 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında