Ölkə rəhbərliyinin apardığı inkişaf və tərəqqi siyasətinin nəticəsidir ki, bu gün Bakı şəhəri və onun ətraf qəsəbələri çox böyük sürətlə inkişaf edir. Qəsəbələrdə bir sıra sosial yönümlü obyektlər istifadəyə verilir, kommunikasiya xətləri yeniləşir, ərazilər abadlaşır. Ötən 2012-ci ildə Səbail rayonunun Badamdar qəsəbəsində də bu istiqamətdə bir sıra işlər görülmüşdür.
Səbail Rayon İcra Hakimiyyəti başçısının Badamdar Qəsəbə Nümayəndəliyinin 2012-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağında ötən il qəsəbədə görülmüş işlərdən söz açılmış, qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları müzakirə olunmuş və 2013-cü il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.
Hesabat məruzəsi ilə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Natiq Bağırov bildirmişdir ki, hazırda ərazidə 23 min 600 nəfər əhali yaşayır, burada həmçinin 2196 nəfər məcburi köçkün məskunlaşmışdır.
2012-ci il qəsəbə üçün çox əlamətdar olmuşdur. İyun ayının 22-də qəsəbədə Heydər Əliyev Parkı əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilmiş və burada ulu öndərin əzəmətli büstü ucaldılmışdır. Parkın açılış mərasimində ölkə başçısı İlham Əliyev iştirak etmişdir. Həmçinin ölkə başçısının sərəncamına əsasən, Badamdar qəsəbəsində 120 yerlik uşaq bağçası və 880 şagird yerlik orta məktəbin tikintisi başa çatdırılmış, sentyabr ayının 4-də Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimləri keçirilmişdir. Məktəb və uşaq bağçasında yaradılan şəraitlə tanış olan Prezident burada görülən işləri yüksək qiymətləndirmişdir. Noyabr ayının 12-də isə qəsəbədə Prezidentin iştirakı ilə daha bir mühüm obyektin — Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalının açılış mərasimi keçirilmişdir.
Hesabat ili ərzində Badamdar qəsəbəsində Mikayıl Müşviq küçəsində Botanika bağının hasarları yenidən tikilib üzlənmiş, Badamdar şossesi boyunca yeni istinad divarı çəkilmişdir. Neftçilər döngəsindəki 5 və 7 saylı binalar üzlənib təmir olunmuş, həmin küçədə daha 3 binanın təmiri ilə bağlı işlərə başlanmışdır.
May ayında Sahib İbrahimxəlilov küçəsi – 1 ünvanda, sentyabr ayının 21-də isə Neftçilər döngəsi – 7 ünvanda növbəti “Abad həyət”lər sakinlərin istifadəsinə verilmişdir. “Könül” körpələr evində əsaslı təmir işləri aparılmış, qəsəbədə özəl “Ahu” uşaq bağçası açılmışdır.
RİH tərəfindən Badamdar qəsəbəsində təsərrüfat xidməti işçiləri üçün 2 mərtəbəli xidməti yaşayış binası inşa olunmuşdur.
Badamdar şossesindəki mağaza, ofislər və iaşə obyektlərinin fasadlarında təmir işlərinin aparılması, divarlara aqlay daş döşənməsi, Bakı - Oksford məktəbi üçün yeni tədris korpusunun tikintisi sürətlə davam edir.
Qəsəbədə hər həftənin şənbə günlərində kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunur. Ötən il Səbail Rayon Elektrik Təchizatı və Satışı İdarəsi, Qaz İstismar Sahəsi və Sukanal Departamenti tərəfindən nəzərdə tutulan tədbirlər tam həcmdə həyata keçirilmişdir. 3-cü yaşayış massivində 4 yeni su anbarları tikilmiş, digərlərinin də tikintisi davam edir.
Keçən il Qurban, Ramazan və Novruz bayramlarında rayon icra hakimiyyəti və Badamdar Bələdiyyəsinin imkanları hesabına qəsəbədə məskunlaşmış köçkün, şəhid ailələri, Qarabağ əlilləri, kimsəsiz və imkansız olan ümumilikdə 500 ailəyə ərzaq paylanmışdır.
Yığıncaqda çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Badamdar qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışmışdır. O bidirmişdir ki, RİH tərəfindən görülən işlərdən əlavə, “Abad həyət” layihəsi çərsivəsində digər məhəllələr də abadlaşdırılacaq, məhəllədaxili yollar təmir olunacaq, qəsəbədə yeni xəstəxana, ATS binası və idman kompleksinin tikintisinə başlanacaq, su və kanalizasiya şəbəkələrinin yenidənqurulması işləri həyata keçiriləcəkdir.
Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılmışdır.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.