Bu il Ekologiya ilidir

Çimərliklərimizdə "Mavi bayraq" görsəniz...
İyunun 15-dən Azərbaycanda çimərlik mövsümü başlayıb. Hər il olduğu kimi bu il də Respublika Gigiyena və Epidemiologiya Mərkəzi mövsümə xəbərdarlıqla başladı: "Şıx və Sahil qəsəbələrindəki və Xəzər dənizinin Sumqayıt şəhərinin ərazisinə düşən hissəsində çimərliklərdə çimmək qadağan edilir".
Şıx çimərliyi isə ardıcıl olaraq beş ildir ki, çimmək üçün zərərli hesab olunur. Qadağaya nəzarəti bu çimərliklərdə fəaliyyət göstərən dövlət və özəl obyektlərin rəhbərliyi, eləcə də polis orqanları həyata keçirəcək.
Səhiyyə Nazirliyinin saytına girsəniz bu qadağalarla daha ətraflı tanış olarsınız.
Əlbəttə ki, bu xəbərdarlığı nəzərə alanlar da var, qulaqardına vuranlar da. Bəlkə Siz də bunun şahidinə və ya iştirakçısına çevrilirsiniz. Əhalinin bəlkə 5 faizinin heç bu xəbərdarlıqdan xəbəri də yoxdur. Lakin mənim yazımın mövzusu suyun çirkli olması və ya sanitar qaydalara cavab verməsi deyil. Çünki dənizdə çimənlər suyun təmizliyini adi gözlə də qiymətləndirə bilərlər. Bunun üçün heç labaratoriya da lazım deyil. Sözüm budur ki, dünyada çimərliklərin vəziyyəti Gigiyena və Epidemiologiya Mərkəzlərinin xəbərdarlığı ilə deyil, Ekoloji Təhsil üzrə Beynəlxalq Federasiya (Foundation for Environmental Education - FEE) tərəfindən verilən "Mavi bayraq" keyfiyyət sertifikatı ilə müəyyənləşdirilir. Bizim çimərliklər bu standartlara cavab verir, ya yox? - bunu ekoloqlarımız, bu sahənin mütəxəssisləri daha yaxşı bilər. Sadəcə olaraq dünyanın 60 ölkəsi bu sertifikatı almaq uğrunda mübarizə aparırsa, məhz Ekologiya ilində ölkəmizdə də bu məsələnin gündəmə gətirilməsi məqsədəuyğun olardı. Ən azı daxili turizmin inkişafı baxımından.
İlk dəfə bu çimərliklərin keyfiyyət sertifikatını - "Mavi bayraq"ı 1985-ci ildə fransızlar icad ediblər. 1987-ci ildə bütün Avropa bu fransız dəbinin qarşısında tab gətirməyərək Avropa Birliyinin şəxsində, daha sonra isə dünya ölkələri bu proqrama qoşulublar. Hazırda, 60 ölkə bu adı almaqda israrlıdır. Çimərliklərdən əlavə bu sertifikat kater və yaxtalar üçün nəzərdə tutulan kiçik limanlara da şamil edilir və 1 il müddətinə verilir. Bir ildən sonra çimərlik və liman yenidən Ekoloji Təhsil üzrə Beynəlxalq Federasiyaya (FEE) "Mavi Bayraq"ı quma sancmaq üçün müraciət etməli, yoxlamadan keçməlidir. Sertifikatların yenilənmə dövrü Şimal yarımkürəsində yerləşən ölkələr üçün iyunun 5-nə, Cənub yarımkürəsi və Karib hövzəsi ölkələri üçün noyabrın 1-nə təsadüf edir.
Bəs istirahət edənlərə "Mavi bayraq" nələri vəd edir:
- Çimərliyə giriş sərbəst olmalıdır.
- Su təmiz olmalı və hər həftə testdən keçirilməlidir.
- Zibil yığılmalı, qum təmizlənməlidir.
- Çimərlikdə müşahidə və xilasetmə xidməti olmalıdır.
- Zəruri hallarda, təxirəsalınmaz yardım çimərlikdə göstərilməlidir.
- Duş kabinələri olmalıdır.
- Mühərrikli nəqliyyatın çimərlikdə hərəkəti qadağandır.
- Ev heyvanları başqa çimərliklərdən istifadə etməlidir.
Bu siyahını artıqmaq da olar. Belə ki, üst-üstə 29 qiymətləndirmə kriteriyası var. Tələblər çox ciddidir və ildən-ilə də bu qaydalar sərtləşdirilir. İstirahət edənlərə isə bu şərtləri bilmək elə də maraqlı deyil. Sadəcə olaraq çimərlikdə və ya kiçik limanda "Mavi bayraq"ın dalğalanması onların bütün suallarına yek cavabdır. Onu da qeyd edək ki, 2009-2010 -cu il çimərlik mövsümündə MDB ölkələri arasında bir çimərlik də "Mavi bayraq" almayıb. Təkcə Rusiya Federasiyasında, Sank-Peterburqda yerləşən 2 liman bu sertifikata layiq görülüb. 1-ci yerdə İspaniya (493 çimərlik, 79 kiçik liman), 2-ci yerdə Yunanıstan (419 çimərlik, 8 liman), 3-cü yerdə isə qardaş Türkiyə (279 çimərlik 14 liman) gedir. Ən çox bayraq alan limanlar (115 )isə Almaniyada yerləşir.

{nl}

Ölkələr Çimərlik Liman
Baham 0 3
Braziliya 1 0
Bolqarıstan 7 1
Kanada 4 3
Xorvatiya 114 20
Kipr 53 0
Danimarka 202 68
Dominikan respublikası 8 0
Finlandiya 0 23
Fransa 263 71
Almaniya 39 115
Yunanıstan 419 8
İslandiya 2 4
İrlandiya 74 2
İtaliya 225 60
Yamayka 5 1
Latviya 9 2
Litva 5 0
Malta 1 0
Çernoqoriya 19 0
Mərakeş 16 0
Hollandiya 41 65
Yeni Zellandiya 2 2
Norveç 3 8
Polşa 5 4
Portuqaliya 225 14
Puerto-Riko 6 2
Rumıniya 0 1
Rusiya Federasiyası 0 2
Sloveniya 6 2
CAR 27 0
İspaniya 493 78
İsveç 38 42
Tunis 5 1
Türkiyə 279 14
Böyük Britaniya 64 0
Belçika - Valloniya 1 0
Belçika - Flandriya 4 8
Ş.İrlandiya (B.Britaniya) 5 0
Şotlandiya (B.Britaniya) 6 1
Uels (B.Britaniya) 24 5

{nl}

Beləliklə "Mavi bayraq" çimərlik keyfiyyətinin etibarlı göstəricisidir. Mağazalarda, istehsal sahələrində "AZS" keyfiyyət nişanının olması çox gözəldir. Hər bir istehlakçının isə keyfiyyət sertifikatlarını tələb etmək hüququ var. Azərbaycanın qumlu sahillərində, göl qıraqlarında istirahət edənlərin yüksək keyfiyyət hüququnu isə yalnız "Mavi bayraq" qoruya bilər. "Mavi bayraq" sertifikatını ala bilsək, ona layiq çimərlik və limanlar yarada bilsək Azərbaycan həm də MDB ölkələri arasında bu ada layiq görülən ilk ölkə olacaq. Necə deyərlər, çimərliklərimizdə mavi bayraq görsəniz, bilin ki, ora təmizdir. Hələlik isə çimərliklərə istirahətə yollananları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bu mövsümlə bağlı xəbərdarlığına əməl etməyə çağırırıq.

{nl}

Mahir QABİLOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında