İkinci Dünya müharibəsinin veteranı Xankişi İsmayılov zabitəli görkəmi, möhkəm iradəsi ilə Qələbədən sonrakı illərin Ağdamında seçilən, xüsusi hörmət göstərilən adamlardan biri idi. O, ədalətli, intizamlı olması ilə ətrafdakılara ciddi, sirayətedici təsir göstərirdi. Xankişi müəllim özünə qarşı tələbkar olduğu kimi, başqalarına da güzəştə getmirdi. 1948-ci ildə belə bir ailədə dünyaya göz açan Eldar ağlı söz kəsib, dili söz tutandan atası ilə öyündü, onun kimi olmağa çalışdı.
O illərin yadigarı olan bir fotoşəkildə əsgər şineli geyinmiş əzəmətli kişiyə sığınmış 4 yaşlı oğlanın öyünclü baxışı hər şeydən çox diqqəti cəlb edir. Bu, tanınmış söz adamı, əməkdar jurnalist, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılovun 61 ilin o başından məchul, amma inamlı bir gələcəyə baxan işıqlı çöhrəsidir. Onun zəngin və mənalı ömür yoluna da elə bu məqamdan nəzər salaq.
O illərdə yeni nəslin elmi-mədəni inkişafında rus dilinin əhəmiyyətini yaxşı anlayan Xankişi müəllim Eldarın ana dili ilə yanaşı, bu dili də mükəmməl öyrənməsinin qayğısına qaldı. Atanın ictimai düşüncə sahibi, cəmiyyətə faydalı adam nümunəsi oğlunu da orta məktəb illərində əla oxumaqla yanaşı, bir sıra sahələrdə bacarıqlı olmağa yönəltdi. Eldar yaxşı rəsm və fotolar çəkir, divar qəzeti buraxır, rayon qəzetinə məqalələr yazır, idman, musiqi və poeziya ilə məşğul olur, texniki yaradıcılığa və bədii tərtibat məsələlərinə həvəs göstərirdi. Artıq o, rayonun ən istedadlı yeniyetmələrindən biri kimi tanınır, hər yerdə onu “müxbir” deyə çağırırdılar. Müəllimləri deyirdilər ki, Eldar hansı peşəni seçsə onun kamil bilicisi olacaq.
1966-cı ildə orta məktəbi bitirib Saratov Hüquq İnstitutuna daxil olsa da, jurnalistikaya olan qarşısıalınmaz maraq 18 yaşlı Eldarı Ağdamda çıxan “Lenin yolu” qəzetinə çəkib gətirdi. Həyat universitetinin yetişdirdiyi gənc yazar qəzetdə fotomüxbir kimi işə başladı. Tezliklə yazıları nəinki yerli qəzetdə, hətta Bakıda, Moskvada çıxan nəşrlərdə göründü. Respublika teleradiosunun çoxsaylı tapşırıqlarını yerinə yetirdi. Məktəblilər üçün foto-kino yaradıcılığı dərnəyi yaratdı. Az vaxtda rayonun ictimai-mədəni həyatında aparıcı rol oynayan ziyalılardan birinə çevrildi.
Bütün bunlarla yanaşı, Eldar Bakı Dövlət Universitetində qiyabi jurnalistika təhsili də aldı. O, rayonun rəhbər və nüfuzlu adamlarının rəğbətini qazandığı kimi, ali məktəb müəllimlərinin də sevimlisi oldu. Çoxsahəli fəaliyyəti, qazancını artıran yüksək qonorarları ilə Ağdam şəhərində özünə yaxşı güzəran quran, yaraşıqlı ev tikən Eldar rayona gələn ziyalı qonaqların üz tutduqları işıqlı ünvanlardan biri idi.
Yaradıcılığının ilk illərindən Eldar Azərbaycanda milli-mədəni aləmin tanınmış simaları olan Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Xudu Məmmədov, Nurəddin Rzayev, Zeynal Məmmədov, Yusif Əhmədov, Xəlil Rza, Məmməd Araz, Famil Mehdi, Cabir Novruz, Tofiq Bayram, Şahmar Əkbərzadə, Əbülfət Əliyev, Arif Babayev, Qədir Rüstəmov kimi insanlarla təkcə müsahib deyil, həm də dost-yoldaş oldu. O illərin və görüşlərin unudulmaz xatiratına Eldar müəllimin professionallıqla çəkdiyi çoxsaylı fotolar işıq salır.
Eldar İsmayılov aranlı-dağlı Qarabağın həyatı ilə bağlı mövzuları dərindən bildiyinə və mərkəzi KİV-də geniş işıqlandırdığına görə 1979-cu ildə Dövlət Teleradiosunun rəhbərliyi bölgəyə yeni müxbir təyin edəndə onun namizədliyinə üstünlük verdi. O bu məsul işi Ağdamın işğalınadək uğurla yerinə yetirdi. Bu müddətdə Eldarın Dağlıq Qarabağda milli maraqlarımıza ayıq yanaşması tez-tez ermənilərin gizli niyyətləri ilə toqquşmuşdu. Münaqişə və müharibə dövründə isə o həmişə qaynar nöqtələrdə olmuş, dəfələrlə həyatı təhlükədə qalmışdı.
1993-cü ildən məcburi köçkünlük taleyi yaşayan, doğma Ağdamından perik düşən jurnalist qələmini yerə qoymamış, erməni xəyanətlərini və təcavüzün ağır nəticələrini ölkəmizdən kənarda da açıb göstərmək üçün mübarizəsini davam etdirir. Bu işdə 1995-ci ildə Eldar İsmayılovun təşəbbüsü ilə yaradılmış və o vaxtdan onun rəhbərlik etdiyi Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının fəal beynəlxalq əlaqələri geniş imkanlar yaradır.
Həmyerlimiz Dünya və Avropa idman jurnalistləri təşkilatlarının rəhbər qurumlarındakı təşəbbüskar fəaliyyəti ilə ölkəmizin idman uğurlarının artmasına çalışır. Onun təklifi ilə Bakıda bir sıra beynəlxalq idman və media tədbirləri keçirilmişdir. Bu sıradan Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 90 illiyinə həsr olunacaq 77-ci konqresinə də paytaxtımız ev sahibliyi edəcək.
65 yaşın tamamında tanınmış Azərbaycan jurnalistinin ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması, özünün isə doğma yurda qayıdıb sönmüş ata-baba çırağını yenidən yandırmasıdır. Həmkarımıza səmimi təbrikimizə bu arzusuna qovuşmasını da əlavə edirik.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.