İtaliyanın Genuya şəhərində, Liquriya, Pyemont, Valle d"Aosta və Lombardiya regionlarında Azərbaycanın fəxri konsulu, Azərbaycan-İtaliya Ticarət Palatasının prezidenti Marqarita Kostanın rəhbərliyi ilə bu ölkənin bir qrup iş adamı yaxın vaxtlarda Bakıda səfərdə olarkən AzərTAc-a məlumat vermişdir.
Marqarita Kosta 2001-2005-ci illərdə İtaliyanın Azərbaycanda səfiri olmuşdur. Xalqımızın qonaqpərvərliyi, mehribanlığı, həqiqətpərəstliyi və insanpərvərliyi onda Azərbaycana böyük məhəbbət hissi yaratmış, hətta hazırda 10 yaşı olan azərbaycanlı Raufu övladlığa götürmüşdür.
Xanım Marqarita Kosta 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə İtaliyanın Genuya şəhərində, Liquriya, Pyemont, Valle d"Aosta və Lombardiya regionlarında Azərbaycanın fəxri konsulu təyin edilmişdir.
Söhbətə Azərbaycan xalqına hədsiz məhəbbəti barədə fikirlərlə başlayan Marqarita xanım demişdir ki, ölkəmizi çox sevir, çünki burada çoxsaylı dostları vardır. Bakıya hər gəlişində onu bir-birindən gözəl yeniliklərin heyran qoyduğunu söyləyən xanım tikilən yolların, körpülərin, salınan parkların, yenidən qurulan və inşa olunan binaların, ümumiyyətlə aparılan geniş quruculuq işlərinin insanı heyran etdiyini vurğuladı. Buradakı səliqə-sahman, təmizlik, illüminasiyalar öz gözəlliyi ilə ilk baxışda diqqəti cəlb edir. Buraya hər səfərimdə gördüyüm yeniliklər məni həddindən artıq sevindirir.
Son səfəri zamanı onunla birlikdə Bakıya gələn "Liquriya İnternational" şirkətinin prezidenti Franko Aprile, "Genuya Dünya Ticarət Mərkəzi"nin direktoru Petro Kosta və "R2 Marinas" şirkətinin prezidenti Corco Riketti belə gözəl ölkə ilə onları tanış etdiyinə görə, xanım Kostaya hədsiz təşəkkürlərini bildirmişlər.
Mərkəzi Genuya şəhərində yerləşən Azərbaycan-İtaliya Ticarət Palatasının fəaliyyəti haqqında məlumat verən Marqarita Kosta bildirmişdir ki, məqsədimiz Azərbaycanı İtaliyada daha geniş təbliğ etməkdir. Bu sahədə Azərbaycan səfirliyinin xüsusi xidmətlərini qeyd edən xanım, ilk dəfə 2 ay bundan əvvəl səfirliyin dəstəyi ilə Genuya şəhərində ölkəmiz haqqında təqdimatın təşkil edildiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, İtaliya Ticarət Palatasının dəstəyi ilə təşkil olunan bu təqdimat ilk dəfə keçirilməsinə baxmayaraq, yerli sakinlər tərəfindən böyük maraqla qarşılanmışdır.
İtaliyanın öz nanotexnologiyaları, maşınqayırma sənayesi, dənizçilik və liman işinin təşkili sahəsində təcrübəsi ilə Azərbaycan üçün maraqlı olduğunu, eyni zamanda ölkəmizin də italiyalılar üçün karbohidrogen ehtiyatları ilə yanaşı, müasirliyi, incəsənəti, mədəniyyəti, tarixi, ekoloji təmiz məhsulları ilə cəlbediciliyini vurğulayan Marqarita xanım hər iki ölkənin əməkdaşlığa can atdığını qeyd etmişdir.
Son səfər haqqında məlumat verən xanım bildirmişdir ki, qurumun baş katibi Əli Nəzərovun da daxil olduğu nümayəndə heyəti Bakıda Sənaye və Energetika, Xarici İşlər, Mədəniyyət və Turizm nazirliklərində, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda, Azərbaycan Sahibkarlar Konfederasiyasında olmuş, bir-birindən maraqlı görüşlər keçirmişdir. Həmin görüşlər zamanı Azərbaycanın iqtisadi potensialı, eləcə də Azərbaycan ilə İtaliya arasında iqtisadi və ticari sahələrdə mövcud əməkdaşlıq imkanları, mədəni əlaqələrin inkişaf etdirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir. Bu görüşlərdə əməkdaşlıq əlaqələrinin hər iki ölkənin maraqlarına xidmət etdiyi və gələcəkdə daha da intensivləşdirilməsinin əhəmiyyəti vurğulanmışdır. Xüsusən, mədəniyyət və turizm sahəsində irəli sürülmüş ideyaların bir çox nəhəng layihələrin reallaşmasına verəcəyi qeyd edilmişdir. İtaliyada Azərbaycanın daha geniş təbliği məqsədi ilə konsert proqramlarının təşkili, ölkəmiz, onun turizm imkanları haqqında İtaliya dilində kitabların, soraq kitabçalarının, CD disklərin kütləvi tirajlarla nəşri və yayılması, bununla yanaşı, iqtisadi sahədə iri şirkətlərin investisiyalarının cəlb edilməsi məqsədi ilə onların Azərbaycana səfərlərinin təşkili barədə razılıq əldə olunmuşdur.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin iki ay öncə Vatikanda təşkil etdiyi konserti xatırladan xanım Kosta italiyalıların mədəniyyətimizə, vokal sənətinin azərbaycanlı məşhur ifaçılarına necə heyranlıqla qulaq asdıqlarını xüsusi vurğulamışdır. Bildirmişdir ki, konsertdən sonra ona zəng edən rəfiqəsi, Kanadanın Vatikandakı səfiri öz heyranlığını gizlədə bilmirdi. Mənə belə gəlir ki, biz məhz belə layihələrlə italiyalıların ürəyini daha çox fəth edə, onlarda Azərbaycan haqqında obyektiv təsəvvür yarada bilərik. Bundan başqa, daha yaxşı olar ki, müasir və klassik Azərbaycan ədəbiyyatını özündə əks etdirən kitablar - məsələn, Qurban Səidin "Əli və Nino" əsəri İtaliya dilində nəşr edilərək bu ölkədə yayılsın. Mən Azərbaycan ədəbiyyatı ilə yaxından tanışam və əminəm ki, bu, italiyalılar tərəfindən böyük maraqla qarşılanacaqdır. Eyni zamanda, italiyalı jurnalistlərin Azərbaycana press-turlarının təşkili də bu sahədə böyük səmərə verə bilər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualımızı cavablandıran xanım Kosta bildirmişdir ki, adətən o, bu suala sualla cavab verir. Yəni baxın, Azərbaycanda erməni qadınlarının üzvü olduğu çoxsaylı ailələr var, Bakıda və digər rayonlarda erməni kilsələri mövcuddur və onlar dağıdılmamışdır. Bəs Ermənistanda azərbaycanlı ailələri varmı, azərbaycanlı etiqad məbədləri, tarixi abidələri qalıbmı?
Mən çox istərdim ki, mürəkkəb məsələ olan Dağlıq Qarabağ problemi ədalətli yolla, sülh danışıqları vasitəsilə qısa müddətdə öz həllini tapsın.
Bu yaxınlarda Türkiyə və Yunanıstan vasitəsilə Azərbaycan qazının İtaliyaya ötürülməsi üçün inşa olunacaq qaz kəməri barədə sazişə münasibət bildirən Marqarita xanım bildirmişdir ki, bu, Azərbaycan-İtaliya münasibətlərinə çox müsbət təsir göstərəcəkdir. Yəni italiyalıların Azərbaycan qazı ilə isinməsi, özlərinə yemək hazırlaması iki ölkənin insanlarını bir-birinə yaxınlaşdıracaqdır. Mən hesab edirəm ki, bu, təkcə iqtisadi deyil, həm də mədəni əməkdaşlığa böyük təkan verəcəkdir. Bütün bunlar öz mədəniyyəti və istedadı ilə tanınmış Azərbaycan xalqını İtaliyada daha da məşhurlaşdıracaqdır.
Xanım Kosta əmin olduğunu bildirmişdir ki, məqsədi iki ölkə arasında körpü salmaq, iş adamlarının fəaliyyətini əlaqələndirməkdən ibarət olan Azərbaycan-İtaliya Ticarət Palatası öz xeyirxah məqsədinə çatacaqdır.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.