Əlinə qələm götürən həmkarlarımın əksəriyyəti Mingəçevir şəhəri haqqında yazılarına son vaxtlar əsasən belə başlayır: “Mingəçevir bu gün öz tarixi inkişaf ənənəsinə uyğun olaraq yeni tərəqqi yolundadır”. Şəxsən mən bu şəhəri tanıdığım vaxtlardan – əsrin 90-cı illərinin birinci yarısı istisna olmaqla, buranın daim dəyişilməsinin, yeniləşməsinin şahidi olmuşam.
Bəli, mən Mingəçevirdə çox yeniliklər görmüşəm. Ancaq nur şəhərinin bugünkü cah-cəlalı, təmtərağı, müasirləşmə ab-havası heç zaman görünməyən bir səviyyədədir. Bu tərəqqinin təməlində həm dövlət başçımızın buranı tamamilə müasir bir şəhər kimi görmək istəyi dayanır, həm də mingəçevirlilərin qurub-yaratmaq məramı. Bu, həqiqətdir. Şəhərin hər bir sakini bu gözəl diyar üçün daşı daş üstünə qoyan adamın köməyinə, dəstəyinə çevrilir.
Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovla söhbətimizdə də öncə yada düşən məqam məhz mingəçevirlilərin öz şəhərlərinə olan sevgi və məhəbbəti oldu.
Niyazi müəllim bildirdi ki, ölkənin sosial-iqtisadi həyatında əldə olunmuş yüksək nailiyyətlər Mingəçevirin inkişafına da öz müsbət təsirini göstərib. Məsələn, yola salmaqda olduğumuz 2012-ci ildə şəhər üzrə ümumi daxili məhsul istehsalı təxminən 53 faiz yüksəlib. Bu, kiçik göstərici deyil. Sənaye sektorunda çalışanların aylıq əməkhaqqı 314 manat təşkil edib. Şəhərdə aparılan tikinti-quraşdırma işlərinə 72 milyon manatdan çox investisiya yönəldilib. Müxtəlif sahələrdə iş qurmaq istəyən şəhər sakinlərinə verilən kreditlərin həcmi 2 dəfəyə yaxın artıb. Bu rəqəmləri ona görə yada salıram ki, sosial-iqtisadi inkişafın miqyası məhz bu göstəricilərdən asılıdır.
Başçı danışır. Mən isə görülən işləri xatırlayıram. Şəhərdəki “Sahil” parkı əsaslı şəkildə yenidən qurulub, Şərq giriş qapısında inşa olunan Bayraq Meydanının tikintisi başa çatmaq üzrədir. Avtomobil yolları genişləndirilir, müasir səki daşları quraşdırılır, yeni səkilər yaradılır, işıqlandırma sistemi əsaslı şəkildə dəyişdirilir. Regionların sosial-iqtisadi inkişafını təmin edən İkinci Dövlət Proqramında Mingəçevir şəhərinə aid olan bəndlər ardıcıllıqla və uğurla icra olunmaqdadır. Yaşayış məntəqələrini elektrik enerjisi, qaz və su ilə təchiz edən sistemlərin bərpası və yenidən qurulması işləri uğurla davam etdirilir. Səhiyyə, mədəniyyət, təhsil və digər sosial obyektlərin bərpası, əsaslı təmiri, yenidən qurulması və texniki təchizatı həm dövlətin, həm də şəhər rəhbərliyinin daimi diqqət mərkəzində olduğuna görə həmin sahələrdə heç bir problem yaşanmır. Bütün bu tədbirlərin nəticəsidir ki, yola saldığımız ildə Mingəçevirdə 700-ə yaxın yeni iş yeri yaradılıb.
İcra başçısı öz söhbətində bir məqama da xüsusi diqqət ayırdı: - Bilirsinizmi, - dedi, - bu gün Mingəçevirin inkişafı dövlət başçımızın xüsusi diqqət mərkəzindədir. Cənab Prezident bizim şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdə demişdir: “Mingəçevir beynəlxalq turizm mərkəzinə çevrilməlidir. Buna nail olmaq üçün bütün imkanlar - gözəl təbiət, təmiz hava, iqlim, təbii şərait vardır. İndi yollar da çəkilir. Bakını Mingəçevirlə birləşdirən avtomobil yolu çəkilir. Gəncə aeroportu fəaliyyətdədir. Yəni Mingəçevir bir turizm mərkəzi olmalıdır”. Bu, bizim dövlət başçımızın istəyi, arzusudur. Həmin istəyin reallaşması üçün isə dövlət öz qayğısını, köməyini əsirgəmir, mingəçevirlilər isə səylərini. Nəticə göz qabağındadır. Özünüz şəhəri gəzsəniz, sakinlərlə görüşsəniz, hazırlayacağınız yazı üçün daha maraqlı məqamlarla tanış ola bilərsiniz.
... Hələ orta məktəb illərində kitablardan oxuduğum müxtəlif məqamları ya öz həyatıma tətbiq eləmək barədə düşünürdüm, ya da bəzi məsələlərə inana bilmirdim. Məsələn, Sədi Şirazi yazırdı ki, mənim Bağdadda bir nəfər köhnə dostum var idi. Yaxud bir dəfə Yəməndəki şair dostumla görüşəndə soruşdum ki, və sairə. Klassik Şərq ədəbiyyatından və tarixdən bizə məlum olan ölkələrin və şəhərlərin adını çəkir, oralarda dostları olduğunu yazırdı. Mən inana bilmirdim. Çünki, mənim fikrimcə, adamın dostu onunla bir məhəllədə yaşayar, bir məktəbə gedər, uzaqbaşı o vaxtlar dəbdə olan pionerlər evində tanış ola bilərdi.
Sonralar isə... Sədiyə inandım. Çünki özümün Naxçıvanda, Sumqayıtda, Lənkəranda, Ağdamda, Şəkidə, Balakəndə, bir sözlə başqa-başqa yerlərdə o qədər dəyərli dostlarım sıralandı ki, saymaqla qurtaran deyil. Özü də dostlarımın hər biri bir elin, obanın ağsaqqalı ola biləcək, xalqa, dövlətə, elmimizə, tariximizə, mədəniyyətimizə xüsusi töhfələr verən insanlardır. Yuxarıda dostlarım olan bir neçə şəhərin adını çəkdim və hörmətli oxucu orada, təbii ki, Mingəçevirin adını görmədi. İndi görəcək. Çünki mən bu məqamda ən dəyərli ziyalılardan biri, Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru Əyyub Əyyubovla söhbətimizi yada salacağam. Əyyub müəllimlə bu gün Mingəçevirin ən gözəl məkanlarından olan Sahil parkında xeyli gəzdik, söhbət etdik. Əslən Qarabağdan olsa da, ömrünün mühüm bir hissəsini Mingəçevirə həsr eləmiş bu ziyalı soydaşımız, sözün həqiqi mənasında, nur şəhərinin ən təəssübkeş sakinlərindən biridir:
– Burada yaşadığım və işlədiyim illər məni Mingəçevirə elə bağlayıb ki, elə bilirəm, burda doğulub böyümüşəm. Xüsusən, son illər bizim şəhər qeyri-adi bir sürətlə böyüyür, genişlənir, müasirləşir və ... daha çox sevilir.
Əyyub müəllim Kürün əsrarəngiz sahilində tikilib istifadəyə verilmiş, təkcə xarici görünüşü bir aləm olan dördulduzlu “River Side” otelini, ondan bir az o yandakı “Kür” Olimpiya Tədris İdman Mərkəzini yada salaraq dedi ki, indi Mingəçevirin məhz Prezident İlham Əliyevin istədiyi şəkildə müasirləşdirilməsi üçün çox böyük işlər gedir. “Kür” Olimpiya Tədris İdman Mərkəzində artıq beynəlxalq səviyyəli yarışlar keçirilir. Şəhərə gələn daxili və xarici turistlərin sayı durmadan artmaqdadır.
Əvvəllər Mingəçevirin şəfalı dağ rayonları ilə yaxın məsafədə yerləşməsinə görə fəxr edirdik. İndi isə şəhərimizin özünün regional turizm mərkəzlərindən birinə çevrilməsi günün reallığıdır. Böyük sənaye potensialına malik olan Mingəçevir artıq həm də böyük turizm potensialı ilə önə çıxır. Bu proseslər indi daha da sürətləndirilib. Artıq Kür boyu uzanan nurlu küçələrimiz yeni çalarlar alır, şəhər gəncləşir, gözəlləşir.
Əyyub müəllim, Mingəçevirin böyük sənaye potensialına malik olduğunu deyəndə həmin ifadə məni şəhər icra hakimiyyəti başçısının bayaq qeyd etdiyim söhbətinə qayıtmağa sövq etdi. Niyazi müəllim demişdi ki, şəhər üzrə ümumi daxili məhsul istehsalında xüsusi çəkisi daha böyük olan sənaye məhsulları istehsalı təxminən 44 faiz artıb. Bu göstəricinin isə 86 faizə qədəri elektrik enerjisi istehsal edən Azərbaycan İstilik Elektrik Stansiyasının və Su Elektrik Stansiyası Silsiləsinin payına düşür. Bu reallıqları bilməyən yoxdur. Elə isə, bəs nə üçün Mingəçeviri həmişə nur şəhəri kimi təqdim edənləri dünənlə fəxr etməkdə günahlandırırlar?
Yeri gəlmişkən, şəhərdə görüşdüyümüz istənilən adam Mingəçevirin qonaqlarının gündən-günə çoxaldığını qeyd edirdi. Bunu Əyyub müəllimə deyəndə üzü güldü. “Bu, tamamilə təbiidir, - dedi, - çünki Tanrı bütün insanları elə yaradıb ki, hamı daim nura doğru gedir. Nur da Mingəçevirdədir. Özü də milyard kilovat saatlarla”. Onu qeyd edim ki, hələ yay aylarında - payız-qış mövsümünə hazırlıq işləri çərçivəsində İstilik Elektrik Stansiyasının mövcud 8 blokunun hamısında yenidənqurma işləri aparılıb. Su Elektrik Stansiyası silsiləsində isə 4 hidroaqreqat, 10 xüsusi sərfiyyat transformatoru, 10 güc transformatoru cari təmir edilib.
“Mingəçevir İzolit”, “Akkord Mingəçevir Maşınqayırma zavodu”, “Azneftmaş” səhmdar cəmiyyətləri, “Kür” Elektron Avadanlıqları" və “İnterenerji” məhdud məsuliyyətli cəmiyyətlərin kollektivləri ciddi-cəhdlə çalışırlar ki, Mingəçevirin sənaye şəhəri statusunu qorusunlar. Onlara uğur olsun. Ancaq həmin kollektivlərdə də yaxşı bilirlər ki, onların doğma şəhəri dünya xəritəsinə artıq başqa statusla - turizm mərkəzi statusuyla düşür. Təkcə Mingəçevir Turizm Kolleci Şotlandiyanın, Rumıniyanın, Rusiyanın, Qazaxıstanın və başqa ölkələrin ona qədər anoloji təhsil qurumları ilə əməkdaşlıq edir. Həmin ölkələrdən Mingəçevirə gələn mütəxəssis və ekspertlər öz şəhərlərinə qayıdarkən öncə bu tezislə çıxış edirlər: “Azərbaycanın sənaye mərkəzlərindən biri turizm mərkəzinə çevrilməkdədir”. Əyyub müəllim isə həmin məqamı bir az başqa şəkildə ifadə etdi:
- Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində gənc müstəqil Azərbaycan dövləti BMT Təhlükəsizlik Şurasının üzvü olursa, kosmosa rabitə peyki çıxarırsa, onda dünyanın turizm xəritəsinə yeni mərkəz əlavə etmək nə üçün çətin olmalıdır? Demək, biz bunu bacararıq.
...Bacarın, professor. Siz onu bacarın, biz də sizin təşəbbüslərinizi və əməyinizi vəsf etməyi...
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.