Narkotik vasitələrin qaçaqmalçılığına qarşı Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanmışdır.
DSX-nin mətbuat mərkəzindən AzərTAc-a bildirmişlər ki, həmin tədbirlər nəticəsində 16 kiloqram (kq) 885 qram (qr) heroinin, 10 kq 180 qr həşiş qətranının, 10 kq həşişin, 4 kq 22 qr tiryəkin, 1 kq marixuananın ölkə ərazisinə qanunsuz gətirilməsinin qarşısı alınmışdır.
Ötən il noyabrın 22-də Cəlilabad rayonunun Zəhmətabad kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana dövlət sərhədini pozaraq 500 qram heroini keçirmiş Cəlilabad rayonunun Kövüzbulaq kənd sakini 1987-ci il təvəllüdlü Ağayev Kənan Ağahüseyn oğlu saxlanılmışdır. Noyabrın 29-da isə Cəlilabad rayonunun Əsədli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozmuş və sərhəd naryadının qanuni tələbinə tabe olmayan sərhəd pozucuları odlu silahdan atəş açmaqla silahlı müqavimət göstərmişlər. Sərhədçilər tərəfindən silah tətbiq olunmuş, nəticədə 2 nəfər - Cəlilabad rayon sakinləri Əliyev Ramin Dövlət oğlu və Sərxanov Anar Eldar oğlu saxlanılmışlar. Onlardan 12 millimetrlik qoşalüləli ov tüfəngi və 1071 qram heroin aşkar olunmuşdur.
Ötən il dekabrın 4-də Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınmışdır. Qaçaqmalçılar silahlı müqavimət göstərdiklərinə görə sərhəd naryadı tərəfindən silah tətbiq olunmuş, sərhəd pozucuları təqib edilmiş, özləri ilə gətirdikləri 10 kiloqram 180 qram həşiş qətranını hadisə yerində ataraq müqabil tərəfə qaçmışlar.
Dekabrın 6-da Cəlilabad rayonunun Əsədli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana narkotik maddə keçirən 2 nəfər Azərbaycan vətəndaşı - Yardımlı rayon sakinləri 1973-cü il təvəllüdlü Əsədov Vüqar Xeyrulla oğlu və 1978-ci il təvəllüdlü Məmişov Ziyafət Xəzair oğlu 3 kiloqram 885 qram heroinlə tutulmuşlar. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin digər iştirakçısı, əslən Yardımlı rayonundan olan Sumqayıt şəhər sakini, 1985-ci il təvəllüdlü Ağahüseynov Hicran Azadxan oğlu saxlanılmışdır.
Dekabrın 13-də Beyləqan rayonunun 1-ci Şahsevən kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 10 kiloqram həşişi İrandan Azərbaycana keçirən Beyləqan rayon sakini, 1980-ci il təvəllüdlü Alışov İsmayıl Arif oğlu saxlanılmışdır. Sərhəd pozucusunun üzərində ov tüfəngi aşkar olunmuşdur.
Dekabrın 19-da Astara sərhəd nəzarəti məntəqəsində İrandan Azərbaycana gələn Azərbaycan vətəndaşı Astara şəhər sakini, əvvəllər məhkum olunmuş, 1958-ci il təvəllüdlü Əliyev Məhərrəm Mirzəhüseyn oğlunun üzərinə baxış keçirilərkən 22 qram tiryək aşkar olunmuşdur.
Transsərhəd cinayətkar qrupların zərərsizləşdirilməsi və qaçaqmalçılıq fəaliyyətinin qarşının alınması istiqamətində tədbirlərin daha da gücləndirilməsi məqsədilə DSX digər ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Bu istiqamətdə son zamanlar İran İslam Respublikasının sərhəd qurumları ilə əməkdaşlıq əlaqələri gücləndirilmişdir.
Belə ki, keçən il dekabrın 6-da Cəlilabad rayonunun Məlikqaşımlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində iki iranlının dövlət sərhədini pozaraq İrandan Azərbaycan qanunsuz keçməsinin qarşısı alınmışdır. Sərhəd pozucuları silahlı müqavimət göstərdikləri üçün onlara qarşı sərhəd naryadı tərəfindən silah tətbiq olunmuşdur. Sərhəd pozucuları dövlət sərhədindən qanunsuz keçirdikləri 13 kiloqram heroini, 4 kiloqram tiryəki və 1 kiloqram marixuananı hadisə yerində ataraq geri qaçmışlar.
Faktla bağlı dərhal İran sərhəd polisinin aidiyyəti qurumunun nümayəndələri ilə görüş keçirilmiş, hadisə yerinin birgə baxışı təşkil olunmuş, həmin cinayəti törətmiş narkotik qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil cinayətkar qrupun fəaliyyəti haqqında məlumat mübadiləsi aparılmışdır. İran İslam Respublikasının sərhəd polisinin keçirdiyi tədbirlər nəticəsində qısa müddət ərzində qrupun İran vətəndaşlarından ibarət iki üzvü müəyyənləşdirilərək həbs edilmişdir. Cinayətin digər iştirakçılarının məsuliyyətə cəlb edilməsi istiqamətində hər iki ölkənin sərhəd qurumları tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd olunan faktlarla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmış vətəndaşlar təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilmişdir.
Silah-sursat qaçaqmalçılığına qarşı da mübarizə tədbirləri uğurla davam etdirilir. Belə ki, 2012-ci il dekabrın 19-da Lənkəran rayonunun Vel kəndi ərazisindəki sahil nəzarət məntəqəsinin xidməti ərazisində dəniz sahilində bağlamanın içərisində Muxa markalı tank əleyhinə əl qumbaraatanı və mərmisi aşkar olunmuşdur. Təxirəsalınmaz zəruri tədbirlər həyata keçirilərək vətəndaşların təhlükəsizliyi təmin edilmiş, mərmi zərərsizləşdirilmişdir.
DSX dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsi, beynəlxalq terrorçuluğa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa qarşı mübarizənin daha da gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirləri davam etdirir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.