Bu bir danılmaz həqiqətdir ki, istənilən xalqın və dövlətin keçdiyi yolda intibah da olur, tənəzzül də. Biz də geridə qalan qərinələrdə və əsrlərdə kifayət qədər geriləmələrin və möhtəşəm tərəqqi illərinin şahidi olmuşuq.
Bir əsrdə iki-üç dəfə tənəzzül, bir o qədər də tərəqqi yaşadığımız dövrlər çox olub. Ancaq onu da bilirik ki, şahidi olduğumuz son bir neçə onillikdə xalqımıza tərəqqi yaşadan illər bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev 1969-82-ci illərdə Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında elə möhtəşəm inkişafa nail olmuşdu ki, onu tam şəkildə əhatə eləmək üçün mütləq cild- cild kitablar yazılmalıdır. Xalqın xoşbəxtliyidir ki, biz həmin əsrdə ikinci dəfə dövlət müstəqilliyimizə nail olandan sonra da o böyük insan millətin önündə getdi, ölkəni vətəndaş müharibəsinin dəhşətlərindən, milli dövlətçiliyi məhv olmaq təhlükəsindən xilas etdi. Heydər Əliyev bizə qüdrətli müstəqil Azərbaycan dövləti, Yeni Azərbaycan Partiyası adlı mükəmməl siyasi təşkilat və Prezident İlham Əliyev kimi ümumdünya nüfuzlu siyasi lider bəxş etmişdir.
Məhz Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan bir neçə sosial-iqtisadi göstəriciyə görə təkcə regionun deyil, eləcə də bütövlükdə Avrasiyanın öncül dövlətlərindən biridir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin cəmiyyət həyatının bütün sahələrində əldə etdiyi nailiyyətlərin miqyasına və ya əhatə dairəsinə nəzər salarkən orada mütləq ümummilli liderimiz Heydər Əliyevin dəst - xəttini görürük. Dövlətçiliyin möhkəmləndirilməsi, xalqın rifah halının yaxşılaşdırılması, Vətənin müdafiəsinin təşkil edilməsi ulu öndər kimi Prezident İlham Əliyevin də həyat amalıdır. Bütün bunların reallaşdırılması üçün isə sağlam gənclik, savadlı nəsil yetişdirilməlidir. 1970-ci ildən bu gün yola saldığımız 2012-ci ilə qədər olan dövrə nəzər salsaq, həm ulu öndərin, həm də cənab İlham Əliyevin Azərbaycan təhsilinin və səhiyyəsinin inkişaf etdirilməsi üçün reallaşdırdıqları yüzlərlə layihənin şahidi olarıq. O, ayrıca bir yazının mövzusudur. İndi söhbət yola saldığımız ilin Azərbaycana bəxş etdiyi uğurlardan gedir.
Bizim yola saldığımız ildəki ən böyük uğurumuzun hansı hadisə olduğunu qeyd etmək o qədər də asan deyil. Çünki, gənc müstəqil Azərbaycan dövləti bu ilin may ayında Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının iclaslarına sədrlik edib. Bakıda keçirilən “Eurovision”mahnı müsabiqəsi Avropanın heç bir ölkəsində görünməmiş bir tərzdə təşkil olunub və başa çatdırılıb. Respublikamız London Yay Olimpiadasında dünyanın ən yaxşı nəticələr əldə edən ölkələri sırasına düşüb. Ölkə paytaxtında ondan çox beynəlxalq tədbir, xüsusən, miqyasına görə əksər qonşu ölkələrimiz üçün əlçatmaz olan İkinci Bakı Beynəlxalq Forumu keçirilib və dünyada böyük əks-səda yaradıb. Ulu öndərin şah əsərlərindən olan Yeni Azərbaycan Partiyasının 20 illik yubileyini bu ildə qeyd etmişik. Ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun artırılması istiqamətində möhtəşəm addımlar atılıb. İnsanların sosial-rifah halının daha da yaxşılaşdırılması məqsədilə dövlət büdcəsinin sosialyönümlülüyü təmin edilib və sair. İlin sonuna yaxın isə ölkəmizə başqa bir şad xəbər gəldi. Avropa Olimpiya Komitəsinin Baş Assambleyası İtaliyanın Roma şəhərində belə bir qərar qəbul etdi ki, yeni təsis olunmuş Avropa Olimpiya Oyunlarının birincisi 2015-ci ildə Bakıda keçirilsin. Dünyanın bütün mütəxəssislərinin fikrincə, bu, bizim ölkəmizə olan inam və etimadın nəticəsidir. Avropa miqyaslı mötəbər bir yarışın təşkil edilməsi min illər boyu Şərq ənənələri ilə yaşamış bir ölkəyə – Azərbaycana etibar edilir. Qürur gətirici məqamdır. Dövlətimizin istənilən uğuru hər bir soydaşımızın uğuru kimi qəbul edilir.
Fikrimizcə, bütün bunlar bir daha sübut edir ki, bu gün Azərbaycan dövləti bilavasitə ulu öndər Heydər Əliyevin arzuladığı və görmək istədiyi şəkildə idarə olunur. Biz inanırıq ki, gələn il və gələcək illər Azərbaycan xalqı və dövlətimiz üçün daha böyük uğurlarla zəngin olacaqdır. Mən bir ağsaqqal ziyalı kimi onunla fəxr edirəm ki, Azərbaycan xalqı artıq bütünlüklə ümummilli liderimizin siyasi kursu ətrafında birləşərək müstəqil dövlətimizin qüdrətlənməsinə və milli dövlətçiliyimizin qorunmasına xidmət edir. Biz birlikdə daha güclüyük. Güclü liderin əhatəsində daha sıx birləşdikcə isə möhtəşəm, yenilməz və qüdrətli oluruq.
Əli HƏSƏNOV,
Respublika Ağsaqqallar Şurası sədrinin birinci müavini,
iqtisad elmləri doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.