Dünya Azərbaycanlıları Konqresinin fəxri sədri, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin başqanı, vətənpərvər ziyalı, görkəmli elm xadimi, şair, Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizi dünən Londondan “ Xalq qəzeti ” redaksiyasına zəng etmişdir. O, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn 2013 -cü il münasibətilə təbriklərini və xoş arzularını “ Xalq qəzeti” vasitəsilə bütün soydaşlarımıza çatdırmağımızı xahiş etdi.
Professor Q. S. Təbrizi dedi: – Yola saldığımız il Azərbaycanımızın bir çox sahələrdə böyük uğurlar qazanması ilə yadda qalmışdır. Qlobal maliyyə böhranına baxmayaraq, Azərbaycan özünün dinamik inkişafını davam etdirmişdir. Təkcə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimizi nəzərə alsaq, ölkəmizin necə böyük möhtəşəm uğura imza atmasının şahidi olarıq. 21 illik müstəqillik yaşı olan gənc dövlət üçün bu təsəvvürəgəlməz bir nailiyyətdir. Bu, dövlətimizə dünya miqyasında göstərilən ehtiramın təcəssümüdür.
Bundan savayı, “Eurovision—2012” kimi Avropanın ən böyük musiqi yarışmasına, Bakı Beynəlxalq Humanitar Forum və Bakı İnternet Forumu kimi nəhəng beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsini də bu ilin uğurları sırasına yazmaq olar. Azərbaycanın günü-gündən çiçəkləndiyini, dünyanın aparıcı dövlətləri arasında öz yerini tutmasını, xarici ölkələrdə yaşayan soydaşlarımıza dövlətin diqqət və qayğısını hər dəfə seyr etmək mənə böyük məmnunluq, xoşbəxtlik hissi bəxş edir. Bu işdə şəxsiyyətinə həmişə hörmət bəslədiyim, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Prezidentimiz İlham Əliyevin qətiyyətli mövqeyi təqdirəlayiqdir. Onun çıxışlarında “Mən 50 milyonluq azərbaycanlının Prezidentiyəm” deməsi və özünün hər əməlində bunu isbatlaması məndə soydaşlarımızın gələcək taleyinə olan əminlik hisslərini bir daha artırır. Müstəqil Azərbaycan dövləti hər bir azərbaycanlının qüruru, istinadgahıdır. İndi dünyanın hər yerinə səpələnmiş azərbaycanlılar hamılıqla bir məsələ ilə fəxr edirlər: Azad Azərbaycanın varlığı ilə! Bu, çox şey deməkdir. Hər bir insan ilk növbədə öz Vətənini azad görməyi həmişə arzulayır. Mən çox xoşbəxtəm ki, ömrüm boyu arzuladığım müstəqil Azərbaycanı görə bildim. Bu, mənim üçün hər şeydən vacib və önəmlidir. Ən böyük arzum, amalım Azərbaycanın öz tarixi torpaqlarında suveren hüquqlarını bərpa etməsidir. Doğrudur, bu hələlik gerçəyə çevrilməsə də, müstəqil Azərbaycanın varlığı bu yaşımda mənim üçün hələ ki ən böyük təsəllidir. Bu gün əminliklə deyə bilərəm ki, əsas düşmənimiz olan Ermənistan dövləti Azərbaycanla müqayisə oluna bilməz. Vətənimizə qarşı tutduqları bu mənfur işğalçılıq və terror yolunda onlar heç nəyə nail ola bilməyəcəklər. Ən böyük ağrılı-acılı yerimiz olan Qarabağ problemi tezliklə öz həllini tapacaq, qaçqın və məcburi köçkünlərimiz öz doğma, qədim ata-baba torpaqlarına dönə biləcəklər. Getdikcə güclənən və düşmənə “göz dağına” çevrilən Azərbaycan dövlətinin bu problemi də tezliklə çözəcəyinə məndə dərin inam hissi var.
Lakin bu il bizə xoş günləri ilə yanaşı, faciəli anlar da yaşatdı. Güney Azərbaycan vilayətlərində dəhşətli zəlzələ bizi sarsıtdı. Çoxsaylı soydaşımız həlak oldu. Şəhərlərimiz, kəndlərimiz dağıntıya məruz qaldı. Güneyli soydaşlarımız ağır maddi- mənəvi əziyyətə düçar oldular. Bir azərbaycanlı kimi, bir ziyalı kimi bu mənə çox ağır təsir etdi. Lakin şükürlər olsun ki, biz bəlanın gətirdiyi fəsadlardan sonra da dəyanətimizi itirmədik. Ayağa qalxmağı bacardıq. İnanıram ki, istər Güneydə, istərsə də Quzeydə soydaşlarımız bütün çətinliklərə sinə gərərək daim dik durmağı bacaracaqlar. Mən buna bütün varlığımla inanıram.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə bütün soydaşlarımızı ürəkdən təbrik edirəm. Arzum budur ki, 2013- cü ildə də uğurlarımızın ardı gəlsin və xalqımızın irəliyə doğru inkişafında heç bir maneə qalmasın. Qoy, Tanrı xalqımızın hər bir üzvünün evində sevinc sədalarını yüksəltsin. Hər bir azərbaycanlı Vətəni ilə fəxr etsin, öyünsün, ona arxalansın. Bütün Türk dünyasının birləşməsinə doğru ortaq arzularımız gerçəkləşsin. İstənilən problemin məngənəsindən çıxmaqda milli birliyimiz əsas şüarımıza çevrilsin. Sizə yeni-yeni uğurlar arzulayıram!
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.