Laçınlı ziyalıların müraciəti, arzu və düşüncələri də bu barədədir
{nl}
Hər bir cəmiyyətin inkişafını səciyyələndirən əsas amillərdən biri onun ziyalı potensialıdır. Min illər boyu dünya xalqları içərisindən çıxan ziyalılar təmsil olunduqları ölkələrin, xalqların mədəniyyətini, elmini inkişaf etdirmiş, onun keçmişinə və gələcəyinə işıq salmışlar. Əsl ziyalılar ümumbəşəri dəyərləri zənginləşdirməklə cəmiyyətin sivil inkişafına yol açmış, xalqının milli şüur meyarlarının formalaşmasında mühüm rol oynamışlar. Millətinin görən gözü, düşünən beyni olaraq özündə işıqlı və aydın kimi cəhətləri ehtiva edən ziyalılıq təkcə ali təhsil diplomu və ya titullurla ölçülmür.
Ziyalılığın əsas meyarlarından biri də vətəninə, yurduna, millətinə bəslədiyi məhəbbət, hər zaman insanların önündə getməyi, bütün şəxsi keyfiyyətləri, mənəvi göstəriciləri ilə başqalarına nümunə olmağı bacarmağındadır. Zəngin tarixi keçmişimizə nəzər saldıqda nəsillərə örnək olan görkəmli ziyalılarımızı qürur və iftixar hissi ilə yada salırıq. Bu ziyalılar xalqımızın keçdiyi çətin və məşəqqətli yolda daim onun yanında olmuş, onu düzgün yola istiqamətləndirmiş, ən çətin anlarda belə tutduqları mövqedən dönməmişlər. Məhz belə ziyalılarımızın fəaliyyəti nəticəsində xalqımız düçar olduğu yadelli işğallara, müxtəlif məşəqqətlərə mərdliklə sinə gərmiş, öz mədəniyyətini, dilini, adət-ənənələrini, mənəviyyatını qoruyub saxlaya bilmişdir.
Bu prinsiplərə sadiq olan ziyalılarımızın əməyi hədər getməmiş, xalqımız XX əsrin sonunda yenidən öz tarixi haqqına, müstəqilliyinə və azadlığına əbədi qovuşmuşdur. Bu baxımdan ölkəmizdə dövlət müstəqilliyinin bərpasının, azadlıq ideyalarının reallaşmasının və hüquqi dövlət quruculuğunun memarı ulu öndər Heydər Əliyevin xalqımız qarşısında fəaliyyəti, sözsüz ki, misilsiz əhəmiyyətə malikdir. Bəşəri dəyərləri yüksək qiymətləndirən Heydər Əliyev yüksək ziyalılığı ilə, sözün həqiqi mənasında, xalqımızın dünya xalqları içrisində özünə layiqli yer tutmasını təmin etdi, onu bütün dünyaya tanıtdı.
Biz laçınlı ziyalılar da minnətdarlıq hissi ilə qeyd edirik ki, son 40 ilə yaxın bir müddətdə rayonumuzda ziyalı potensialının artması xalqımızın böyük oğlu, ölkə ziyalılarının himayədarı olmuş ümummilli liderimiz Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Belə ki, hələ ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində Laçının sosial-iqtisadi və mədəni inkişafı ilə bağlı bir sıra qərarlar qəbul edilmiş, o cümlədən ucqar və dağlıq rayonlardan olan orta məktəb məzunlarının ali məktəblərə qəbulu zamanı müəyyən güzəştlər tətbiq edilmişdir. Məhz o illərdə onlarla laçınlı gənc respublikanın və keçmiş Sovetlər İttifaqının aparıcı ali məktəblərində təhsil almaq imkanı əldə etdi. Bununla Azərbaycanın hər yerində olduğu kimi Laçında da yeni ziyalılar nəsli formalaşmış və onlar elmimizə, mədəniyyətimizə öz layiqli töhfələrini vermişlər.
Ulu öndərin ikinci dəfə də hakimiyyətə qayıdışından sonra da onun laçınlılara xüsusi diqqət və qayğı göstərməsi, 1996-cı ildə rayon ictimaiyyətinin nümayəndələri, o cümlədən ziyalıları ilə görüşməsi və dediyi dəyərli sözlər hər bir laçınlının qəlbində əziz xatirə kimi yaşayır: "Laçından Azərbaycanın nə qədər görkəmli elm, mədəniyyət, dövlət xadimləri çıxıbdır. Bu baxımdan Laçın rayonu həm təbiətinə, həm də insanlarına görə Azərbaycanın ən dəyərli guşələrindən biridir"
Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin ən layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev də böyük siyasətçi olmaqla yanaşı, ilk növbədə ziyalılığı ilə xalqın məhəbbətini qazanmışdır. Ölkə başçısının ziyalılara olan hərtərəfli diqqət və qayğısı nəticəsində respublikanın sürətli sosial-iqtisadi inkişafı zəminində indi daha mütərəqqi və güclü Azərbaycan ziyalıları formalaşır.
Bu baxımdan ölkəmizdə ictimai elmlərin qarşısında duran müasir tələbləri tam aydınlığı ilə mətbuat vasitəsi ilə xalqa çatdıran Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev ictimai elm xadimlərinə cəmiyyətdə baş verən prosseslərin və dövlət-vətəndaş münasibətlərinin əlaqələndirilməsini tövsiyə etmiş, Azərbaycan ziyalısına qlobal elm məkanına vaxt itkisinə yol vermədən inteqrasiyanın yollarını açıqlamışdır. Bu gün Azərbaycan ziyalısı milli adət-ənənələrimizə sadiq qalmaqla xalqımıza yararlı ola biləcək bütün bəşəri dəyərləri yüksək qiymətləndirir və işini bu istiqamətdə qurur.
Biz laçınlı ziyalılar məmnunluq hissi ilə qeyd edirik ki, son illər belə çətin və məsuliyyətli işin öhdəsindən məharətlə gələn ziyalılarımızdan biri də Mehriban xanım Əliyevadır. Mehriban xanım Əliyeva özünün istər "Azərbaycan Mədəniyyətinin Dostları Fondu"nun rəhbəri, istər "Heydər Əliyev Fondu"nun Prezidenti, istər YUNESKO- nun və İSESKO-nun xoşməramlı səfiri, isətərsə də Milli Məclisin deputatı kimi Azərbaycanın və azərbaycançılığın inkişafı yolunda ulu öndər Heydər Əliyevin yadigar qoyduğu irsə özünün ehtiram və sədaqətini nümayiş etdirərək, onun xalqımıza və dünyaya çatdırılması yolunda misilsiz xidmətlər göstərir. Respublikanın birinci xanımının öz seçiciləri, köməyə və qayğıya ehtiyacı olan insanlarla sıx ünsiyyəti onun böyük ziyalılığından irəli gəlir. Mehriban xanım Əliyevanın ölkəmizin haqq səsinin dünyaya çatdırılması,zəngin milli mədəniyyətimizin dünya mədəniyyətinə inteqrasiyası, xeyirxahlıq və insanpərvərliklə dolu zəngin fəaliyyəti hər bir Azərbaycan ziyalısı üçün nümunədir.
Təbii zənginliyi və gözəlliyi ilə göz oxşayan, əlçatmaz zirvələri, yalçın qayaları, min bir dərdin dərmanı olan gül-çiçəyi, zümrüd bulaqları, sıx meşələri ilə tanınan Laçın insanlarının saflığı, etibarı, sədaqəti, mərdliyi, xeyirxahlığı ilə həmişə seçilmişdir. Laçın rayonunun çox da uzaq olmayan ötən yüz ilə yaxın bir dövrünə nəzər saldıqda, burada Azərbaycan tarixində iz qoymuş onlarla görkəmli ziyalımız yüksək ehtiram və hörmətlə yad edilir. Bu gün də Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılmasında xüsusi xidmətləri olan Xosrov bəy Sultanovun, Nurməmməd bəy Şahsuvarovun adları nəinki Laçında, bütün Azərbaycanda iftixarla çəkilir.
Bu gün fəxrlə deyə bilərik ki, Müseyib İlyasov, filologiya elmləri doktoru Xasay Cabbarov, fəlsəfə elmləri doktoru Salman Salahov, tibb elmləri doktoru Roman Səfərəliyev, tibb elmləri namizədi, dosent İzzət Sadıqov, biologiya və minerologiya elmləri doktoru Tofiq Şahsuvarov, pedaqoji elmlər namizədi, Azərbaycanda ilk psixologiya dərsliyinin müəllifi Məhəmmədəli Məhərrəmov, filologiya elmləri namizədi Hüseyn Kürdoğlu və adlarını çəkmədiyimiz neçə- neçə tanınmış ziyalı bu yurdun yetirmələridir. Bu insanları öz elinə-obasına sevdirən odur ki, onlar hansı rütbəyə yüksəlsələr də, doğma Laçını və laçınlıları heç zaman unutmamış, onun inkişafına hərtərəfli yardımçı olmuşlar.
Laçında elmə, təhsilə maraq daima yüksək olmuşdur. Bunun nəticəsidir ki, bu gün də təkcə rayonumuzda deyil, eləcə də respublika səviyyəsində tanınmış onlarla alim və elm xadimlərimiz Azərbaycan elmini dünya miqyasında ləyaqətlə təmsil edirlər. Vətənə-torpağa bağlılıqları ilə seçilən bu insanlar, rayon sakinləri ilə mütəmadi əlaqə saxlayır, xoş sözləri və səmimi münasibətləri ilə onlara mənəvi dayaq olurlar.Bu əlaqələr rayonun işğal edildiyi 1992-ci ildən bu yana daha da intensiv olmuş , onlar özlərini Laçından kənarda təsəvvür etməmişlər.
Son 2-3 ildə ziyalıların laçınlılarla əlaqəsi daha müntəzəm və sistemli xarakter almışdır. Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılovun təşəbbüsü ilə əslən Laçından olan, hazırda respublikanın müxtəlif ali təhsil müəssisələrində, hüquq mühafizə orqanlarında və digər sahələrdə çalışan ziyalılar, habelə iş adamları ilə laçınlı məcburi köçkünlərin sıx məskunlaşdığı Taxtakörpü qəsəbəsində görüşlərin keçirilməsi ənənə şəklini almışdır. Bu görüşlər hər dəfə laçınlı ziyalıların, rayon icra hakimiyyətinin, eləcədə burada məskunlaşmış məcburi köçkünlərin bir-biri qarşısında hesabatlarına, görülmüş və görüləcək işlərin müzakirəsinə çevrilir. Doğrudan da, ölkə rəhbərliyinin qayğısı sayəsində Taxtakörpüdə az iş görülməmişdir. Son dövrlər istifadəyə verilmiş "Kapital Bank" ASC-nin Laçın rayon filialı, Rayon Əhalinin Sosial Müdafiəsi və Məşğullaq mərkəzləri və Dövlət Sosial Müdafiə Fondunun Laçın rayon şöbəsinin yeni inzibati binaları, ərazidə aparılan geniş abadlıq-quruculuq işləri, Taxtakörpü ərazisinə çəkilməkdə olan təbii qaz xətti buna əyani sübutdur.Bunları öz gözləri ilə görən ziyalılar, bütün bu işləri Ölkə Prezidentinin laçınlılara olan diqqətinin təzahürü kimi qiymətləndirmişlər.
Respublikanın 59 rayon və şəhərində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə keçirilmiş səyyari qəbul və görüşlərdə yaxından iştirak edən laçınlı ziyalıların köməyi ilə rayon sakinlərinin qaldırdıqları müxtəlif problemlər qısa zamanda öz həllini tapmış, onlarla ağır xəstə respublikaının yüksək ixtisaslı səhiyyə müəssisələrində müalicə olunmuşdur. Taxtakörpü qəsəbəsində ziyalıların təşəbbüsü ilə rayon şəhidlərinin şərəfinə ucaldılmış möhtəşəm xatirə kompleksi hər bir laçınlının ziyarətgahına dönmüşdür.
Yenə də ziyalılarla görüş zamanı qərara alınmışdır ki, rayonun keçmişini və müasir dövrünü əks etdirən Ensklopediya hazırlansın. Artıq arxiv materiallarının toplanılmasına başlanılmışdır. Böyüməkdə olan gənc nəslin doğma yerlərlə bağlılığını artırmaq, onlarda vətənpərvərlik hisslərini daha da gücləndirmək məqsədilə "Laçın" adlı foto-stendlər yaradılmış, Azərbaycan, ingilis və rus dillərində tərtib edilmiş "Mərdlik qalası Laçın" adlı fotoalbomlar rayonun ümumtəhsil məktəblərinə paylanılmışdır. Ötən dərs ilindən başlayaraq respublikanın müxtəlif ali məktəblərində çalışan 20-dən çox laçınlı ziyalı rayonun ümumtəhsil məktəblərində sınaq dərsləri keçmişlər. Bu isə şagirdlər və müəllimlər tərəfindən yüksək qiymətləndirilmişdir. Bu ilin yanvar ayında rayonun qocaman təhsil ocaqlarından biri, hazırda fəaliyyətini Abşeron rayonunun Ceyranbatan qəsəbəsində davam etdirən Minkənd kənd orta məktəbində keçirdiymiz görüş hər birimizdə xoş təəssürat yaratdı. Bu görüşdə böyüyüb boya-başa çatdığımız doğma yerlərlə bağlı bölüşdüyümüz əziz xatirələr hər birimizin qəlbində kövrək hisslər oyatdı.
Son vaxtlar bu görüşlərin əhatə dairəsi daha da genişləndirilmiş, laçınlı ziyalılarla yanaşı respublikanın digər tanınmış elm və mədəniyyət xadimləri də bu işə yaxından qoşulublar. Öz ürəyinin istəyi ilə bu görüşlərə qoşulan böyük sənətkar Fərhad Bədəlbəylinin və Siyavuş Kəriminin bir neçə dəfə Taxtakörpü qəsəbəsində olmaları, laçınlı gənc musiqiçilərə maddi və mənəvi dəstəyi, yüksək istedadlı gəncləri üzə çıxararaq, onlara yaxından kömək göstərmələri ən azı Azərbaycan ziyalısının zəngin mənəviyyatından xəbər verməklə alqışa layiqdir.
2009-cu ilin fevralında Laçın şəhərinin 85 illik yubileyinin, 2010-cu ilin fevralında isə rayonun qocaman təhsil ocaqlarından biri Minkənd orta məktəbinin 120 illik yubileyinin respublika səviyyəsində qeyd edilməsi hər bir laçınlıda böyük ruh yüksəkliyi yaratmışdır. Bu yubileylər münasibətilə möhtərəm Prezidentimiz İlham Əliyevin müvafiq sərəncamları ilə rayonun bir qrup qabaqcıl ziyalısına yüksək fəxri ad və medalların verilməsi xüsusi sevinc doğurmuşdur.
Atalarımızın "qələmini işlətməyən millətin qılıncı kəsərsiz olar, qələmsiz qılınc mənasız qurbanlar aparar" kəlamı bu gün də öz aktuallığını itirməmişdir.Ona görə də həmişə döyüşə hazır olan laçınlılar eyni zamanda, ziyalı işığından, ziyalı nurundan güc olaraq doğma yurd-yuvalarına tezliklə qayıdacaqlarına inanır və heç vaxt ruhdan düşmürlər. Laçınlılara bu inamı möhtərəm Prezidentimiz İlham Əliyevin yaratdığı sağlam ictimai-siyasi mühit, ölkədə aparılan dinamik daxili və xarici siyasət, möhtəşəm quruculuq işləri verir. Laçınlılar əmindirlər ki, ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsi də həll olunacaqdır. Çünki Prezidentin qəti mövqeyi belədir: "Biz bütün vasitələrdən istifadə edəcəyik ki, erməni hərbi birləşmələri tərəfindən zəbt edilmiş Azərbaycan əraziləri işğaldan azad olunsun, bir milyondan çox qaçqın və məcburi köçkünlərimiz öz doğma ata-baba yurdlarına qayıtsınlar. Biz Dağlıq Qarabağ münaqişəsinin həllində Laçının və Kəlbəcərin danışıqlar mövzusuna çevrilməsinə imkan verməyəcəyik".
Rayon sakinləri, laçınlı ziyalılar ölkə Prezidentinin Dağlıq Qarabağ problemi istiqamətində yürütdüyü müdrik siyasətdən ruhlanaraq tez-tez cəbhə bölgələrində olur, əsgər və zabitlərlə görüşur, onlara bayram sovqatı və qiymətli hədiyyələr aparırlar.Belə görüşlərdən biri də laçınlı ziyalılar tərəfindən 15 İyun Milli Qurtuluş günü ərəfəsində ön cəbhədəki "N" saylı hərbi hissədə keçirilmişdir.
Belə tədbirlərin keçirilməsi bir tərəfdən Azərbaycan Milli Ordusuna rayon sakinlərinin möhkəm inam və sevgisindən irəli gəlirsə, digər tərəfdən laçınlıların Ali Baş Komandan İlham Əliyevin bütün çağırışlarına hər an hazır olmalarının əyani təzahürüdür. Belə görüşlərin digər rayon ziyalıları tərəfindən də həyata keçirilməsini arzu edərdik.
Laçınlı ziyalılar hesab edirlər ki, əsl ziyalı adı ləkəsiz olmalıdır. Çünki bu adı ən zəngin daş-qaşla belə dəyişmək olmaz. Təəssüf hissi ilə qeyd etməliyik ki, bu gün ziyalılarımız arasında elələri də vardır ki, ziyalı adına uyğun olmayan hərəktələri ilə daha çox yersiz yazışma və qarayaxmalarla məşğul olur. Bu isə cəmiyyətimizdə ziyalı adına və nüfuzuna xələl gətirir. Belələrinə, sadəcə olaraq, tövsiyə edərdik ki, şəxsi mənafeləri naminə lüzumsuz ərizələrin yazılmasına sərf etdikləri vaxtı qayğıya ehtiyacı olan, laçınlı məcburi köçkün şagirdlərinin biliklərinin artırılmasına sərf etsələr daha yaxşı olar. Ziyalı cəmiyyət üçün ziyanlı yox, ziyalı olmağa çalışmalıdır.
Müstəqilliyimizi yaşadığımız son 20 ildə ölkəmiz hərtərəfli inkişaf etmiş, cəmiyyətimizdə qlobal dəyişikliklər baş vermişdir. Belə bir vaxtda ölkə ziyalılarının respublikamızda baş verən proseslərdə yaxından iştirak etmələri, doğulub boya-başa çatdıqları bölgələrlə, xüsusilə məcburi köçkünlük həyatına düçar olmuş rayonların sakinlərinin müvəqqəti olaraq məskunlaşdıqları ərazilərdə həmyerlilərinə mənəvi dəstək olmaları ziyalılarımız üçün daha önəmli olmalıdır. Sözsüz ki, belə əlaqələrin davamlı xarakter alması ata-baba yurdlarından didərgin salınmış soydaşlarımızda nikbinlik və torpaqlarına qayıtmaq ümidlərini xeyli artırar. Çünki mənəvi cəhətdən həmişə zəngin olan Azərbaycan cəmiyyəti müdrik ziyalı sözünə, düşünülmüş, elmi əsaslara söykənən ziyalı münasibətinə həmişə hörmətlə yanaşmış və onunla birlikdə olmasından daima bəhrələnərək müsbət nəticələr əldə etmişdir.
Biz ziyalılar hesab edirik ki, bu gün mətbuatımıza, efir məkanımıza, milli mənəviyyatımıza uyğun olmayan yersiz şou-proqramların yol açdığı bir vaxtda, Azərbaycan ziyalısı öz sözünü daha kəsərli deməlidir. Azərbayjan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" adlı məqaləsində Azərbaycan teleməkanında mövcud olan vəziyyətlə bağlı qeyd etdiyi kimi, televiziyalarda əsas yeri şou-proqramlara deyil, milli mənəvi dəyərlərimizin təbliginə, vətənpərvərlik hisslərinin gücləndirilməsinə yönəlmiş proqramlara vermək lazımdır. Yaxşı olar ki, milli mətbuatımıza, radio və televiziyalara rəhbərlik edən şəxslər təmsil etdikləri mətbuat orqanlarında "Ziyalı və cəmiyyət" adlı daimi rubrikalar açsınlar. Bu rubrikalar azərbaycanlı ziyalısının öz fikirlərini xalqımıza çatdırmasına, ideya və arzularını xalqımızla bölüşməsinə imkan yaradardı. Qeyd edirik ki, "Laçın" qəzetində artıq belə bir rubrika açılmışdır.
Təqdirəlayiq haldır ki, efir məkanımızda mədəniyyətlə bağlı yeni kanalın açılışına hazırlıq işləri gedir. Biz ziyalılar əminik ki, bu kanalın açılması milli mənəvi dəyərlərimizin qorunması və təbliği, tariximizin öyrənilməsi, xüsusilə, işğal altında olan çoxsaylı mədəniyyət abidələri haqqında məlumatların gənc nəslə çatdırılması baxımından əhəmiyyətli olacaqdır.
Möhkəm inanırıq ki, bütün respublika ziyalıları bizim bu təşəbbüslərimizə yaxından qoşulacaq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə doğma Azərbaycanımızın daha böyük tərəqqisi və inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəməyəcəklər.
{nl}
Məhəmməd MEHDİYEV, Bakı Dövlət Universitetinin dekanı, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, Şikar QASIMOV, Azərbaycan Texniki Universiteti tarix kafedrasının müdiri , tarix elmləri doktoru, Mürsəl HƏMİDOV, Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasının baş həkimi
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.