Bir görüşün təəssüratı

Söhbət Tovuz Rayon İcra Hakimiyyəti başçısının Çatax kəndində keçirdiyi səyyar qəbuldan gedir

Söhbət Tovuz Rayon İcra Hakimiyyəti başçısının Çatax kəndində keçirdiyi səyyar qəbuldan gedir

 

 

Dağların belinə qurşaq kimi dolanan gözəl, hamar asfalt bir yolla üzüyuxarı - Çatax kəndinə gedirik. Bilirsiniz hansı yoldur? Ölkə Prezidentinin 7 oktyabr 2009-cu il tarixli sərəncamı ilə tamamilə yenidən qurulmuş Tovuz - Böyük Qışlaq - Qaralar avtomobil yoludur. Uzunluğu 53 kilometr olan, 21 min nəfər əhalinin yaşadığı və 43 yaşayış məntəqəsini əhatə edən, eləcə də Ermənistan ilə sərhəddə yerləşən 19 dağ kəndini rayon mərkəzi ilə birləşdirən strateji əhəmiyyətli bir yol.

Ətrafa nəzər saldıqca hiss olunur ki, yol yenidən qurulanda da, indi də xüsusi qayğı ilə əhatə olunub. Yol yatağına on minlərlə kubmetr torpaq, qum-çınqıl qarışığı yayılmış, asfalt-beton örtük salınmışdır. Yol boyunca çaylar üzərində bir neçə körpüyə rast gəlirik. Hamısı əsaslı təmir olunub. Yolun bir üstün cəhəti də ondan ibarətdir ki, qonşu Gədəbəy rayonunun 25 yaşayış məntəqəsinin 12 min sakininin də ilin bütün fəsillərində nəqliyyat vasitələrindən istifadəsini asanlaşdırır, onlara yetişdirdikləri kənd təsərrüfatı məhsullarını vaxtında bazarlara çatdırmağa imkan yaradır.

Yol kənarlarında ən müxtəlif istirahət guşələrinin, kafelərin, “çay ev”lərinin adlarına rast gəlirik. Sayı-hesabı yoxdur. Hətta onların sayını, Ağsu, Hacıkənd dolaylarındakı istirahət guşələri ilə müqayisə etmək olar. Təəccübləndiyimi görən yol yoldaşım, rayon icra hakimiyyəti aparatının ümumi şöbəsinin müdiri Mətləb Qasımov dedi ki, yay aylarında bu yerlər turistlərlə dolu olur. Respublikanın elə yeri yoxdur ki, oradan gələn olmasın. Əlverişli iqlim şəraitinə, təbii meşə örtüyünə və sərin bulaqlarına görə yay mövsümündə əraziyə gələn turistlərin sayı yolun yenidən qurulmasından sonra bir neçə dəfə artmışdır. Mətləb müəllim deyir ki, gələcəkdə turistlər üçün yeni xidmətlərin genişləndirilməsi ilə əlaqədar işlər görülür.

Əsrik dərəsi deyilən ərazidən keçərkən uca dağın başında “Mübariz zirvəsi” və onun aşağısında,  yol kənarında isə “Mübariz bulağı” diqqəti cəlb edir. Bu ilin yayında Milli qəhrəmanımız Mübariz İbrahimovun xatirəsinə ucaldılmış zirvə və bulağın yanından keçənlər mütləq ayaq saxlayır, onun xatirəsini yad edirlər.  Yol kənarlarındakı dəmir borular da dağların qoynuna, sərhəd kəndlərinə kimi gedib çıxır. Doğrudur, hələlik bu kəndlərə qaz verilməyib. Lakin qaz xətlərinin çəkilişi davam edir və tezliklə ucqarda yaşayanların da evində “mavi yanacaq” olacaq.  Artıq çatdığımız Çatax da belə kəndlərdəndir. Kənd icra nümayəndəliyinin binası qarşısına xeyli adam toplaşıb. Ətraf kəndlərdən - Böyük Qışlaq, Çeşməli, Həsənli, Qaradaş, Göyəbaxan, Qaralar və digər kənd nümayəndəliklərindən gələnlər də var. Hiss olunur ki, rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovun səyyar qəbuluna maraq göstərənlər çoxdur. Ən müxtəlif təbəqənin nümayəndələridir. Müəllim də var, iş adamı da. Təqaüdçüsü də gəlib, gənci də.  Bir azdan elə açıq havada çox səmimi, həm də olduqca faydalı, işgüzar bir söhbətin şahidi oluruq. Başçı elə bir şərait yaradır ki, hamı danışmaq, ürək sözlərini demək, təklif irəli sürmək, yeri gələndə tənqidi qeydləri də dilə gətirmək istəyir. Təbii ki, daha çox Çatax kəndinin sakinləri söz alır, danışır, sual verirlər. Rayon icra hakimiyyəti başçısının kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Eldar Abbasov bildirir ki, Çataxdan əlavə Qandallar, Kazımlı, Cürdək, Hacılar, Pələkli, Şıxheybət, Qoşa və Muncuqlu kəndləri də eyni nümayəndəliklə birləşir.

Kəndin problemləri həmişə var, o ki qala qış aylarında ola. Amma bizə qəribə, həm də xoş gələn o idi ki, adamlar burada şəxsi problemlərini, öz dərd-sərlərini qabartmır, bütövlükdə respublikada, Tovuzda həyata keçirilən işlərdən danışır, ictimai-siyasi hadisələrə münasibətlərini bildirir, ümumi qayğılardan söz salır, başçının fikrini öyrənmək istəyirdilər. Səyyar qəbuldan bəzi dialoqları oxucuların nəzərinə çatdırırıq:  Həsən Musayev, təqaqüdçü:

-Artıq yaşım 80-i keçib. Özüm 1993-cü ildən Yeni Azərbaycan partiyasının üzvüyəm. Bu dünyadan köçsəm də, nisgilli köçməyəcəyəm. Çünki görmək istədiyim, arzuladığım işlərin demək olar ki, böyük əksəriyyəti həyata keçib. Bir neçə il əvvəl mənə desəydilər ki, dağlar qoynundakı bu kəndlərə asfalt yol, qaz xətti çəkiləcək, gecə-gündüz işıqlarımız yanacaq, suyumuz olacaq, inanmazdım, düşünərdim ki, yəqin nağıl söyləyirlər. Amma bütün bunlar baş verdi. Elə ev yoxdur ki, evinin çardağında peyk antenası olmasın, internetə qoşulmasın. Pensiyalar, maaşlar artırılır, vaxtlı-vaxtında verilir. Bütün bunlara görə ölkə Prezidenti İlham Əliyevə minnətdarıq. Elə bir dənə bu yol nəyə desən dəyər. Rayon mərkəzinə, digər yerlərə gedib çıxa bilmirdik, nəqliyyat da belə yolla getmək istəmirdi. Yeganə xahişim kənddə bir dənə bankomatın quraşdırılması ilə bağlıdır. Xahiş edirəm, mümkünsə bunu həll edin.

Tofiq Zeynalov, rayon icra hakimiyyətinin başçısı: - Problemlərinizin hamısından xəbərim var. Biz bu işlərlə hər gün məşğuluq. Qaz xətti çəkilib və tezliklə evinizdə bu yanacaq növündən istifadə edəcəksiniz.

Biz sizinlə iki il əvvəl görüşmüşdük. O zaman nə yol var idi, nə də qaz xətti çəkilmişdi. Amma indi siz artıq bu işlərdən öz razılığınızı bildirirsiniz və bu, bizim üçün çox xoşdur. Təbii ki, Tovuzda aparılan işlər cənab Prezidentimizin bizə göstərdiyi hədsiz diqqət və qayğının təzahürüdür, dövlətimizin iqtisadi qüdrətinin artmasıdır. Dediniz ki, bu yerlərə asfalt yol çəkilməsi yuxu kimi gəlir. Amma siz də bu yolu qoruyun, onun dağılmasına yol verməyin. O ki qaldı bankomat məsələsinə, bu da mümkündür. Sadəcə gərək ondan daimi istifadə edənlərin sayı kifayət qədər olsun...

Başçı müvafiq strukturlara bu məsələni öyrənib ona məlumat verilməsini tapşırdı. Bir məsələni qeyd edək ki, səyyar qəbulda qaldırılan səmərəli təkliflərə T.Zeynalov həmin anda müsbət reaksiya verir, eləcə də görülən və gələcəkdə görüləsi işlər barədə danışırdı.

T.Zeynalov:-İndi Tovuzda çox böyük və olduqca vacib bir layihə həyata keçirilir və qızğın iş gedir. Söhbət rayonda su və kanalizasiya xəttinin çəkilişindən gedir. Bu onu göstərir ki, Tovuz tezliklə ən inkişaf etmiş bölgələrdən birinə çevriləcək. Burada infrastrukturun yeniləşməsi turist axımını da gücləndirəcək. Yeri gəlmişkən qeyd edim ki, siz də təbiəti - meşələri, bulaqları qorumalısınız. Məndə məlumat var ki, bəziləriniz bulaqdan evinizə su xətti çəkmisiniz. Buna qətiyyən yol vermək olmaz. Bulaq, meşə bizim təbii sərvətimizdir, gərək qoruyaq. Hazırda 27 min hektar meşəmiz var. Vaxt var idi bu meşələrdə ceyran-cüyür çıxardı qarşımıza. Hanı indi? Hanı meşə balı?

Torpaqdan səmərəli istifadə etməlisiniz. Bu yerlərdə qara, qırmızı moruq çox olur. Nə üçün onun geniş əkininə, artımına nail olmayasınız? Qiymətli giləmeyvədir, bazarı da genişdir.

Uşaqların, yeniyetmələrin sağlamlığı barədə düşünmək lazımdır. Gəlin etiraf edək ki, xüsusilə kənd yerlərində bu vacib məsələyə laqeyd yanaşma var. Cənab Prezidentimiz dəfələrlə bəyan edib ki, hər kəs heç olmasa ildə bir dəfə tibbi müayinədən keçməlidir. Özü də buna şərait yaradır. Gələn il rayonumuzda nəhəng bir diaqnostika mərkəzi istifadəyə veriləcək, hazırda tikintisi gedir.

Əlixan Məmmədov, Həsənli kənd sakini:

-Belə qəbula görə sağ olun. Kəndimiz necə dəyişir, hamı görür. Gözəl məktəb tikib istifadəyə vermisiniz. Əvvəl uyğunlaşdırılmış, köhnə bir binada yerləşirdi. Uşaqlar da, müəllimlər də siniflərə qorxa-qorxa daxil olurdular. Yola da ki, söz ola bilməz.

T.Zeynalov:- Deyəsən artıq evlərinizin də qiymətləri artıb...

Eldar Əhmədov, Böyük Qışlaq kənd sakini:-Bəli, turistlərin sayı-hesabı yoxdur. Amma satmarıq.

T.Zeynalov: - Satmayın. Heç bilirsiniz son illər Tovuza qayıdanların sayı nə qədər artıb?! Çünki şərait var, iş yerləri açılır, infrastruktur yenilənir.

E.Əhmədov:-Bayaq bizim məktəbə baxdınız, dediniz “ürəyim açıldı”. Bu sözlər bizi daha da ruhlandırır. Xahişimiz ondan ibarətdir ki, bir dənə də bağça açılsa, yaxşı olar.

T.Zeynalov: - Bağçalar rayon icra hakimiyyətinin sərəncamına verilib. Onların hamısının problemlərini bilirik. Xüsusi Tədbirlər Planımız var. Gərək bütün bağçalarımız rayondakı “Qərənfil” bağçası kimi olsun, buna çalışmalıyıq. Sizin kənddə də müvafiq bina tapıb bu məsələni həll etmək mümkündür.

Valeh Əliyev, Çatax kənd sakini: - Kənddə həkim çatışmır, bəzən problemlə üzləşirik.

T.Zeynalov: - Bizim, necə deyərlər, ən yaralı yerimizdir. Tezliklə əlavə 10 tibb məntəqəsi tikib istifadəyə veriləcəkdir. Amma yaxın vaxtlarda görünür bu problem həll olunacaq. Çünki bayaq dediyim kimi, kəndlərdə şərait yaradırıq.

...Səyyar qəbul o qədər maraqlı keçirdi ki, heç kim evə tələsmirdi. Rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov digər vacib məsələlərə də toxundu, öz tövsiyələrini bildirdi. Ordumuzun qüdrətindən danışdı. Son illər Tovuzdan ölkənin ali hərbi məktəblərinə daxil olan gənclərin sayının ilbəil artmasını qeyd etdi.

O gün zabitlərimizdən biri qulluq etdiyi çox uzaq bir ölkədən mənə zəng etmişdi, inanırsınızmı uçmağa qanadım yox idi...

Rayon icra hakimiyyəti başçısının səyyar qəbulu bizdə çox xoş təəssürat oyatdı. Ölkə Prezidenti İlham Əliyevin daxili və xarici siyasətinin dəstəklənməsi, onun təbliği, dövlətə və dövlətçiliyə sədaqət, doğma rayona məhəbbət hissi görüşün ana xəttini təşkil etdi və bir qırmızı xətt kimi keçdi.

Rayon icra hakimiyyətinin şöbə müdiri Fərman Qurbanov qeyd etdi ki, bu il rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov 50-ə yaxın belə görüş-qəbul keçirib. Elə həyata keçirilən işlərin bir çoxu da bu görüşlərdən, səyyar qəbullardan sonra baş tutub. Yəqin ki, Çatax kəndindəki görüş də istisna deyil.

 

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında