Söhbət bu mözücəni yaradanlardan, onun məqsəd və mahiyyətindən gedir
“Bərdə möcüzəsi”. İndi bu sözləri tez-tez eşitmək olar. Özü də yaşından, siyasi mövqeyindən asılı olmayaraq müxtəlif peşə və sənət adamlarının dilindən. Görünür, elə ona görə də qəzetimizin baş redaktoru növbəti görüşlərimizin birində haqlı iradını bildirdi:
– Bərdə mözücəsi haqqında çox danışırlar. Məncə, maraqlı mövzudur. Hər halda, bu möcüzənin necə yarandığını, nədən ibarət olduğunu açıb göstərən yazıya ehtiyac var...
Nədən başlamalı? Əlbəttə, ədalət və obyektivlik onu tələb edirdi ki, ilk öncə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə görüşək. Ən azı ona görə ki, bu möcüzənin müəllifi, yaradıcısı məhz icra başçısının özüdür. Axı “Bərdə möcüzəsi” ifadəsi onun rayona rəhbərlik etdiyi dövrdə yaranmış, işlənmiş və formalaşmışdır.
Ancaq təəssüf ki, nəticə gözlədiyimiz kimi olmadı. Daha dəqiq desək, geniş müsahibə, təhlil və araşdırma gözlədiyim halda, icra başçısı məsələyə daha çox başqa prizmadan yanaşdı:
— Başçı burada elə bir mözücə yoxdur, — dedi. Sadəcə olaraq, biz öz vəzifəmizi vicdan və ləyaqətlə yerinə yetirməyə çalışırıq. Əgər qarşıya qoyulan vəzifə vaxtında və uğurla yerinə yetirilirsə, genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri aparılırsa, ötən illərlə müqayisədə iqtisadi və sosial göstəricilər dəfələrlə artırsa mən burada qeyri-adi heç nə, sizin dediyiniz kimi, mözücə görmürəm. Millətinə, dövlətinə, torpağına ürəkdən bağlı, müstəqil və suveren Azərbaycanımıza sədaqətlə qulluq edən, xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin ölməz ideya və əməllərinə sadiq olan, ölkə Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən daxili və xarici siyasət xəttini müdafiə edən, onu konkret əməli işdə doğrultmağa çalışan hər bir rəhbər işçi məhz belə yaşamalı və işləməlidir. Vəssalam!
İkinci bir tərəfdən, möcüzəni biz yox, ölkə Prezidenti İlham Əliyev yaradır. Öz yorulmaz və qətiyyətli fəaliyyəti, dünyanın ən böyük siyasət və dövlət xadimlərini belə heyran qoyan dərin zəkası, iti ağlı, dəmir məntiqi, gələcəyə hesablanmış müdrik siyasəti ilə. Əgər siz möcüzə deyəndə son iki il ərzində Bərdədə aparılan tikinti-abadlıq və quruculuq işlərini, bütün sahələri əhatə edən inkişaf və yüksəlişi nəzərdə tutursunuzsa, bunun müəllifi ən əvvəl ölkə Prezidentidir. Biz, sadəcə olaraq, dövlət rəhbərinin verdiyi məsləhət, göstəriş və tövsiyələri, iqtisadi və sosial sahədə qarşıya qoyduğu vəzifələri yerlərdə vicdan və ləyaqətlə yerinə yetirməyə çalışırıq.
Bəli, icra başçısının cavabı belə oldu. Əlbəttə, Vidadi müəllim, əslində, haqlı idi. Ona görə ki, bu möcüzəni daha çox biz görməli, hiss etməli və qiymətləndirməliyik. Axı, bu, bizim gözlərimiz qarşısında baş verib.
Digər vacib bir məqam da var: son iki il ərzində, daha doğrusu, “Bərdə möcüzəsi” yaranandan bəri burada dəyişən təkcə icra hakimiyyətinin başçısı olub. Rayon da, adamlar da, necə deyərlər, təbiət də elə həminkidir. Rayon İcra Hakimiyyəti Başçısının Aparatında, elə idarə, müəssisə və təşkilatlarda da, demək olar ki, heç bir ciddi kadr dəyişikliyi olmamışdır. Deməli, buradan o nəticə çıxır ki, möcüzəni həm də icra başçısının özündə, xarakterində, adamlarla işləmək, onları öz ardınca apara bilmək qabiliyyətində, onun iş üslub və metodlarında, təşkilat-idarəetmə məsələlərində axtarmaq lazımdır. İcra başçısının dedikləri isə yalnız yuxarıdakılardan ibarət oldu. Əlac qaldı, bölgə müxbiri kimi gördüklərimizə, müşahidə etdiklərimizə, ağsaqqalların, ziyalıların, gənclərin fikir və düşüncələrinə. Əvvəlcə, bu mövzu ilə səsləşən bəzi xarakterik fakt, rəqəm və göstəricilər barədə.
Hazırda rayon üzrə ümumi məhsul buraxılışı 2011-ci ilin müvafiq dövrünə nisbətən 15,3 faiz, kənd təsərrüfatı məhsulları 5,8 faiz, sənaye məhsulları 12,4 faiz artmışdır. Əsas kapitala yönəldilən investisiyalar 2,1 dəfə, tikinti-quraşdırma işlərinin həcmi də 2,1 dəfə çoxalmışdır. Rayonun iqtisadi, sosial və mədəni xəritəsinə əlillər və şəhid ailələri üçün 17 fərdi yaşayış evi, 14 mənzilli kommunal bina, gündəlik gücü 15 ton olan ətkəsmə müəssisəsi, sutkalıq gücü 30 ton olan çörək zavodu, Təhlə kəndində məcburi köçkünlər üçün 195 ailəlik qəsəbə, Mərkəzi istirahət parkı, Nüşabə parkı, “Qəhrəmanlar” parkı, Bayraq meydanı, maliyyə idarəsinin, regional pasport qeydiyyat xidmətinin inzibati binaları, 220 yerlik 2-ci Hacallı kənd tam orta, 220 yerlik Şahvəlilər kənd orta, 360 yerlik Soğanverdilər kənd tam orta, 360 yerlik Zümürxan kənd tam orta məktəbləri, Vergilər Nazirliyinin terminalı, “Teksun” şirkətinin mərkəzi ofisi, 7 kəndin giriş qapısı, 6 obyektin istilik-qazanxana sistemi və s.
Rəsm qalereyası, Mərkəzi Xəstəxananın 2 korpusu, ildə 1600 ton quş əti istehsal edən Bərdə broyler fabriki, 6 saylı şəhər uşaq bağçası, Elektrik Şəbəkəsinin Statistika İdarəsinin, Mərkəzi Poçtamtın, Telekommunikasiya qovşağının inzibati binaları isə əsaslı şəkildə yenidən qurulmuş və təmir edilmişdir.
Hazırda sahəsi 12 hektar olan Heydər Əliyev parkında, 1 saylı uşaq incəsənət məktəbində, tutumu 2 min ton olan soyuducu anbarda, 220 yerlik Mirzalıbəyli kənd tam orta, 180 yerlik Qullar kənd əsas məktəbələrində, Rayon Təhsil Şöbəsinin inzibati binasında, məcburi köçkünlər üçün 866 ailəlik yaşayış məhəlləsində, 2000 başlıq ətlik, 1000 başlıq südlük istiqamətli cins heyvandarlıq komplekslərində və başqa obyektlərdə tikinti işləri sürətlə aparılır.
Üzümüzə gələn 2013-cü ildə isə şəhər 7 saylı, Türkmən, Qazaxlar, 1 saylı Nazırlı kənd məktəblərinin, Mədəniyyət Sarayının, Gənclər Evinin, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli binanın və digər obyektlərin tikintisi nəzərdə tutulur.
2009 və 2010-cu illərdə cəmi 3 kənd qazlaşdırıldığı halda, son 2 ildə 16 kənd qazlaşdırılmış, rayon mərkəzinin qazlaşdırılması isə başa çatdırılmışdır. Hazırda 21 kənd qazlaşdırılır.
Rayon mərkəzində 25 kilometr yol yenidən qurulmuş, yolkənarı divarlar müasir memarlıq üslubunda tikilmiş, üzlənmiş, mühəndis-kommunikasiya xətləri texniki normaya gətirilmiş, küçələr asfaltlaşdırılmışdır.
Heydər Əliyev prospekti, Yevlax şəhəri və Ağdam rayonu istiqamətində yollar 2 kilometr uzadılmış, səkilər və piyada yolları tikilmiş, mühəndis-kommunikasiya xətləri çəkilmiş, yaşıllıq zolaqları salınmışdır.
Həzi Aslanov, Bakı, Koroğlu, C.Məmmədquluzadə küçələri yenidən qurulmuş, küçə və meydanlara 26,2 kilometr gecə işıqlandırılması verilmiş, 239 obyekt yenidən qurulmuş, 19 bina əsaslı təmir edilmiş, 4 binanın ətrafı abadlaşdırılmış, 7 istirahət guşəsi yaradılmışdır. Şəhərin müxtəlif yerlərində ulu öndər Heydər Əliyevin 14 pannosu ucaldılmış, 12500 kvadratmetr sahəyə tamet, 53991 kvadratmetr yola asfalt döşənmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 24 min nəfərdən çox əhali yaşayan 14 kəndi birləşdirən Alpoud-Mustafaağalı — Qaratəpə — Nazırlı avtomobil yolu asfaltlaşdırılmışdır. Rayon ərazisində 2,3 milyondan çox ağac və güc əkilmişdir. Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində son 2 il ərzində 5891 yeni iş yerləri açılmışdır ki, bunun da 2168-i daimidir.
2012-ci ilin ötən ayları ərzində Bərdə Rayon İcra Hakimiyyəti başçısının yerlərdə 42 qəbul-görüşü keçirilmiş, bu görüş-qəbullarda 9676 nəfər iştirak etmiş, 439 nəfərin müraciətlərinə baxılmış, onların 334 nəfərin müraciətləri müsbət həll edilmişdir. Hazırda keçən ilin müvafiq dövrünə nisbətən, Rayon İcra Hakimiyyəti Başçısı Aparatına daxil olan müraciətlərin sayı 39,4 faiz azalmışdır.
“Bərdə möcüzəsi” bax, belə yaranmışdır, əziz oxucular. İndi isə bərdəlilərin özlərini dinləyək:
Oqtay Həşimov: – Biz bərdəlilər həmişə öz doğma torpağımızla haqlı olaraq fəxr etmişik. Mən bu sözləri deyərkən Bərdənin şanlı qəhrəmanlıq tarixini, müəyyən bir dövrdə ölkə paytaxtı olmasını, yetişdirdiyi görkəmli dövlət, elm və ədəbiyyat xadimlərini nəzərdə tuturam. Ən yaxın tariximiz, ötən əsrin 70-80-ci illəri isə orta və yaşlı nəslin yaxşı yadındadır. Belə ki, bizim rayon nəinki respublika səviyyəsində, habelə keçmiş Sovetlər İttifaqında 100 min ton həddini keçən ilk pambıqçılıq rayonu idi. Kənd təsərrüfatının digər sahələri, o cümlədən sənaye və tikinti-quruculuq işləri də onun kimi. Təkcə belə bir faktı qeyd etmək kifayətdir ki, kənd rayonları arasında ilk doqquzmərtəbəli yaşayış binası da məhz 70-ci illərdə Bərdədə inşa olunmuşdur.
Ancaq təəssüf ki, 80-ci illərin axırılarında, 90-cı illərin əvvəllərində, bütövlükdə, respublikanı bürüyən xaos və anarxiya Bərdədən də yan keçməmişdir. Sözün əsl mənasında, durğunluq, özbaşınalıq və mənəm-mənəmlik dövrü başlandı. Qanunsuz silahlı dəstələr, küçə atışmaları adi hala çevrilmişdi. Belə vəziyyətdə, əlbəttə, hər hansı irəliləyişdən, qayda-qanundan danışmağa belə dəyməzdi.
Yalnız ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinici dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra, hər yerdə olduğu kimi, Bərdədə də həyat öz axarına düşdü. İntizam möhkəmləndirildi, qayda-qanun yaradıldı. Ancaq elə buradaca təəssüf hissi ilə etiraf etməliyik ki, son iki ilə qədər Bərdə respublikamızı bürüyən, gündən-günə artan inkişaf və yüksəlişlə ayaqlaşa bilmirdi. Heç uzağa getməyək. Ətraf rayonlar gülüstana seçilir, Bərdə isə öz əvvəlki görkəmini dəyişmirdi. Bu isə biz yerli sakinlərdə haqlı narazılıq, acı təəssüf hissi yaradırdı.
İndi isə, gördüyümüz kimi, şəhərimiz də, kəndlərimiz də sürətlə dəyişir, abadlaşır, müasirləşir. Sözün düzü, adam inana bilmir ki, bütün bunlar cəmi son iki ildə görülüb başa çatdırılmışdır. Başqa sözlə desək, indi Bərdə öz əvvəlki şöhrətini geri qaytarmışdır Biz bunlarla fəxr edir, qürur duyur, bu şəraiti, bu möcüzəni yaradanlara “çox sağ olun” deyirik.
Namiq Əhmədov: — O yerdə ki, tələbkarlıq, yüksək məsuliyyət hissi qayğı, hörmət və diqqət hissi ilə birləşir orda uğur da var, qarşılıqlı inam və etimad da. Son iki ildə Bərdədə insan amili, onun vacib sosial ehtiyaclarının vaxtında yerinə yetirilməsi daim diqqət mərkəzində saxlanılmışdır. Bu isə, heç şübhəsiz, adamlara əlavə ruh və həvəs verir, onları daha yaxşı işləməyə sövq edir.
Bəli, Bərdədə son iki il ərzində, az qala, onilliklərə bərabər abadlıq və quruculuq işləri aparılmış, bütün sahələrdə əsaslı inkişaf və irəliləyiş əldə edilmişdir. Demək istəyirəm ki, burada, əlbəttə, bir çox amillərin rolu var. Ancaq insan amili, onlarla dil tapmaq, adamların hörmət və məhəbbətini qazanmaq, qayğı və diqqət həlledici cəhətlərdəndir.
Ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrdə 14 dəfə Bərdəyə səfər etmişdir. Olduqca fərəhlidir ki, həmin gözəl ənənə bu gün də davam etməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il oktyabr ayının 7-də Bərdəyə tarixi səfəri buna əyani misaldır. Onu da deyək ki, bu, ölkə rəhbərinin Bərdəyə beşinci səfəri idi. Respublika Prezidenti Bərdəyə səfəri çərçivəsində əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstəsi qoymuş, qəhrəmanlar parkının açılışında iştirak etmiş, əsaslı şəkildə yenidən qurulmuş mərkəzi istirahət parkı ilə, Nizami parkında yardılmış şəraitlə, Bayraq Meydanı ilə tanış olmuşdur. Dövlət başçısı çörək zavodunun açılışında iştirak etmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüş, onlarla səmimi söhbət etmişdir. Həmin unudulmaz görüş və söhbətlər bu gün də bərdəlilərin qəlbində və yaddaşında əziz bir xatirə kimi yaşamaqdadır.
Biz bu yazı üzərində işləyərkən bir daha Bərdədə olduq, adamlarla görüşüb söhbət etdik,onların arzu və düşüncələrini, ürək sözlərini eşitdik. Sözün düzü, bizi daha çox ölkə Prezidentinin səfərindən sonra görülən işlər, bu səfərin insanlar arasında doğurduğu əhval-ruhiyyə, qarşıda duran vəzifələr maraqlandırırdı.
Böyük sevinc və fərəh hissi ilə deməliyik ki, bu gün Bərdədə həyatın axarı daha geniş və gurdur. Rayonda böyük ruh yüksəkliyi, sağlam mənəvi-psixoloji ab-hava, yüksək müttəşəkillik və təşəbbüskarlıq mövcuddur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bərdəyə növbəti səfərindən sonra tikinti-quruculuq və abadlıq işləri daha da genişləndirilmiş, bütün qüvvə və səylər hərəkətə gətirilmiş, adamların sabaha olan inam və ümidləri daha da artmışdır.
Deməli, “Bərdə möcüzəsi” davam etməkdədir. Daha geniş, daha sürətli, daha inamlı...
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.