Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində jurnalistlərin böyük bir dəstəsinin fərdi yaradıcılıq müsabiqələrinin qalibləri və iştirakçıları olaraq pul mükafatları almaları, bu münasibətlə təntənəli mərasim keçirilməsi media ictimaiyyətində böyük məmnunluq, mənəvi-siyasi ruh yüksəkliyi yaratmışdır. Bu dəfə 101 jurnalistin bayram günlərində şəxsi büdcəsinə əlavə vəsait daxil olmuşdur.
Başlanğıcını 2009-cu ilin elə bu günlərindən götürmüş yeni ənənə - yaradıcılıq uğurları ilə seçilən qələm sahiblərinin Yeni il, Novruz bayramı və Milli mətbuat günlərində maddi cəhətdən həvəsləndirilməsi jurnalistlərin fədakar əməyinə dövlətin qayğı və diqqəti kimi bütün cəmiyyətdə geniş əks-səda doğurur, minnətdarlıq duyğuları ilə yanaşı, media aləminə yeni yaradıcılıq ab-havası da gətirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə kütləvi informasiya vasitələrinin problemlərinin həll edilməsi, azad medianın ahəngdar inkişafının təmin edilməsi ilə bağlı həyata keçirdiyi ardıcıl tədbirlər silsiləsində KİV-yə dövlət dəstəyi konsepsiyasının qəbul olunması ölkədə demokratik jurnalistikanın mövqeyini xeyli möhkəmləndirmiş, yazarların vətəndaş cəmiyyəti quruculuğuna töhfəsini artırmağa əlavə stimul yaratmışdır. Konsepsiyaya uyğun olaraq fəaliyyətə başlamış Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) dördüncü ildir ki, həyata keçirdiyi müxtəlif tədbirlərlə jurnalistlərin maddi vəziyyətinin yaxşılaşmasına, redaksiyaların maliyyə problemlərinin həllinə hissediləcək kömək göstərir.
Hər il Milli Mətbuat Günü münasibətilə jurnalistlərə, aparıcı qəzet-jurnal və agentlik redaksiyalarına ölkə rəhbərinin təbrikinə birdəfəlik pul mükafatları da əlavə olunur. KİV-yə dövlət dəstəyi konsepsiyasiyasına və KİVDF-nin əsasnaməsinə uyğun olaraq, yuxarıda deyildiyi kimi, ildə 3 dəfə 15 mövzu istiqaməti üzrə fərdi jurnalist yaradıcılığı müsabiqələri keçirilir. Qaliblərin hər birinə 1000 manat pul mükafatı verilir. Fondun təşəbbüsü ilə Bakı rayonlarının icra hakimiyyətləri ilə birlikdə keçirilən yaradıcılıq müsabiqələrinin qalibləri də müxtəlif nominasiyalar üzrə pul mükafatları qazanırlar. Yola saldığımız ildə 119 jurnalist fondun keçirdiyi, 120 jurnalist isə rayon icra hakimiyyətləri ilə birgə təşkil olunan müsabiqələrin pul uduşlarına yiyələnmişlər. Ümumiyyətlə, 4 ildə 317 yazar fondun müsabiqələrinin qalibi olmaqla, şəxsi büdcəsini yaxşılaşdırmışdır.
Bundan əlavə, jurnalistlərin çalışdıqları kollektivlər, demokratik mətbuatın ağırlığını daşıyan qəzet-jurnal və agentlik redaksiyaları da dövlətin maliyyə dəstəyi ilə əhatə olunmuşdur. İldə 2 dəfə keçirilən müsabiqələrdə 30-dək redaksiya kollektivi KİV-yə dövlət dəstəyi konsepsiyasında əksini tapmış mövzuların daha yaxşı işıqlandırılması üçün KİVDF-nin ayırdığı iri məbləğdə pul vəsaitini əldə etməklə maliyyə vəziyyətini yaxşılaşdırır. Bütün bu məqsədlər üçün cari ildə fonda ayrılan vəsaitin məbləği artırılaraq 3,8 milyon manata çatdırılmışdır. Ötən 4 ildə isə mətbuatın fəaliyyətinin dəstəklənməsi üçün KİVDF-yə 10 milyon manatadək vəsait ayrılmışdır.
Bazar şəraitində jurnalistlərin mənzil şəraitini yaxşılaşdırması imkanları çox aşağı olduğuna görə dövlət dəstəyi konsepsiyasına uyğun olaraq, Azərbaycanın tarixində ilk dəfə və dünyada analoqu olmayan tərzdə KİV işçiləri üçün çoxmənzilli yaşayış binası tikilməsi təcrübəsi həyata keçirilir. Prezident İlham Əliyevin sərəncamı ilə 2 il əvvəl bu məqsədlə KİVDF-yə 5 milyon manat pul ayrılmışdır. Qısa müddətdə bina üçün əlverişli yerdə sahə ayrılmış, sürətlə işə başlanmışdır. Gələn il istifadəyə veriləcək binadan daha çox ehtiyacı olan jurnalistlər mənzil alacaqlar.
Fondun çoxcəhətli fəaliyyətində milli jurnalistikamızın ağrılı problemlərindən olan jurnalist peşəkarlığının yüksəldilməsi üçün tədbirlər həyata keçirilməsi də diqqəti cəlb edir. Vaxtaşırı keçirilən seminarlar, konfranslar, xarici ölkələrin media təcrübəsinin öyrənilməsi üçün təşkil olunan səfərlər artıq səmərəsini verməkdədir.
Göründüyü kimi, Azərbaycan dövlətinin ölkədə kütləvi informasiya vasitələrinin fəaliyyətinə əlverişli şərait yaradılması üçün həyata keçirdiyi müxtəlif tədbirlər, xüsusən, maddi dəstək tədbirləri ildən-ilə yeni məzmunla zənginləşir, daha geniş miqyas alır. KİVDF-nin bu yöndə səmərəli fəaliyyəti təkcə ölkəmizdə deyil, ondan kənarlarda da yüksək dəyərləndirilir, keçmiş SSRİ məkanında isə öncüllüyü ilə seçilir, öyrənilir.
Dekabrın 27-də növbəti jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun vurğuladığı kimi, Azərbaycan dövlətinin mətbuata qayğısı ildən-ilə daha təkmilləşdirilmiş formada davam edir. Bütün bunlar Prezident İlham Əliyevin KİV-yə, jurnalist əməyinə yüksək diqqət və qayğısının əyani təzahürləridir.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan jurnalistikasının demokratik cəmiyyətdə layiqli yer tutması üçün həyata keçirdiyi tarixi tədbirlərin davamı olaraq KİV-ə fəal dövlət dəstəyinin gerçəkləşdirilməsi milli jurnalistlikamızın növbəti inkişafına, söz azadlığı prinsiplərinin cəmiyyətə fayda gətirməsinə möhkəm təminat yaradır.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.