Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Şərur rayonunun Qorçulu kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir

Başa çatmaqda olan 2012-ci il muxtar respublikanın həyatında uğurlu quruculuq və sosial-iqtisadi inkişaf ili kimi səciyyələnir.

Başa çatmaqda olan 2012-ci il muxtar respublikanın həyatında uğurlu quruculuq və sosial-iqtisadi inkişaf ili kimi səciyyələnir. İqtisadi yüksəliş, qəbul olunan Dövlət proqramlarının uğurlu icrası, regionların sürətli inkişafına göstərilən hərtərəfli qayğı cari ildə əldə olunan böyük uğurların əsas hərəkətverici qüvvəsinə çevrilmiş, əhalinin sosial-rifah halı yüksəlmişdir.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi, dekabrın 27-də Şərur rayonunun Qorçulu kəndində yeni sosial obyektlərin açılışı olmuşdur. Kənd sakinləri əvvəlcə avtomobil yolunun açılışında iştirak etmişlər. Kənd sakini Adil Məmmədov demişdir ki, bu gün muxtar respublikada rayon mərkəzlərinin və kəndlərin yolları tamamilə abadlaşdırılır, avtomobil yollarının təmiri və yenidən qurulması istiqamətində ardıcıl iş aparılır. Bu proses Şərur rayonunda da geniş vüsət almışdır. Yol çəkilişi insanlara rahatlıq gətirməklə yanaşı, hər bir bölgənin inkişafını müəyyən edən əsas amillərdən biridir. Çünki yol olmadan hərtərəfli inkişafa nail olmaq mümkün deyil. İnsanların rahatlığı, bölgənin davamlı sosial-iqtisadi inkişafı üçün müasir avtomobil yolunun mövcudluğu əsas məsələdir.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sakinləri təbrik etmiş, yolun açılışını bildirən lenti kəsmişdir.

Bildirilmişdir ki, yolun uzunluğu 3,6 kilometr, yol yatağının eni 9, asfalt örtüklü ikizolaqlı hərəkət hissəsinin eni isə 7,2 metrdir. Yolda piyadaların və avtomobillərin təhlükəsiz hərəkəti təmin edilmişdir. Yenidənqurma işləri aparılarkən yola 4 su keçidi qoyulmuş, yol cizgilənərək hərəkət qaydalarına uyğun işarələnmiş, ətrafda 280 metr uzunluğunda hasar çəkilmişdir.

* * *

Şərur rayonunda təhsil infrastrukturunun inkişafı istiqamətində də  ardıcıl tədbirlər görülür, müasir tədris vasitələri ilə təmin edilmiş məktəb binalarının tikintisi uğurla davam etdirilir. Bu il rayonda, ümumilikdə, 1548 şagird yerlik 4 məktəb binası tikilərək istifadəyə verilmişdir. Dekabrın 27-də bu məktəb binalarının sırasına biri də əlavə olunmuş, Qorçulu kənd tam orta məktəbinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Ali Məclisin Sədri Vasif Talıbov məktəb binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: “Bu gün ölkəmiz ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində sürətlə inkişaf edərək regionda lider dövlətə çevrilmişdir. Ölkəmizin ən qiymətli sərvəti olan insanlara qayğı, gələcəyimiz olan gənclərin yetişdirilməsi diqqət mərkəzində saxlanılır, bu məqsədlə qəbul olunan Dövlət proqramları uğurla icra olunur. Qorçulu kəndində istifadəyə verilən yeni məktəb binası, həyata keçirilən quruculuq işləri də ümummilli liderimizin siyasi xəttinin uğurla davam etdirilməsinin bəhrələridir”.

Qorçulu kənd tam orta məktəbinin binası müasir tələblər səviyyəsində qurulmuşdur. Təhsil ocağında elektron lövhəli siniflər, kimya-biologiya və fizika laboratoriyaları, komnpyuter sinfi, kitabxana və idman zalı vardır. Yaradılan şərait imkan verəcəkdir ki, məktəbin kollektivi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirsin.

 Ali Məclisin Sədri bildirmişdir ki, Qorçulu kənd tam orta məktəbi muxtar respublikada öz nailiyyətləri ilə seçilən ümumtəhsil müəssisələrindəndir. Ötən tədris ilində məktəbdə uğurlu nailiyyətlər qazanılmış, məzunlardan 5-i ali məktəblərə, 1-i orta ixtisas məktəbinə qəbul olunmuşdur. V. Talıbov qazanılan nailiyyətlərə görə kollektivə təşəkkürünü bildirmiş, onlara tədrisdə uğurlar arzulamışdır.

Məktəbin müəllimi Hicran Zeynalova demişdir ki, kənd məktəbində yaradılan müasir tədris şəraiti müəllimlərin məsuliyyətini daha da artırır. Müasir şərait, yeni tədris vasitələri daha yüksək nəticələrin qazanılmasında əsas amildir. Məktəbin pedaqoji kollektivi göstərilən bu dövlət qayğısının müqabilində daha səylə çalışacaqlar.

Ali Məclisin Sədri açılışı bildirən lenti kəsmiş, təhsil ocağında yaradılan şəraitlə tanış olmuşdur.

198 şagird yerlik məktəbdə müasir sinif otaqları, laboratoriyalar, hərbi kabinə, müəllimlər otağı, kitabxana, bufet və idman zalı vardır. Məktəbdə 3 elektron lövhə quraşdırılmış, kompyuter otağındakı 15 kompyuter internetə qoşulmuşdur. Həyata keçirilən tədbirlər interaktiv tədris metodlarından səmərəli istifadə etməyə imkan verir. Məktəbin kitabxana fondu zənginləşdirilmiş, müəllim və şagirdlərin istifadəsinə 5769 kitab verilmişdir.

Baxış zamanı qeyd olunmuşdur ki, dərslərin yüksək səviyyədə mənimsənilməsində valideynlərin də üzərinə mühüm vəzifələr düşür. Biliklərə dərindən yiyələnmək yalnız məktəblərdə tədris olunan dərslərlə məhdudlaşmamalı, bu iş məktəbdən sonra ailədə də davam etdirilməlidir. Bunu isə yüksək səviyyədə qurulmuş məktəb-ailə münasibətlərinin köməyi ilə həyata keçirmək olar. Orta təhsil sistemində məktəb-ailə münasibətlərinin yüksək səviyyədə qurulması həm şagirdlərin məktəbdənkənar fəaliyyətinin səmərəli təşkilinə, həm də onların öz bilik və bacarıqlarını artırmasına imkan verir.

Müəllimlər yaradılan şəraitə və göstərilən yüksək dövlət qayğısına görə minnətdarlıqlarını bildirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında