Bu günlərdə dağlar diyarı Lerikdə cari tədris ilində sayca 7-ci yeni təhsil ocağı qapılarını şagird və müəllimlərin üzünə açdı. Rayonun ucqar Barzavu kəndində ünvan alan ümumi orta məktəb müasir layihə ilə tikilib və 180 şagird yerlikdir.
Xatırladaq ki, sentyabrın 17-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na müvafiq olaraq inşa edilmiş 220 yerlik Züvüc və 180 yerlik Veri kənd tam orta, 80 yerlik Aran, Ləkər, Daster və Davradibi kənd ümumi məktəblərinin istifadəyə verilməsi rayonun təhsil ictimaiyyətinin böyük sevincinə səbəb olmuşdu. Həmin məktəblərin hamısı lazımı avadanlıq və dərs ləvazimatları ilə təmin edilib.
...Lerikə səfərimiz Barzavuda yeni məktəbin açılış mərasiminə təsadüf etmişdi. Lənkəran-Lerik yolunun 50-ci kilometrinə çatandan sonra ətrafı bürümüş qatı duman və rayona qar yağması səbəbindən tədbirin başqa bir vaxta keçirilə biləcəyini də düşünməyə başlamışdıq. Amma icra hakimiyyətinin başçısı Rövşən Bağırov dedi ki, dağlara xeyir-bərəkət rəmzi olan ilk qarın yağdığı gün nəzərdə tutulan mərasimin təşkili daha yaddaqalan olacaq, buna görə də təxirə salmaq istəmirik. Həm də, axı, kənd camaatı neçə gündür bu ovqata köklənib və bizi gözləyir. Necə olsa, getməliyik.
Yolboyu qızılı payız rənglərinə qış qarının bəyaz örtük saldığı əzəmətli dağların dumanda gizlənən gözəlliyini çətinliklə də olsa, seyr edə-edə Barzavuya yetişdik. Bu yaşayış məntəqəsinə təbii qaz çəkilişinin tamamlanması üzrə işlərin də ciddi-cəhdlə aparıldığının şahidi olduq. Rövşən müəllim dedi ki, məktəb tikintisi və digər abadlıq-quruculuq işləri kimi, qaz çəkilişi də rayonda xeyli genişlənib. Hava şəraiti imkan versə, bir neçə günə Anbu-Barzavu, Andurma-Rvarud və Piran-Hamarmeşə xətləri üzrə kəndlərə mavi yanacaq veriləcək.
İştirakçılar məktəb binasının istifadəyə verilməsi mərasiminə beləcə fərəh dolu ovqatla qatıldılar. Açılışın xeyirli-uğurlu olması diləyi ilə qurban da kəsildi. Mərasimi giriş sözü ilə rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov açdı. O, dəniz səviyyəsindən iki min metr ucalıqda yerləşən kəndlərdə belə müasir məktəb binalarının tikilməsini dövlətin təhsilə, böyüyən nəslin layiqli vətəndaşlar kimi yetişməsinə əvəzsiz qayğısı kimi dəyərləndirdi.
Yeri gəlmişkən, Lerikdə təhsilə dövlət qayğısı bu sahənin uğurlarının artmasını artıq faktiki təmin edib. Son səkkiz ildə rayonda 35 yeni məktəb tikilərək şagird və müəllimlərin ixtiyarına verilib. Ötən yay 136 məzun müxtəlif ali məktəblərə qəbul olunub. Təkcə Vizəzəmin kənd tam orta məktəbinin 11-ci sinfini bitirənlərdən 10-u ali məktəblərə sənəd verib ki, onların da 7-si tələbə adını qazanıb. Üç nəfər 500-dən yuxarı, o cümlədən iki nəfər 600-dən yuxarı bal toplayıb. Nərmin Əmirova 675 balla Prezident təqaüdünə layiq görülüb. Elə müəllimlər də, necə deyərlər, xeyli irəli gediblər. Ötən il Cəbrayıl Surətov, bu il isə Zöhrab Salayev “Tərəqqi” medalı ilə təltif olunublar. Bundan əvvəl Rəsul Cahangirov əməkdar müəllim adını alıb. Əlbəttə, gözəl nəticələrdir.
Yeni məktəbin “təvəllüd” tapdığı Barzavu kəndi dünyaca məşhurdur - desək, mübaliğə olmaz. Uzun ömür sürməsinə görə adı Ginnesin rekordlar kitabına düşmüş 168 yaşlı Şirəli Müslümov məhz bu kənddən idi. Mərasimdə Şirəli babanın nəvəsi, hazırda Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri olan ağsaqqal ziyalı Elxan Qənbərov da çıxış etdi. Diqqət və qayğıdan hədsiz məmnunluq hisslərini çatdırdı.
Məktəbin şagirdi Gülcahan Əliyeva ürək sözlərini ifadə elədi, məktəbi tikənlərə, onların sabahını düşünənlərə “çox sağ olun” deyərək uşaqların razılığını dilə gətirdi. İnşaat şirkətinin təmsilçisi yeni binaya köçən məktəbin kollektivini təbrik etdi.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırova söz verildi. O, regionların, xüsusilə də ucqarların sosial-iqtisadi inkişafına dövlət qayğısının fərəhli nəticələrindən konkret faktlarla söhbət acdı. Şəhərdən 7 kilometr yuxarıdakı bu yaşayış məntəqəsində məktəb tikintisinin hansı çətinliklərlə başa gəldiyindən danışdı. Həqiqətən də, ilk dövrlərdə Barzavuya betonqarışdıran mexanizmi gətirib çıxarmaq müşkülə dönmüşdü. Ciddi səylərdən sonra, handan-hana buna nail olundu. Sonra idman salonunun özülü qazılan zaman yerdən çoxlu qaya parçaları çıxdı ki, bu da işləri çətinləşdirdi. Amma quruculuq əzmi, qətiyyət, təəssübkeşlik son nəticədə qalib gəldi və indi artıq yeni məktəb binası öz həqiqi sahiblərini - müəllim və şagirdləri qoynuna alır. Bundan başqa, hazırda Lerik rayonunun Mololan, Livədilqə və Nücü kəndlərində 180 yerlik, Durğan, Nüvədi, Kələxan və Zərikumaco kəndlərində 80 yerlik yeni məktəb binalarının inşası davam etdirilir. Eyni zamanda, şəhər uşaq bağçası əsaslı təmir olunmaqdadır. Rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə leriklilər adından sonsuz minnətdarlığını bildirən icra hakimiyyətinin başçısı abadlıq-quruculuq sahəsində, əhalinin firavan həyatı naminə rayonda hələ çox işlərin görüləcəyini nəzərə çatdırdı. R.Bağırov sonra yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə kənd sakinlərini təbrik etdi, onlara ən xoş arzularını bildirdi.
Məktəbin açılışını bildirən rəmzi lent kəsildi, binaya baxış keçirildi. İkimərtəbəli yaraşıqlı bina müasir avadanlıqla təchiz edilmiş 9 sinif otağı, fizika və kimya laboratoriyası, kompyuter otağı, bufet və idman zalından ibarətdir. Məktəb müasir istilik sistemi ilə də təchiz olunub. Sinifləri gəzən rayon rəhbərliyi dərs prosesi ilə maraqlandı. Şagirdlərə biliklərə dərindən yiyələnmək tövsiyə edildi.
Beləliklə, quşbaşı qarın gözəlliyinə bələnən ucqar kənddə yeni məktəbin açılış mərasiminə ayrılan dəqiqələr, saatlar quş qanadındaca hiss olunmadan ötüb keçdi.
Biz günortadan sonra Leriki tərk edəndə göylər nübar qarını dağlara hələ də səpələyirdi. Amma duman xeyli seyrəlmişdi, yollar aydınlaşırdı...
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.