AzərTAc-ın Yaponiyanın aparıcı informasiya agentlikləri ilə əlaqələrinin inkişaf etdirilməsinə dair məsələlər müzakirə olunmuşdur

Son illər Yaponiyada Azərbaycan haqqında daha dolğun məlumatlara maraq artmışdır. Biz bu baxımdan Yaponiyanın aparıcı informasiya agentlikləri ilə əlaqələrini yüksək qiymətləndiririk. Bu fikri Yaponiyanın Azərbaycandakı səfirinin müşaviri, xanım Hideko Ono AzərTAc-ın baş direktoru Aslan Aslanov ilə dekabrın 20-də agentlikdə keçirilən görüşündə söyləmişdir.

Xanım Ono demişdir ki, biz Yaponiya mətbuatında Azərbaycanın ictimai-siyasi həyatı ilə bağlı yeniliklərin daha çox yayılması üçün bu istiqamətdə bütün təşəbbüslərə dəstək verməyə hazırıq.

AzərTAc-ın Yaponiyanın informasiya agentlikləri ilə əlaqələrini yüksək qiymətləndirdiyini deyən xanım Ono səfirliyin agentlik ilə birgə layihələrin həyata keçirilməsinə də hazır olduğunu bildirərək demişdir: “AzərTAc-ın qədim tarixi və uğurları bizi sevindirir. Səfirliyimizdə çalışan diplomatlarımızın sizin agentlik ilə daha sıx əməkdaşlıq etmələrini istərdik. Eyni zamanda, AzərTAc-ın jurnalistlərinin də Yaponiyanın ictimai-siyasi həyatı ilə bağlı müzakirələrdə yaxından iştirakından məmnun olardıq”.

Yaponiya səfirliyinin Azərbaycanın iqtisadi, sosial, ictimai və mədəni həyatında reallaşdırdığı layihələrin əhəmiyyətini vurğulayan Aslan Aslanov AzərTAc-ın Gündoğar ölkənin Kyodo xəbər agentliyi ilə yaxşı əlaqələr qurduğunu və digər nüfuzlu media qurumları ilə yaxından əməkdaşlıqda maraqlı olduğunu bildirmişdir. Baş direktor demişdir: “Biz Kyodo ilə bir neçə il əvvəl informasiya mübadiləsi haqqında müqavilə  imzalamışıq və  əməkdaşlığımız həm Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) çərçivəsində, həm də ikitərəfli əlaqələr formatında uğurla davam edir”.

Noyabrın 28-dən dekabrın 1-dək Tokioda səfərdə olduğunu deyən A.Aslanov Kyodo agentliyinin təşkilatçılığı ilə OANA-nın 34-cü iclasında iştirak etdiyini söyləmiş, həm AzərTAc-ın, həm də Kyodo-nun bu nüfuzlu təşkilatın büro üzvü olduğunu diqqətə çatdırmışdır.

Baş direktor  hazırda Yaponiyanın ikinci ən böyük xəbər agentliyi sayılan JİJİ PRESS-in AzərTAc ilə əməkdaşlıqda maraqlı olduğunu bildirmişdir. 

Qeyd edilmişdir ki, AzərTAc Yaponiyanın Azərbaycandakı səfirliyi ilə bütün sahələrdə əməkdaşlıq etməkdə maraqlıdır. AzərTAc-da səfirliyin dəstəyi və agentliyin təşkilatçılığı ilə Yaponiyanın həyatından bəhs edəcək fotosərginin keçirilməsi təklif olunmuşdur.

Görüşdə ölkələrimiz arasında mətbuat sahəsində əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında