Prezident İlham ƏLİYEV: Azərbaycanda bütün sosial məsələlər öz həllini tapır

Artıq yeddi ildir ki, ümummilli liderimiz Heydər Əliyevin respublikada yaratdığı sosial-iqtisadi potensial ölkə başçısı İlham Əliyev tərəfindən daha da möhkəmləndirilir, Azərbaycan özünün sosial-iqtisadi inkişafına görə dünya dövlətləri sırasında öndə gedir. Əgər biz əhalinin yaşayış səviyyəsini 2003-cü illə müqayisə etsək, bu sahədə əldə olunan nailiyyətlərlə də öyünməyə haqqımız var. Neçə illərdir ki, dünyada hökm sürən maliyyə böhranı Azərbaycanda bir o qədər də hiss olunmur. Ona görə ki, qarşıya qoyulan məqsəd və vəzifələr ciddi nəzarət altındadır. Hər rübün sonunda və ilin yekununda həmin vəzifələrin necə yerinə yetirildiyinin dövlət rəhbəri tərəfindən müzakirə olunması, müvafiq göstəriş və tövsiyələr verilməsi işlərin rəvan getməsinə müsbət təsir göstərir.
Cari ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında 2009-cu ilin yekunlarını geniş təhlil etmiş, iqtisadi, sosial, mədəni və digər sahələrdə, o cümlədən xarici siyasət sahəsində əldə olunmuş uğurlar barədə məlumat vermiş, 2010-cu ildə qarşıda duran vəzifələr, mövcud problemlər və onların həlli yolları barədə danışmış, müvafiq tövsiyə və tapşırıqlar vermişdir. Ölkə başçısı giriş nitqində ötən il bütün sahələr üzrə görülmüş işləri, əldə olunmuş nailiyyətləri diqqətə çatdırmışdır. Göstərilmişdir ki, dünyada hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycan yenə də iqtisadi inkişaf sürətinə görə liderliyini saxlayır. 2009-cu ilin statistikası sübut edir ki, Azərbaycan iqtisadiyyatı yüksək sürətlə inkişaf etmiş, iqtisadi inkişaf sürəti baxımından dünyada lider dövlətə çevrilmişdir. Maliyyə böhranının yaratdığı çətinliklər aparılan düzgün iqtisadi siyasət nəticəsində müvəffəqiyyətlə aradan qaldırılmış, ümumi daxili məhsul istehsalı 9,3 faiz artmışdır. İl ərzində sənaye istehsalı da artaraq 8,6 faiz təşkil etmişdir. İnflyasiya kəskin şəkildə azalaraq 1,5 faiz səviyyəsinə enmişdir. Halbuki, bir il əvvəl bu göstərici ölkədə 21 faizə bərabər idi. Əhalinin pul gəlirləri xeyli artmışdır.
Keçən il xarici və daxili investisiyaların həcmi artmış, iqtisadiyyata 9,2 milyard dollar sərmayə qoyulmuşdur ki, bunun da 7,3 milyardını daxili investisiyalar təşkil etmişdir. Yerli sahibkarlığın hərtərəfli inkişafı üçün dövlət tərəfindən edilən dəstək özünü göstərir, Azərbaycanda çox güclü sahibkarlar sinfi yaranır. Məhz onların hesabına daxili investisiyaların artımı mümkün olmuşdur. Azərbaycan investisiya mühitinə görə, investisiyaların qorunmasına yönəldilmiş addımlara görə xarici investorlar üçün də cəlbedici ölkə kimi qəbul olunur.
Ölkədə həyata keçirilən tədbirlərin əsas məqsədi büdcə gəlirlərini və xərclərini artırmaqdan ibarətdir. Valyuta ehtiyatlarımız 20,4 milyard dollar səviyyəsindədir. Bu il Azərbaycanda neft-qaz hasilatının həcminin yüksəlməsi valyuta ehtiyatlarının sürətlə artmasına gətirib çıxaracaqdır. Xüsusi qeyd olunmalıdır ki, keçən il görülən bütün işlər - qəbul edilmiş proqramlar, həyata keçirilən infrastruktur layihələri, sahibkarlara dəstək, investisiya mühitinin yaxşılaşdırılması və digər tədbirlərin əsas məqsədi büdcə gəlirlərini və xərclərini artırmağa yönəldilmişdir. 2010-cu ildə 2009-cu ilə nisbətən büdcəmiz xeyli çoxalacaqdır. Bunun mənbəyi maliyyə intizamının möhkəmlənməsindən, neft strategiyasının uğurlu icrasından, aparılan cəsarətli və düşünülmüş iqtisadi islahatlardan ibarət olacaqdır.
Azərbaycan Prezidenti giriş nitqində xüsusi vurğulamışdır ki, keçən il əhalinin sosial problemlərinin həllinə böyük diqqət yetirilmiş, bu istiqamətdə mühüm addımlar atılmışdır. Regionların sosial-iqtisadi Dövlət Proqramının icrası uğurla davam edir. 2009-cu ildə 74 min yeni iş yeri açılmışdır. Bütövlükdə, 2003-cü ilin oktyabr ayından bəri Azərbaycanda 850 mindən artıq yeni iş yeri yaradılmışdır. Bu, ölkədə işsizlik probleminin sürətlə aradan qaldırıldığını göstərir. Azərbaycan Prezidenti ölkənin iqtisadi inkişaf sürətini nəzərə alaraq qeyd etmişdir ki, yaxın illərdə yerli işçi qüvvələr görülən işlərin öhdəsindən gəlməyə də bilərlər. Buna görə də gələcəkdə Azərbaycana xaricdən işçi qüvvələrin gətirilməsi istisna olunmur.
2009-cu ilin yekunlarına görə, Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı 11 faizə düşmüşdür. Son bir ildə bu göstərici 2,2 faiz azalmışdır. Halbuki, 2003-cü ildə əhalinin 49 faizi yoxsulluq şəraitində yaşayırdı. Beynəlxalq maliyyə qurumları ilə birlikdə icra edilən proqram, yoxsulluğun azalmasına yönəldilmiş proqram 2015-ci ildə başa çatmalıdır. İşlərin gedişi göstərir ki, daha qısa müddət ərzində Azərbaycanda yoxsulluğun tamamilə aradan qaldırılması təmin olunacaqdır.
Biz görürük ki, hökumətin əsas məqsədi insanların maddi vəziyyətini yaxşılaşdırmaqdır. Özəl sektorda fəaliyyət göstərən insanlar üçün dövlət dəstəyi, sahibkarlığa diqqət, kreditlərin verilməsi, dövlət təşkilatlarında çalışanlar üçün əmək haqlarının qaldırılması - bu proseslər paralel şəkildə gedir. İndiki mərhələdə əsas məqsəd minimum və orta əmək haqqını insanların tələbatı səviyyəsinə çatdırmaqdır.
Keçən ilin yekunlarını təhlil edərkən Prezident İlham Əliyev demişdir: "... Sosial proqramların həlli həmişə olduğu kimi, böyük əhəmiyyət kəsb edir. Mən qeyd edə bilərəm ki, burada da bütün sosial proqramlar vaxtında icra edildi, ünvanlı sosial yardım proqramı davam etdi. 2009-cu ildə Azərbaycanda 64 məktəb tikilmişdir. 59 səhiyyə müəssisəsi tikilmiş və təmir edilmişdir. Beş böyük olimpiya kompleksi istifadəyə verilmişdir. Bu onu göstərir ki, hətta maliyyə imkanlarımız bir az azalanda da biz sosial infrastrukturunun inkişafı üçün lazımi tədbirləri görürük, maliyyə vəsaiti ayırırıq və beləliklə, Azərbaycanda bütün sosial məsələlər öz həllini tapır. Böyük infrastruktur layihələrinin icrası davam edir. Bütün istiqamətlərdə həm magistral, həm də şəhərlərarası yollar çəkilir".
2009-cu ildə sosialyönümlü tədbirlərin və xərclərin büdcə icrasına üstünlük verilmiş, müvafiq dövlət proqramlarının maliyyələşdirilməsi tam təmin edilmişdir. Bu məqsədlər üçün dövlət büdcəsindən 2 milyard 903 milyon manat, o cümlədən onun cari xərclərindən 2 milyard 763 milyon manat vəsait sərf edilmişdir ki, bu da 2008-ci illə müqayisədə 450 milyon manat və ya 19,5 faiz çoxdur. 2009-cu ildə 2008-ci illə müqayisədə dövlət büdcəsinin cari xərclərində sosialyönümlü tədbirlər üzrə xərclərin tərkib hissəsi olan sosial-müdafiə və sosial-təminat xərcləri 24,6 faiz, təhsil xərcləri 17,2 faiz, səhiyyə xərcləri 16,2 faiz, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi xərcləri 12,9 faiz artmışdır.
Böhran ilinə baxmayaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə əhalinin 1 oktyabr 2009-cu il tarixə təbii qazdan istifadə üzrə yaranmış 330 milyon manat məbləğində borcları dövlət büdcəsinin vəsaiti hesabına silinmişdir. Aztəminatlı ailələrin sosial müdafiəsini təmin edən ünvanlı sosial yardımın hesablanmasında tətbiq edilən ehtiyac meyarının məbləği artırılaraq 60 manata çatdırılmış, ünvanlı sosial yardımların göstərilməsi məqsədi ilə dövlət büdcəsindən 180 milyon manat vəsait istifadə olunmuşdur ki, bu da 700 min nəfər aztəminatlı şəxsi əhatə etmişdir.
Əlillərin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması və əlillər üçün bərpa mərkəzlərinin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi, o cümlədən respublikanın 22 rayonunda və Bakı şəhərinin Qaradağ, Suraxanı, Yasamal, Əzizbəyov və Sabunçu rayonlarında əlillər üçün çoxmənzilli və fərdi yaşayış evlərinin tikintisinə 46,2 milyon manat vəsait yönəldilmişdir.
2009-cu il də məcburi köçkünlərin sosial-məişət və məskunlaşma şəraitinin yaxşılaşdırılması və yaşayış qəsəbələrinin tikintisi istiqamətində də vacib mərhələ olmuşdur. İl ərzində Dövlət Neft Fondundan həmin məqsədlərə 90 milyon manat vəsait sərf olunmuşdur.
Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən təhsil və səhiyyə obyektlərinin tikintisi və yenidən qurulmasına 140 milyon manat vəsait yönəldilmişdir. Yeni məktəblərin tikintisi, məktəblərin, uşaq bağçalarının dövlət ali təhsil müəssisələrinin əsaslı təmiri və yenidənqurulması məhz bu vəsait hesabına həyata keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı yekun nitqində 2010-cu ildə ölkəmizin inkişaf istiqamətləri, qarşıda duran vəzifələr barədə danışmış, mövcud problemlərin həlli istiqamətində görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələr vermiş, ictimai maraq kəsb edən məsələlərə münasibət bildirmişdir. Qeyd olunmuşdur ki, ölkədə aparılan iqtisadi, investisiya yönümlü, bazar iqtisadiyyatı prinsiplərinə sadiq siyasət, eyni zamanda, sosial proqramlar ilə də tamamlanmalıdır. Əhalinin sosial müdafiəsi məsələləri həmişə ön planda durmalıdır.
Keçən il dünyada maliyyə böhranı hökm sürsə də, sadə Azərbaycan vətəndaşları o böhranın acı nəticələrini, demək olar ki, hiss etməyiblər. Çünki ölkədə inflyasiya sabit saxlanılıb, qiymətlərin artırılmasına imkan verilməyib. Maaşlar, pensiyalar vaxtında sahiblərinə çatdırılıb. Möhtərəm Prezidentimiz İlham Əliyevin Şirvan şəhərində ictimaiyyət nümayəndələri ilə görüşdə dediyi kimi, bu proses indi də davam edir. Bu il maaşların, pensiyaların artımı nəzərdə tutulur.

{nl}

Telman ƏLİYEV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında