Ölkəmizdə quruculuq işləri ildən-ilə genişlənməkdədir. Şəhər və kəndlərimiz öz simasını dəyişir, yeni yollar, prospektlər salınır, dünya memarlığının ən yeni nailiyyətlərinə uyğun gözəl binalar inşa edilir, bir sözlə, həyatımız gündən-günə yeniləşir, gözəlləşir. Bütün bunların əsasında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, davamlı siyasət dayanır.
İstər paytaxtımızda, istərsə də regionlarımızda səhərsalmanın müasir ənənələrindən məharətlə istifadə edən memarlarımız öz yeni layihələri ilə Şərqin və Qərbin memarlıq üslubunun sintezini yaradır, həmin layihələr əsasında yeni, müasir binalar, parklar və xiyabanlar inşa edilir.
Bu gün Azərbaycanda səhərsalma sahəsində hansı yeniliklər var, Azərbaycanda memarlıq sənəti dövrün tələblərinə cavab verə bilirmi? Bu və digər suallarımızı Ümumdünya Reklamçılar Assosiasiyasının üzvü, Türkdilli Ölkələrin Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru Cahid Həsənov cavablandırır.
- Memarlıq insanın həyat və fəaliyyəti üçün məkan mühitini əmələ gətirən bina və qurğular sistemidir. Bu, bina və qurğuların gözəllik qanunlarına uyğun olaraq yaradılması sənətidir. Monumental memarlıqla bərabər tarix boyu xalq memarlığı da inkişaf edib. Mənsub olduğu xalqın həyat tərzini və estetik görüşlərini əks etdirən xalq memarlığı monumental memarlıq üçün tükənməz yaradıcılıq mənbəyi olub.
Azərbaycanda memarlıq sənətinin qədim tarixi var. Əlbəttə, mən bu tarixi nailiyyətləri şərh etmək fikrində deyiləm. Bakı və digər regionlarımızdakı qədim binalar, digər abidələr bunu təsdiq edir.
Müsahibim bildirdi ki, mövcud yenidənqurma, genişləndirmələr, müasir şəhərsalma və arxitekturanın yaradılması Azərbaycanda şəhərlərin müasir həyatının xarakterik cəhətidir. Təkcə şəhərlərin əraziləri, yaxud da, onların sayı artmır, həm də dərin keyfiyyətli dəyişikliklər baş verir. Elə Bakı şəhərini götürün. O, özünün bütün müxtəlifliyi ilə yalnız memarlıq ansamblını deyil, həm də yüksək yaşayış, inzibati və sənaye binalarından, metropoliten xəttinin dərində yerləşən yeraltı nəqliyyat obyektlərindən, estakadalardan, körpülərdən, yollardan və s. təşkil olunan mürəkkəb mühəndis qurğular kompleksini xatırladır. Respublika Prezidentinin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tapşırılmış “Böyük Bakının Regional İnkişaf Planı”nın hazırlanması başa çatmışdır.
Bakıya gələn qonaqlar etiraf edirlər ki, Bakı tamamilə yeniləşmişdir. Burada inşa edilən müasir tipli binalar, xiyabanlar onları həqiqətən valeh edir. Xüsusilə, Heydər Əliyev prospektində ucaldılan Heydər Əliyev Mərkəzi öz füsünkarlığı ilə insanları valeh edir. Elə “Üç alov” bina kompleksi də müasir memarlığın yeni nailiyyətlərindəndir. Əlbəttə, müasir memarlıq təkcə uca binalar deyil, bu binaların görkəminin insan ruhuna, milli ənənələrə uyğunlaşması əsas şərtdir.
Bizim Milli Parkda son illər aparılan quruculuq işləri şəhərimizin ümumi memarlıq ansamblına yeni bir gözəllik bəxş edib, Bayraq Meydanı isə bu parkın ansablını bir növ tamamlayır.
Müsahibim Bakının ayrı-ayrı rayonlarında aparılan quruculuq işlərindən də danışdı. Dedi ki, İpək Yolu üstündə yerləşən Qaradağ rayonunda inşa edilən yeni binalar, parklar müasir memarlığın ən yeni nailiyyətlərinə əsaslanır.
Regionlarımızda quruculuq işləri genişlənir. Burada da şəhərsalmanın yeni nailiyyətlərindən məharətlə istifadə olunur. Xüsusilə ulu öndər Heydər Əliyevin adını daşıyan parklar, Olimpiya kompleksləri, yaşayış binaları öz görkəmi ilə gözəl mənzərə yaradır.
Cahid müəllim Bakının “Qara şəhər” adlandırılan ərazisində salınacaq yeni “Ağ Şəhər”in layihəsi barədə də danışdı. Bildirdi ki, bu, Bakının qoynunda yeni Avropa şəhəri olacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı”nın təsdiq edilməsi haqqında fərmanının icrası çərçivəsində, Bakı şəhər İcra Hakimiyyətinin başçısı H. Abutalıbovun 11 iyun 2007-ci il tarixli sərəncamına əsasən, bundan sonra Bakı Ağ Şəhər (Baku White City) adlanacaq “Qara şəhər”in bərpa və inkişafı haqqında qərar qəbul edilmişdi. Sahəsi 221 hektar olan bu ərazi tamamilə dəyişərək, yeni bir sima alacaqdır. Artıq bu şəhərin tikintisinə başlanılmışdır.
Son olaraq müsahibim onu da dedi ki, Azərbaycanda şəhərsalma işləri bundan sonra daha da sürətlənəcək, ölkəmizin şəhər və qəsəbələri öz simasını dəyişəcəkdir. Bu, dövrün tələbidir.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.