Heydər Əliyev Azərbaycan təhsilinin və gənclərin qayğıkeş himayədarı idi

Müasir türk dünyası tarixinin ən görkəmli simalarından olan böyük dövlət xadimi, 50 milyonluq dünya azərbaycanlılarının şəriksiz lideri, bir əsrdə ikinci dəfə əldə etdiyimiz dövlət müstəqilliyimizə əbədilik qazandırmış Heydər Əliyev haqqında yazı qələmə almağın məsuliyyətini hamı kimi mən də yaxşı başa düşürəm.

Müasir türk dünyası tarixinin ən görkəmli simalarından olan böyük dövlət xadimi, 50 milyonluq dünya azərbaycanlılarının şəriksiz lideri, bir əsrdə ikinci dəfə əldə etdiyimiz dövlət müstəqilliyimizə əbədilik qazandırmış Heydər Əliyev haqqında yazı qələmə almağın məsuliyyətini hamı kimi mən də yaxşı başa düşürəm. Eyni zamanda onu da yaxşı bilirəm ki, bu mövzuda məqalə hazırlamaq ötən əsrin 70-ci illərində Azərbaycandan kənarda oxumaq üçün göndərilmiş gənclərin, yəni, mənim yaşıdlarımın hər birinin vətəndaşlıq borcudur. Bizim bu qəbildən olan yazıları qələmə almağımız təkcə qədrşünaslıq nümunəsi kimi qiymətləndirilməməlidir. Bu yazılar həm də vaxtilə böyük və çətin bir yola çıxan insanın ona həqiqi istiqaməti göstərmiş müəllimə minnətdarlığının və ehtiramının ifadəsi kimi qəbul edilməlidir.

Bu gün ulu öndər Heydər Əliyev haqqında söz açan qələm sahiblərinin əksəriyyəti onu daha çox 90-cı illərin əvvəllərində əldən getməkdə olan milli dövlətçiliyimizin xilaskarı kimi qiymətləndirir, bəlalar və məhrumiyyətlərlə üz-üzə qalmış xalqımıza qurtuluş gətirmiş lider olduğunu önə çəkirlər. Əlbəttə, bu arqumentlərin müəllifləri tamamilə haqlıdırlar. Ancaq ortada başqa həqiqətlər də var. Heydər Əliyev təkcə əldə etdiyimiz dövlət müstəqilliyimizi qorumaqla, onu əbədiləşdirməklə deyil, həm də bu müstəqilliyə möhtəşəm hazırlıq işləri görməklə tarixə düşmüşdü. Bu hazırlıq işləri nədən ibarət idi?

Həmin suala cavab vermək üçün 1969-1982-ci illərdə və hətta, 1987-ci ilin payızına qədər ölkəmizdə həyata keçirilən sosial-iqtisadi yenilikləri, elm, təhsil, səhiyyə, mədəniyyət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədiylə reallaşdırılan tədbirləri, xüsusən, ölkə iqtisadiyyatının daha mükəmməl şəkildə idarə olunması üçün lazım olan hərtərəfli hazırlığa malik kadrlar ordusunun yaradılması üçün atılan addımları yada salmaq kifayətdir. Heydər Əliyev həmin illərdə SSRİ-nin aqrar respublikası kimi tanınan Azərbaycanı sənaye, elm, təhsil, texnika və yüksək texnologiyalar respublikasına çevirmişdi. O illərdə Azərbaycanda cəmiyyət həyatının elə bir sahəsi yox idi ki, sürətli irəliləyiş qeydə alınmasın. Bütün bunlar qətiyyətlə deməyə əsas verirdi ki, Heydər Əliyev üfüqdə müstəqil Azərbaycan dövlətinin işartılarını görürdü. Əlbəttə, qeyd etdiyimiz kimi bütün sahələrdə əhatəli inkişaf, tərəqqi var idi. Ancaq mən həmin illərdə respublikamızın elm və təhsil sahəsindəki bəzi göstəricilərini yada salmaq istəyirəm. Çünki özüm də həmin illərdəki sürətli inkişaf prosesində Azərbaycandan kənarda təhsil almış insanlardan biri kimi çox möhtəşəm faktların şahidi olmuşam.

1970-80-ci illərdə Azərbaycanın ali məktəblərində 100-dən artıq yeni kafedra, 40-dan çox yeni fakültələr açılmış, 100-ə qədər yeni ixtisas üzrə ali təhsilli mütəxəssislərin hazırlanmasına başlanılmışdı. Həmin illərdə respublikamızda 6 yeni ali məktəb yaradılmışdı. Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu (1973-cü il) , Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu (1973-cü il) , Stepanakert Dövlət Pedaqoji İnstitutu (1973-cü il) , Azərbaycan İnşaat Mühəndisləri İnstitutu (1975-ci il) , Azərbaycan Texnologiya İnstitutu (Gəncə, 1981-ci il) və Naxçıvan Dövlət Pedaqoji İnstitutu (1982-ci il) kimi ali məktəblər ulu öndərin ölkəmizə birinci dəfə rəhbərlik etdiyi dövrdə xalqın təhsilinə və elminə göstərdiyi xidmətin təzahürü idi. Ölkənin müxtəlif bölgələrini əhatə edən şəhər və rayonlarda 12 yeni orta ixtisas məktəbinin-texnikumların fəaliyyətə başlaması da həmin illərin göstəriciləri sırasındadır. SSRİ-nin başqa respublikalarından fərqli olaraq həmin illərdə Azərbaycanda həm yerli ali məktəblərə, həm də digər şəhərlərdəki ali məktəblərə qəbul olunan gənclər arasında fəhlə və kəndli övladlarının, eləcə də qızların sayı kifayət qədər artmışdı.70-ci illərin sonlarında azərbaycanlı tələbələrin tən yarısı-50 faizi artıq qızlar idi. Bu isə qadına münasibətin ənənəvi Şərq stereotiplərinin müasir, demokratik yanaşmalarla əvəzlənməsi istiqamətində atılan uğurlu addımların ən qətiyyətlilərindən biri idi. Heydər Əliyev o illərdə ali təhsilin hamı üçün əlçatan olması üçün mümkün olan bütün imkanlardan istifadə edirdi. Yəqin hörmətli oxucular mənimlə razılaşarlar ki, həmin tədbirləri ancaq və ancaq Azərbaycanın gələcəkdə müstəqil dövlət olacağına qətiyyətlə inanan bir siyasətçi reallaşdıra bilərdi.

İndi o illərin hesabatlarına baxanda çox möhtəşəm faktların şahidi oluruq. Məsələn, 1980-ci ildə SSRİ-nin 49 şəhərinin 170 ali məktəbində 244 ixtisas üzrə 3500-dən artıq azərbaycanlı tələbə və 100-dən çox aspirant təhsil alırdı. Bu dövrdə təkcə Moskvanın 42 ali məktəbində 136 ixtisas üzrə 800, Leninqradın 25 ali məktəbində isə 348 azərbaycanlı tələbə təhsil alırdı. Bu sətirləri qələmə alarkən böyük bir iftixar hissi ilə qeyd etmək istəyirəm ki, məhz həmin tarixdə- 1980-ci ildə Leninqradda təhsil alan azərbaycanlı tələbələrdən biri də mən idim. Onda mən üçüncü kurs tələbəsi idim. Özü də nümunəvi tələbə kimi etimadı doğruldurdum.

Xatırladım ki, mən 1977-ci ildə ulu öndərin şəxsi nəzarəti altında Azərbaycandan kənara oxumaq üçün göndərilən gənclərin sırasında idim. Həmin il mən Leninqrad İnşaat Mühəndisləri İnstitutuna ( indi Sankt-Peterburq Dövlət Memarlıq və İnşaat Universitetidir) inşaat fənnləri üzrə mühəndis-pedaqoq ixtisasına qəbul olunmuşdum. Orada oxuduğum illərdə Heydər Əlyev siyasi müdrikliyinin təzahürünü nələrdə gördüm? Əvvəla, o, təkcə Moskvada və ya Leninqradda deyil, bütün başqa şəhərlərdə oxuyan tələbələrin təhsilini nəzarət qrupları vasitəsiylə daim diqqət mərkəzində saxlayır, lazım olan bütün qayğıları göstərirdi. İkinci məqam isə ondan ibarət idi ki, o vaxtlar “Ən yaxşı tələbə elmi işləri” adlı ümumittifaq müsabiqəsi keçirilirdi. Hələ birinci kursda texniki fənnlərdən biri üzrə həmin müsabiqənin SSRİ birincisi mən oldum. Azərbaycan Respublikasının rəhbərləri məni hökumət teleqramı ilə təbrik etdilər. Sonra mənim birinciliyim hər il davam etdi. Elə bilirdim ki, daha məni təbrik etməyəcəklər. Ancaq ardıcıl olaraq dörd il o siyasət dahisinin imzası olan teleqramları alanda mən hiss etdim ki, Leninqradda eşitdiyim “Azərbaycan xalqı Heydər Əliyev kimi rəhbəri olduğuna görə xoşbəxt xalqdır” ifadəsi özündə böyük bir həqiqəti əks etdirir. Adi, sıradan olan bir tələbənin uğuruna respublika rəhbərliyi tərəfindən qiymət verilirdisə, bu, ölkə rəhbərinin müdrikliyinin göstəricisi idi. Ən sevincli anlarım isə təyinatla Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna müəllim gəndərildiyim günlər idi. Yuxarıda qeyd etdiyim kimi həmin ali məktəb də məhz ulu öndərin böyük uzaqgörənliklə yaratdığı yeni institutlardan biri idi.

Bayaq yada saldığım məqama qayıdaraq qeyd edim ki, Heydər Əliyev bizi təhsil almağa göndərərkən həm institut illərində , həm də istehsalata qyıtdıqdan sonra azərbaycanlı adına layiq məsuliyyət nümayiş etdirməyə çağırmışdı. Qətiyyətlə deyə bilərəm ki, həm ali təhsil aldıqdan sonra Rusiyada qalıb bu dost ölkədəki Azərbaycan diasporunun möhkəmləndirilməsinə töhfələr vermiş tələbə yoldaşlarımız, həm də respublikamıza qayıdaraq Azərbaycanımızın inkişafında fəal iştirak edən keçmiş tələbələr ulu öndərin etimadını yüksək səviyyədə doğrultdular. Mən texnika elmləri doktoru, professor kimi artıq 130 elmi məqalənin və 17 elmi kitabın müəllifiyəm. Azərbaycan İnşaat Mühəndisləri Universiteti İnşaat konstruksiyaları kafedrasının müdiri və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının inşaat və maşınqayırma üzrə ekspert şurasının sədri kimi vəzifələrdə məhz ulu öndərin tövsiyələri əsasında çalışıram. Rusiya Federasiyası, Qazaxıstan, İran və Azərbaycandan olan doktorantların elmi rəhbəriyəm. Keçmiş SSRİ məkanındakı elmi jurnallarla daimi əlaqələrimiz, bizim sahəyə aid olan bütün ali məktəblərin rəhbərləri və müvafiq qurumları ilə mütəmadi əməkdaşlığımız ümumi işə kifayət qədər səmərə verir. Bir daha təkrarlayıram ki, bu bizim ümummilli liderimizin tövsiyələrindən biri idi. O deyirdi ki, istənilən əməkdaşlıq və istənilən beynəlxalq əlaqələr son nəticədə bizim daha da irəli getməyimizə stimul verəcəkdir.

Ulu öndər 1993-cü ilin yayında- Azərbaycan üçün ən ağır və dəhşətli günlərdə xalqın israrlı çağrışları ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra da ölkə təhsilinin misilsiz himayədarı kimi bu sahənin itisürətli inkişafını təmin etdi. Aparılan təhsil islahatları milli təhsilimizi Avropa təhsil sisteminin ayrılmaz tərkib hissələrindən birinə çevirdi. Azərbaycan müəllimlərinin onbirinci qurultayının keçirilməsi, müəllimlərin və pedaqoji işçilərin əməkhaqqlarının dövri olaraq artırılması, 6 aparıcı ali məktəbə maliyyə müstəqilliyinin, 7 ali məktəbə universitet statusunun verilməsi, 5 ali məktəbin yubileyinin keçirilməsi, yüzlərlə təhsil işçisinin orden və medallarla təltif olunması Heydər Əliyev təhsil siyasətinin nəticələrindən idi. Onun 1993-2003-cü illərdə Azərbaycan təhsilinə bəxş etdiyi inkişaf tendensiyası Prezident İlham Əliyev tərəfindən həm ardıcıllıqla, həm də yaradıcılıqla davam etdirilir. 2003-cü ilin payızından sonra respublikamızda 2 mindən çox yeni məktəb binasının tikilməsi, mövcud məktəblərin hamısının zamanın tələbləri səviyyəsində təmir və bərpa olunması, onların maddi- texniki bazasının sürətlə müasirləşdirilməsi, təhsilin hərtərəfli inkişafını təmin edəcək 16 Dövlət Proqramının təsdiq və icra olunması, eləcə də Dövlət büdcəsindən vəsait ayrılarkən ordu quruculuğundan sonra ən çox vəsaitin təhsil sektoruna yönəldilməsi və digər bu kimi faktlar Prezident İlham Əliyevin milli təhsilimizin inkiafına verdiyi önəmin təzahürüdür. Heydər Əliyev ötən əsrin yetmişinci illərində Azərbaycan təhsilinin durmadan inkişaf etməsinə nail olarkən gələcəkdə qurulacaq müstəqil Azərbaycan dövləti üçün hazırlıq işləri görürdü. Prezident İlham Əliyev isə öz addımlarıyla ulu öndərin əbədilik verdiyi müstəqil dövlətimizin dünya miqyaslı nüfuzunun artırılmasına nail olur. Görünən odur ki, təhsilə göstərilən qayğı və diqqət gənc müstəqil dövlətimizin daha qüdrətli sabahını təmin edəcəkdir. Biz – Heydər Əliyevin 70-ci illərdə ali təhsil almaq üçün göndərdiyi gənclər- bugünkü kadrlar ordusu isə ulu öndərin qurub yaratdığı dövlətin daha da möhkəmləndirilməsində fəallıq göstərməklə o dahi şəxsiyyətin qarşısındakı borcumuzu layiqincə yerinə yetirməyə çalışırıq.

Muxlis HACIYEV,
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının İnşaat və maşınqayırma üzrə ekspert şurasının sədri,
AzMİU-nun “İnşaat konstruksiyaları” kafedrasının müdiri, t
exnika elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında