Dekabrın 11-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda ulu öndər Heydər Əliyevin vəfatının doqquzuncu ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndərin Baş Prokurorluğun binasındakı büstü önünə əklil qoymuş və gül dəstələri düzmüşlər.
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra baş prokuror Zakir Qaralov məruzə ilə çıxış edərək demişdir ki, Azərbaycanın 1969-cu ildən başlayaraq 30 ildən artıq bir dövrü əhatə edən ən yeni tarixi, bu müddətdə ölkə həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin adı, onun müdrik dövlətçilik siyasəti ilə bağlı olmuşdur. “Azərbaycan tarixinin Heydər Əliyev dövrü” kimi qiymətləndirilən bu zaman kəsiyi ərzində ulu öndər tərəfindən görülən böyük işlərin məntiqi nəticəsidir ki, bu gün xalqımız müstəqil, demokratik və hüquqi dövlətdə yaşamaq xoşbəxtliyini əldə etmiş, öz layiqli və hərtərəfli təminatlı gələcəyinin bütün əsaslarını yaratmış, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyinə nail olmuşdur.
Vurğulanmışdır ki, Azərbaycan tarixinə sabitlik və inkişaf dövrü kimi daxil olan 1993-2003-cü illər ərzində Heydər Əliyev tərəfindən müstəqil dövlətçiliyimizin əsasları yaradılmış, milli ideologiyamızın əsası kimi azərbaycançılıq məfkurəsi formalaşdırılmış, bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan yeni iqtisadi münasibətlər bərqərar edilmişdir. Azərbaycanın yeni Konstitusiyası qəbul edilməklə hüquqi dövlət quruculuğu yolunda inamlı addımlar atılmış, demokratik və ümumbəşəri dəyərlərə əsaslanan vətəndaş cəmiyyətinin qurulması istiqamətində böyük işlər görülmüşdür.
Ulu öndər Heydər Əliyevin Azərbaycanın təbii ehtiyatlarından ölkənin milli maraqları naminə səmərəli istifadə edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsində iqtisadiyyatın və bütövlükdə ölkənin gələcəyi üçün həlledici amil olan “Əsrin müqaviləsi”nin imzalanması ilə dünyada bənzəri olmayan sürətli inkişaf üçün hərtərəfli zəmin yaradılmışdır. Azərbaycanı bütün dünyaya tanıdan bu müqavilə irimiqyaslı xarici investisiyaların ölkəyə axını üçün böyük stimul olmuş, ölkəmizin dünya iqtisadiyyatına hərtərəfli inteqrasiyasının əsasını qoymuşdur.
Diqqətə çatdırılmışdır ki, müstəqil Azərbaycanın mühüm dövlət təsisatlarından olan prokurorluq orqanları yenidən formalaşmasına görə, ilk növbədə, ulu öndər Heydər Əliyevə borcludur. Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin maraqlarına xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının memarı olan Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olmuşdur. 2003-cü ildən etibarən prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən etimad və diqqət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və prokurorluğa hərtərəfli qayğı göstərilir. Milli prokurorluğun inkişaf tarixində hərtərəfli müasirləşdirmə və təkmilləşdirmə dövrünün əsasını qoyan dövlət başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən tədbirlər insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi üçün böyük imkanlar yaratmışdır.
Anma mərasiminin iştirakçıları və Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından dövlətimizin başçısı İlham Əliyev əmin edilmişdir ki, ulu öndər Heydər Əliyevin ideyalarına və onun formalaşdırdığı siyasi kursa sadiq olan prokurorluğun kollektivi bütün səylərini dövlət müstəqilliyinin və milli maraqların, ölkəmizdə ictimai-siyasi sabitliyin hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcəkdir.
Mərasimin sonunda ulu öndərin həyat və fəaliyyətindən bəhs edən “Vətənə, xalqa həsr edilən ömür” adlı sənədli film nümayiş olunmuşdur.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.