Heydər Əliyev 1969-cu ildə Azərbaycan rəhbərliyinə gələndə mən institutun I kursuna yenicə qədəm qoymuşdum və o gündən ulu öndərin həyat yolunu, siyasi fəaliyyətini, bütün nitqlərini, bəyanat və müsahibələrini nəinki diqqətlə izləmiş, həm də öyrənmiş, təbliğ və tədris etmişəm. Amma bu, hələ o demək deyil ki, mən ulu öndər haqqında hər şeyi bilirəm. Digərlərinin də belə bir iddiada olmağa əsla haqqı yoxdur. Çünki, Heydər Əliyevin nəsillərə nümunə olan ömür yolu və zəngin elmi-nəzəri irsi oxumaqla, öyrənməklə qurtaran kitab deyil. O, böyük bir məktəbdir. Təkrar-təkrar oxuduqca, öyrəndikcə onun nə dərəcədə zəngin və tükənməz bir mənəvi sərvət mənbəyi olduğunu daha dərindən anlayırıq. Biz hələ uzaqdan-uzağa ulu öndərimiz haqqında bu qədər bilirik. İndi görün, onun yanında, bilavasitə rəhbərliyi altında çalışanlar, o parlaq şəxsiyyətin nəsillərə nümunə olan ömür yolu və xidmətləri barədə nələri bilirlər!
Bu məqalə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin XANBABAYEVİN ulu öndər Heydər Əliyevin ömür yolu və əməli fəaliyyətinin bəzi məqamları barədə xatirələri əsasında qələmə alınmışdır.
Heydər Əliyevi yaxından tanıyan, onunla tez-tez təmasda olan, bilavasitə ondan tapşırıqlar alan və bu tapşırıqların icrası barədə şəxsən birbaşa özünə məruzə edən, ümummilli liderin xeyir-duası ilə məsul vəzifələrə təyin olunan, beləliklə də onun idarəçilik məktəbində püxtələşən, mətinləşən, bir sözlə, ulu öndərin yadigarı olan belə insanlardan biri də 1969-cu ildən bu günədək müxtəlif rəhbər vəzifələrdə çalışan və hazırda Xaçmaz Rayon İcra Hakimiyyətinə başçılıq edən Şəmsəddin Xanbabayevdir. Şəmsəddin müəllimi yaxından tanıyanlar çox yaxşı bilirlər ki, o, sözü, işi və əməli ilə ulu öndərə qəlbən bağlı olan bir insandır. O, sözün tam mənasında, sinəsi Heydər Əliyevlə bağlı xatirələrlə dolu olan canlı bir kitabdır. Bu kitabı vərəqlədikcə ümummilli liderlə bağlı çoxumuzun heç vaxt eşitmədiyi, bilmədiyi son dərəcə qiymətli məlumatları öyrənmək mümkündür. Onu da deyim ki, Şəmsəddin müəllimdən ulu öndərlə bağlı xatirələri qoparmaq o qədər də asan iş deyil. Mən özüm nə az, nə çox düz səkkiz ildir ki, xidməti işimlə bağlı onunla tez-tez görüşsəm də, yalnız məqamı düşəndən-düşənə nələrisə öyrənməyə müyəssər olmuşam. Yəni, həmin xatirələr Şəmsəddin müəllim üçün həqiqətən, çox əzizdir və bu səbəbdən də onları sevə-sevə qəlbinin dərinliklərində qoruyur. Ulu öndərlə bağlı xatirələri danışanda da kövrələ-kövrələ, sanki o anları yenidən yaşayırmış kimi danışır. Bu yaxınlarda Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi ilə bağlı Xaçmazda yubiley tədbiri keçirildi. İlk dəfə məhz həmin toplantıda Şəmsəddin müəllimdən Heydər Əliyevlə bağlı bəzi yeni və son dərəcə qiymətli xatirələr eşitdim. Həmin yığıncaqdan dərhal sonra onun ulu öndərlə bağlı xatirələri barədə məxsusi olaraq “Xalq qəzeti” üçün müsahibə verəcəyinə razılığını aldım.
— Şəmsəddin müəllim, gəlin lap əvvəldən başlayaq, ümummilli liderlə ilk tanışlıqdan...
— Xırdalanda işləyiridim. Heydər Əliyev Azərbaycan KP Mərkəzi Komitəsinin I katibi seçiləndən 10 gün sonra məni Abşeron Rayon Tikinti İdarəsinə rəis təyin etdilər. Ulu öndərlə ilk tanışlığım da elə Xırdalanda oldu. Bizim idarəyə əvvəlcə pivə zavodu, daha sonra mebel fabriki, onun ardınca isə ət kombinatı inşa etməyi həvalə etdilər. Heydər Əliyev də bu tip obyektlərdə işlərin gedişi ilə tanış olmaq üçün tez-tez yerlərə gedirdi. Belə səfərlərdən birində tikintidə işlərin gedişatı barədə məlumat verərkən o, mənim ləhcəmdən naxçıvanlı olduğumu hiss etdi və soruşdu:
—Haralısan?
—Naxçıvanlıyam, — dedim.
— Bu rayondakı bütün tikintiləri sən aparırsan?
—Bəli.
1977-ci ilin iyununda məni Mərkəzi Komitəyə çağırdılar. Şöbə müdiri İsmayıl Əsgərov dedi ki, səni Heydər Əliyev qəbul edəcək. İstəyirlər Ordubad Rayon İcraiyyə Komitəsinə sədr göndərsinlər. Qəbul otağında bir az gözlədikdən sonra məni qəbul etdi:
— Mənə dedilər ki, sən artıq Naxçıvana getməyə razılıq vermisən. Bu, çox yaxşıdır. Naxçıvanlıların bir qismi məndən xahiş edir ki, Bakıya işə gəlsinlər, amma sən Naxçıvana gedirsən. Mən bunu çox bəyəndim.
Daha sonra Ordubadda görüləsi işlərlə bağlı tövsiyələrini də bildirdi. Üç il həmin vəzifədə işlədim. 15 yanvar 1980-ci ildə məni Ordubad Rayon Partiya Komitəsinin I katibi seçdilər. O zaman da Heydər Əliyev məni qəbul etdi. Dedi ki, sənin fəaliyyətini yaxından izləyirəm, hələlik qənaətbəxş işləyirsən.
5 ay sonra o, Ordubada gəldi. Bir çox yerdə, o cümlədən 1500 nəfərin işlədiyi ipəkaçma fabrikində oldu. Qadınların ağır iş şəraitində çalışdığını gördü və oradaca yüngül sənaye nazirinə 3 ay ərzində fabrikdə havalandırma sisteminin qaydaya salınmasını əmr etdi. Çox keçmədi ki, onun tapşırığı ilə Ordubadda müasir texnologiya və avadanlıqla işləyən yeni ipəkaçma fabriki tikildi. Ulu öndər Ordubadda olarkən onun rayonumuza gəlişindən xəbər tutaraq akademik Yusif Məmmədəliyevin abidəsi önünə toplaşmış on minlərlə insanın qarşısında çıxış etdi. Onun ordubadlılarla görüşdə dediyi “Ordubad Azərbaycanın incisidir” kəlamı hələ də dillər əzbəridir.
O, Bakıya dönəndən sonra Naxçıvan Vilayət Partiya Komitəsinin I katibi məni yanına çağırıb dedi:
— Heydər Əliyev mənə tapşırdı ki, Ordubadın I katibini qoru.
Bu, əlbəttə, mənim üçün çox böyük etibar və diqqət idi. Odur ki, ömrüm boyu bu diqqətə, bu etibara layiq olmağa çalışmışam.
— 1982-ci ildə Heydər Əliyevi Moskvaya apardılar. O, Sovet dövlətinin rəhbərliyindən biri kimi fəaliyyətini davam etdirdi. Həmin dövrdə Azərbaycanda hadisələrin sonrakı inkişafı barədə nə deyə bilərsiniz?
— Heydər Əliyevin getməsi ilə Azərbaycanda bir sıra sahələrdə, xüsusən də dövlət idarəçiliyində çox ciddi boşluqlar yarandı. Açığını deyim ki, işgüzar və vicdanlı kadrlar üçün olduqca ağır bir dönəm başladı. Heydər Əliyevin əleyhinə aparılan, özü də Moskvadan idarə olunan çirkin kampaniya namuslu insanları qəzəbləndirir, onların əlini işdən soyudurdu.
31 dekabr 1989-cu il tarixdə Moskvanın xalqımıza və onun siyasi liderinə qarşı hərəkətlərinə cavab olaraq Azərbaycanın İran və Türkiyə ilə dövlət sərhədindəki sərhəd dirəkləri çıxarılıb atıldı. Bundan 3 gün sonra Vəzirov, Girenko və Nişanov Naxçıvana gəldilər. Başda Nehrəm camaatı olmaqla Naxçıvan əhli onlara elə bir üz göstərdi ki, gəldiklərinə də peşman oldular. Təsəvvür edin, camaat onların yolunu blokadaya alaraq vilayət partiya komitəsinin binasına daxil olmalarına çox ciddi əngəl yaratdı. O zaman Ali Məclisin binası qarşısına toplaşanların bir çoxunun əlində “Vəzirov çıx get!”, “Yaşasın Heydər Əliyev!” şüarları yazılmış plakatlar və ulu öndərin portretləri var idi. Bu, əslində Naxçıvan əhalisi tərəfindən keçirilən ilk Heydər Əliyevi müdafiə mitinqi idi.
— Sizə münasibət necə idi?
— 1990-cı il mayın 6-da Naxçıvan Vilayət Partiya Komitəsinin I katibi Afiyyədin Cəlilov məni kabinetinə çağıraraq dedi: “Çox yaxşı işləyirsən, ona görə də səni II katib təyin etmək istəyirəm”. Mən etiraz etmədim. Bir gün ötəndən sonra o, yenidən məni çağıraraq, işdən getməyim barədə ərizə istədi. Səbəbini soruşdum, dedi ki, belə məsləhət oldu. Mən də, ərizə yazıb işdən getdim. Dörd ay işsiz qaldım.
1990-cı ilin yayında Heydər Əliyev Naxçıvana qayıtdı. İlk vaxtlar o, bacısının evində qalırdı və biz tez-tez görüşürdük. O vaxt Naxçıvanın çox ağır günləri idi. Hərbi qayıqların Araz çayında yan-yana düzülərək nə məqsədlə növbə çəkdiyi Naxçıvan Şəhər Partiya Komitəsinin I katibi kimi, mənə çox yaxşı bəlli idi. Bəli, nə qədər acınacaqlı və dəhşətli olsa belə, cəbhəçilər Heydər Əliyevdən canlarını qurtarmaq və hakimiyyəti qəsb etmək naminə hətta Naxçıvanı da ermənilərə təslim etməyə hazır idilər. Əhali isə çaşqınlıq və həyəcan içərisində nə edəcəyini bilmirdi. Heydər Əliyevin Naxçıvana dönüşü insanları ürəkləndirmişdi. Cəbhəçilər isə xalqın təzyiqindən qorxaraq manevr etməyə başladılar. Bir sözlə, Naxçıvan camaatı Heydər Əliyevə, Heydər Əliyev isə Naxçıvan camaatına arxa-dayaq oldu.
Günlərin bir günü Ordubadda idim. Xəbər gəldi ki, Afiyəddin Cəlilov məni çağırır. Mən də getdim. 1990-cı ilin sentyabrında məni Naxçıvan Dövlət Plan Komitəsinin sədri və baş nazirin I müavini vəzifəsinə təyin etdilər. Əlbəttə, aylarla işsiz qalan adamı birdən-birə belə məsul vəzifəyə təyin etmək elə belə məsələ deyildi. Sonradan öyrəndim ki, bu təyinat məhz ulu öndərin tapşırığı əsasında baş tutub. O zaman nehrəmlilər Heydər Əliyevin deputatlığa namizədliyini vermişdilər. Ulu öndərin seçkiqabağı görüşləri olduqca yüksək səviyyədə keçirdi. Seçki günü də hamıdan daha çox səs toplayan məhz Heydər Əliyev oldu. Nəhayət, 3 sentyabr 1991-ci ildə o, Naxçıvan əhalisinin israrlı təkidi ilə Ali Məclisinin sədri seçildi.
— Sözsüz ki, yenidən o dahi şəxsiyyətlə bir yerdə işləmək böyük xoşbəxtlik idi.
- Gecə də, gündüz də Allahıma şükr edirəm. Şükr edirəm ki, İlahi, o dahi insanla görüşməyi, bir yerdə işləməyi, məsləhət və tövsiyələrini eşitməyi, onun insanlara olan qayğısını müşahidə etməyi mənə nəsib edib. Mən özümü çox xoşbəxt insan hesab edirəm. Yəni, mənim üçün Heydər Əliyev kimi dahi bir insanın rəhbərliyi altında işləməkdən, onunla bir dövrdə yaşamaqdan şərəfli nə ola bilərdi?!
Naxçıvana rəhbərlik etdiyi qısa müddət ərzində o, dörd dəfə Türkiyədə, iki dəfə İranda rəsmi səfərdə oldu, Turqut Özal, Süleyman Dəmirəl, Rəfsəncani və digər rəsmilərlə görüşərək danışıqlar apardı. Bilirsiniz, o insanlar Heydər Əliyevə necə qiymət verirdilər?! Onlardan heç biri və heç zaman onun sözünü kəsmirdi. Bu insanların hər biri onu çox böyük maraq və diqqətlə dinləyirdi.
1992-ci ilin aprelində İzmirdə çox böyük bir iqtisadi forum keçirildi. 67 ölkənin dövlət və hökumət başçılarının təmsil olunduğu bu forumda ən hörmətli yerdə Turqut Özal, onun xanımı, Heydər Əliyev, daha sonra Süleyman Dəmirəl və qeyriləri əyləşmişdi. Heydər Əliyevin forumdakı nitqi çox böyük marağa səbəb oldu və hamıdan əvvəl məhz Turqut Özal ayağa qalxaraq onu alqışladı. Ona baxaraq bütün salon ayağa qalxdı və Heydər Əliyevi alqışladı.
1992-ci ilin avqustunda İran Prezidenti Rəfsəncani onu rəsmi səfərə dəvət etdi və özünün şəxsi təyyarəsini Naxçıvana onun dalınca göndərdi. İran Prezidenti Heydər Əliyevi çox böyük hörmət və ehtiramla qarşıladı, danışıqların gedişində İranla Naxçıvan arasında çox mühüm əhəmiyyətli protokol imzalandı. Həmin protokola əsasən tez bir zamanda Şahtaxtı kəndində yeni körpü tikildi. İki müştərək bazar açıldı, iri qabaritli maşınların İran ərazisindən keçərək Bakıdan Naxçıvana yük daşımasına icazə verildi, Xoy-Culfa-Naxçıvan qaz kəmərinin çəkilişinə dair razılıq əldə olundu və nəhayət, İrandan Naxçıvana 30 meqavat gücündə elektrik enerjisi verilməsinə başlanıldı. 1992-ci ilin sonlarında isə Türkiyədən, daha doğrusu, İqdırdan Naxçıvana elektrik xətti çəkildi. Təsəvvür edin, 98 kilometrlik yüksək gərginlikli elektrik xətti cəmisi 6 ay ərzində istifadəyə verildi. Bütün bunlar, əlbəttə, o zaman ağır blokada şəraitində olan Naxçıvan üçün həyati əhəmiyyətli işlər idi.
1993-cü il martın 18-də İran Prezidenti Rəfsəncani ilə növbəti görüşündən qayıdarkən Heydər Əliyev Xudafərin körpüsünə baxmağı qərara aldı. Yolüstü İran Culfasının Ordubadla üzbəüz olan Siyaqut kəndindən keçərkən camaat onu tanıdı. Hamı ətrafına toplaşdı, hörmət və ehtiram əlaməti olaraq ayağının altında 31 qoyun qurbanı kəsildi. Daha sonra Xüdafərin istiqamətində yolumuzu davam etdirərkən Mehri rayonunun Aqarak qəsəbəsində Araz çayı üzərində İranla-Ermənistanı birləşdirən körpü tikildiyini görəndə ulu öndər bərk narahat oldu. Xudafərin körpüsündə bizi 18 yaşlı bir əsgər qarşıladı. Körpünü qoruyurdu. Əvvəlcə o, bizi körpüyə buraxmadı və birdən ulu öndəri tanıyaraq, — “Siz yoldaş Əliyev deyilsiniz?! — deyə qabağa düşərək böyük ehtiramla, buyurun, keçin, — dedi. Sonra da əlavə etdi: — Atam Füzulidəki evimizdə Sizin şəklinizi divardan asdığımız xalçanın üstünə vurub. Sizi ondan tanıdım. Gənc Azərbaycan əsgərinin bu səmimi sözləri ulu öndəri kövrəltdi. O, əsgəri qucaqlayıb öpərək, xidmətində ona uğurlar arzuladı.
O dövrün çətinlikləri barədə çox danışa bilərəm. Bir tərəfdən Bakının Naxçıvana ögey münasibəti, respublikanın başında duran təsadüfi və başabəla rəhbərlərin Heydər Əliyev xofu, digər tərəfdən isə Ermənistanın yaratdığı blokada və müharibə çağırışları Naxçıvandakı onsuz da dözülməz olan şəraiti daha da gərginləşdirdi. Təsəvvür edin, Ali Məclisin sədri hətta qışın sərt şaxtalı günlərində belə çox vaxt gecə saat 3-ə, 4-ə qədər işləyirdi.
Heydər Əliyevlə görüşmək üçün Naxçıvana saysız-hesabsız insan gəlirdi. Bu adamları yerləşdirmək, onlara qulluq etmək lazım idi. Yeni Azərbaycan Partiyasının təsis konfransını yada salmaq istərdim. Adamlar cəmisi 32 nəfərlik tutumu olan YAK-40 təyyarəsinə tramvaya doluşan kimi doluşaraq, Naxçıvana gəlirdilər. Təsis konfransının keçirildiyi C.Məmmədquluzadə adına Naxçıvan Teatrının binasında son 3-4 ildə, demək olar ki, heç bir tədbir keçirilməmişdi. İnanın, teatrın içərisi küçədən daha soyuq idi. Amma ulu öndər bu şəraitdə belə paltosunu aşağıda soyunaraq kostyumla konfransa girdi və axıradək də heç nə hiss elətdirmədi.
—1993-cü ilin iyununda ölkədə siyasi gərginlik pik həddinə çatdı. Cəmi bir neçə ay öncə hakimiyyət əldə etmək uğrunda bir-birini didən üzdəniraq liderlər günü-gündən dərinləşməkdə olan daxili siyasi böhran və xaricdən olan təzyiqlər qarşısında tab gətirə bilməyərək pərən-pərən düşdülər. Belə olan halda hamı Naxçıvandan ümid gözləyirdi. Heydər Əliyevin yenidən siyasi rəhbərliyə qayıtması üçün hər yanda imzatoplama kampaniyası gedirdi. Görkəmli ziyalılar, alimlər, ictimai xadimlər ona dönə-dönə müraciət etdilər və nəhayət, iyunun 7-də Prezident Əbülfəz Elçibəy öz şəxsi TU-134 təyyarəsini onun ardınca Naxçıvana göndərdi.
—Təbiidir ki, Bakıda baş verənlərdən Naxçıvan camaatı da çox narahat idi. Qarabağda hərbi əməliyyatların gedişi zamanı düçar olduğumuz uğursuzluqlar hamıya dərd olmuşdu. Bu problemlər Heydər Əliyevin də yuxusunu ərşə çəkmişdi. Daxili siyasi qüvvələrlə, xarici ölkə rəsmiləri ilə bu istiqamətdə ardıcıl olaraq danışıqlar aparmaqda idi. Amma Bakıya dönmək məsələsində əvvəlcə razılıq vermədi. Prezidentin təyyarəsi 3 gün Naxçıvanda onu gözlədi. Mənim kabinetimdən bir neçə dəfə Elçibəylə danışdılar və bildirdilər ki, Heydər Əliyev gəlmir. Yalnız Elçibəyin təkrar-təkrar və israrlı xahişindən sonra o, Bakıya getməyə razılıq verdi.
Onu Bakıya yola salmaq üçün, demək olar ki, bütün Naxçıvan əhalisi Ali Məclisin qarşısındakı meydana toplaşmışdı. İnanın, insanların çoxu göz yaşları içərisində idi. Kimisi sevinirdi ki, Heydər Əliyev Bakıya gedib qardaş qırğınının qarşısını alacaq və Azərbaycan dövlətini parçalanma təhlükəsindən xilas edəcək. Kimisi də Heydər Əliyev gedəndən sonra Naxçıvanın taleyinin necə olacağından narahatlıq keçirdiyi üçün göz yaşları axıdırdı. Bütün bunları seyr edən ulu öndər toplaşanlara xitabən belə dedi: Narahat olmayın, mən Naxçıvana yenə də gələcəyəm!
Bakı aeroportunda onu Naxçıvanda olduğundan daha böyük izdiham qarşıladı. Adamlar bütün maneələri aşaraq birbaşa təyyarənin pilləkəninin yanına qədər gəlmişdilər. Onları buraya gətirən ulu öndərə olan məhəbbət, sədaqət və ən başlıcası isə, inam idi. Hamı ürəkdən inanırdı ki, Azərbaycanı düçar olduğu bəlalardan yalnız Heydər Əliyev xilas edə bilər.
— Siz doğrudan da çox xoşbəxt insansınız. Zarafat deyil, az qala, bütün şüurlu ömrünüz boyu ulu öndər Heydər Əliyevlə bu və ya digər formada təmasda olmusunuz. Onun xeyir-duası ilə yeni-yeni təyinatlara getmisiniz. İllər boyu səhər-axşam ondan tapşırıqlar almısınız, məsləhət və tövsiyələrini eşitmisiniz. Çətin anlarda da, xoş günlərdə də çox vaxt onun yanında olmusunuz.
—Mənim həmişə bir yolum olub. Bu, Heydər Əliyev yoludur. O yol Azərbaycanı daim uğurlara aparan bir yoldur. Bu yol Vətənə, xalqa ləyaqətlə xidmət etmək yoludur. Ulu öndər özü bu yolu seçib və bizləri də belə tərbiyə edib. Onun məsləhət, tövsiyə və iradlarına məhəl qoymayaraq bu yoldan çəkilənlərin acı taleyi indi Azərbaycanda hər kəsə bəllidir.
Vətəni, xalqı böyük hədəflərə doğru aparmaq qüdrətində olan yetkin siyasi liderlər az-az yetişir. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, ulu öndər Heydər Əliyevdən sonra möhtərəm Prezidentimiz cənab İlham Əliyevin timsalında böyük siyasətdə xüsusi yeri və çəkisi olan daha bir parlaq dövlət xadimi yetirdi. Böyük fəxr hissi ilə deməliyəm ki, Heydər Əliyevin ailəsində böyüyən, tərbiyə alan, onun məktəbində püxtələşmiş möhtərəm Prezidentimiz yeni tarixi şəraitdə doğma Azərbaycanımıza daha böyük uğurlar qazandırmaqdadır. Prezidentimizin hər dəfə dünya liderləri ilə görüşlərini seyr etdikcə, onun çox nüfuzlu beynəlxalq tədbirlərdəki çıxışlarını dinlədikcə, vallah ürəyim dağa dönür. Baxın, Azərbaycanın hər bir bölgəsi necə də sürətlə inkişaf edir. Şəhərlərimiz, kəndlərimiz gündən-günə daha da abadlaşır. Bu gün Allaha şükürlər olsun, hər şeydən doyuruq, təkcə doğma Bakımıza baxmaqdan doymaq olmur. Təsadüfi deyildir ki, Azərbaycanda olan qonaqların bir çoxu öz ölkələrinə dönəndən sonra Bakını “Qafqazın Dubayı” kimi təqdim edirlər. İnanın, bütün bunlar birbaşa ölkə Prezidentinin xidmətidir.
Bu yerdə yadıma bir əhvalat düşdü: 1978-ci il idi. Heydər Əliyev Qazaxda zona müşavirəsi keçirirdi. Mən də Ordubad Rayon Soveti İcraiyyə Komitəsinin sədri kimi həmin iclasda iştirak edirdim. Yığıncaqdan əvvəl rayon mədəniyyət evi üçün inşa edilmiş yeni binanın açılışı oldu. Bu zaman bir nurani kişi Heydər Əliyevə yaxınlaşaraq bu bayatını dedi:
Əzizim Ordubada,
Yol gedər Ordubada.
Sərkərdə yaxşı olsa,
Verməz ordunu bada.
Azərbaycan xalqının bəxti onda gətirib ki, ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin timsalında onun sərkərdələri həqiqətən yaxşı olub. Dostlarımız da, düşmənlərimiz də Azərbaycanın son illər bütün sahələrdə böyük uğurlar qazandığını etiraf edirlər. Əlbəttə, bütün bunlara görə biz, hər şeydən öncə, məhz möhtərəm cənab Prezidentimizə minnətdar olmalıyıq.
Sözardı; İnsanlar bir-birinə bənzədikləri qədər də, bir-birindən fərqlənirlər. Məmurlar da belədir. Onlar bir sıra keyfiyyətləri, xüsusən də icra etdikləri funksiyaları baxımından bir-birinə çox bənzəyirlər. Ən azı, fəaliyyətlərinin zahiri tərəfi bu cür düşünməyə əsas verir. Amma onları da bir-birindən fərqləndirən çox ciddi nüanslar var. Nədənsə, özü də hər dəfə Xaçmaza gedəndə, icra başçısı Şəmsəddin Xanbabayevlə həmsöhbət olanda, onun təşəbbüsü, rəhbərliyi və bilavasitə nəzarəti altında icra olunan bir-birindən gərəkli və zövqlü layihələri seyr edəndə bu barədə daha çox düşünürəm. Şəmsəddin müəllim çox böyük bir məktəb keçib. Bu, bütün ideyaları və idealları hər zaman təzə və təravətli olan Heydər Əliyev məktəbidir. Əfsuslar olsun ki, ölkədəki bəzi destruktiv qüvvələr çox zaman hətta bu cür yaradıcı və işgüzar kadrların üzərinə də kölgə salmağa cəhd edirlər. Belələrinə cavab olaraq millət vəkili Siyavuş Novruzovun bu günlərdə qəzetlərdən birinə verdiyi müsahibəsindən bir məqamı yada salmaq istərdim: “İcra başçısı bir rayonun rəhbəridir, o, kifayət qədər oturuşmuş, qabiliyyətli, bacarıqlı adam olmalıdır. Demirəm ki, bütün yaşlılar bacarıqlıdır, gənclər də ağılsızdır. Sadəcə seçim olur. Bəzi başçılar var ki, 70-ə çatıblar, amma işləyirlər. Elə Xaçmazın icra başçısı 10 gəncə dəyər ki, yaşına baxmayaraq tikib-qurur, bütün xaçmazlılar başına and içir”. Millət vəkilinin sözlərinə qüvvət olaraq bildirmək istərdim ki, bu gün Xaçmaz həqiqətən də olduqca coşqun və hərtərəfli inkişaf yolundadır. Orada son bir neçə ildə tikinti və quruculuq sahəsində görülən və hazırda da davam etdirilməkdə olan işləri sadalamaqla qurtaran deyil. Təsəvvür edin, indi Xaçmazda 5 park, 11 muzey var. Hazırda tarix diyarşünaslıq muzeyi üçün üçmərətəbəli yeni bina inşa olunur. Heydər Əliyev prospekti başdan-başa yenidən qurulur və s.
Möhtərəm oxucu, Xaçmazda özünəməxsus milli üslubda inşa edilmiş Heydər Əliyev Mərkəzində olarkən, Bakı-Xudat yolu üstündə salınmış Heydər Əliyev seyrəngahı və rayon mərkəzindəki Heydər Əliyev parkında ilin-günün bütün çağlarında hökm sürən qələbəliyi seyr edərkən, Xudat və Yalamadakı Heydər Əliyev muzeyləri ilə təkrar-təkrar tanış olarkən, idarə, müəssisə və təşkilatlarda, istehsalat yerlərində yaşından, vəzifəsindən, təhsilindən, peşəsindən, milli və siyasi mənsubiyyətindən asılı olmayaraq minlərlə, on minlərlə insanın Heydər Əliyev irsinə olan diqqət və marağını, sevgi və sədaqətini, ən nəhayət, xaçmazlıların özlərinə həm də ağsaqqal bildikləri icra başçısı Şəmsəddin Xanbabayevin o dahi insanla bağlı xatirələrini dinlədikcə bir daha əmin olursan ki, bəli, ulu öndər 70-80-ci illərdə və müstəqillik illərində olduğu kimi bu gün də bizimlədir, Azərbaycan xalqı ilə bir yerdədir. O, sabah da, gələcək illərdə də xalqımızın ürəyində, qəlbində və əməllərində yaşayacaqdır.
Qələmə aldı:Qafar CƏBİYEV,
əməkdar jurnalist, tarix elmləri doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.