İdman və media

Azərbaycan Mətbuat Şurasında “İdman mövzusu Azərbaycanın kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları” mövzusunda dəyirmi masa keçirildi.

Azərbaycan Mətbuat Şurasında “İdman mövzusu Azərbaycanın kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin məsul nümayəndələri, MŞ İdarə Heyətinin üzvləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edirdilər.

Dəyirmi masanı Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə açaraq bildirdi ki, məqsədimiz 30-dan yuxarı KİV-də apardığımız monitorinq zamanı aşkara çıxarılan problemlərin həlli yollarını birlikdə axtarmaqdadır. KİV - də futbol və bəzi olimpiya oyunları istisna olunmaqla əksər idman növlərinin diqqətdən kənarda qalması, qəzetlərdə gedən materialların böyük qisminin xəbər portallarından götürülməsi, mövzuların bir çoxunun xarici idman həyatı ilə bağlılığı, təbliğedici, təşviqedici məqalələrin nadir hallarda verilməsi, problemlərə və onların həlli yollarına yazılarda, demək olar ki, toxunulmaması, dil, üslub xətaları monitorinq zamanı diqqəti daha çox cəlb etdi. Nəticələri təhlil edərək qənaətə gəldik ki, mövcud vəziyyət, təkrarçılıq ilk növbədə həmin KİV-lərin əksəriyyətində idman sahəsi üzrə ixtisaslaşmanın aparılmaması ilə bağlıdır.

Zərdabi Mətbuat Mərkəzi və “Sport favorit” qəzetinin “İdman mövzusu Azərbaycanın kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları” layihəsi bu problemlərin həllinə, jurnalistlərin ixtisaslaşmalarına dəstək verməyi, həmçinin onları stimullaşdırmağı nəzərdə tutur. 2012-ci ilin sentyabrından başlayan layihə hər biri 4 ay olmaqla 2 mərhələdən ibarətdir. İdman ilinə həsr olunmuş birinci mərhələyə ilin axırında yekun vurulacaq. Yanvarın 1-də isə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş ikinci mərhələ start götürəcək. Hər iki mərhələyə müsabiqə qaliblərinin mükafatlandırılması ilə yekun vurulacaq. İkinci mərhələnin özəl cəhəti isə on idman jurnalisti seçilərək treninqə cəlb edilməsidir.

Daha sonra bildirildi ki, 25 qəzet və 9 informasiya agentliyin son üç ayda gedən materialların sayı 16515-ə bərabərdir. Bunun 9434-nün qəzetlərin, 5781-nin isə informasiya agentliklərinin payına düşür. Qəzetlərdən ilk üçlükdə “Ekspress”, “Zerkalo” və “Bakı xəbər” informasiya agentliklərindən isə “Milli.az”, “Salamnyus” və “AzərTAc” dayanır. Materialların böyük əksəriyyəti (13072) futbola aiddir. Reportaj, bədii təsvir (zarisovka) və araşdırmanın sayı oxucu gözləntilərindən aşağıdır. Bu baxımdan “Xalq qəzeti” çoxillik təcrübəsinə sadiq qalaraq müxtəlif janrlarda yazıları ilə fərqlənir.

Qərb Universitetinin professoru Altay Zahidov, veteran jurnalistlər Aydın Əliyev və Çingiz İsmayılov, Gənclər və İdman Nazirliyi mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev, AFFA-nın informasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mikayıl Nərimanoğlu, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, “Sport favorit” qəzetinin təsisçisi Rahib Budaqovun və nəşrin baş redaktoru İlkin Vaqifoğlu, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının rəhbəri Eldar İsmayılov, jurnalistlər Rövşən Binnətli (“Baku post” qəzeti), Səməd İsmayılov (İmişlidə çıxan “Xalq sözü” qəzetinin baş redaktoru), “Day.az” Media Şirkətinin baş direktor müavini Sevda İlhamqızı, Məzahir Süleymanzadə (Bakı Futbol Federasiyası), “Xalq qəzeti”nin əməkdaşı Oktay Bayramov müzakirə olunan mövzu ilə bağlı mülahizələrini söylədilər, layihənin gerçəkləşdirilməsinin idman jurnalistlərinin peşəkarlığına və stimullaşdırılmasına göstərəcəyi müsbət təsirdən danışdılar təkliflərini bildirdilər.

R.TAHİR
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında