Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə dekabrın 7-də Sumqayıt Şəhər Polis İdarəsində (SŞPİ) geniş əməliyyat müşavirəsi keçirilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, R.Usubov müşavirəni açaraq Sumqayıt Şəhər Polis İdarəsinin rəisi vəzifəsinə yeni təyin olunmuş polis general-mayoru Sahib Mirzəyevi şəxsi heyətə təqdim etmişdir.
Sonra nazir ölkədəki kriminogen durum barədə qısa məlumat vermiş, cinayətkarlıqla mübarizə və ictimai qaydanın qorunması sahəsində şəxsi heyətin qarşısında duran vəzifələrdən danışmış, tapşırıq və tövsiyələrini vermişdir.
Bildirilmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində gedən böyük quruculuq və abadlıq işləri, yeni infrastrukturların istifadəyə verilməsi Sumqayıtdan da yan keçməmişdir. İqtisadi qüdrətimizin ilbəil artması ilə bərabər dövlət qurumlarının, o cümlədən daxili işlər orqanlarının maddi-texniki təminatının möhkəmləndirilməsi, şəxsi heyətin sosial rifahının daha da yaxşılaşdırılması üçün dövlətimizin başçısı tərəfindən zəruri addımlar atılmışdır. Polis əməkdaşları bu yüksək diqqət və qayğıya əməli fəaliyyətləri ilə cavab verməli, qanunvericiliklə üzərlərinə qoyulmuş məsul vəzifələri layiqincə yerinə yetirməlidirlər.
Nazir cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində əvvəlki illərdə əldə olunmuş müsbət nəticələrin və təmayüllərin cari ilin ötən dövründə də qorunub-saxlanıldığını və daha da inkişaf etdirildiyini, bəzi cinayətlərin azaldığını, göstərilən müddətdə SŞPİ-nin şəxsi heyətinin də xidməti fəaliyyətdə bir sıra uğurlar qazandığını xatırlatmışdır. Görülən işlərə hər zaman özünütənqid ruhunda yanaşmağın vacibliyini vurğulayan daxili işlər naziri bu yaxınlarda SŞPİ Dövlət Yol Polisi Şöbəsinin xidməti fəaliyyətinin yoxlanılması zamanı aşkar edilmiş nöqsanların üzərində dayanaraq həmin qurumun rəhbərliyinin ciddi intizam məsuliyyətinə cəlb edildiyini, o cümlədən rəisin və ayrı-ayrı məsul əməkdaşların tutduqları vəzifələrdən azad olunduqlarını, hər bir əməkdaşın bundan özü üçün lazımi nəticə çıxarmasının, müəyyən edilmiş təşkilati-əməli tədbirlərin tam yerinə yetirilməsinin vacibliyini bildirmişdir.
Qeyd olunmuşdur ki, son vaxtlar mövcud qanunvericiliyə edilmiş zəruri dəyişikliklərlə bəzi inzibati xətalara görə cəza sanksiyalarının sərtləşdirilməsi ilk növbədə vətəndaşların mənafeyinə və təhlükəsizliyinin daha etibarlı təmininə xidmət edir.
Dövlətimizin başçısının elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin daxili işlər orqanlarında tətbiqinə, DİO-nun zəruri avadanlıq və texnika ilə təchizatına böyük diqqət yetirdiyi, məhz bu qayğı sayəsində hazırda Daxili İşlər Nazirliyinin ən müasir tələblərə cavab verən texniki və xüsusi vasitələrlə təmin olunduğu vurğulanmışdır.
Qeyd olunmuşdur ki, bütün bunlar ölkəmizdə gedən ümumi inkişaf proseslərinin nəticəsi olaraq, şəxsi heyətin iş şəraitinin daha da yaxşılaşmasına müsbət təsir göstərmiş, onları xidməti vəzifə borcunun icrasına ruhlandırmışdır.
General-polkovnik Ramil Usubov ali diqqət və qayğıya cavab olaraq hər bir əməkdaşdan vətəndaşların müraciətlərinə böyük həssaslıqla yanaşılmasını, cəmiyyətdə polisin nüfuzunu daha da yüksəltməyi tələb etmiş və əmin olduğunu bildirmişdir ki, şəxsi heyət qarşıya qoyulmuş tapşırıqları layiqincə yerinə yetirəcək, nümunəvi xidmətləri ilə xalqın və dövlətin etimadını doğruldacaqdır.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tədbirdə çıxış edərək respublikamızda bərqərar olmuş stabilliyin, əmin-amanlığın əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin dayandığını vurğulamış, sabitliyin dönməzliyinin təminində Azərbaycan polisinin əhəmiyyətli rolu olduğunu, bu baxımdan Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının da üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirdiklərini bildirmişdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.