Roland KOBİA: İKT sektorunda əldə olunan təcrübələrin bölüşdürülməsi Azərbaycan ilə əməkdaşlıq üçün yeni yollar açır

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Avropa İttifaqına üzv ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirləri ilə görüş keçirilmişdir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Avropa İttifaqına üzv ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirləri ilə görüş keçirilmişdir.

Nazirlikdən AzərTAc-a bildirmişlər ki, görüşdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun mövcud vəziyyəti, bu sahədə aparılan islahatlar və gələcək perspektivlər barədə xarici ölkə səfirlərini məlumatlandırmışdır. Azərbaycanın hazırda yeni inkişaf mərhələsində olduğunu diqqətə çatdıran nazir “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlandığını və informasiya texnologiyalarını daha da inkişaf etdirməklə, biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması, gələcək 8-10 il ərzində qeyri-neft sektorunun inkişafını təmin etməklə, ölkədə ümumi daxili məhsulun  həcmini iki dəfə artırmaq məqsədinin qarşıya qoyulduğunu bildirmişdir “Hədəf olaraq, iqtisadiyyatda neft amilini minimuma endirmək, informasiya-kommunikasiya texnologiyalarının gələcək 10 ilə - hər il təxminən 20 faiz artımını təmin etmək, beləliklə, 2020-ci ilədək İKT sektorunun həcminin təxminən 4 dəfə genişləndirilməsi nəzərdə tutulur”.

Nazir qeyd etmişdir ki, bu məqsədlərə nail olunması istiqamətində müəyyənləşən strategiyaya uyğun olaraq, ilk növbədə ölkədə internetin hərtərəfli inkişafını təmin etmək - genişzolaqlı, sürətli internetin istifadəsini, həcmini gələcək 3 ildə 85 faizə, minimum sürətini 10 meqabit saniyəyə çatdırmaq planlaşdırılır: “Dövlət Neft Fondu ilə birlikdə reallaşdırılması nəzərdə tutulan bu layihə əsasən optik şəbəkə üzərindən həyata keçiriləcəkdir. Bundan başqa, hədəfimiz ölkədə İKT-nin inkişafı üçün münbit şəraitin yaradılması, rəqabət mühitinin yaxşılaşdırılması, monetar, pul-kredit, eləcə də vergi-gömrük siyasətinin yumşaldılmasıdır”.

Bununla da ölkədə yeni məhsul və xidmətləri təklif edən, ixracyönümlü potensiala malik innovativ sahibkarlığın inkişafına təkan veriləcəyini vurğulayan nazir Azərbaycanda kosmik sənayenin inkişaf etdirilməsi, artıq bu məqsədlə Yerüstü İdarətemə Mərkəzinin tikilməsi, növbəti ilin fevral ayında orbitə ilk süni peykin buraxılması, ölkədə elektron xidmətlərin genişləndirilməsi və s. kimi mühüm layihələrdən də danışmışdır: “Növbəti illərdə də Azərbaycan hökuməti “Elektron hökumət” layihəsinə böyük diqqət yetirəcək. Hesab edirik ki, 2020-ci ildə Azərbaycanda təxminən əhalinin 80 faizi elektron xidmətlərdən istifadə edəcəklər. İxracyönümlü, yeni və yüksək texnologiyalara əsaslanan məhsul və xidmətlərin istehsalı üçün hökumət gələcəkdə investisiyaların həcmini artırmağı da planlaşdırır və bunun üçün 2020-ci ilə qədər  təxminən 3,6 milyard dollar xərclənməsi nəzərdə tutulur. Həmçinin də biz sektorun inkişafına birbaşa xarici investisiyalar və özəl sektordan təxminən eyni miqdarda investisiyanın yatırılmasını gözləyirik. Belə bir vaxtda Avropa İttifaqı bizim üçün çox vacib tərəfdaşdır”.

Avropa İttifaqında 2020-ci ilədək inkişaf strategiyasının mövcud olduğunu vurğulayan nazir burada da gələcək iqtisadi inkişafın təminatçısı olaraq İKT sektoruna önəm verildiyinə diqqət çəkmişdir.

Sonra Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia İKT sahəsində nüfuzlu beynəlxalq tədbir olan VII İnternet İdarəçilik Forumuna Azərbaycanın ev sahibliyi etməsini böyük uğur kimi dəyərləndirərək, bu münasibətlə təbriklərini çatdırmışdır. Ölkələr arasında bu qəbildən olan dialoqların təşkilini də önəmli sayan səfir İKT sektorunda əldə olunan təcrübələrin bölüşdürülməsinin gələcək inkişafda səmərə verəcəyini vurğulamışdır: “Belə görüşlər Azərbaycanla əməkdaşlıq üçün yeni yollar açır. Həmçinin ”Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının mövcudluğu da önəmlidir ki, Avropa İttifaqı Azərbaycanın gələcək perspektivləri, o cümlədən də İKT sahəsində planları ilə tanış ola bilsin. İstəyirik ki, ikitərəfli davamlı əməkdaşlıq olsun”.

Daha sonra nazir səfirlərin suallarını cavablandırmışdır.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iştirak etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında