Bu gün beynəlxalq aləmdə hamıya gün kimi aydındır ki, Azərbaycanın nəinki öz yaxın qonşuları ilə, hətta bütövlükdə dünyada hansısa ölkə ilə problemi yoxdur. Təbii ki, Ermənistan istisna olmaqla. Rəsmi Bakı Rusiya Federasiyası, İran İslam Respublikası, Türkiyə Cümhuriyyəti, Gürcüstan, Qazaxıstan və Türkmənistan dövlətləri ilə, sözün həqiqi mənasında, səmimi dostluq və tərəfdaşlıq münasibətləri yaradıb. Dünyanın aparıcı beynəlxalq təşkilatları Azərbaycanın xarici siyasətini bir çox regionlar üçün nümunə kimi qiymətləndirirlər. Ancaq çox təəssüf ki, bəzi qara niyyətli qüvvələr gah Rusiya Federasiyasına, gah Azərbaycana, gah da Türkiyəyə və ya İrana qarşı hansısa fitnə-fəsad törədir, nəticədə isə, ümumilikdə, region ölkələrinin hamısı üçün problem yaranır. Ssenari müəllifləri İrana pislik etmək istəyəndə Azərbaycanın adından, Azərbaycana qarşı çıxmaq istəyəndə Rusiya mövzusundan və ya bu kimi başqa variantlardan bəhrələnməyə çalışırlar. Ancaq ssenarinin inandırıcı alınması üçün bəzi mövcud faktorları daha çox qabardırlar.
Məsələn, Azərbaycan- Rusiya dostluq və tərəfdaşlıq münasibətlərinin artan sürətlə inkişaf etməsini dünyada hamının alqışladığını söyləmək sadəlövhlük olardı. Bir qədər də açıq desək, bu münasibətlərdən böyük narahatlıq keçirən və xoflananlar az deyil. Bu zaman başqa bir faktı da yada salmaq zərurəti var . Belə ki, bu il noyabrın 16-da Bakıdakı "Buta" sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasimdə geniş nitqlə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycana qarşı şər, böhtan, iftira söyləyən qüvvələrin konkret ünvanını da göstərmişdi: "Birinci, erməni lobbisi bizim əsas düşmənimizdir...İkinci antiazərbaycan mərkəzi, islamofobiya xəstəliyinə düçar olmuş qurumlardır, dairələrdir. Onlar da vardır. Əfsuslar olsun ki, onların sayı getdikcə artır. Onların sayının artması bəzi ölkələrdə keçirilmiş seçkilərdə də özünü əyani şəkildə göstərir".
Prezident daha incə bir məqama toxunaraq qeyd edir ki, bizim ermənilərə olan düşmənçiliyimiz onların bizə qarşı olan düşmənçiliyindən qaynaqlanır. İkinci ünvan haqqında söz açarkən isə dövlət başçımız Azərbaycanın dünya miqyaslı sosial-iqtisadi və ictimai-siyasi uğurlarının beynəlxalq aləmdə yaratdığı əks-sədanın məhz həmin mərkəzlər tərəfindən qısqanclıqla qarşılandığını, o qısqanclığın sonradan düşmənçiliyə çevrildiyini vurğulayır: "Dərhal bizə qarşı o mərkəzlərdən də hücumlar, təzyiqlər, təxribatlar başlayır və biz bunun təzahürlərini müxtəlif formalarda görürük". Azərbaycana kimlərin pislik etmək istədiyini, bizə qarşı ünvanlanan şər və böhtanların haradan qaynaqlandığını ifadə etmək üçün bundan yaxşı, bundan aydın xarakterizə verilməsi mümkün deyildi. Yəqin ki, oxucuya Moskvada yaradılmış, şərti adı "Milyarderlər ittifaqı" olan qondarma qurumu düşünənlərin də əsas amalı, məramı bəlli oldu. Bu adamlar sadəcə Azərbaycanın uğurlarından ciddi şəkildə narahat olanların fitvası ilə oturub-dururlar.
Yuxarıda qeyd etdik ki, bu qəbildən olan ssenarilərin müəllifləri bəzi mövcud faktorlardan da bacarıqla istifadə edirlər. Antiazərbaycan dairələr Rüstəm İbrahimbəyov kimi qeyri-sabit və öz mənafeyini güdən adamlardan məharətlə istifadə edir. Bəlkə də hörmətli oxucu mənim Rüstəm müəllimin adından əvvəl yazıçı- dramaturq ifadəsini işlətmədiyimi texniki səhv kimi qəbul edəcək. Amma, elə deyil. Sadəcə mən onun yazıçılıqla milyonçu olmasına inana bilmirəm. Əslində, erməni lobbisinin əsas fiqurlarından birinə çevrilən Rüstəm müəllim peşəkar yazıçı məharəti ilə məşhur bir ədəbi ifadənin yeni variasiyasını yaradır. Həmin ifadədə deyilir ki, filankəs filankəslə münasibətlərində bütün körpüləri yandırdı. Rüstəm müəllim isə Azərbaycan xalqı ilə münasibətlərində körpülərlə yanaşı, onu geriyə- xalqın yanına aparacaq yolları da yandırır. Bu adam Azərbaycan haqqında elə danışır ki, həmin məzmunlu böhtan və iftiraları biz əvvəllər "Aravot"dan və ya "Aykakan jamanak"dan eşidirdik. Rüstəm müəllim indi erməni mətbuatındakı antiazərbaycan ruhlu müəlliflərə çox yaxındır.
"Milyarderlər ittifaqı"nın o biri "qəhrəman"ı Söyün Sadıqov gedib ermənilərlə Azərbaycan adından danışıqlar aparır. Özünü Rusiya Azərbaycanlılarının Milli- Mədəni Muxtariyyətinin prezidenti, Rusiya Azərbaycan Təşkilatları İttifaqının təsisçisi kimi təqdim edən Söyün iki məsələni başa düşə bilmir. Birinci odur ki, dünyanın bütün siyasətçiləri də, planetin hər yerinə səpələnmiş soydaşlarımız da Rusiyadakı azərbaycanlıların bir təşkilatını tanıyırlar. Ulu öndər Heydər Əliyevin dəstəyi ilə yaradılmış həmin təşkilat bu gün həm Rusiyanın, həm də Azərbaycanın ictimai- siyasi həyatında xüsusi rol oynadığına görə başqa bir quruma heç bir ehtiyac yoxdur. Onun kəsdirə bilmədiyi ikinci məsələ isə sahibkarlıq fəaliyyəti ilə diplomatiyanın fərqidir. Sahibkar nəinki qatil, cəllad, işğalçı, vəhşi xislətli erməni ilə, hətta uzaq cəngəlliklərdəki yüz əlli- iki yüz nəfərlik tayfanın başçısı ilə də görüşüb alqı-satqı barədə razılığa gələ bilər. Necə ki, Söyün bu işləri ustalıqla həyata keçirir.
Bu adamların əndazədənkənar fəallaşmasının bir neçə səbəbi var. Birinci səbəb odur ki, elə bilirlər bütün məsələləri pulla həll etmək mümkündür. Yanılırlar. Hər şeyi pulla almaq mümkün olsaydı sentyabrda yaratdıqları təşkilat noyabrda dağılmazdı. İkinci, elə güman edirlər ki, Rusiyada hansısa ermənipərəst məmur onlara "qorxma, qorxma" deyibsə, vəssalam. Dərk eləmək lazımdır ki, həmin vədlərlə çox uzağa gedə bilməzlər. Uzaqbaşı 6-7 erməni biznesmeni ilə görüşə bilərlər. Bu adamlar siyasətdən o qədər uzaqdırlar ki, elə bilirlər Rusiya Azərbaycanla da Gürcüstanla danışdığı dildə danışar və ya danışa bilər. Unudurlar ki, Gürcüstandan fərqli olaraq Azərbaycan Rusiyanın siyasi-diplomatik sahədə dostu, digər sahələrdə isə strateji tərəfdaşıdır.
Üçüncü, bu adamların qəflətən siyasətə qoşulan bir gürcü milyarderinin məlum uğurundan ruhlandığını söyləyənlər də var. Əgər belədirsə, onda "bizim milyarderlər"imizə adamın yazığı gələr. İnsan nə qədər savadsız olmalıdır ki, Gürcüstan ictimai-siyasi mühitinin ölkə rəhbərliyinə münasibəti ilə Azərbaycan ictimai- siyasi mühitini müqayisə eləsin. Yaxud, Bidzina İvanişvili ilə Söyün müəllimin müqayisə edilməsi...rüsvayçılıqdır. Həmin müqayisəni eşitsəm, şəxsən mən xəcalət çəkərəm.
Hər halda bu gün nəinki Moskvada yaradılmış əcaib təşkilatın müəlliflərinin məqsədini bilirik, hətta, Avropanın bəzi kütləvi informasiya vasitələrinə yol açan antiazərbaycan əhval-ruhiyyəli yazıların haradan, kim tərəfindən və hansı məqsədlə təşkil edildiyi də Azərbaycanda hamıya məlumdur. Kimin hansı havanı çalmasından və öz ətrafındakıları öz istədiyi kimi oynatmasından asılı olmayaraq Azərbaycan tərəqqi və inkişaf yolunu qətiyyətlə davam etdirir və etdirəcək. Hər bir azərbaycanlı, hər bir dostumuz və hər bir bədxahımız yaxşı bilir ki, bu gün Azərbaycanı öz haqq yolundan döndərə biləcək bir qüvvə yoxdur və gələcəkdə də olmayacaq.
O ki qaldı Rusiya paytaxtında ermənipərəst qüvvələrin formalaşdırdığı quruma, Rusiyanın və Ermənistanın bəzi kütləvi informasiya vasitələri böyük təəssüf hissi ilə yazırlar ki, həmin qurum artıq tamamilə dağılmaq üzrədir. Ermənilər belə iddia edirlər ki, "Milyarderlər ittifaqı" Azərbaycanın təsiri ilə dağılır. Halbuki, həmin ittifaqdakı adamların bir çoxunun oradan çıxıb getməsi sübut edir ki, bu təşkilat ölü doğulmuş bir qurumdur.
{nl}
İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.