Şəkidə yeni müasir məhkəmə kompleksinin təməli qoyulmuşdur

Noyabrın 30-da Şəki şəhərində yeni, müasir məhkəmə kompleksinin təməli qoyulmuşdur. Bu münasibətlə keçirilən mərasimdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, nazirliyin məsul əməkdaşları, şəhər rəhbərliyi, bölgənin hakimləri və ədliyyə işçiləri iştirak etmişlər. 
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısındakı abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Sonra Şəki Məhkəmə Kompleksinin və digər yeni məhkəmə binalarının layihələrindən ibarət stendlərlə tanışlıq olmuşdur.
Ədliyyə naziri Fikrət Məmmədov mərasimdə çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları barədə məlumat vermiş, müasir məhkəmə infrastrukturunun yaradılmasının bu islahatların tərkib hissəsi olduğunu, əldə olunan nailiyyətlərin beynəlxalq aləmdə təqdir edildiyini vurğulamışdır.
Bildirilmişdir ki, regionlarda məhkəmələr üçün yeni binaların istifadəyə verilməsi vətəndaşların hüquqlarının daha etibarlı təmin olunmasına xidmət edir. Dövlətimizin başçısının rəhbərliyi ilə məhkəmə sisteminin təkmilləşdirilməsi, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması üçün genişmiqyaslı islahatlar aparılır, müasir məhkəmə infrastrukturu yaradılır. Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində noyabr ayında Prezident İlham Əliyevin iştirakı ilə Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin açılışı olmuşdur. Gəncə Şəhər Nizami və Gədəbəy Rayon Məhkəmələrinin də yeni inzibati binaları istifadəyə verilmişdir. Ümumilikdə isə 30-a yaxın məhkəmə üçün müasir bina və komplekslərin layihələri hazırlanmış, artıq müxtəlif bölgələrdə bəzi binaların tikintisinə başlanmışdır.
Ədliyyə naziri bildirmişdir ki, Şəki Məhkəmə Kompleksi ölkədə inşasına başlanılan ilk məhkəmə kompleksidir. Kompleksdə 4 məhkəmə - bir rayon və üç regional, o cümlədən apelyasiya, ağır cinayətlər və inzibati-iqtisad məhkəmələri yerləşəcəkdir. Bölgənin 11 rayonunu əhatə edən məhkəmə kompleksi üç mərtəbədən və zirzəmidən ibarət olmaqla milli memarlıq üslubunda layihələndirilmişdir. Yeni istifadəyə verilmiş digər məhkəmə binalarında olduğu kimi, bu kompleks də hakimlər və vətəndaşlar arasında baş verə biləcək qeyri-prosessual münasibətlərin qarşısının alınması üçün ictimai və inzibati zonaya bölünəcəkdir. Bina həmçinin, ən müasir rabitə və informasiya texnologiyaları ilə təchiz olunmaqla vətəndaşlara lazım olan informasiyanı asanlıqla əldə etməyə, habelə məhkəmə iclaslarında audio-video çəkilişləri və videokonfranslar aparmağa imkan yaradacaqdır.
Mərasimdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov və Şəki Apelyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov çıxış edərək ədliyyə sisteminin müasirləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişlər.
Sonra kompleksin təməli qoyulmuşdur.
Ümumi tikinti sahəsi 14 min 939 kvadratmetr olan kompleksin tikintisinin 23 aya başa çatdırılması nəzərdə tutulmuşdur.
Elə həmin gün ədliyyə naziri Fikrət Məmmədov Şəki regional ədliyyə şöbəsində vətəndaşlarla görüşmüş, qaldırılan məsələlərlə bağlı zəruri göstərişlər vermişdir.
Nazir həmçinin, inşası başa çatmaqda olan Şəki penitensiar kompleksinə də baş çəkmiş, tikinti işlərinin gedişi ilə maraqlanmış, müvafiq tapşırıqlar vermişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında