Şriftin ölçüsü:
01.12.2012 02:33 | Oxunma sayı: 596
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, deputatlar Rövşən Rzayev və Rüfət Quliyev, Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovdan ibarət nümayəndə heyəti noyabrın 27-dən 30-dək İtaliyada rəsmi səfərdə olmuşdur.
Azərbaycanın İtaliyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində nümayəndə heyəti İtaliya parlamentinin Deputatlar Palatasının və Senatın xarici əlaqələr komitələrində görüşlər keçirmişdir. Görüşlərdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələrin inkişafı, Azərbaycanın regionda artan nüfuzu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə fikir mübadiləsi aparılmışdır.
Səfərin ikinci günü Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov İtaliya Prezidentinin diplomatik müşaviri səfir Stefano Stefanini ilə görüşmüşdür. Görüşdə qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlərdən danışılmış, regional və qlobal proseslərlə bağlı müzakirələr aparılmışdır.
Həmin gün E.Aslanovun və F.Məmmədovun növbəti görüşü İtaliya Nazirlər Kabineti yanında regional məsələlər, turizm və idman departamentinin rəisi Kalocero Mauçeri ilə olmuşdur. Görüşdə E.Aslanov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və acı nəticələri, danışıqlar prosesi və problemin həlli imkanları barədə məlumat vermişdir.
Noyabrın 29-da Senatda "İtaliya-Azərbaycan münasibətlərinin 20 ili" mövzusunda konfrans keçirilmişdir. Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə təşkil olunan konfransın açılışında Senatın sədr müavini Benedetto Adranya, Senatın Avropa İttifaqı Komissiyasının sədri, İtaliya-Azərbaycan parlament dostluq qrupunun rəhbəri xanım Rossana Boldi giriş nitqi ilə çıxış etmişlər.
Sonra konfrans sessiyalarda işini davam etdirmişdir. "Qafqaz bölgəsi və İtaliya ilə Azərbaycan arasında əlaqələr" adlanan birinci sessiyada ATƏT-in Parlament Assambleyasının sədri Rikardo Milyorinin məruzəsi, səfir Vaqif Sadıqovun, Milli Məclisin deputatları Azər Kərimlinin, Rövşən Rzayevin, İtaliya Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Ettore Qrekonun və Avropa Parlamentinin deputatı Fiorello Proveranın çıxışları dinlənilmişdir.
Məruzə və çıxışlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin region və Avropa ölkələrinin təhlükəsizliyinə ciddi təhdid olduğu bildirilmiş, problemin nizamlanması prosesində ATƏT PA-nın rolundan, Azərbaycan ilə İtaliya arasında münasibətlərin inkişaf perspektivlərindən danışılmışdır.
"İtaliya ilə Azərbaycan arasında iqtisadiyyat və energetika sahəsində əlaqələr" mövzusunda ikinci sessiyanı Senatın sənaye, ticarət və turizm komitəsinin sədri Çezare Kursi açaraq Azərbaycan ilə İtaliya arasında iqtisadiyyat və enerji sahələrində əməkdaşlıq əlaqələrinin əhəmiyyəti barədə məruzə ilə çıxış etmişdir.
Prezident Administrasiyasının şöbə müdiri E.Aslanov ölkəmizin iqtisadi sahədə həyata keçirdiyi siyasət, irimiqyaslı enerji layihələri və İtaliya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq barədə məlumat vermiş və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını diqqətə çatdırmışdır.
Digər çıxışlarda da Azərbaycan-İtaliya əlaqələrinin inkişaf dinamikasından danışılmış, konfrans iştirakçılarına Romanın La Sapienza Universitetinin tədqiqatçıları tərəfindən Azərbaycana dair yazılmış kitablar təqdim edilmişdir.
Həmin gün Azərbaycan nümayəndə heyəti İtaliya parlamentinin Deputatlar Palatasının sədri Canfranko Fini ilə görüşmüşdür.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.