"Xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir". Bu müdrik kəlamı, bu nəsihəti millətə ünvanlayan ulu öndərimiz Heydər Əliyev bütün ömrünü belə yaşadı - Azərbaycanın və azərbaycanlıların taleyi onun taleyinə çevrildi. Ümummilli liderimiz xalqının xoşbəxt günlərinə sevindi, fərəhləndi, qürur hissi keçirdi, ölkənin ağır, çətin çağlarında kədərləndi, çıxış yolları axtardı, Azərbaycanı bugünkü firavanlığa, inkişafa qovuşdurdu.
Nədən bizim hər birimiz - mən, sən, o bu taleyi yaşamayaq? Düzdür, biz bu taleyi, bu ömrü Heydər Əliyev ucalığında, Heydər Əliyev zirvəsində yaşamaq iqtidarında deyilik. Amma etiraf da etməliyik ki, bizim hər birimizin doğma Azərbaycanımızın gündən-günə çiçəklənməsi, qüdrətlənməsi üçün gücümüz, imkanımız var. Nədən hər birimiz respublikamızın xoş gün-güzəranı üçün töhfəmizi verməyək?!. - Bu sözləri İmişli rayonunda doğulan, burada yaşayan, xeyriyyəçiliyi həyat amalına çevirən, yurdunun, el-obasının təəssübünü çəkən Saleh Səmədov bizimlə söhbətində dedi. Daha sonra əlavə etdi:
- Dahi şəxsiyyət Heydər Əliyev xalqımızın min illər boyu arzusunda olduğu müstəqilliyimizi qoruyub saxladı, azad bir cəmiyyəti özündə ehtiva edən Azərbaycan yaratdı. Nədən bizim hər birimiz bu müstəqil dövlətin sütunlarını daha da bərkitməyək, doğma respublikamızın hər bir guşəsinin abadlaşmasında, mədəniyyətimizin, elmimizin inkişafında iştirak etməyək, fəal vətəndaşlıq mövqeyi yaratmayaq?...
Saleh müəllim bildirdi ki, harada işləyibsə, qərar verməzdən, nəticə çıxarmazdan öncə bayaqkı sualların cavabını tapmağa çalışıb və qeyri-təvazökar səslənməsin, buna da nail olub...
S.Səmədovun bu sözləri deməsi təsadüfi deyil. O, həmişə imkanı daxilində yaxşılıq etməyi, insanların problemini yoluna qoymağı, uçub-dağılmış bir binanı, bir kompleksi təmir etdirməyi qarşısına məqsəd qoyub. Fikirləşib ki, əvvəla, bununla kimlərisə sevindirir, yaşayıb-yaratmağa ruhlandırır, xatirələrini yaşadır, ikincisi, öz övladlıq borcunu, vətəndaşlıq missiyasını yerinə yetirir. Məhz elə bu düşüncələrlə də bu ilin əvvəllərində şəxsi vəsaiti hesabına doğulduğu İmişli rayonunda Şəhidlər Xiyabanını abadlaşdırmaq, şəhidlərin qəbirüstü və başdaşlarını təzələmək qərarına gəlib. Bu zaman 1941-45-ci il müharibəsi iştirakçılarının xatirə kompleksinin də yenidən qurulmasını unutmayıb.
S.Səmədov bu məsələ ilə bağlı əvvəlcə rayon icra hakimiyyətinin başçısı Əbülfəz Ağayevə fikrini bildirəndə o, dedi: - Hər birimizin vətəndaşlıq borcumuz Azərbaycanın suverenliyi, bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhunu əziz tutmaq, onlara layiqincə ehtiram göstərməkdir. Bu xeyirxah işinizdə sizə uğurlar arzulayıram və ümidvaram ki, bu ilin may ayının 9-u - faşizm üzərində Böyük Qələbəmizinm 65 illiyi qeyd edilən günə kimi istəyiniz reallaşacaq...
Saleh müəllim Şəhidlər Xiyabanında təmir işlərinin görülməsi üçün rayona təcrübəli ustalar dəvət etdi. Köhnə məzar daşları yeni qranit daşlarla əvəz olundu. Xiyabanın ümumi fonu ağ rəngli qranit daşla üzləndi. Böyük Vətən müharibəsi iştirakçılarının abidə kompleksinin də görkəmi təzələndi...
Bu il mayın 9-da, Qələbə günündə rayon ictimaiyyətinin nümayəndələri həm Şəhidlər Xiyabanında, həm də abidə kompleksində görülən tikinti-abadlıq işlərini yüksək dəyərləndirdilər. Rayon icra hakimiyyətinin başçısı milli qürur və müqəddəs and yerimiz olan bu ünvanda yüksək səviyyədə səliqə-sahman yaratdığına görə Saleh Səmədova təşəkkürünü bildirdi.
Saleh müəllim söhbət zamanı xeyriyyəçilik fəaliyyətində Şəhidlər Xiyabanını, Böyük Vətən müharibəsi iştirakçılarının xatirə abidə kompleksini abadlaşdırmaq, yenidən qurmaq vəzifəsini öz üzərinə götürmək məqsədini də açıqladı:
- Şəhidlər Xiyabanı bizim and yerimizdir. Bu məkanda uyuyanlar şəhadət mərtəbəsinə yüksələnlərdir. Onların məzarını ziyarət edən insanlar, xüsusilə gənclər qisasın qiyamətə qalmayacağını əminliklə bildirirlər...
Bu müqəddəs məkan barədə ulu öndərimiz Heydər Əliyev demişdir: "Biz hərbi vətənpərvərliyi hər şeydən öncə Şəhidlər Xiyabanında əbədiyyət yuxusuna getmiş, bugünkü azadlıq və müstəqilliyimizin polad təmsilçiləri olmuş, öz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə şanlı səhifələr yazmış igidlərimizdən öyrənməli, onlardan ibrət götürməliyik".
Saleh müəllim söhbətinin sonunda dedi:
- Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla həyata keçirdiyi daxili və xarici siyasət hazırda Azərbaycanı qüdrətli dövlətlər sırasına çıxarmışdır. Respublikamız iqtisadiyyatın inkişaf tempinə görə, təkcə regionda deyil, bütün dünyada lider mövqeyi qazanmışdır.
Azərbaycanın hər kəndi, qəsəbəsi, şəhəri gündən-günə abadlaşır, insanların həyat tərzi, sosial durumu getdikcə yaxşılaşır. Müxtəlif dövlət proqramları yüksək səviyyədə reallaşdırılır. Amma bu, o demək deyil ki, iş adamları, xeyriyyəçilər, imkanlı qurumlar bu proqramları əsas tutub, ümumi mənafeyə xidmət edən işlərdən kənarda qalsınlar. Biz - Müstəqil Azərbaycanın hər bir vətəndaşı əlimiz çatan sahələrə nə qədər çox qayğı və diqqət göstərsək, Azərbaycan bir o qədər çox faydalanacaq, zənginləşəcək. Bir sözlə, bizim hər birimiz Azərbaycan adlı məmləkətimizdə bacardığımız işi görməli, onun çiçəklənməsi, qüdrətlənməsi, güclənməsi naminə çalışmalıyıq.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.