Şriftin ölçüsü:
30.11.2012 07:11 | Oxunma sayı: 576
Fövqəladə Hallar Nazirliyində keçmiş Bakı Yod Zavodunun Sabunçu və Suraxanı rayonlarında yerləşən istehsalat sahələri və onların ətrafının radionuklid tərkibli kömürlərdən təmizlənməsi ilə əlaqədar layihənin yekunlarına həsr olunmuş tədbir keçirildi. Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələrinin də qatıldığı təbirdə bildirildi ki, Bakı Yod Zavodunun ümumi sahəsi 32,5 hektardır.
Bunun 4,3 hektarı Ramanı, 28,2 hektarı isə Suraxanı istehsalat sahələrinin ərazisidir. Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə məlumat verdi ki, layihə Fövqəladə Hallar Nazirliyi və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə birgə həyata keçirilib. Layihənin icrasına bu ilin may ayında başlanılıb. Tədbirlər Beynəlxalq Atom Enerjisi Agentliyi ekspertlərinin nəzarəti altında "Ecoland" MMC tərəfindən reallaşdırılıb. İşlər müvafiq təlimatlar və təhlükəsizlik qaydalarına riayət olunmaqla görülüb.
Beynəlxalq agentliyin nümayəndəsi Andrey Çupov vurğuladı ki, Azərbaycan hökumətinin müraciəti əsasında təmsil etdiyi təşkilatın ekspertləri layihənin icrasına nəzarət etmək məqsədilə iki dəfə Bakıda olmuşlar. Agentliyin layihə üzrə eksperti Horst Moken Fernandes layihənin icrasının ilkin qiymətləndirilməsinin keçirildiyini və sözügedən ərazilərdə artıq heç bir radioaktiv maddəyə rast gəlinmədiyini açıqladı. Onun sözlərinə görə, layihənin başa çatması və ekspertlər tərəfindən aparılmış monitorinqin nəticələrinin əks olunduğu yekun hesabat yaxın 1-2 ay ərzində Azərbaycan hökumətinə təqdim ediləcəkdir.
AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, professor Adil Qəribov bildirdi ki, ölkədə bu problem uzun müddət idi narahatlıq doğururdu. Lakin hazırda həmin ərazi yaşayış üçün tam yararlı vəziyyətdədir. Abşeronun bütün ərazisindən torpaqların nümunələri götürülmüş, analiz edilmiş və zərərli maddələrin normadan yüksək olmadığı aydınlaşmışdır. Bu, layihənin yüksək səviyyədə həyata keçirildiyini göstərir.
Tədbirdə qeyd edildi ki, artıq Abşeron yarımadasında radioaktivlik fonu normal səviyyədədir. Ölkə ərazisində qamma şüalanmasına nəzarət şəbəkəsi yaradılması da bu məsələnin həllinə öz müsbət təsirini göstərmişdir. Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi vəzifəsini icra edən Vüqar Hüseynovun sözlərinə görə, 6 istiqamətdə - dövlət sərhədləri yaxınlığında qamma detektorları qurulub və qamma şüalanması halları qeydə alındıqda müvafiq qurumlara buradan anında məlumatlar daxil olur. Bu şəbəkə isə atom elektrik stansiyalarına malik qonşu ölkələr, o cümlədən Ermənistan istiqamətindən radioloji şüalanmanı müəyyənləşdirməyə imkan verir. Ermənistandakı Metsamor AES-in Azərbaycan üçün təhlükə olduğunu diqqətə çatdıran V. Hüseynovun sözlərinə görə, bu stansiya ilə bağlı rəsmi Bakı ilə yanaşı, Avropa Birliyi və digər təşkilatlar da eyni fikirdədirlər.
Tədbirdə xatırladıldı ki, Neftçala rayonunda yerləşən yod-brom zavodunun ərazisinin də radioaktiv tərkibli kömürlərdən təmizlənməsi layihəsinə başlanacaq. Hazırda bununla bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq layihə hazırlanır və araşdırmalar aparılır.
Fövqəladə Hallar Nazirliyi tərəfindən Astarada keçmiş sovet ordusuna məxsus hərbi hissənin ərazisində qalmış radioaktiv mənbələrin köçürülməsi də başa çatdırılmışdır. Həmin mənbələr daşınaraq "İzotop" Xüsusi Kombinatının Müşfiq qəsəbəsi yaxınlığında yerləşən radioaktiv maddələrin saxlanma poliqonuna yerləşdirilmişdir. Bu cür mənbələrə, əsasən, keçmiş Sovet ordusunun hərbi hissələri ərazilərində rast gəlinir.
Tədbirdə o da qeyd edildi ki, gizli radioaktiv mənbələrin yerinin müəyyənləşdirilməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq işlər davam etdirilir. Eyni zamanda, ABŞ-la imzalanmış sazişə uyğun olaraq, Birləşmiş Ştatlar tərəfindən də bu məsələdə Azərbaycana dəstək göstərilir.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.