Bir səfərin təəssüratı, yaxud, dağılmış evlərin yeni nizamı

Ölkənin şimal-qərb bölgəsində zəlzələnin fəsadları mərhələ - mərhələ aradan qaldırılır
Bu ilin may ayında Azərbaycanın şimal-qərb bölgəsində baş verən zəlzələnin fəsadlarını ilk görən adamlardan biri də mən idim. Dağılmış evlər, yerlə-yeksan olmuş sosial obyektlər, bir gün əvvəl şagirdlərin səs-küyü ilə zinətlənən, dərsin başlanmasını və ya qurtarmasını bildirən zənglə daha da gözəlləşən məktəb binalarının miskin görkəmi nə qədər ürək ağrıdan idisə, onu ancaq həmin günlərdə Zaqatalanı və Balakəni görənlər təsəvvür edə bilərlər. Ancaq bütün bunlardan qat-qat ağır olan başqa məqamlar da var.
Uşaq və qadınların göz yaşları, ailə başçılarının on illərdən bəri minbir zəhmətlə qurub yaratdığı ev-eşiyinin viranə görkəminə baxıb köks ötürməsi, sözün həqiqi mənasında, çox ağır idi. Dostum danışır ki, qonşumuzun səkkiz-on yaşlı qızının dağılmış evlərinin eyvanını öpdüyünü görəndə özümü saxlaya bilmədim. Düşündüm ki, insan öz yurd-yuvasına nə qədər bağlı olurmuş, amma... Nə yaxşı ki, Tanrı da qüdrətlidir, Azərbaycan dövləti də...
Əlbəttə, təbii fəlakətin ölkənin şimal-qərb bölgəsinə vurduğu ziyanın aradan qaldırılması üçün həyata keçirilən bütün tədbirlərin önündə dövlət başçımız cənab İlham Əliyevin Prezident kimi qətiyyəti və hər bir azərbaycanlının taleyinə cavabdehlik nümayiş etdirməsi dayanırdı. Prezidentin həm zəlzələdən dərhal sonra - may ayının 9-da, həm də bərpa və yenidənqurma işlərinin kifayət qədər müsbət nəticələri ilə yerində tanış olmaq üçün sentyabrın 9-da təbii fəlakət zonasına səfərlər etməsi orada həyata keçirilən tədbirlərin daha da sürətləndirilməsinə stimul idi. Yaxşı yadımdadır. Sentyabr ayının 9-da Zaqatalanın Gözbarax kəndinə gələn Prezident İlham Əliyev kənd camaatı ilə görüşdə buradakı ürək ağrıdan məqamları da yada salmışdı, görülmüş işlərin gözoxşayan nəticələrini də: "Zəlzələ, əlbəttə, böyük bir sınaq, böyük bir faciə, fəlakət idi. Ancaq eyni zamanda, zəlzələnin fəsadlarının aradan qaldırılması nəticəsində daha da gözəl şərait yaradıldı. İndi bu gün baxdığım ev göz oxşayır. İkimərtəbəli, gözəl arxitektura elementləri ilə seçilən bu ev bu ailənin əvvəlki evindən bəlkə də iki dəfə genişdir".
Gəlin həqiqəti söyləyək. Əgər cənab İlham Əliyevin belə qətiyyəti olmasaydı və dövlət büdcəsindən təbii fəlakətin vurduğu ziyanların aradan qaldırılması üçün kifayət qədər vəsait ayırmasaydı, indiyə qədər görülmüş bərpa işlərinin heç yüzdən birini də reallaşdırmaq mümkün olmazdı. Elə buradaca qeyd edim ki, təbii fəlakətin nəticələrinin aradan qaldırılması vəzifəsini heç bir ölkədə dövlət öz üzərinə götürməyib. Uzaqbaşı zərərçəkən olmuş insanlara kredit veriblər ki, get evini bərpa elə və ya yenidən tik. Azərbaycan bu mənada addımlar atan, özünəməxsus nümunə formalaşdıran yeganə ölkədir. Bizim dövlətimizin belə bir humanist mövqeyi və iradəsi var. Sual olunur, bəs bu iradəni kim reallaşdırdı?
Cavab aydın və birmənalıdır. Əlbəttə, Fövqəladə Hallar Nazirliyi. Bu nazirliyin zəlzələdən dərhal sonra Zaqatalada yaradılmış qərargahı ilə tez-tez əlaqə saxlayıram. İstəsəniz, siz də müraciət edə bilərsiniz. Təəccüblənməyin. Qapı hamının üzünə açıqdır. İstədiyiniz məlumatı ala bilərsiniz. Mənim buraya növbəti gəlişim isə məhz fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bu günlərdə Zaqatala və Balakən rayonlarına olan növbəti səfəri barədə materialı hazırlamaq idi. Nazir əvvəlcə Balakənin Qabaqçöl kəndində onun yolunu gözləyən sakinlərlə görüşdü. Xeyli söhbət etdi. Qayğıları, problemləri ilə maraqlandı. Bildirdi ki, bütün işlər cənab Prezidentin nəzarətindədir. Yaxşı bilin ki, heç nə, heç kəs diqqətdən kənarda qalmır. Narahat olmayın. Sizin hər biriniz üçün əvvəlkindən qat-qat gözəl, işıqlı evlər tikiləcək, yaraşıqlı mənzillərin sahibi olacaqsınız.
Səmimi, isti söhbət xeyli çəkdi. Buraya toplaşanlar onlara göstərdiyi diqqətə görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər. Balakənli şair Ramazan Xutra öz kitabını Kəmaləddin Heydərova təqdim etdi. "Oxuyun, - dedi, - Ulu öndərlə bağlı "Qurtuluş" adlı poema yazmışam, ürək sözlərimi misralara çevirmişəm".
Fotoqraf Ramazan Abalovun üzü gülür. "Görürsünüz də... Hamının gözündə bir sevinc işığı yanır. Elə bil ən doğma adamlarını qarşılayırlar. Belə tədbirdə şəkil çəkməyə nə var ki..."
Düz sözə nə deyəsən. Həmin gün fövqəladə hallar naziri rayonun Püştətala kəndində yenicə tikilmiş məktəb binasının açılışında iştirak etdi. Ürək sözlərini söylədi. Üzünü uşaqlara tutdu: "Bizim vəzifəmiz sizin üçün belə yaraşıqlı binalar tikmək, sizin vəzifəniz isə yaxşı oxuyub Vətənə layiqli övlad olmaqdır".
Yanımda dayanan Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti Balakən rayon şöbəsinin rəisi Nizami Quliyev iftixarla danışır.
- Bilirsiniz, - deyir, bu sözlər insanlarda vətənpərvərlik ruhunu nə qədər yüksəldir. Siz cənab Prezidentin bölgəyə səfərini, yəqin yaxşı xatırlayırsınız. Balakənlilər onu necə məhəbbətlə qarşılayırdılar. Ölkə başçısına rəğbət bax, belə olar. Bu günü də özünüz gördünüz...
Kəmaləddin Heydərov daha iki tikilmiş evə baş çəkdi. Yeni mənzillərin sahibləri ilə görüşdü. Onu həyətdə açılmış çay süfrəsinə qonaq etdilər. Sonra Kəmaləddin Heydərov Zaqatala rayonunun Faldar və Mamrux kəndlərində yeni istifadəyə verilən məktəb binalarının açılışında iştirak etdi.
Aradan neçə gün keçib. Lakin Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri, rayon təhsil şöbəsinin müdiri Habil Qurbanovun dediyi sözlər yadımdan çıxmır ki, çıxmır: "Bilirsiniz, - dedi, - Habil müəllim, - demək olar ki, hər gün kəndlərdə oluram, ayrı-ayrı adamlarla görüşürəm. Zaqatalılar bu dövlətə o qədər bağlı insanlardır ki, onu sözlə ifadə etməyə çətinlik çəkirəm. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşdə onların ürək sözlərini hamı eşitdi. Mamrux kəndində tikilib istifadəyə verilən evlərin açılışında siz də iştirak etdiniz. O insanların minnətdarlıqla dolu sözlərini necə unutmaq olar axı?.."
Məktəb açılışından danışdıq. Vurğulayaq ki, dövlət başçısı cənab İlham Əliyevin bölgəyə səfərindən sonra zəlzələ zonasında 9 məktəb istifadəyə verilib. Daha 11 məktəb isə yaxın günlərdə qapılarını şagirdlərin üzünə açacaq. Bir sözlə, ilin sonunadək 4 məktəb istisna olmaqla bölgənin bütün məktəbləri gələcəyin qurucularının ixtiyarına veriləcək.
Fərdi yaşayış evlərinin bərpasına gəlincə isə deməliyik ki, burada bütün işlər qrafikə uyğun aparılır. May ayındakı zəlzələlərdən zərər çəkmiş evlərin 60 faizi artıq hazırdır. Tikinti təşkilatları hər həftə 10-12 evi təhfil verirlər. Oktyabr ayında baş vermiş zəlzələdə zərər çəkmiş evlərin tikintisinə isə yaxın vaxtlarda başlanılacaq. Bəzi imkansız ailələr qışı çadırlarda deyil, xüsusi quraşdırılmış evlərdə keçirəcəklər. Bu məqsədlə Balakəndə 10 mənzilli evlər quraşdırılacaq. Həmin adamların evləri isə gələn ilin mart-aprel aylarında istifadəyə veriləcəkdir.
Nə gizlədim. Hələ nazir gəlməmişdən bir neçə gün əvvəl Zaqatalada zəlzələnin ziyan vurduğu kəndlərdə olub, aparılan tikinti işləri ilə birbaşa yerində tanış olmuşam. Ən çox ziyan çəkən yerlərdən biri Gözbarax kəndidir. Buraya gələndə yenidən qurulan kəndin abadlığının şahidi olursan. Kənddə bərpa işlərini həyata keçirmək "Gilan" İnşaat MMC-yə həvalə olunub. Şirkətin iş icraçısı Elxan Məmmədov bu sahədə kifayət qədər təcrübəsi olan mütəxəssisdir. Elxan müəllim söhbət zamanı bildirdi ki, "Gilan" MMC tərəfindən Gözbarax kəndində qəzalı vəziyyətə düşmüş 191 ev sökülərək yenidən tikilir. Şirkət rayonda ümumilikdə 235 evin tikintisini aparır. Bunlardan 191-i Gözbaraxda, qalan 44-ü isə Əlibayramlı, Muğanlı və Dombabinə kəndlərindədir. İndiyədək Gözbarax kəndində artıq 6 ev tam tikilib təhvil verilib, 30-unda işlər yekunlaşıb. Daha 85 evin üstü örtülüb. Yeni il qabağı, daha dəqiq desək, dekabrın 20-dək kənddə tikintisinə başlanan bütün evlər təhvil veriləcək, ailələr evlərinə köçəcək.
Sakinlər fəxrlə danışdılar, aparılan işlərdən razılıqlarını bildirdilər. Onlar may ayından, yəni zəlzələ baş verəndən bu günədək daim dövlətin göstərdiyi diqqət və qayğını hiss etdiklərini söylədilər, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bu rayonlara tez-tez gəldiyini, bütün işlərin dövlət başçısı İlham Əliyevin şəxsi nəzarəti altında həyata keçirildiyini qeyd etdilər. Gözbaraxlı Tərlan Yusifov onun üçün tikilmiş üç otaqlı mənzili çox bəyəndiyini söylədi: "Hazırda ailəmlə birgə yeni tikilmiş evdə yaşayıram. Bu ev köhnə evimizdən qat-qat təhlükəsiz və rahatdır".
Kənd sakini Sona Qurbanova isə televiziyadan, qəzet-jurnaldan öyrəndiyi bəzi məqamlara əsasən danışırdı: "Dünyanın heç bir yerində dövlət təbii fəlakətdən zərərçəkən vətəndaşlarına belə yardım göstərmir. Zəlzələdən dərhal sonra bizi çadırlarla, yeməklə təmin elədilər, gündəlik ehtiyaclarımızı ödədilər. Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə isə demək olar ki, hər gün yanımızdadır".
Zaqatalada xüsusilə qeyd edilməli başqa bir maraqlı məqamla da rastlaşdım. Öyrəndim ki, bərpa işlərində çalışan usta Asif Məmmədov Sabirabad rayonundandır. Akif öz rayonlarında işsiz olduğunu, "Gilan" şirkəti ilə danışıb burda işləməyə başladığını söylədi: "Biz kənddəki yerli ustalarla birlikdə həm savab qazanırıq, həm də maaş". Yəni burada aparılan bərpa işləri ilə yanaşı, ölkənin müxtəlif ünvanlarından olan işsiz soydaşlarımız üçün yeni iş yerləri də yaradılıb.
Hər halda bir səfərin yaratdığı təəssürat üzərində qurulan bu yazıda təbii ki, fəlakət bölgəsində həyata keçirilmiş tədbirlərin hamısı barədə söz açmaq mümkün deyil. Ona görə də bəzi məlumatları Fövqəladə Hallar Nazirliyinin rəsmi saytından öyrənmək qərarına gəldik. Deyim, siz də bilin. Orada göstərilir ki, bu il noyabrın 1-nə olan məlumata görə, 28 680 fərdi yaşayış evinə, 1179 kommunal binalara baxış keçirilib. Bunlardan 3545 fərdi yaşayış evinin, 11 çoxmənzilli yaşayış binasının sökülüb yenidən tikilməsi, 4099 fərdi yaşayış evinin, 9 kommunal çoxmənzilli yaşayış binasının bərpasına qərar verilib. Hazırda evlərə və sosial obyektlərə texniki baxışlar davam edir.
Zaqatalada 3003, Qaxda 327, Balakəndə 215 olmaqla, cəmi 3545 fərdi yaşayış evinin və 3 kommunal çoxmənzilli yaşayış evlərinin tikintisinə başlanılıb. Bu ilin 15 noyabrına kimi 682 fərdi yaşayış evi tikilib sakinlərin istifadəsinə verilib. Bu evlərdən 557-si Zaqatalada, 119-u Qaxda, 6-sı Balakəndədir.
Bölgədə 35 məktəb tikilib ki, bunlardan da 20-si Zaqatalada, 10-u Qaxda, 3-ü Şəkidə, 2-si isə Balakən rayonundadır. Noyabrın 15-dək 2820 şagird yerlik 9 məktəb binası, 55 yerlik 1 uşaq bağçası tikilib istifadəyə verilib. Belə ki, 2540 şagird yerlik 7 məktəb və 55 yerlik 1 uşaq bağçası Zaqatalada, 80 şagird yerlik 1 məktəb Balakəndə və 200 şagird yerlik 1 məktəb binası Qax rayonunda istifadəyə verilib. Dekabrın birinə qədər Zaqatalada 4, Qaxda 6, Şəki şəhərində isə 2 məktəb binasının tikilib istifadəyə verilməsi planlaşdırılır.
Bax belə, təbii fəlakət bölgəsindən hazırladığımız növbəti yazını da özündə böyük ümidlər ifadə edən faktlarla, rəqəmlərlə yekunlaşdırmaq istəyirdik. Ancaq düşündüm ki, yazının sonunda Zaqatalada ağsaqqal, nurani bir insanın dediyi sözləri yazmaya bilmərəm. "Oğul, - deyə o bildirdi ki, - görürsən necə yaraşıqlı evlərdir. Mənəm deyən kişi belə evi heç bir ilə başa gətirə bilməz". Sərrast deyilmiş sözlərdir. Amma Azərbaycan dövləti isə bir neçə ayda xarabalıqların üstündə yüzlərlə gözoxşayan imarətlər tikib istifadəyə verdi. Sonda, bəlkə Muxaxlı Ramiz Muradovun ikiqat sevincindən də söz açım. Dövlət qısa müddətdə ona ev tikib verdi, o da bu payız öz yeni evində oğluna toy elədi. Daha bir azərbaycanlı ailəsi quruldu. "Biz isə Zaqataladan ayrılanda dedik: - evləriniz də, toylarınız da mübarək olsun!.. Kəmaləddin Heydərovun dediyi kimi, "Hələ biz çox görüşəcəyik, hələ neçə-neçə evlərin qonağı olacağıq..."

{nl}

İlqar MUSAOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında