İsa Qəmbər başqasının çətiri altına sığınmağı sevən "siyasətçi"dir

Yaxud özgə atına minən tez düşər

{nl}


2013-cü ilin sonlarında keçiriləcək prezident seçkilərinə hələ bir ilə yaxın vaxt qalsa da, müxalifət düşərgəsində indidən "oyanma" başlayıb. Kimlərinsə çirkli pulları hesabına özlərinə dəbdəbəli kabinet qurmuş bəzi müxalifət partiyalarının sədrləri necə deyərlər, yaz gəlməmiş qış yuxusundan ayılaraq prezidentliyə namizəd olacaqlarını bəyan ediblər.
Dünənə qədər həmin o dəbdəbəli kabinetlərində antiazərbaycan qüvvələrlə danışıqlar aparan, hakimiyyətə gəlmək üçün hansı antikonstitusion yollara əl atacaqlarını müzakirə edənlər birdən - birə "demokrat donlarını" geyinərək özlərini xalqın qədirbilənləri kimi göstərməyə çalışırlar. Onlar yenə də ölkəmizdə yaradılmış davamlı ictimai - siyasi sabitliyi gözü götürməyənlərin çaldıqları havaya oynayırlar. Belə məqamlarda daim müxalifətə "nümunə" olan Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli yenə də "birinciliyi" əldə saxlayırlar. Müsavat başqanı AXCP sədrinə nisbətən daha cəld tərpənib. Artıq o, özünü müxalifətin "vahid namizədi" elan edib.
Müsavat başqanı siyasət meydanına atılan gündən həmişə başqasının çətiri altında daldalanıb. Məhz buna görə də iyirmi ilə yaxındır ki, heç bir yerdə işləməyən, ictimai - faydalı əməklə məşğul olmayan bu "siyasətçi" hamıdan yaxşı yaşayıb. Maraqlıdır, görəsən hansı hesaba? Ölkədə keçirilən prezident və parlament seçkilərində yüksək səviyyədə reklam olunan Müsavat başqanı bu təbliğatın kimlər tərəfindən maliyyələşdirildiyini hələ də gizli saxlayır. Guya hansısa imkanlı bir şəxs Müsavat Partiyasına olan rəğbətinə görə başqanı maliyyələşdirib. Sonradan isə məlum olur ki, həmin maliyyə mənbələri aldadılmış şəxslərdir. Yəni, İsa Qəmbər prezident seçilərsə, həmin adama yaxşı vəzifə verəcəyəni vəd edibmiş. Necə deyərlər, tamahkar yalançının toruna düşüb. Son illər keçirilən seçkilərdə isə yalançı belə tamahkarlar tapmadığından özü "ov" axtarışına çıxıb və altında sığınmaq üçün "davamlı çətirlər" soraqlayıb.
2013- cü ildə keçiriləcək prezident seçkilərinə namizəd kimi qatılmaq istəyən İ.Qəmbər bu dəfə üzünə Moskvada yeni yaradılmış və Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilməyən "Rusiya Azərbaycan Təşkilatları İttifaqı" adlanan quruma çevirib. O, həmin qurumun üzvləri ilə sövdələşməyə getmək, Moskvada yaşayan milyarder azərbaycanlıların imkanlarından yararlanmaq istəyir. Müsavat başqanı eşidib ki, "Rusiya Azərbaycan Təşkilatları İttifaqı"nın təsisçilərindən biri olan Söyün Sadıqovun Moskvada yaşayan "Rusiya Erməniləri İttifaqı" Ümumrusiya İctimai Təşkilatının prezidenti, çox zəngin Ara Abramyanla dostluq əlaqələri var. Onun vasitəsilə həm yeni yaradılmış qurumun üzvlərinin, həm də Ara Abramyanın var - dövlətindən istifadə edə bilər. Bizdə olan məlumata görə İ.Qəmbər artıq "Rusiya Azərbaycan Təşkilatları İttifaqı"na müraciət edib.
Müsavat başqanının erməni oliqarxlarla əməkdaşlıq etməsi, onların köməyinə güvənməsi birinci hadisə deyil. Son vaxtlar onun qurultay keçirmək adı ilə tez - tez Gürcüstana səfər etməsinin pərdəarxası məqamları artıq hamıya bəlli oldu. Sən demə, İ.Qəmbər Tbilisidə heç də Müsavat Partiyasına qurultay keçirmək üçün yer yox, ona növbəti seçkilərdə arxa - dayaq olmaq üçün varlı erməni axtarırmış. Məlum oldu ki, Müsavat başqanı vaxtı ilə Azərbaycan torpaqlarının işğal edilməsi prosesində aparıcı yerdə dayanan Ter-Petrosyanın Ermənistanda rəhbəri olduğu təşkilatla müqavilə imzalayıb. Bu bəyannamədə əsas məqsəd bir sıra sahələrdə əməkdaşlığı genişləndirmək idi. Bu gün Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün şəraitində yaşayır. Münaqişə zəminində minlərlə dinc azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Məhz belə olan təqdirdə Ermənistanın hər hansı bir siyasi təşkilatı ilə əməkdaşlıq edilməsi və ya hər hansı bir sazişin imzalanması faktiki olaraq Azərbaycanın milli maraqlarının əleyhinə yönəlmiş bir addımdır. İ.Qəmbərin erməni təşkilatı ilə əməkdaşlıq barədə saziş imzalaması Ermənistana və onu himayə edən dövlətlərin dəstəklədiyi siyasətə xidmət etmək deməkdir.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Müsavat Partiyasının başqanı İsa Qəmbərin Erməni Ümummilli Hərəkatı adlı təşkilatla əməkdaşlıq təşəbbüslərini kəskin pisləyərək baş seperatçı ilə sazişin imzalanmasının heç bir məntiqə sığmadığını bildirib. Partiya sədri deyib: "Biz ermənilərin iştirak etdiyi beynəlxalq tədbirlərə qatılırıq. Ermənilərə qarşı mübarizə aparırıq, cavablarını veririk. İsa Qəmbərin bu addımı isə məqbul deyil. O, Levon Ter-Pertrosyanın təşkilatı ilə əməkdaşlıq barədə saziş imzalayıb. Bu, azərbaycanlıya yaraşan hərəkət deyil. Azərbaycan torpaqları işğal olunanda Levon Ter-Petrosyan ermənilərin lideri idi. Seperatçıların ilk liderinin təşkilatı ilə əməkdaşlıq haqqında saziş qəbuledilməzdir. Baş seperatçı ilə saziş heç bir məntiqə sığmır. Bu azərbaycanlıya yaraşan hərəkət deyil".
İ.Qəmbərin yaxın həmfikiri kimi tanınan Akif Nağının rəhbərlik etdiyi Qarabağ Azadlıq Təşkilatı da Müsavat başqanının bu hərəkətini pisləyən bəyanat yaymış və bu əməkdaşlığın Azərbaycanın milli maraqlarına xəyanət olduğu bildirilmişdir. Göründüyü kimi, İ.Qəmbər hakimiyyətə gəlməyin yolunu xalqın dəstəyində deyil, çirkli pullarda, xarici qüvvələrin, hətta torpaqlarımızı hələ də işğal altında saxlayan ermənilərin də dəstəyində axtarır. Görünür onu heç də xalqın mənafeyi yox, şəxsi ambisiyalarını istənilən çirkin yollarla reallaşdırmaq daha çox düşündürür. Belə olmasaydı, Azərbaycan ictimaiyyətinin maraqlarına zidd yaradılmış "Rusiya Azərbaycan Təşkilatları İttifaqı" ilə sövdələşməyə getməzdi. Onu da qeyd edək ki, bu təşkilatın nə təsisçiləri, nə də üzvləri arasında Azərbaycan vətəndaşı yoxdur. Təsisçi və üzvlər öz bizneslərini Rusiyada quranlardır. Uzun müddət Azərbaycandan ayrı düşmüş və Rusiyada yaşamış, hazırda da bu ölkədə yaşayan həmin şəxslərin yaratdıqları təşkilatın ilk addımından məlum oldu ki, qurumun fəaliyyəti Azərbaycanın maraqlarına ziddir. Çünki dövlətimizin başçısı dəfələrlə ən yüksək tribunalardan da bəyan edib ki, Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərini azad etməyənə qədər bu ölkə ilə hər hansı bir sahədə əməkdaşlıq etməyimiz qeyri - mümkündür. Hətta qardaş Türkiyə Cümhuruyyəti də Ermənistanla bütün əlaqələrini kəsib. Təəssüf edirik ki, "Rusiya Azərbaycan Təşkilatları İttifaqı" yarandığı gündən bir qədər sonra Moskvada ermənilərlə "dəyirmi masa" keçirmiş, Azərbaycan hökümətinin mövqeyini nəzərə almadan müzakirələr aparmışdır. Azərbaycan vətəndaşı olmayanların ölkəmizin adından danışıqlar aparması başa düşülən deyil.
Ölkəmizin getdikcə gücləndiyi, Ermənistanın işğalçı dövlət olması dünya birliyi tərəfindən təstiq edildiyi bir zamanda hansısa bir qurumun Azərbaycanın adından ermənilərlə danışıqlar aparması yolverilməzdir. "Rusiya Azərbaycan Təşkilatları İttifaqı"nın üzvü Söyün Sadıqovun cəfəng bəyanatlar verməsi və digər bu kimi hərəkətləri isə milli mənəvi dəyərlərimizə ziddir. Bu cür hərəkətlər Azərbaycan dövlətinin imicinə xələl gətirir və ölkəmizin reytinqinə mənfi təsir göstərir. Moskvada "Rusiya Erməniləri İttifaqı" Ümumrusiya İctimai Təşkilatının prezidenti Ara Abramyan və "AzərRos" Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Söyün Sadıqov arasında keçirilən görüşdə ermənilərlə hər hansı bir sənədin imzalanması Azərbaycan cəmiyyəti tərəfindən birmənalı şəkildə rədd edilir. İşğalçı Ermənistanın nümayəndələri ilə sənəd imzalayan şəxs ən azı ermənilərin bu vaxta qədər törətdikləri terror aktlarını gözləri önünə gətirməli və bu terror nəticəsində minlərlə soydaşımızın vəhşicəsinə qətlə yetirilməsi barədə düşünməli idi. Kimlərsə öz biznes dairəsini genişləndirmək xatirinə ermənilərlə danışıqlar aparırsa, bunu öz adından və rəhbərlik etdiyi təşkilat adından aparmalıdır. Təbii ki, belə hərəkətlərə yol verənləri millətini, xalqını və Azərbaycanı qəlbən sevənlər adlandırmaq olmaz. Belələrini yalnız İsa Qəmbər kimi öz şəxsi ambissiyalarını hər şeydən üstün tutanlar dəstəkləyə bilərlər. Onlar da yalnız öz çirkin məqsədlərinə çatmaq xatirinə...
Azərbaycanın adından ermənilərlə danışıqlar aparan, Moskvada Azərbaycan-erməni mədəniyyət, idman və təhsil sahəsində birgə ictimai tədbirlərin təşkilini planlaşdıran, Azərbaycan-erməni mədəni dialoq həftəsinin keçirilməsinə dəstək almaq istəyənlər heç olmasa, bu illər ərzində bir dəfə də olsun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə maraqlanıblarmı? Onlardan soruşmaq lazımdır ki, indiyə qədər Dağlıq Qarabağla bağlı hər hansı bir iş görmüsünüzmü? Ermənilər tərəfindən öz dədə - baba torpaqlarından, doğma ocaqlarından didərgin salınan yüz minlərlə soydaşımızın hüquqlarının qorunmasında hər hansı bir layihə həyata keçirmisinizmi? Bu 20 il ərzində bircə dəfə də olsun Ermənistanın işğalçılıq siyasətinə etiraz etmisinizmi, səsinizi qaldırmısınızmı? Ancaq müxtəlif ölkələrdə yaşayan imkanlı ermənilər həmişə özününkülərə dəstək veriblər. Hətta Azərbaycanın haqq işinə də etirazlarını bildiriblər. Söyün Sadıqovun diqqətinə çatdırırıq ki, Argentinada yaşayan bir erməni iş adamı Xankəndindən qanunsuz reys həyata keçirmək istəyən ermənilərə təyyarə hədiyyə edib. Elə Moskvada fəaliyyət göstərən "Rusiya Erməniləri İttifaqı" Ümumrusiya İctimai Təşkilatının prezidenti Ara Abramyan Söyün Sadıqovla əlaqəyə girərək Ermənistanın iqtisadiyyatının dirçəldilməsi üçün canfəşanlıq edir, saziş imzalayır. Bəs Söyün Sadıqov və onun ətrafında birləşənlər Azərbaycan üçün nə ediblər?
S.Sadıqovun ermənilərlə danışıqlar aparması, heç bir səlahiyyət sahibi olmadan düşmənlərimizlə bir masa arxasında oturması, saziş imzalaması düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. Ölkəmizdə ictimai - siyasi sabitliyi pozmaqda maraqlı olan düşmən qüvvələr sapı özümüzdən olan bu "baltaların" milli mənafeyimizə zidd olan hərəkətlərindən yetərincə istifadə edəcəklər. Buna baxmayaraq, onların bütün cəhdləri iflasa məhkumdur. Çünki Azərbaycan kifayət qədər güclü dövlətdir və kimlərinsə öz çirkin niyyətlərini həyata keçirməsinə imkan verməyəcək. Uzun illərdir ki, başqasının çətiri altında özünə sığınacaq taparaq hakimiyyəti ələ keçirmək istəyən radikal müxalifət nümayəndələri, xüsusilə "Rusiya Azərbaycan Təşkilatları İttifaqı" ilə sövdələşmələrə gedən Müsavat Partiyasının başqanı İsa Qəmbər də papaqlarını qabağına qoyub yaxşı - yaxşı fikirləşməlidirlər. Nəhayət, İ.Qəmbər və onun tərəfdarları dərk etməlidirlər ki, özgə atına minənlər tez düşər.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında