Yardımlı xəbərləri

Dağlar diyarı Yardımlıda bu ilin əvvəlindən tikinti-quruculuq işləri daha da sürətlənmişdir. Şəhərin girişindən başlayaraq 2 kilometrə qədər yolun hər iki tərəfində istinad divarları hörülür, piyada səkiləri tikilir, küçə və meydanlar abadlaşdırılır. Bu il Statistika idarəsi və Vergi terminalı üçün inzibati binalar inşa olunmuşdur. 
Ulu öndərin adını daşıyacaq yeni park və 720 kvadratmetrlik Mərkəzin tikintisi davam edir. Şəhidlər Xiyabanında işlər yekunlaşmaq üzrədir. Rayonun daxili imkanları hesabına Gənclər Evi inşa olunmaqdadır. Polis şöbəsi üçün tikilən yeni inzibati binada işlər sürətlə aparılır.
***
Azərbaycan hökumətinin Dünya Bankı ilə imzaladığı kredit sazişinə əsasən "Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə İkinci Layihə" çərçivəsində Yardımlıda ümumi uzunluğu 52,2 kilometr olan su və 58,2 kilometr olan kanalizasiya xətləri çəkilir. Su çəkilişi başa çatdıqdan sonra 7 mindən artıq əhalisi olan Yardımlı şəhəri bütün gün ərzində su ilə təmin ediləcək.
Rayon icra hakimiyyəti və "Azərsu" ASC-nin təşəbbüsü ilə Odrağaran və Alçabulaq kəndlərində artezian quyuları qazılmışdır. Bundan başqa, rayon təşkilatlarının birgə səyləri ilə 10 kənddə bulaqlar tikilmiş, 18 kəndin içməli suya tələbatını ödəmək məqsədilə Viləş çayının Qaraqaya qolundan həmin kəndlərə su çəkilişini həyata keçirməkdən ötrü layihə hazırlanır.
***
Rayonun Əngüvül kəndində 133 ailə yaşayır. Onların hamısının evinə təbii qaz verilmişdir. Bununla da Yardımlıda mavi yanacaqdan istifadə edən abonentlərin sayı 1222-yə çatmışdır. Hazırda 300 təsərrüfatı əhatə edən Bozayran kəndinə təbii qaz çəkilişi reallaşdırılır. Bundan əlavə, şəhərətrafı və kəmərboyu ərazilərdə daha 12 kəndin qazlaşdırılması nəzərdə tutulmuşdur. Xatırladaq ki, indi Yardımlı şəhərinin 85 faiz əhalisi təbii qazdan istifadə edir.
***
Yardımlının ən böyük yaşayış məntəqələrindən sayılan Kürəkçi kəndində 360 yerlik tam orta məktəb binasının qapıları müəllim və şagirdlərin üzünə açılmışdır. Bu münasibətlə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov ölkənin sosial-iqtisadi inkişafından, Yardımlıda həyata keçirilən tikinqi-quruculuq işlərindən danışmış, yeni məktəbin kollektivini təbrik edərək xoş arzularını bildirmişdir.
Digər natiqlər də ürək sözlərini söyləmiş, təhsilə dövlət səviyyəsində qayğı göstərilməsindən hədsiz razılıqlarını bildirmişlər. Sonra lent kəsilmiş, məktəbə baxış keçirilmişdir. Yeni bina 30 otaqdan ibarətdir. Bunun 18-i sinif otağı, qalanları kabinetlər və digər xidmət sahələri üçündür. Məktəbdə müasir idman zalı inşa edilmiş və istilik sistemi quraşdırılmışdır.
***
AFFA-nın nəzdindəki "Açıq Əyləncəli Futbol Məktəbi" layihəsi çərçivəsində Yardımlının 8-12 yaşlı uşaqları arasında maraqlı idman tədbiri keçirilmişdir. Tədbirin əsas məqsədi uşaqların ən kütləvi idman növü olan futbola marağını artırmaq, yeniyetmə futbolunun inkişafına əməli dəstək verməkdir. Tədbirdə "Açıq Əyləncəli Futbol Məktəbi" layihəsinin rəhbəri, Milli Məclisin deputatı Rauf Əliyev və layihənin əlaqələndiricisi Kərim Ağayev və Cənub regional Futbol Federasiyasının prezidenti Sakin Məmmədzadə də iştirak etmişlər. Tədbirdə iştirak edən uşaqlara futbol topları və idman geyimləri hədiyyə edilmişdir. Qonaqlar Yardımlıda mini-futbol meydançasının tikintisinə yardımçı olmağa söz vermişlər.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında